Elçinin “Şekspir”
əsərinin yeni uğuru
- bu dəfə Nyu-Yorkda
Nyu-Yorkun
dünya şöhrətli
“Brodvey” teatr məhəlləsində yerləşən
Mint teatrında məşhur
Azərbaycan ədibi,
Xalq yazıçısı
Elçinin “Şekspir”
pyesinin motivləri əsasında hazırlanmış
“Şekspir kosmosda” adlı ekssentrik komediya nümayiş etdirilib.
Tamaşanın quruluşçu rejissoru
“The Complete Theatre Company” teatr truppasının bədii rəhbəri Enni Uarddır.
Pyesin mahiyyəti
insanların hər gün qarşılaşdığı
vacib problemlərə
baxmayaraq sevgi və sədaqət hisslərini uca tutmağı təbliğ
etməkdir. Qəhrəmanlar bu aktual problemlərin müasir cəmiyyətdə vəziyyətini
təcəssüm edirlər.
Başqa
planetdən gəlmə
bir varlıq hər kəsin şüuraltı dünyasında
sevginin qüdrətini
həm özü üçün, həm də tamaşanın qəhrəmanları üçün
kəşf edir.
Tamaşanın bədii rəhbəri Enni Uard AZƏRTAC-a müsahibəsində “Şekspir” əsərinin Nyu-Yorkda tamaşaya qoyulması imkanına görə “The Complete Theatre Company” adından Xalq yazıçısı Elçinə minnətdarlığını bildirərək qeyd edib ki, tamaşada çıxış edən 8 aktyorun hamısı öz rollarının öhdəsindən gəlib.
Enni Uard deyib: “Biz Azərbaycan pyesini Nyu-York tamaşaçısı üçün uyğunlaşdırmaq məqsədilə ona yaradıcılıq baxımından müəyyən dəyişikliklər etdik və yumoru “amerikanlaşdırdıq”. Tamaşada hadisələr sürətlə cərəyan edir, çoxlu musiqi və səs effekti var. Hər şey o qədər dinamikdir ki, hər pərdədən sonra aktyor sanki indicə marafon yürüşü qaçmış kimi, sözün yaxşı mənasında əldən düşür. Hərəkətlər çox enerjilidir. Biz “Şekspir” əsərinin əvvəlki adını dəyişdirərək, tamaşanı “Şekspir kosmosda” adlandırdıq. Tezliklə “Ulduz müharibələri” adlı növbəti film ekranlara çıxacaq, hazırda kinoteatrlarda “Marslı” filmi nümayiş etdirilir, “Qravitasiya” isə nisbətən yaxın vaxtlarda ekranlara çıxıb. Buna görə biz tamaşanın adını dəyişməklə, onu kosmos haqqında göstərilən filmlər məcrasına daxil etməyə çalışmışıq”.
Sonra Enni Uard, bir növ sürpriz kimi, bildirib ki, məhz bu tamaşa onun həyatında radikal dəyişikliklərə səbəb olub: “Tamaşa üçün kastinq zamanı məlum oldu ki, baş həkim roluna birinci seçimim olan aktyor başqa bir işdə çox məşğul olduğuna görə bu rolu ifa edə bilməyəcək. Mənim üstünlük verdiyim ikinci aktyor da başqa bir tamaşanın aktyor heyətində məşğul olduğuna görə bu rolu ifa edə bilmədi. Bu rolu oynamaq istəyən üçüncü aktyor, mənim fikrimcə, o qədər də yaxşı namizəd deyildi. Amma o, kastinqdə iştirak etməyi xahiş etdi, kastinqdə seçildi və ən yaxşı aktyorlardan biri oldu və bütün bunlar sonda bizim nişanlanmağımızla nəticələndi”.
Nyu-Yorkun teatr cəmiyyətində məşhurlaşmış bu tamaşa noyabrın 18-dən 22-dək 6 dəfə göstərilib.
Qeyd edək ki, Xalq yazıçısı Elçin Azərbaycan incəsənətinin dünyada populyarlaşmasına böyük töhfələr verib. “Şekspir” onun başqa ölkələrin, o cümlədən, Rusiya, Türkiyə, Böyük Britaniya və ABŞ-ın teatrlarında tamaşaya qoyulmuş pyeslərindən biridir.
525-ci qəzet.- 2015.- 28 noyabr.- S16