Muxtariyyətdən öncəki
Naxçıvan səhiyyəsi “Molla Nəsrəddin”
jurnalında
- Ağa,
mənim oğlum naxoşdu, bu saat ölüm halətindədi...
Həyə inanmırsan, gəl, elə bu saat
gedək öz gözlərinlə də gör ki, mən
yalan demirəm. Niyə mənə nə
olub, sinnimin bu vaxtında yalan deyim? Xeyr.
Və bir də ki, yalan niyə deyirəm?
Əgər yalan desəm, adam başıma
qəhətdi? Bir adam tapa bilmirəm, gərək
elə gəlib səni tovlayam? Allaha and olsun!”
“Danabaş
kəndinin məktəbi” povestində Mirzə Cəlilin
qüdrətli sənətkar qələmi ilə təsvir
edilmiş bu epizodda “əsgərlik”, “məktəb” sözlərindən
şübhələnərək oğlunu ağılagəlməyən
yerdə gizlətmiş kəndli öz yalanını ən
inandırıcı amillə körükləyir. Çünki belə cəmiyyətdə xəstələnmək,
ölüm halətində olmaq ən inandırıcı
faktdır. İyirminci əsrin əvvəllərində
meydana gələn “Molla Nəsrəddin” jurnalını vərəqlədikcə
ölkənin ozamankı epidemioloji durumu göz önünə
bu şəkildə gəlir: Hər yan tüstüdür; məclislərdə
və evlərdə duxaniyyət və məşrubat
tüstüsü, küçələrdə hamam
tüstüsü, mənəviyyatda mövhumat
tüstüsü, ruhda və qəlbdə kəsafət
tüstüsü. Millət tüstü
içində boğulmaqdadır və boğula-boğula
nicata müntəzirdir.
- Kimdən?
- Hər
bir vicdan sahibindən, hər bir həqiqi vətən dostundan,
hər bir bəni-növ bəşərə rəhmi gələnlərdən.
Jurnalın məzmunca bir romana bərabər olan
karikaturalarının birində xəstənin başı
üstündə dayanmış üzdəniraq həkim qatil
kimi təsvir olunub. Bu mənzərəni görən
Əzrail -Pərvərdigara!-mən bu məmləkətdə
daha sənə qulluq etmək istəmirəm, -deyə istefa
verir. Çünki belə həkimlər olan yerdə
daha əzraillik iş yoxdur.
Mirzə Cəlilin doğma vətəni
Naxçıvandakı mühit isə jurnalın təqdimatında
daha tünd boyalarla öz əksini tapır. Şəhər
başdan-başa antisanitariya vəziyyətindədir. Hər tərəf toz-torpaqlı,
zığ-palçıqlıdır. Şəhərin
duma rəisi balaqlarını dizə qədər çirmələmiş
halda dəvə üstündə evdən vəzifə yerinə-şəhər
idarəsinə gedir. Uşaqlar ölü
pişiyin quyruğuna ip bağlayıb sürüyür, dərsə
gedən şagirdlərin dalına düşüb onları
hoydu-hoyduya götürür. Hər yerdə sahibsiz
it-pişik... Yeddi ildə bir dəfə xəzinəsinin suyu
dəyişdirilən hamamın suyu iy verir, necə ki, Əziz
Şərif jurnalın 1906-cı il 16-cı nömrəsində
Ezop üslubunda Qızdırmalını Naxçıvana dəvət
edir ki, buranın hamamlarında bir neçə gün
çimsin, usta Cəfəri gətirdib gündə bir dəfə
qan aldırsın, əgər gələ bilməsə,
hamamın suyundan üç butılka göndərərəm,
bu şərt ilə ki, hər gün sübh yuxudan ayılan
kimi üç-dörd stəkan nahar qarına o sudan içə.
Suyun rənginin sarı olmasına baxmasın, nə
eyibi var, zəfəran da sarıdı, amma ətrinə bax.
Allah şahiddir ki, Naxçıvan
hamamlarının suyunun ətri zəfəran ətrindən
güclüdür.
Mövzu 1907-ci ilin 9-cu nömrəsində davam etdirilir. Jurnala namə
göndəriblər ki, Rusiyanın baş nazirinə niyə
Stolıpin deyirlər, yəni Stolıpin nə deməkdir?
