Nağıl adam - portret-povest

 

 

 

Ömürləri nurlu insanlar...

 

Aydının hər keçən günü, ömrü, qibtə ediləcək rayihələrlə dolu təkrarolunmaz rənglərdir. Bunun üçün də o, oturub-durduğum gündən bəri həmişə ağızdolusu ulu Tanrısına, onun tale qismətinə bəxş etdiyi dostlarına minnətdarlıq edir. Ömrünün yola saldığı ötən illərində yazıçı dostumun ünvanına üz tutan, onunla ünsiyyətdə olub kəlmə kəsən, ixtilat edib bu tanışlığı sonralar dostluğa çevirən insanlar da elə həm cəmiyyətdəki mövqelərinə, həm də bir şəxsiyyət kimi sanballarına görə müxtəlifdirlər. Ən maraqlısı da budur ki, o insanlarla, o dostlarla, o tanışlarla görüşlərdən Aydına təkcə dost qayğısı, dost diqqəti yox, həm də neçə-neçə xoş xatirələr, şirin söz-söhbətlər də qalıb...

 

Və mənim də bəxtim bir də onda gətirib ki, oturub duranda, bəzən yaxın-uzaq yol gedəndə, lap bir məclisə düşəndə sözə körpü sala-sala dostumu o xatirələri dilə gətirməyə sövq etmişəm, dinləyə-dinləyə də nəsə bir rahatlıq duyaraq zövq almışam...

 

İndi də yeri gəldikcə yadımdakıları danışıram ki, istəyənlər eşidib agah olsunlar...

 

lll

 

1980-ci ilin isti bir yay günündə köhnə dostlarından şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Səyavuş Məmmədzadə tanınmış rusdilli şair Mansur Vəkilovla yol yoldaşlığı edib Şabrana (o vaxtkı Dəvəçiyə) gəlib Aydının qonağı olurlar. Aydın da o vaxtlar Mansur Vəkilovla ilk dəfə görüşsə də, yaradıcılığı, tərcümeyi-halı ilə, təbii ki, bir qələm adamı kimi tanış imiş. Bilirmiş ki, əslən Qazaxdan olan Mansur müəllim məşhur Vəkilovlar nəslindəndir. Hətta orasını da bilirmiş ki, qonağının atası Fəxri Vəkilov respublikamızın səhiyyə naziri olub. Mansur müəllim Moskvada təhsil alıb. “Literaturnıy Azerbaydjan” jurnalının baş redaktor müavinidir. (sonralar jurnalın baş redaktoru da olub.

 

Dəvəçidə yüngülvarı bir qəlyanaltı etdikdən sonra “sərinləmək” üçün həmin isti yay günündə maşını sürürlər Nabrana, dənizdə çimib sonra da orada meşəyə çəkilirlər.

 

Yeri gəlmişkən, qeyd edim ki, aralarında xeyli yaş fərqi olsa da, bu gözəl sənətkarımızın - Səyavuş müəllimin Aydına hörmət və ehtiramının özüm də şahidi olmuşam. 2012-ci ilin avqust ayında yurdsevər şabranlıların böyük coşqu ilə keçirdikləri, dostumun 60 illik yubiley tədbirinə ölkəmizin xeyli sayda qələm əhli, incəsənət, mədəniyyət xadimləri ilə yanaşı Səyavuş müəllim də gəlmişdi və təntənəli yubiley tədbirində Aydına ithaf etdiyi şeirini oxudu.

 

Dostum Aydın, alqış altmış yaşına!

Qələm sənə daim olsun aşina!

“İttifaqı” bu gün yığdın başına,

Bu büsata rövnəq verən sağ olsun,

Dağa arxa gərək uca dağ olsun!..

 

lll

 

Əyalətə gəc baxanlar yox deyil,

Sənətkarın qədrin bilən çox deyil,

Şöhrət hərisləri hələ tox deyil,

Sənə qiymətini zaman verəcək,

Kimin kimliyini zaman görəcək.

