Əli bəy Hüseynzadənin bir memuarı

 

 

 

Əli bəy Hüseynzadənin oxuculara təqdim olunan xatirələri ilk dəfə 1938-ci ildə, İstanbulda, “Tan” qəzetinin 4, 5, 6, 7 mart tarixli saylarında dərc edilib.

 

Daha sonra isə Əli Heydər Bayatın hazırladığıHüseynzadə Əli bəy” (Atatürk Kültür Mərkəzi Başkanlığı yayını, Ankara, 1998, səh. 333-342) kitabında yer alıb.

 

Təbii ki, yazı Əli bəy irsi ilə məşğul olan tədqiqatçılarımızın diqqətindən yayınmayıb. Müxtəlif münasibətlərlə, ilk növbədə isə azərbaycanlı fikir adamının Osmanlı imperiyasının siyasi simasını dəyişən İttihad Tərəqqi partiyasının qurulması fəaliyyəti ilə bağlı rolundan bəhs edilərkən ona müraciət olunub.

 

Eyni zamanda hadisələrlə zəngin ömür yolunun sonunda qələmə aldığı  bu kiçik epizod Əli bəyin  şəxsiyyətinin diapazonunu, bədii üslubunun özəlliklərini dövrün türk ictimai-siyasi həyatındakı siqlətini inandırıcı şəkildə açıb ortaya qoyduğundan onun tam şəkildə müasir oxucuya çatdırılmasını vacib saydım.

 

Xatirələr Məktəbi-Tibbiyədə Əli bəyin tələbə dostlarından biri, İttihad Tərəqqinin qurucuları sırasında özünəməxsus rolu ilə seçilən tanınmış türk ictimai-siyasi xadimi, səyyah din adamı Mehmet Übeydullah Xətiboğlunun (1858-1937) vəfatından sonra, mərhumun xatirəsinə son ehtiram kimi qələmə alınmışdı. Lakin az sözlə çox şey demək bacarığı sayəsində müəllif təkcə qəhrəmanının deyil, bütöv bir dövrün görümlü, yaddaqalan portretini yaratmağa nail olmuşdu.

 

Dünyanı macəralar yaşamaq üçün bir yer sayan macəraçılığı həyat tərzinə çevirən (dr. Sərpil Sürməli) Übeydullah Əfəndi gənc türklər hərəkatının ən fərqli, koloritli simalarından idi. İzmirdə, Bəktaşi təriqətinə mənsub məşhur Xətiboğulları ailəsində dünyaya göz açmışdı. Bir müddət dini mədrəsələrdə təhsil aldıqdan sonra Məktəbi-Tibbiyyəyə daxil olmuşdu. Sultan II Əbdülhəmid rejiminə qarşı inadcıl savaşı o zaman Osmanlı imperiyasının idarəçiliyi altındakı Liviyaya, Saxara ilə həmsərhəd Fizana sürgün edilməsi ilə nəticələnmişdi. Lakin buradan Avropaya, ardınca da Amerikaya qaçmağa nail olmuşdu. 1908-ci ildə, gənc türklər inqilabının qələbəsindən, beşiyi başında dayandığı İttihad Tərəqqi partiyasının hakimiyyətə gəlişindən sonra vətənə qayıtmışdı.

 

Məşrutiyyət zamanı da kifayət qədər narahat macəralı həyat yaşamışdı. Osmanlı parlamentində - Məclisi-Məbusanda Aydın millət vəkili olmuşdu. Siyasi fəaliyyəti ilə bir sırada həm Mərdivənköy Bəktaşi təkkəsinin şeyxi idi. Ənvər Paşanın təklifi ilə əfqanları ingilis müstəmləkəsinə qarşı üsyana qaldırmaq məqsədi ilə 1915-ci ildə xüsusi missiyanın başında Kabilə yollanmışdı. Bütün səylərinə baxmayaraq üç ilə yaxın sürən  səyahət uğurlu nəticə verməmişdi. İngilislər 1918-ci ildə Übeydullah Əfəndini Tehranda həbs etmişdilər.

