Allah qorusun!

 

Allah sizi qorusun,

Allah bizi qorusun,

Sizi bizdən qorusun.

Bizi sizdən qorusun.

Allahım pis nəfisdən,

yaman gözdən qorusun

həm əyridən qorusun,

həm düzdən qorusun.

Bu təzə maşınımı

Özün qoru Allahım.

Bu maşında əzilsə

Göyü yandırar ahım.

Uşaqdı maşın sürür

qanmaz yaşından qoru.

Ötən maşından qoru,

Gələn maşından qoru.

Göyün quşundan qoru,

yolun daşından qoru!!!

Hamımız yalvarırıq

qoru, qoru, ay Allah

Millətə bax... xalqa bax...

Özü qorunan azdı,

anlayan-qanan azdı.

Bir- birinin halına,

Dərdinə yanan azdı.

Allah bütün dərdlərə

Sən yeganə açarsan.

Özünə qalsa, vallah

Baş götürüb qaçarsan...

Sən bizə fikir vermə,

Sən bizə qıyma, Allah.

Bu gözəl dünyamızı

Allahsız qoyma, Allah!

 

23.11.2015-ci il

 

Sevimli bəstəkar Ruhəngiz Qasımovanın 75 illiyinə

 

Dəniz ətirli külək.

Nəğmə qanadlı mələk-

-Dostum, bacım, əzizim.

bəstəkar Ruhəngizim

Bu ad günün mübarək!

Gələcəkdə, gələcək

Ad günlərinə gələk!

Getdikcə cavan olsun,

Azad-firavan olsun,

Anam Azərbaycanım!

Biz yüz il yaşasaq

Dünya qopmaz ki canım?!

 

22.11.2015-ci il

 

İnsan zaman

 

Ey insan usta yapış

zamanın cilovundan.

Zaman balıq kimidir,

qaçmasın tilovundan.

 

15.11.2015-ci il

 

Oynayır

 

İnsanlar dindən oynayır,

Yer məhvərindən oynayır.

Hamı keyifdən oynamır ki,

hərə bir gündən oynayır.

Kimi ürəyin boşaldır,

Kimi bir himdən oynayır.

Kimi sevgidən oynayır,

Kimi kindən oynayır.

Oynamaq da bir oyundur,

Baxır kim-kimnən oynayır.

Fikrət adlı bir qoca var,

Hərdən içindən oynayır.

 

17.11.2015-ci il

 

Yaşatmaqda yarış olsun

 

Kainatda yer kürəsi

Tüstü çıxan bir bacadır.

Həm körpədi, həm qocadı.

Dünya ürək kimi kövrək,

Özü çox balacadı.

 

Qənimdi insan-insana,

Raket əkiblər hər yana

Hərə bir düyməni bassa

Dünya qalar yana-yana,

Külü uçar asimana.

 

Səhər baxan dan üzünə,

Gülən bir körpə gözünə,

Səni sevən bir gözəlin

Üzünü söykə üzünə

Ürəyində kin ərisin.

 

Yadına sal dağı-daşı,

Əlvan yazı, düm qışı.

Bir bulaqdan sərinlik

Oxqaay!!! desin könlün başı,

Görərsən cənnətdi dünya.

 

Nifrətdən tünd zəhər yoxdu,

Bu davada zəfər yoxdu.

Bircə düymə basıldısa

Bir zülmət var, səhər yoxdu,

Sonrasını Allah bilir...

 

Onsuz da dərdimiz çoxdu,

Yarı acdı, yarı toxdu

Kinlə döyüşə getməyə,

Bu dünyanı məhv etməyə

Cənablar, haqqınız yoxdu!

 

Dünya barıt anbarıdı.

İnsan sevginin barıdı.

Ölüm-olum arasında

Sülh ən kövrək bir barıdı

Qoruyalım onu barı.

 

yumruğun dönsün ələ

Biz əl verək gülə-gülə

Gedə-gedə, gələ-gələ

Yer üzündə barış olsun,

Yaşatmaqda yarış olsun.

 

26.11.2015-ci il

Fikrət Qoca

525-ci qəzet.- 2015.- 28 noyabr.- S21