 

lll

 

Səngərin, güvəncin yazı masandır,

Hədəfin - düz yolu çaşıb azandır,

Yaxşıya şər atıb quyu qazandır,

Yaz, yarat! Eşitsin aləm sözünü,

Beləcə qarşıla yaşın yüzünü!                                             

 

Beləcə M.Vəkilov və S.Məmmədzadə xoş əhval-ruhiyyə ilə günü başa vururlar. Qonaqlar Bakıya qayıdanda, necə deyərlər, əl-təmən edib ayrılıq vaxtı çatanda nədənsə Mansur müəllim birdən-birə Aydına:

 

- Aydın, atan nəçidir? - deyə qəfil bir sual verir.

 

Aydın da cavabında bildirir ki, bəs adi bir tibb işçisi, daha dəqiq desək, o vaxtlar rayondakı Gigiyena və Epidemiologiya Stansiyasında laboratoriya müdiridir.

 

Mansur müəllim növbəti suala keçir:

 

- Bəs anan?..

 

Qonaqlarını yola saldığı bir vaxtda elə bil təzədən tanışlıq üçün Mansur müəllimin bir-birinin ardınca verdiyi bu qəfil suallar Aydını bir balaca çaşdırıb ona qəribə gəlsə də, qayıdır ki, bəs, anam da evdar qadındır.

 

...Həə...

 

Aydın sövqi-təbii hiss edir ki, deyəsən, Mansur müəllim ondan gözlədiyi cavabları eşitməyib. Aradan bir az keçəndən sonra Mansur müəllim bir də xəbər alır ki, bəs babaların kim olub?..

 

Və Aydından ata babasının çox böyük ruhani alim, ana babasının isə 1937-ci ildə repressiya qurbanı olmuş Çəpni bəylərindən olduğunu eşidən Mansur müəllim öz qalın səsi və rusdilli azərbaycanlılara məxsus tələffüzü ilə dillənir:

 

- Deyirəm, axı...

 

Sən demə, əsilzadə, kübar bir insan olan Mansur müəllim tanış olduğu müddətdən bəri, necə deyərlər, altdan-altdan Aydının oturuşuna-duruşuna, sözünə-söhbətinə göz qoyubmuş...

 

lll

 

...Neçə il bundan qabaq isti yay günlərinin birində işdən-gücdən vaxt-macal tapıb, necə deyərlər, daxilən dincəlib yüngülləşmək üçün dostum Aydınla həmişəki qaydada xudmani bir masa arxasında əyləşib dərdləşir, ordan-burdan söhbət edirdik.

 

Necə deyərlər, zaman da o zaman, vaxt da o vaxtlar idi ki, Həcc ziyarəti ərəfəsiydi. Ziyarətləri qəbul olsun, elə bizim Şabrandan da neçə zəvvar o müqəddəs səfərə yola düşmüşdü.

 

Həcc ziyarətinə yola düşən həmyerlilərimizi Aydın, söz yox ki, Şabranın köhnə sakinlərindən biri kimi, yəqin, məndən əvvəl, daha yaxşı tanıyırdı. Ancaq nədənsə dostumu fikirli gördüm. Təbii ki, səbəbini soruşdum. Aydın da, nə sənə, nə mənə, qayıtdı ki, hər Həcc ziyarətində, ya ziyarət ərəfəsində, keçənlərinizə rəhmət, axund babam yadıma düşür. Mən də belə fürsəti heç əldən verərəm? Kişini çəkdim “sorğu-sual”a. Aydın da, mətləbə gələnəcən, gah qürrələndi, gah kövrəldi, bəzən qəmli-qəmli, bəzən təşəxxüslə o təqvalı, halal tikəli babasından danışdı ha, danışdı!

 

lll

 

...Ötən yüzilliyin əvvəllərində hörmətli bir tanışı Həcc ziyarətindən qayıdan qohumunun şərəfinə düzəltdiyi məclisə Aydının babası Molla Əhəd axundu da dəvət edir.

