Şəki gələn il üçün
“Türk dünyasının mədəniyyət paytaxtı”
elan olunub
Artıq bütün dünyada mədəniyyətlərarası dialoqun mərkəzi məkanına çevrilən Azərbaycan ildən-ilə mötəbər tədbirlərə uğurla ev sahibliyi edir. Belə tədbirlərdən biri də artıq ölkəmizin mədəniyyət brendinə çevrilən “İpək Yolu” Beynəlxalq musiqi festivalıdır.
İyulun ilk ongünlüyündə Şəki şəhərində Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə artıq beşincisi dəfə keçirilən festival bu il həm də yubileyini qeyd etdi.
Tədbirin qonaqları arasında TÜRKSOY-un baş katibi Düsen Kaseinov da vardı.
Jurnalist Mehparə Sultanova TÜRKSOY-un baş katibi Düsen Kaseinov ilə görüşüb və geniş bir material hazırlayıb. Yazının aktuallığını nəzərə alaraq AzərTAc-ın geniş oxucu auditoriyasına təqdim edirik.
Şəkinin şöhrəti çoxdan
Azərbaycan sərhədlərini aşıb
TÜRKSOY-un baş katibi Düsen Kaseinov deyib:
-Əvvəla qeyd edim ki, burada olduğuma görə çox şadam. Birincisi ona görə ki, bu il “İpək Yolu” Beynəlxalq musiqi festivalının yubileyidir. Artıq bu festivalın uğuru digər ölkələrə də yayılıb. Şəkinin şöhrəti isə çoxdan Azərbaycan sərhədlərini aşıb. Ona görə də məmnuniyyətlə bu şəhərə gəldim. Buraya gəlməzdən əvvəl Şəki haqqında mənə danışmışdılar, bu şəhər barədə müəyyən təsəvvürüm var idi. Amma atalar yaxşı deyirlər ki, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Mən Şəki xanlarının sarayını, karvansaraları öz gözlərimlə gördüm. Şəhər dağların qoynunda, yaşıllıqlar arasında qərar tutub və beynəlxalq tədbirlərin, müxtəlif festivalların keçirilməsi üçün ideal yerdir. Düşünürəm ki, “İpək Yolu” festivalının və gələcəkdə digər tədbirlərin təşkili bu şəhərə turizm axınını da artıracaq. Çünki Şəki həm də öz füsunkar təbiəti və tarixi abidələri ilə gözəl turizm məkanıdır.
Artıq bu məsələ ilə bağlı müəyyən danışıqlar gedir. Şəki gələcək illərdə “Türk dünyasının mədəniyyət paytaxtı” elan oluna bilər. Şübhəsiz, qərarı birgə müzakirələrdən sonra veririk. Əgər Azərbaycan belə bir təkliflə çıxış edərsə, biz onu nəzərdən keçirməyə və dəstəkləməyə hazırıq. TÜRKSOY artıq üçüncü dəfədir ki, Şəkidə “İpək Yolu” Beynəlxalq musiqi festivalında müxtəlif layihələrlə iştirak edir. Bu il Şəkidə ilk dəfə ənənəvi “TÜRKSOY rəssamlar görüşü” də keçirildi.
“TÜRKSOY rəssamlar görüşü” artıq 17-ci dəfə keçirilir və bu layihənin ilk dəfə Azərbaycanda reallaşması vacib və maraqlıdır. Bu layihəni həm də ona görə burada reallaşdırdıq ki, gələcəkdə Azərbaycanda daha hansı irimiqyaslı tədbirlər keçirə bilmək imkanımızı götür-qoy edək. Burada bir araya gələn türkdilli ölkələrin rəssamları ilə söhbət etdim, onlar öz təəssüratlarını mənimlə bölüşdülər.
