Sergey Yeseninin "İran nəğmələri"nin
yeni təqdimatı
XX əsr rus poeziyasının nəhəng
simalarından biri Sergey Yeseninin bu ilin oktyabr ayının 3-də
anadan olmasının 120 illiyi tamam olur.
Bu poeziya
nəhənginin doğum tarixi Rusiyada mütəmadi olaraq
qeyd olunsa da, Azərbaycanda da böyük şairin yubileyinə
daim münasibət yetərincə ardıcıldır. Bu baxımdan Yeseninşünas İsaxan
İsaxanlının geniş oxucu auditoriyasına təqdim
etdiyi "Sergey Yesenin. İran nəğmələri"
Bakı, "Xəzər Universitəsi nəşriyyatı",
2015" - kitabı forma, struktur, sistem, poliqrafiya, dizayn, məzmun
baxımdan diqqəti cəlb etməkdədir.
İ.İsaxanlı
kitabda Yesenin poeziyasının episentrində dayanan
"İran nəğmələri" silsiləsinə daxil
olan günümüzə qədər mövcud olan Azərbaycan
dilinə edilmiş bütün tərcümə
variantlarını (9 tərcüməçi və 61 tərcüməni)
oxucuların ixtiyarına verib.
Bilindiyi
kimi, Sergey Yesenin Azərbaycanda qeyri-milli ədiblər
sırasında ən populyar və çox müraciət olunan poetik fikir
sahiblərindəndir. Yəqin elə buna görə də
onun adı, həyatı, həyatının müxtəlif
fraqmentləri, əsərləri, o cümlədən, onun Azərbaycanda,
Bakıda olduğu dövr ziyalılar, tədqiqatçılar,
tənqidçilər, ədəbiyyatşünaslar, ədəbi
əlaqələri təhlil obyektinə çevirənlər
tərəfindən dəfələrlə müxtəlif
yönlərdən öyrənilib. S.Yeseninin əsərlərini
müxtəlif prizmalardan öyrənən və Azərbaycanda
yazıb-yaradan müəlliflər sırasında (Yeseninin
yaşadığı və ondan sonrakı 4-5 onillik istisna
olunmaqla) A.Şərif, S.Turabov, N.Xəzri, C.Novruz, H.Nəcəfov,
L.Polonski, S.Koşeçkin, M.Topçubaşov, B.Nəbiyev,
Ə.Ağayev, M.Araz, N.Həsənzadə, N.Xatuntsev,
Ə.Kürçaylı, S.Məmmədzadə, Ə.Xəlilov,
N.Tağısoy, C.Mustafayev,
F.Şuşinski, Ş.Qurbanov, T.Şərifli, Q.Şipulina,
A.Əbilov, V.Abdullayev, M.Vəkilov, O.Vəlixanlı, J.Kasumova,
K.Aslan, G.Qurbanova, Y.Quluzadə,
P.Məmmədova, K.Mahmudova, N.Süleyman-zadə, F.Xancanbəyova,
V.Firsov, H.İsaxanlı, Kəbutər, M.Qarayev və b. bu kimi
ziyalılar, jurnalistlər, tənqidçi, ədəbiyyatşünas
və alimlərin əməyi xüsusilə
böyükdür.