 

Bəli, məclisə toplaşanlar heç süfrəyə əl uzatmayıb müqəddəs səfərindən sağ-salamat dönən hacının danışacaqlarının intizarı ilə kişinin dilə gəlməsini gözləyirlər. Xalça üstündə təşəxxüslə mütəkkəyə dirsəklənən hacı isə hələm-hələm dinmək bilmir. Beləcə bir xeyli keçəndən sonra axır ki, dilə gəlir:

 

- Əşi, ziyarətdən qayıdıb görürəm ki, nə?... - Üzünü məclis əhlinə tutub, sualına elə özü cavab verir: - Evdə aləm qarışıb bir-birinə. Deməyəsən, çoban zındıq oğlu zındıq səhlənkarlıq edib, sürüdən qoyunların ikisini verib bada. Döyüb-söyüb qovdum getdi, heç bir illik haqqını da vermədim.

 

Məclisə toplaşanlar dinmirlər. Məxməri çaydan bir qurtum alan hacı: - Əşi, hələ bu harasıdır, - deyib yeni söhbətə keçir, - nökərlər xəbər verdi ki, bəs mən burada olmayanda qonşunun mal-qarası keçib örüşümə. Mən də borclu qalmadım, nökərləri öyrədib zəmisinə od vurdurdum, taxılını məhv etdirdim.

 

Məclisə elə bil su ələnir, amma dinib-danışmağa heç kim ürək eləmir. Hacı isə buna məhəl qoymayıb şəstlə adamlara baxır, sonra da ləzzətlə əllərini bir-birinə sürtüb:

 

- Bir görün sonra nələr oldu, - deyə yeni bir “şücaətindən” danışmaq istəyəndə Molla Əhəd axund, “hacı”nın sözünü kəsir. Özünü ələ alıb hirsini birtəhər boğur, sözünə “çox uzaqdan” başlayır: - İbrahimxəlil peyğəmbər Kəbədə Allah evini bərpa edəndə şeytan məlun da qırsaqqız olur ki, bəs mən də bu işin bir qulpundan yapışacağam. Allahın peyğəmbəri şeytanın bu sözlərindən qalır mat-məəttəl; neyləsin, necə etsin?.. Uca Xaliqdən nida gəlir ki, ya peyğəmbərim, dəyib toxunma, işin olmasın, qoy o da əlindən gələni etsin... Allah evi tikilib hazır olandan sonra peyğəmbər (s) möminləri Kəbəni ziyarətə çağırır. Şeytan lənətə gəlmiş də təzədən zühur olub bu yandan qayıdır ki, hə, bəs mən də öz adamlarımı ziyarətə çağıracağam... Allahdan yenə nida gəlir ki, ya peyğəmbər, bundan darılıb sıxılma, qoy onun çağırışına qoşulanlar da gəlsinlər...

 

Danışdığı hədisi tamamlayıb qəzəblə ayağa qalxan Molla Əhəd Axund acığını ev yiyəsinin üstünə tökür:

 

- Əşi bu imiş sənin hacın? Bizi bunun ayağına çağırmısan? Bu ki şeytanın çağırışı ilə Kəbə ziyarətinə gedənlərdəndir...- deyərək, məclisi tərk edir.

 

lll

 

Aydının bu söhbətindən sonra bildim ki, demə, onun bu bölgədə “Molla Əhəd axund” adı ilə tanınan ata babası böyük bir din xadimi imiş. Nəcəfdə, Məşhəddə, Qumda ali ruhani təhsili alıbmış. Ərəb, fars dillərində külliyyatı varmış. Aydın danışır ki, rus dilini də mükəmməl bilən babası din xadimi kimi otuzuncu illərdə, hələ bir müddət ondan sonra da repressiyalardan xilas olmaq üçün canıyanan dostlarının təhriki və təkidi ilə hətta rus dilində bir şeir yazaraq “ellər atası”na həsr edibmiş...

 

Nə isə... Söz sözü çəkdi. Ötənlərə - keçmişə qayıtdıq. Mən də babamdan söz açdım. Babam Canəli kişi torpaq adamı olub, ayağı yer, əli iş tutandan da torpağı özünə güvənc yeri, arxa-dayaq bilmişdi. Ömrü boyu alın təri axıda-axıda mal-mülk yiyəsi, özünə görə rahat güzəran sahibi olmuşdu. Əkməyə torpağı, biçməyə zəmisi vardı. Həyətində yəhərli-yüyənli, kişnərtisi uzaqdan gələn köhlən atı, xeyli mal-qarası var idi, tövlə dolusu da qoyun-quzusu mələşirdi. Bütün bunlar zəhmətə könül bağlayan, işin-gücün ağırından qorxmayıb ona çiyin verən bu niyyəti pak, əməli düz, Allahına ibadət edib namazını qılan, orucunu tutan bu iman yiyəsi kişinin öz halal zəhmətinin qazancı idi.