Layihələr həmin şəhərlərin daha geniş
şəkildə tanınmasına zəmin oldu
TÜRKSOY-un maraqlı layihələri sırasında “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi önəmli yer tutur. Qurumun baş katibi bunu uğurlu layihə kimi dəyərləndirərək deyib:
-Bu il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan seçilib. Ötən il Əskişəhər (Türkiyə), ondan əvvəl isə Astana (Qazaxıstan) paytaxt seçilmişdilər. Astana başlanğıc idi. Sonra estafeti Əskişəhər qəbul etdi. Bu layihələr həmin şəhərlərin daha geniş şəkildə tanınmasına zəmin oldu. Əskişəhərdə təkcə Novruz tədbirinə türkdilli ölkələrdən üç yüz sənətçi gəlmişdi. Çox möhtəşəm tədbir keçirildi, türk dünyasının gözəl musiqi əsərləri ifa edildi. Sonra Əskişəhərdə ədəbiyyat jurnallarının konqresi, uşaq festivalı baş tutdu. Bu il də Tatarıstanın Kazan şəhərində tədbirlər davam edir. Keçən ay TÜRKSOY-a üzv ölkələrin dövlət teatr rəhbərlərinin 3-cü iclasını keçirdik. Avqust ayında muzey rəhbərlərinin, ədəbiyyat jurnalları redaktorlarının tədbirlərinin təşkili planlaşdırılıb. Biz Kazanda “Türkvision-2014” beynəlxalq musiqi müsabiqəsinin yekun konsertini keçirmək niyyətindəyik. Bildiyiniz kimi, hansı şəhər “mədəniyyət paytaxtı” elan olunursa, final konserti də orada təşkil edilir. Əgər Şəki də gələcəkdə paytaxt elan edilərsə, yekun konsert burada olacaq. Yəni bizim “paytaxt” layihəmiz türkdilli ölkələrin həm də qədim, gözəl şəhərlərini tanıdır.
TÜRKSOY 2012-ci ili “Mirzə Fətəli
Axundzadə ili” elan etmişdi
Türk dünyasının tanınmış şəxsiyyətlərinin yubiley tədbirləri də TÜRKSOY üçün mühüm əhəmiyyət kəsb edir. Hər il türk dünyasının tanınmış şəxsiyyətləri haqqında üzv ölkələrin yubiley tarixləri əsasında gündəlik nəşr etdiklərini söyləyən D.Kaseinov Azərbaycanın da bu sırada önəmli yer tutduğunu dilə gətirərək deyib:
-Bu ilin aprel ayında Əli bəy Hüseynzadənin 150 illiyi ilə əlaqədar İstanbul Universitetində görkəmli mütəfəkkirin xatirəsini anma toplantısı keçirdik. Sentyabr ayında isə Ankarada Azərbaycanın Xalq Yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyini qeyd edəcəyik. Mən maestro Niyazini çoxdan tanıyıram və onun yaradıcılığına yaxşı bələdəm. Türkiyədə onun 100 illik yubileyinə həsr olunmuş iki konsert keçirmişik. İlk konfransımız Azərbaycanın Xalq Yazıçısı Bəxtiyar Vahabzadəyə həsr olunub.
Bilirsiniz ki, TÜRKSOY 2012-ci ili “Mirzə Fətəli Axundzadə ili” elan etmişdi. Xüsusi olaraq qeyd etmək istərdim ki, ilk dəfə Qazaxıstanın Karaqanda Dram Teatrında M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası qazax dilində səhnəyə qoyulub. Yaxşı olardı ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı da bir qazax tamaşasını səhnələşdirsin. Yəni, bu da bir təklifdir. “Koroğlu”nun beynəlxalq opera layihəsi kimi səhnəyə qoyulması mənim ideyam idi və buna böyük əmək sərf etmişdim. Keçən il qazaxların məşhur “Alpamıs” operası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyuldu. 2012-ci ildə azərbaycanlı rejissor Cahangir Novruzovun əməyi sayəsində Mirzə Fətəli Axundzadənin əsəri ilk dəfə Türkiyə səhnəsində oynanıldı. Belə məsələlərdə biz özümüz fəal olmalıyıq. Nə üçün Azərbaycan teatrlarının repertuarında başqa türkdilli ölkələrin əsərləri azdır? Nə üçün Türkiyə teatrlarının repertuarında qazax, Azərbaycan və başqa türkdilli xalqların əsərləri yoxdur? Bu, çox vacib məsələdir. Ötən il Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan bəstəkarlarının yazdıqları müasir klassik kamera musiqilərindən ibarət 5 kamera musiqisi konserti təşkil etdik. Bu bəstəkarların hamısı sağdır və yəqin ki, bir-birlərini axırıncı dəfə 25 il əvvəl sovet dövründə görüblər. Əgər maliyyə imkanımız olsa, biz daha çox iş görə bilərik.