Adlarını çəkdiyimiz müəlliflərin
hamısından daha çox bu sahədə 90-cı illərin
əvvəllərindən ardıcıl olaraq Qalina Şipulina
fəaliyyət göstərib. Belə ki, Qalina Şipulina Sergey
Yeseninin həm nəzm, həm də nəsr nümunələrinin leksikoqrafik təsvirini verməklə
"Sergey Yesenin dilinin lüğəti" adlı
çoxcildli möhtəşəm bir əsər ortaya qoyub. Bununla belə son dövrlərdə bu istiqamətdə
aparılan təhlil və tədqiqatlarda İsaxan
İsaxanlının ön plana
çıxdığını və böyük zəhmət
sərf etdiyini görməkdəyik. Ayrı-ayrı məcmuə,
jurnal, dövrü mətbuatda (həm Azərbaycanda, həm də
onun hüdudlarından kənarda) çıxış və məqalələrini
nəzərə almadan, İ.İsaxanlı
Yeseninşünaslığa bir sıra sanballı kitablar bəxş
etmişdir ki, onların sırasında "Şeir
gülüstanının təkrarolunmaz çiçəyi -
Sergey Yesenin" (Bakı, Xəzər Univeritəsi Nəşriyyatı,
2010, 372 s.), "Nezadarom emu miqnuli oçi. Esenin
v Baku" (Baku, İzd-vo "Xazar Universiteti", 2012, 373 s.) əsərlərini
göstərmək olar. Bu nümunələrdə
S.Yeseninin Azərbaycanla əlaqələri,
yaradıcılığının Bakı dövrü, əsərlərinin
dilimizə tərcümələri və s. bağlı
maraqlı mülahizə və fikirlər yer
almışdır.
Yorulmaz tədqiqatçının S.A.Yeseninin 120 illik
yubileyinə həsr olunmuş növbəti kitabı da olduqca
maraqlı kompozisiya və məzmunla yüklənib. Kitabda
"İran nəğmələri" silsiləsinə daxil
olan bütün şeirlərin mövcud tərcümələri
orijinalla birgə oxuculara təqdim olunub. Burada oxucu hər
bir tərcüməni orijinalla və bir-biri arasında
müqayisə etməklə S.Rüstəm,
Ə.Kürçaylı, S.Məmmədzadə,
E.Borçalı kimi tanınmış şair-mütərcimlərlə
bərabər, F.Mustafa, Q.Xalid, İ.İsaxanlı, G.Mövlud
və R.İsayev kimi çağdaş dövrdə bu sənətlə
məşğul olanların tərcümələri ilə
qarşılaşdırma imkanı əldə edir, kimin
orijinala daha yaxın, kimin iş prosesində
ondan uzaqlaşdığının şahidi olur.
İ.İsaxanlının təqdim etdiyi kitabın
başlıca mahiyyəti, bir tərəfdən,
əgər S.Yesenini yenidən Azərbaycan oxucusuna doğmalaşdırmaq
və yaxınlaşdırmaqdırsa, digər tərəfdən,
tərcümə sənətinin özünəməxsus və
təkrarolunmaz yaradıcılıq olduğunu göz
önünə gətirmək, ona bir daha həm tərcümə
nəzəriyyəçilərinin, həm də praktik poetik
tərcümə işi ilə məşğul olanların
diqqətini yönəltməkdən ibarətdir.
Kitab
redaktorun (İ.İsaxanlı) yazdığı "Əziz
oxucu"suna
müraciəti ilə başlayır. Burada o, XX əsrin
Puşkini kimi qəbul edilən S.Yeseninin "İran nəğmələri"nin nə üçün orijinal və tərcümələrlə
yanaşı təqdim etdiyinin zəruriliyini, S.Yeseninin
"İran nəğmələri" ilə Bakıya və
İrana qoyduğu ədəbi sevgi heykəlinin mahiyyətini
açıqlayır. Nə üçün S.Yeseninin
"Persidskie motivı" ifadəsinin müxtəlif müəlliflər
tərəfindən "İran nəğmələri",
"Fars motivləri", "Şərq motivləri",
"Fars təranələri", "İran xəyalları",
"Fars havaları" kimi tərcümə edildiyini,
"motiv", "nəğmə", "xəyal"
kimi sözlərin leksik və
semantik tutumunu aydınlaşdırır, təqdim edilmiş
şəkildə "motiv" sözünün Azərbaycan
dilinə tərcüməsi kontekstində məhz "nəğmə"
sözü ilə əvəzləndirilməsinə və səsləndirilməsinə
üstünlük verildiyini və bu şəkildə tərcümə
olunmasını izah edir.
S.Yesenin
vaxtı ilə "İran nəğmələri"nə
20 şeir daxil etməyi nəzərdə tutsa da, silsilədə
şairin cəmi 15 şeiri yer almış və onlar rus
müəllifinin özünün sıraladığı
qaydada verilmişdir. Şeirlərin sıralanmasında
ardıcıllığı S.Yesenin Q.Benislavskayaya
yazdığı 11 may 1925-ci il tarixli məktubunda özü müəyyənləşdirmişdir.