 

Ancaq bir gün dövran dəyişdi, zəmanənin çarxı döndü. Dedilər, inqilab olub. “Qırmızılar” hökumət başına gəlib. Bir gün də dedilər ki, bəs bundan belə hər şey ümumi olacaq. Kimin harda nəyi varsa, ortaya qoyulmalıdır, “kolxoz” adlı kollektiv bir təsərrüfat yaradılacaq...

 

Xəbəri eşidən gündən gen dünya Canəli kişiyə dar gəlir. Dünya malında gözü-nəfsi olmayan kişini var-dövlətinin əlindən çıxacağı qorxutmur. Yox, Canəli kişi dünyanın çoxunu da, azını da görmüşdü. Onu qorxudan bundan belə halalın harama qatılacağı idi... Ağzıdualı kişinin ömrü boyu dilinə haram tikə dəyməmişdi. Bu “kolxoz” deyilən şeydən isə dünyanın gərdişinə-gedişinə vaqif kişinin ağlı bir şey kəsmir, gözü su içmirdi.

 

...Canəli kişini bir gün mərkəzdən gələn məmurlar “ayağa” çağırır, əvvəlcə qılıqla danışıb dilə tuturlar, sonra səslərini qaldıraraq hədələyib hərbələyirlər. Bunlardan bir şey çıxmadığını görüb qəti qərarlarını bəyan edirlər. “Fikirləşməyə bircə gün vaxt veririk, - deyirlər. - Günü sabah mal-mülkünlə kolxoza üzv oldun heç, olmadın, yerin ya Sibirdir, ya da sinfi düşmən damğası ilə güllələnmə, bir sözlə qəbir. - Sonra da xəbiscəsinə gülümsəyirlər. - Özün bilirsən də, arvad-uşaq da əsir-yesir...”

 

Ömrünün qürub çağına hələ çox qalsa da, necə deyərlər, yaşamaqdan doymasa da, Canəli Novruz oğlu bu fani dünyada ölümün gözünə dik baxanlardan idi.

 

...Babamdan sonra, nə az-nə çox, düz altmış il ömür sürən, 1995-ci ilin dekabr ayında yaşı yüzü arxada qoyandan sonra dünyasını dəyişən Şahbacı nənəmdən də ərinin o hadisədən - “ya kolxozda, ya da kolxoza qarşı” seçimi qarşısında qaldığı, ölümündən bir gün əvvəlki son gecə haqqında çox eşitmişəm, xatirələrinə dəfələrlə qulaq asmışam.

 

Nənəm o gecəni xatırlayıb deyirdi ki, bala, evimiz həmişə qonaqlı-qaralı olardı. Uzaqdan-yaxından kəndə yolu düşən qonaq-qaraya qapısı döyülən qonum-qonşu, ev yiyələri də: “O evə gedin, o evə düşün”, - deyə bizim evi nişan verərdilər. Deyilənlərə görə, ata-babamdan ocağımız həmişə gur yanıb, təknəmiz, təndirimiz isti, qazanımız qaynar, süfrəmiz də üz tutanın üzünə açıq olub. Kəndimizdə bugünki Zövnəlilərəcən gəlib çatan, indi az qala zərb-məsələ çevrilən bir deyim var, həm də şeir kimidir: “Qoyuldu Novruzdunun sacı, yığışdı Həsənninin acı”...

 

“Novruzdu” bizim tayfamızın adı, “Həsənni” isə kəndimizin yarısıdır...

 

Xülasə, nənəm danışardı ki, süfrəmizin olan-olmazıyla dost üzünə həmişə açıq ocağımıza həmin gün hələ ertədən xeyli gəlib-gedən oldu. “Gəl-get”in əsas məqsədi də, üzə açıq vurmasalar da, o xətirli kişiyə - babana təsəlli, toxtaqlıq vermək idi. Bəzi “canıyananlar” isə “yol göstərir”, “uzaqgörənlik” edirdilər...