 

1919 1920-ci illərdə Britaniya işğal qüvvələri tərəfindən iki dəfə Malta adasına sürgün olunmuşdu. Cümhuriyyət illərində siyasi səhnədə qalmağı bacarmışdı.  Əski ittihadçıların bir çoxundan fərqli olaraq Atatürklə dil tapmışdı. 1931 1935-ci illərdə hakim Cümhuriyyət Xalq Pariyasından Türkiyə Böyük Millət Məclisinə seçilmişdi.

 

Böyük türk şairi Əbdülhəq Hamidin ən yaxın dostu idi. Vəsiyyətinə əsasən onun məzarı yanında dəfn olunmuşdu.

 

Xarakterləri, həyata baxışları, yaşam tərzləri daban-dabana zidd olsa da, Əli bəy Hüseynzadə ilə Übeydullah Əfəndini qırx ildən çox davam edən möhkəm sarsılmaz dostluq birləşdirirdi. Maraqlıdır ki, özü XX əsr türk intellektualizminin simvoluna çevrilən azərbaycanlı fikir adamı bu mənada Übeydullah Xətiboğlunu daha canlı, səciyyəvi örnək sayır, “Şəxsiyyəti Şərq Qərb mədəniyyətinin qovuşuğundan ibarət olan Übeydullah Əfəndi mənim nəzərimdə millətlərin nadir yetirdiyi şəxsiyyətlərdəndir” - deyə  son dərəcə yüksək qiymətləndirirdi.

 

Müasir türk tədqiqatçıları onusarıqlı-cübbəli con türkadlandırırlar. Həqiqətən həm bir din adamı, təkkə şeyxi olmaq, həm ən müasir ideyaların daşıyıcısı kimi çıxış etmək vəzifəsinin öhdəsindən ustalıqla gələ bilmişdi. Həyatı başdan-başa ziddiyyətlər silsiləsindən ibarət idi. Təkcə Sultan Əbdülhəmid deyil, Məşrutiyyət dönəmində təqiblərlə üzləşmişdi. Müstəbid hökmdarla düşmənçilik etməklə yanaşı dövrdə ona donoslar ötürdüyü deyilir. İttihad Tərəqqinin qurucularından olsa da, bu qurumu ən sərt tənqiddən çəkinməmişdi. Bəlkə şəxsiyyətinin bu ziddiyyət qəribəlikləri Übeydullah Əfəndini Əli bəy üçün maraqlı insana çevirmişdi. Nəticədə, onun ölümünün ardından daha çox təqdimat,  tanıtma xarakteri daşıyan belə bir xatirə yazmağı zəruri saymışdı.

 

Əli bəy Hüseynzadə dəfələrlə Übeydullah Əfəndini səyahət xatirələrini qələmə almağa, dövrününSəyahətnameyi-İbrahimbəyromanını yaratmağa təşviq etmişdi. Çünki belə əsərlərin çağdaş türk gəncliyinə Conatan SviftinQulliverin səyahəti”, yaxud Laurens Sterninİtaliya Fransaya sentimental səyahətromanları kimi güclü təsir göstərəcəyinə inanırdı. Əgər Übeydullah Əfəndi bu işi görməmişdisə, yaxın dostlarını boşluğu doldurmağa, ondan eşitdikləri əsasında mərhumun macəralı ömrünün tarixçəsini yaratmağa çağırırdı.

 

Sonradan məlum oldu ki, xoşbəxtlikdən Übeydullah Əfəndi səyahət xatirələrini qələmə alıb. Müasir türk tədqiqatçılarından Əhməd Turan Alkan müəllifin əlyazmaları əsasındaQeyri-adi bir con türk: Übeydullah Əfəndinin Amerika xatirələri”, Ömər Xaqan Özalp isəMehmet Übeydullah Əfəndinin Malta, Əfqanıstan İran xatirələrikitablarını hazırlayıb çap etdirdilər. Həriki kitab həqiqətən böyük maraqla qarşılandı təkrar nəşr olundu. Beləliklə, Əli bəy Hüseynzadənin hələ 1930-cu illərin sonunda türk ədəbiyyatşünaslığının qarşısında qoyduğu qədirşünaslıq vəzifəsi yerinə yetirildi.

 

Vilayət QULİYEV

525-ci qəzet.- 2015.- 28 noyabr.- S.14