Şeirlərin yazılma tarixinə görə
sıralanması elə S.Yeseninin şairlik təbiəti ilə
həmahəng səsləşməkdədir. Qeyd edək
ki, S.Yeseninin özünün sağlığında onun
birinci kitabı
"Raduniya" 1916-cı ildə işıq
üzü görmüşdürsə (yada salaq ki,
"Raduniya" ya daxil edilmiş şeirləri müəllif
əvvəl Peterburq jurnallarına göndərib dərc
olunmasına nail ola bilməsə də, özü buraya yollanıb
Qorodetski ilə görüşdükdə, o, ona naşir kimi
M.Averyanovu məsləhət bilmiş və kitab 1915-ci ilin
noyabr ayında "1916-cı
il" göstərilməklə nəşr
olunmuşdur. Elə buradaca onu da qeyd etmək lazımdır
ki, "Raduniya"ya qədər "Russkaə
mıslğ", "Jiznğ dlə vsex", "Ejemesəçnıy
jurnal", "Severnıe zapiski" kimi jurnallar onun şeirlərini
öz səhifələrində dərc etmişdi),
axırıncı kitab məhz 1925-ci ildə nəşr
olunmuş "Persidskie motivı" silsiləsi olmuşdur.
"İran nəğmələri" silsiləsi bir
neçə baxımdan şairin daxili hiss və
duyğularının, dünyaya, Şərqə, İrana,
Bakıya, həyata baxışlarının yeni forması və
mahiyyəti idi. Özü sağlığında S.Yeseninin
"İran nəğmələrinə" əlavə
daxil etdiyi bir poema və dörd şeir isə şairin həm də
doğma vətənə, Ryazana
bağlılığını əks etdirən nümunələr kimi
maraqlıdır. Bir tərəfdən, ekzotik
diyar kimi təqdim edilən İran, digər tərəfdən,
doğma Ryazan çöllərinin füsunkarlığı
şairin könül dünyasını ovsunlamaya bilməzdi.
S.Yesenin bütün fəaliyyətində,
yaradıcılığında, həyatı dərkində,
ona münasibətdə daim orijinal, təkrarolunmaz idi.
Bunu biz onun əsərlərini oxuduqda, tərcümeyi-halı
ilə tanış olduqda daha yaxşı
görürük. Hələ gənclik dövründə,
1921-ci ildə Aysedora Dunkanla evlənib İspaniyada, bütün Avropada,
Amerikada olanda da, o, "mən öz boz səmamızı və
öz peyzajımızı hər yerdən üstün
tutmağa hazıram" deyirdi. Çünki Rusiya
onunçün "Tolstoyu, Dostoyevskini, Puşkini,
Lermontovu və başqalarını yetişdirmiş
torpaq" kimi onu daim özünə cəlb etmişdi.