 

...O gün, axşamtərəfi qonaq-qaramızın sayı daha da çoxaldı. İstəyənləri kişinin başına yığışdılar. Süfrə açdım, ortadan süfrə yığışandan sonra da gələn qonum-qonşu gecədən xeyli keçənədək oturdular, söhbət etdilər.

 

Qonaqları həyətin doqqazından yola salandan sonra fikir-xəyal içində evə qayıdan kişi dəstəmaz alıb namazını qıldı. Namaz üstdə əllərini Rəbbinin dərgahına qaldırdı: “Ey məni Xəlq edənim! Halalın harama qarışacağı loxmanı mənə qismət eləmə!...

 

Kişini qəhər boğdu. Duasının ardını ürəyində pıçıldadı...

 

...Onda 1935-ci il idi...

 

Atam Nəcəf Canəli oğlunun həyatının son dəqiqələri hər anı ilə yaddaşıma elə köçüb ki, elə özümlə də gedəcək. Yay vaxtı idi. Öz əlləri ilə tikib ömrünün son illərini divarları arasında doya-doya yaşadığı evimizin şüşəbəndində üz-üzə oturmuşduq. Birdən: -Ürəyim darıxdı, - dedi. Mən onu köksümə sıxdım, o məni bağrına basdı, son dəfə isti nəfəsi yanaqlarımı, üzümü yaladı və...

 

Atamın ölümünü, həyatının son dəqiqələrini mən necə xatırlayıramsa, o da eləcə öz atasının, mənim babamın həyatının son anlarını unutmurdu.

 

Atam yeri gəldikcə söz salıb deyirdi ki, səhər-səhər mal-qaranı çölə, kövşənə aparacaqdım, yuxudan elə təzəcə qalxmışdım ki, anam qabağıma süfrə saldı. Zreyn çörəyi dilimləyib sinidə qabağıma qoydu. (Zreyn - südlə yoğrulmuş xəmir yaymasının içinə halva qoyularaq bükülüb üzü bəzədilərək bişirilən şirin çörək). Atamın qəfil öləcəyi ağlıma da gəlməzdi. Həmin gün kişi arxasını mütəkkəyə söykəyib baxışlarını harasa uzaqlara dikmişdi. Birdən oturduğu yerdən üzünü mənə tərəf döndərib: - Ye, oğlum, çörəyini ye! Sonra vaxtın olmayacaq, - dedi və yenə əvvəlki vəziyyətini alıb nəzərlərini harasa, uzaqlara dikdi.

 

Zreyn çörəkdən bir dişləm almışdım ki, yenə atamın səsini eşidib ona tərəf döndüm.

 

“Fəratdan su gətirirlər”, - dedi və bu onun son kəlməsi oldu...

 

Sapsağlam, qıvraq kişi qəfildən sanki dərin bir yuxuya getmişdi...

 

Evimizdə həmişə zreyn çörək bişirərdilər, o ənənə elə bu gün də qalıb. Təknəmiz, təndirimiz kənddə-kəsəkdə qalsa da, bərəkəti hələ ki özümüzlədi. Bu bişmişi ev əhli indi də, elektrik sobasında hasilə gətirir. Və hər dəfə süfrədə zreyn çörək görəndə atam gəlib gözlərimin önündə dayanır, onun babamın ölümü ilə bağlı həmin xatirəsi qulaqlarımda səslənir...

 

Hərdən əhvallı vaxtlarında nənəmdən: - Babamı necə xatırlayırsan, onunla necə dolanırdınız, heç ondan inciyib usandınmı? - soruşardım. O da hər dəfə elə eyni sözləri təkrarlayıb: - Nə yatdım ki, nə yuxu görəm, ay bala, - ardınca da köks ötürüb, - bir üzüm qız qaldı, bir üzüm gəlin,- deyərdi. Babamla sürdüyü 14-15 illik ömrü onun yaddaşında bir an kimi qalmışdı. 13 yaşındakı, atadan yetim qalmış böyük oğlu Nəcəf başda olmaqla, o çətin zamanlarda daha beş övlad da böyüdən nənəmi babamsız keçən 60 illik ömründə o kişinin vaxtsız-vədəsiz ölümünün nisgili heç tərk etməmişdi. Belə söhbətlərdən sonra diqqət yetirib görərdim ki, gözəl çöhrəsinə ona heç yaraşmayan bir hüzn qonur...