Tədricən ideologiyamızdakı
ünsiyyəti dəyişdik
Xatırladaq ki, TÜRKSOY son illər “Koroğlu”, “Birjan və Sara” kimi böyük beynəlxalq opera layihələri ilə çıxış edib. Maraqlıdır, bu qəbildən növbəti layihə olacaqmı? Bu sualın cavabını Düsen Kaseinov belə cavablandırır:
-Əvvəla, onu deyim ki, biz qurum olaraq tədricən ideologiyamızdakı ünsiyyəti dəyişdik. Qərara aldıq ki, gördüyümüz işləri təkcə özümüzə deyil, dünyaya göstərməliyik. Bunun üçün musiqiçilərlə, sənətkarlarla danışmaq lazımdır. Məsələn, götürək “Koroğlu” operası ilə bağlı layihəni. Bu tamaşada təkcə azərbaycanlılar deyil, digər türkdilli ölkələrdən - qazax, qırğız, türkiyəli sənətçilər iştirak edirlər. Bu yaxınlarda Türkiyənin bir neçə şəhərində görüşləri baş tutan qazax bəstəkarı Mukan Tölebayevin “Birjan və Sara” operasında da türkdilli ölkələrin sənətçiləri təmsil olunurdu. Bizim layihələrin hər biri beynəlxalq layihədir. Çalışırıq ki, bu layihələrdə əməkdaşlıq etdiyimiz ölkələrin nümayəndələri təmsil olunsunlar. Məsələn, Bakıda keçirdiyimiz konsertdə Azərbaycanın “Sarı gəlin” mahnısını bütün türkdilli sənətçilər ifa ediblər. Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasında isə Qazaxıstan Simfonik Orkestrinin müşayiəti ilə bütün türkdilli ölkələrin nümayəndələri təmsil olunub. Baxın, bizim dialoqumuz budur. Ola bilsin ki, bu dəfəki layihəmiz balet oldu. Hələlik bununla bağlı imkanlar nəzərdən keçirilir. Növbəti ildə isə ümumtürk xoru təşkil edə bilərik. Bildiyiniz kimi, artıq bizim gənclərdən ibarət kamera orkestrimiz var və o bütün türkdilli ölkələrin bəstəkarlarının əsərlərini ifa edir.
Bundan əlavə, gələn
il Astanada Ənənəvi
Musiqilərin Beynəlxalq Şurasının konfransını
keçirməyi planlaşdırırıq. Konfransa
dünyanın hər yerindən peşəkarlar, alimlər,
mütəxəssislər, ümumiyyətlə, 700-ə
yaxın qonaq dəvət olunacaq.
Belə bir tədbir sonuncu
dəfə Şanxayda keçirilib
və mən növbəti ildə ev sahibi kimi Astananı təklif
etdim. Keçmiş
sovetlər dönəmində heç vaxt belə bir tədbir
olmayıb. Bununla diqqəti türk dünyasına yönəltmək istəyirik.
Bir sözlə, layihələrimiz,
görəcəyimiz işlər, planlar çoxdur.
S.Abdullayeva
525-ci qəzet.- 2015.- 28 noyabr.- S.17