“Molla Nəsrəddin”jurnalının lüğətində
bu söz iki mənanı göstərir. Birinci
izah mövzuya aid olmadığından işimiz yox, hərçənd
oxumalı şeydi, oxusanız eyninizin
açılacağına yüz faiz təminat verirəm,
“Stolıpin” sözünün ikinci mənası “Usta Lipin”dir,
Lipin yapon dilində dəlləyə deyərlər. Belə
güman eləmək lazımdır ki, dumaya
yığışan sol firqələr çox
çığır-bağır salsalar, Usta Lipin
ülgücü çıxaracaq və vəkillərin
dalına həcəmət qoyacaq ki, qanları artıqlıq
eləməsin, necə ki, Naxçıvan hamamlarında dəlləklər
bir uşağın başına soyuq dəyəndə o saat
çıxarırlar ülgücü və deyirlər ki,
uşağın qanı artıqlıq eləyib və bu sayaq
gündə bir-iki uşağı nənə-babalarına
qonaq göndərirlər.
Şəhərin
təsvirini davam etdirək:Qabaqlarda həkimlər
deyirdilər ki, şəhər natəmiz olanda orada çox
azar-bezar olar. (elə indi də deyirlər)
Əgər bu söz doğru olsa, bizim şəhərin
kənar məhəllələrinin zir-zibilinin və
murdarlığının bərəkətindən gərək
şəhərdə yeddi min azar əmələ gələ
idi və indiyə kimi bütün camaat ölüb
qurtaraydı. Amma belə deyil. O qədər
çirk və natəmizlik ki dalda küçələrdə
var, Təbriz şəhərində də bir o qədər
yoxdur. (amma maşallah bir peysərlərə
tamaşa elə) Əgər əcəl yalan olsaydı, şəhərin
küçələrində bir dənə də salamat adam
tapılmaya idi. ( “Molla Nəsrəddin”,
1922, ¹2) Həmin küçədə yerləşən
bazarda türkəçarə dərmanlar satan
qırmızısaqqal və mömin dükançı, təsbeh
əlində müştəriyə deyir: “Dünən Xoydan mənə
altmış put it qarası göndəriblər, hər kəs
bir xörək qaşığı salıb içsə, hər
dərdü-bəladan qurtarar və bundan başqa iki yüz
pişik pətənəsi bu günlərdə gələcək,
keçəlliyi, çibanı, qarayaranı, traxomanı o saat
sağaldacaq”. Dükançı malının pula getməsi
üçün müştərinin incə yerinə
toxunmağı bacarır, çünki müştəri
keçəldir (“Molla Nəsrəddin”jurnalı
, 1907-ci il, 12 avqust, ¹30). Jurnalın
şifahi xalq ədəbiyyatından gətirdiyi örnəklərdə
Novruz atributları Kosa və Keçəl də fiziki
qüsurların daşıyıcısıdır.
“Molla Nəsrəddin” jurnalı milli genefondu təhlükə
qarşısında qoyan belə bir səhiyyə sistemini gələcəyə
qoyulmuş bomba hesab edir, elə ilk nömrəsindən
başlayaraq ona qarşı amansız mübarizə
aparırdı. Yeri gəlmişkən, maraqlı bir
faktı da xatırladaq ki, jurnalın ilk nömrəsinin
çıxdığı 7 aprel tarixi bu gün həm də
7 Aprel Ümumdünya Sağlamlıq Gününə təsadüf
edir. Jurnalda insanları narahat edən,
düşündürən mövzular arasında səhiyyənin
özünəməxsus yeri vardı. Molla nəsrəddinçilər
adı ətrafında birləşən M.Ə.Sabir,
Ü.Hacıbəyov, Ə.Haqverdiyev, Ə.Nəzmi və digərləri
bir məfkurə altında xalqın, millətin
yolunda müqəddəs iş görürdülər. Sonralar jurnalın ikinci redaktoru olmuş Əliqulu Qəmküsar
1909-cu ildə “Molla Nəsrəddin” jurnalının 33-cü
nömrəsində nəşr etdirdiyi “Çirk” adlı
felyetonunda 1908-ci ildə Naxçıvanda kütləvi
yayılan qızdırma xəstəliyindən və ona
qarşı aparılan müalicədən yazır.
Burada Qəmküsarı düşündürən birinci məsələ
zamanı üçün səhiyyənin müəyyən qədər
inkişaf etdiyi bir dönəmdə “Naxçıvandakı bəndələrin”
qəribə “türkəçarələridir”. Bunu, sözün əsl mənasında, bir çarəsizlik
kimi də qiymətləndirmək olar. Sözügedən
xəstəlikdən yüzlərlə insan
dünyasını dəyişib. Ancaq sakinlərin “yeganə
ümid” hesab etdikləri “doktor”-”şəhərimizin vaizi
molla Zülənam cənabları vəz əsnasında tərləyib
və çirklənmiş köynəyinin tərini və
çirkini onlara şəfa tapmaq üçün verib. Belə ki, şəhərimizin müsəlman
övrətləri balaca şüşə götürüb
Axundgildən pul ilə o mücərrəb (təcrübədən
keçirilmiş) davadan alıb hansı bir
qızdırmalının canına və hansı
boğazı gəlmişin boğazına sürtüblərsə,
filfövr şəfa tapıb, canları laməzhəb rus həkimlərinin
əlindən qurtarıb. Əlhəmdülillah,
bu il şəhərimizdə bir nəfər də
qızdırmalı və naxoş tapılmır”. Qəmküsarın
dönə-dönə nifrətlə yad etdiyi Mir
Pırttaşıq, Molla Mahmud Çakər, Molla Zülənam
kimi neçə-neçə Naxçıvanın “hikmət”
sahibləri mühitin həqiqi təəssübkeşlərini
düşmən sifətində görürdülər.