 

Nənəm xanım-xatın, zərif bir qadın olmağına rəğmən, həm də qoçaq, kişi qeyrətli, ürəkli və məğrur bir insan idi. Çox qapıları kilidli, körpələri yetim, anaları gözü yaşlı, gəlinləri dul qoyan, bizə də, bizdən sonrakı bir neçə nəslə də “Böyük Vətən müharibəsi” kimi öyrədilən İkinci Cahan savaşının ilk günlərindən iki əmisi ilə birgə cəbhəyə gedən, hələ 20 yaşı tamam olmamış oğlu Nəcəfdən, yəni atamdan sonra o xanım-xatın nənəm, ərindən qalmış beşaçılan tüfəngi də boynundan asıb, qaynı arvadlarını da başına yığıb kolxoz çapqınçılığından - çörək qədri bilən, yaxşılığa dəyər verən qohum-qonşunun da köməyi sayəsində - qurtulub qalan, sonrakı bir neçə ildə Allahın bərəkəti ilə artıb-törəyib naxır, sürü olan mal-qaranı Talış dağlarının qoynunda “Mənnig”, “Cəcığlı yurd”, “Xan bulağı”, “At axırı” yaylaqları ilə dövrələnən Cam bulağına, Semaqonu yaylağına sürərmiş. Alaçığını babalarımı bir vaxtlar bu yerlərə bağlayıb məskun edən Oğlan qalasının belində qurar, dəyələri də ətəyində salarmış. Beləcə, üç ay yayı oralarda keçirərmiş.

 

... Atasının ölümündən sonra atam hələ dörd il tək təsərrüfatçı kimi öz halal torpağını əkib-becərib. Ancaq 1939-cu ildə kolxoza keçib. Bunu mən ötən əsrin doxsanıncı illərində Lerikdə aqrar islahatlar aparılarkən yaşayış məntəqələrinə aid torpaqların, ərazilərin ilkin sənədlərini araşdırarkən öyrəndim. 1936-cı ildə Zövnə kəndinin aid olduğu “Molotov” kolxozunun adına tərtib edilmiş dövlət aktında (xəritəsində) Zövnədə iki şəxsin: - Nəcəf Canəli oğlu və Cəri İmamverdi oğlunun hər birinə aid şəxsi torpaq sahəsi ayrıca dəqiq cizgilərlə verilib, elə bu adla da həmin “tək təsərrüfatçılar” o xəritədə rəsmiləşdirilib.

 

Bundan sonrası tamam ayrı bir söhbətin mövzusudur, şəcərəmi bu qədər öydüyüm bəsdir, mənimkilər dözər, odur ki, qayıdıram Aydıngillərə...

 

lll

 

...Hə, söhbətimi bitirəndə dostuma baxdım. Aydın doluxsunmuşdu. Elə doluxsuna-doluxsuna da: - Rəhmətlik babanız duası haqqa qovuşan kişilərdən olub, - dedi. - Atam da elə idi...

 

...Aydının axund oğlu olan atası Əhməd kişi ateizmin insanları dinindən-imanından uzaq saldığı bir vaxtda, gizlində də olsa, namaz qılar, Ramazan ayında oruc tutar, gecələr xəlvətə çəkilib Quran oxuyarmış. Hərçənd ki, inandığı din onun üzvü olduğu partiyanın ideologiyasına yad idi... Cibində gəzdirdiyi partbilet kişinin etiqadına, imanına kölgə sala bilməmiş, xələl gətirməyə gücü çatmamışdı.

 

Müharibədə olmuşdu. Ölüm, qan görmüşdü. İstefada olan tibb xidməti kapitanı idi. Yaşı səksəni haqlayanda kişi yorğan-döşəyə düşür. Sağalmaz bir dərdə düçar olduğunu oğul-uşaqdan əvvəl özü bilibmiş. Burasını da bilirmiş ki, xəstəliyi hələ bir müddət çəkəcək, vurulan iynələrin, qəbul etdiyi dəva-dərmanın da sağalıb şəfa tapmasına xeyri-faydası olmayacaq...

 

Heç olmasa gecələr nisbətən bir hovur rahat yatması, çəkdiyi ağrı-acıların azalması, keyləşməsi üçün xəstəyə xüsusi həb verilir, ağrıkəsici iynələr vurulurmuş. Beləcə, ağrı-acılarla ömrünün tamamını, vaxtının-vədəsinin çatacağı günü gözləyirmiş. Yox, o da ölümündən qorxan kişilərdən olmayıb. Hələ yaxşı vaxtlarında ölüm-itimdən söhbət düşəndə köks ötürüb deyərmiş ki, eh, mənim yaşıdlarım, tay-tuşlarım davadan, od-alovun içindən qayıtmadı, indi əl-ayağını uzadıb yorğan-döşəkdə rahatca ölməyə nə var!..

 

Ölümdən qorxmasa da, yastığının dibini kəsdirən doğmaları bir gün kişinin artıq öləziyib sönməkdə, nurunu, işığını itirməkdə olan gözlərində nəsə bir xof əlaməti görürlər... Sağalmaz dərdə düçar olmuş kişinin elə əvvəlcədən böyük bir ümid, inam yeri də hələ ayaq üstdə olduğu vaxtlarından hər gün qiraət etdiyi Quranı-Kərimin Əl-Bəqərə surəsinin ayələrindən biri imiş: “(Ya Rəsulum!) Bəndələrim Məni Səndən soruşduqda söylə ki, mən onlara yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm”.

 

O nurani kişi bir gün elə yataqdaca əllərini göyə qaldırıb Tanrısına dua edir: “Ölüm haqdır, ya Rəbbim! Ağlım kəsəndən itaətində durmuşam. Bəndəlik borcumu doğru-dürüst yerinə yetirməyə, buyruqlarına əməl etməyə çalışmışam. İndi bu yataqda yeganə iltimasım budur ki, dualarımı eşidib rəhmini, mərhəmətini məndən əsirgəməyəsən!.. Ya Rəbbim, məni xəstəliyimin əzablarıyla sınağa çəkmə! Birdən məlun şeytan qəlbimə girər, qorxuram ki, ağrı-acının şiddətinə tablaşmayıb, iraq-iraq, asi olam... İstəyim budur ki, bundan betər əzablarım başlanan gün məni dərgahına qovuşdurasan!..”

 

Aydın danışır ki, onda 2005-ci ilin sentyabr ayının 6-sı idi. O gün atdığı neçə-neçə həb, vurulan iynələr xəstəyə rahatlıq gətirmədi. Göz önündə kişi yerinin içində ağrıdan səssiz-səmirsiz qovrulur, ah-uf etmədən için-için inildəyirdi...

 

Tanış həkim, sanki özü günahkarmış kimi, xəstənin yaxınlarını bir qırağa çəkib:

 

- Daha bu dava-dərmanın, iynələrin gücü çatmayacaq, - deyir, - xəstəyə bundan belə morfi vurulmalıdır...

 

Gecə ilə axtarıb, qonşu rayondakı aptekdən tapdıqları iynə ilə xəstəni yuxuya verirlər.

 

...Sübh çağı yuxudan erkən duran kişi sanki gecə heç bir ağrı-acı keçirməyən adam kimi əyin-başını geyinib eşiyə çıxmaq qəsdi ilə çarpayısından qalxıb kürsüdə oturur və bir an sonra heysizləşib kürsüyə söykənən kişinin elə o sakit halındaca gözləri əbədi yumulur...

 

...Açığı, Aydının atası mən Şabrana gəlməmişdən iki il əvvəl haqq dünyasına qovuşmuşdu. 2013-cü ilin - yenə də sentyabr ayında - anası rəhmətə gedəndə isə mən Şabranda deyildim, Ukraynadaydım. Bu ağır xəbəri eşidib, telefonla da olsa, dostuma başsağlığı verdim. Əlbəttə, sonra gəlib hüzr məclisində - yeddi mərasimində iştirak etdim...

 

(ardı var)

Novruz Nəcəfoğlu

 

525-ci qəzet.- 2015.- 28 noyabr.- S22-23