Mirzə Cəlil isə Azərbaycanın digər bölgələrindəki, İran, Türkiyənin müxtəlif şəhərlərindəki antisanitariyadan yazanda da tez-tez Naxçıvanı xatırladır. “Ah, doğma Vətən”-deyə ah çəkir. Ordubadın adını çəkəndə isə söhbəti özü demişkən, “üstüörtülü”edir. Nədən? Çünki “Ordubad qırmızısaqqallıları başa düşməsinlər və hay-küy salmasınlar... Mədrəsənin qabağında bazar çayına durub tamaşa eləyəndə, görürsən ki, elə çay başışağı, o tərəf-bu tərəfdə əllərində aftafa və başlarında əmmamə düzülüb çöməliblər...” (1907, ¹31) Yenə nədən? Çünki şəhərdə ictimai ayaqyolu yoxdur. “İdarədən”adlı məlumatda bildirilir ki, Ordubadda Ağ Seyidin oğlanları beldəki qurşaqlarından bir parça kəsib verirlər uşaqlar bağlayır boğazlarına, nə naxoşlayırlar və nə də qızdırırlar. (1908, ¹35) “Hikmət” adlı felyetonda müəllif Ordubaddan olan dostunun qızdırma xəstəliyindən əzab çəkdiyini, dərvişin məsləhətilə sol qolundan 248 misqal qan aldırdığını, nəticədə üç gündən sonra rəhmətə getdiyini bildirir. Dərvişdən soruşanda ki, qoldan 248 misqal qan almaq necə həkimlikdi, cavab verib ki, sənin dostunun əcəli yetişmiş imiş, mənim həkimliyimə isə şübhə ola bilməz, çünki mən hikmət sahibiyəm.
İnsanın anatomiyası, fiziologiyası və xəstəliklərin mahiyyəti barəsində heç bir təsəvvürü olmayan bu cür başabəla “həkimlərin” günahı üzündən hər il yüzlərlə adam, o cümlədən, körpə uşaq onların qurbanı olurdu.
“İrəvan quberniyasında səhiyyə işlərinin müasir vəziyyəti” adlı məqalədə aparılan türkəçarə müalicə üsulları tənqid edilərək belə yazılır: “Ehtimal ki, bəşəriyyətin əmələ gəlməsi ilə bir gündə yaranan xalq təbabəti hələ bu günə qədər uşaqlıq dövründə qalmış, onda sadəlik və uşağa aid xüsusiyyətlər çoxdur. Doğrudan da məsələn, Naxçıvan ölkəsində xəstənin heyvan dərisinə salınması, qanaxmanın peyinlə dayandırılması, yaranın üstünə nəcisdən məlhəm qoyulması, ovsun oxunması, cadulama və s. bu kimi elmi əsası olmayan müalicə metodları geniş yayılmışdı. O zaman xalq arasında malyariyaya qarşı tətbiq edilən müalicə vasitələrindən biri qorxutmaqla müalicə etməkdən ibarət idi; bu zaman qızdırmalı adamın üstünə qəflətən soyuq su tökür və ya o, yatmış ikən üzünə sillə vururdular və sairə...”
Təbabətə və ümumiyyətlə təbiətə qarşı olan bu cür geri qalmış münasibət onunla izah edilirdi ki, əhalinin yaşadığı tarixi şəraitdən və ictimai inkişaf səviyyəsindən asılı olaraq onun zehnində təbiət qanunlarına qarşı müxtəlif baxışlar var idi. İnsanlar sadəlövhcəsinə xəstələnmə halını “Allahın qəzəbi” kimi başa düşür və xəstəni pirə aparırdılar ki, bəlkə Allah onun günahından keçə ki, o da sağala. Dindar insanlar təbiətdə xariqüladə qüvvələrin varlığına inanır və onların şüurunda yanlış fikirlər əmələ gəlirdi. Xəstələr həkimlərə etibar etmir və onları “Allahın düşməni” sayırdılar.
(Ardı var)
Hüseyn ƏSGƏROV
525-ci qəzet.- 2015.- 28 noyabr.- S20