S.Yesenində nikbinliklə bədbinlik, nostalji hisslərin
qucağı iki qoşa qanad idi. Bunların hər ikisi
onun həyatının mahiyyəti idi. Onun
fikri-zikri olumla ölüm arasında vurnuxurdu. Onların hər ikisi onun
yaradıcılığı üçün qida mənbəyi,
yaşam tərzi idi. Şairin köhnə yarası da bəlkə
elə buna görə qövr
etmirdi, gözəl laləyə
"sevirəm"deyib ona "mənimsən"
sözünü necə anlatması da, Ryazan
çölünü Şirazdan üstün tutması da, ay
işığındakı dalğalı çovdarın onun
saçlarına bənzəməsi də, onun şair olaraq
doğulduğuna görə şair kimi öpməsi də,
keçmiş həyatın onu qəlbini oxşamaması da,
al yanaqların gizlində saxlanması da, Xəyyamın demədiyi
nəğmələri eşitməsi də, havanın təmizliyində,
şəffaflığında, sərinliyində bağla gedib
bir pəri səsini asta eşitməsi də, hər yerə nəzər
salıb gözəllikdən zövq alması da,
Xorasandakı qapıları şair əlləri açmayanda
da, İranı tərk edib Rusiyaya dönəndə də, Firdovsinin gənclik vətəni
mehriban "urus"un qəmli gözlərini görəndə
də, şairin taleyi dərbədər olanda da, İranda bir
nəğmə yadigar qoyanda da, qəlbinə çöllər
həmdəm olanda da, öz yarıyla görüşməyə
gedəndə də, qısqanclıq oduyla
alışıb-yananda da, səfil kimi ölməyə
hazır olanda da, məhəbbət mahnısı oxuyanda da,
köksünü ötürüb nəğmə qoşanda
da, ürəyindən qopan nəğmələri Tehran
ayını isitməyəndə də, Xorasan bağları, evləri üstə
ayın solğun ziyası görünməyəndə də,
qızılgül ləçəklərini titrədəndə
də, dönüklüyün,
göz yaşının dünyada əzab olduğunu görəndə
də, çıraqban gecələrin müqəddəsliyini
dərk edəndə də, səadətin onun dəli
könlünü aldatdığını hiss edəndə də,
bülbüllərin dediyi nəğmələrə qulaq asıb
ondan həzz alanda da, nəğmələr ürəyə
yol tapanda da, bülbül gülü çağıranda da,
ömrü nəğməyə büsbütün axanda da,
bülbül güllə öpüşəndə də,
könlünün səsi nəğməyə satılanda
da, çiçəklər onun üzünə güləndə
də və s. məqamlarda
S.Yesenin yalnız özü kimi görünürdü. Öz xəyal dünyası ilə
yaşayırdı. Nədən bəhs
edir, nə barədə yazır-yazsın, onun əsərləri
səmimiliyi, aydınlığı, obrazların sadəliyi
ilə diqqəti ilə cəlb edir. Elə "İran
nəğmələri"nə daxil edilmiş
"Uleqlasğ moə bılaə rana…", "Şaqang,
tı moə, Şaqang…", "Nikoqda ə ne bıl na Bosfore….",
"Svet veçerniy şafrannoqo kraə…", "V Xorossane
estğ takie dveri…", "Bıtğ pogtom - gto znaçit
to je…", "Qlupoe serdüe, ne beysə…" (şeirlərin adını ona görə
rus dilində, tərcüməsiz veririk ki, hər mütərcim
onları özü bildiyi kimi adlandırmışdır) və
s. kimi nümunələr böyük sənətkarın zəngin
və əhatəli poetik
potensialının
aynası kimi qarşımızda dayanır.
İ.İsaxanlı
haqlı olaraq qeyd edir ki, S.Yesenin "İran nəğmələri"ndəki
istifadə etdiyi adların və obrazların (Firdovsi, Xəyyam,
Hafiz, Sədi və b.) köməyi ilə həm özünə,
həm Bakıya, həm də İrana əbədi sevgi heykəli
qoymağı bacarmışdır.
"İran
nəğmələri"nə daxil olan bəzi şeirləri
(məsələn, "Uleqlasğ moə bılaə
rana…" (Ə.Kürçaylı, S.Məmmədzadə,
Q.Xalid, F.Mustafa, E.Borçalı, İ.İsaxanlı);
"Tı skazala, çto Saadi…"
(Ə.Kürçaylı, S.Məmmədzadə, F.Mustafa, E.
Borçalı, İ.İsaxanlı, R.İsayev), "V Xorossane
estğ takie dveri…" (S.Rüstəm,
Ə.Kürçaylı, S.Məmmədzadə, Q.Xalid,
E.Borçalı, İ.İsaxanlı) altı; "Ə
sprosil seqodnə u menəlı…" beş; "Şaqang,
tı moə, Şaqang", "Nikoqda ə ne bıl na Bosfore…",
"Svet veçerniy şafrannoqo kraə…", "Ruki miloy -
para lebedey…", "Otçeqo luna tak svetit tusklo…"
dörd; qalanları isə ən azı üç mütərcim
tərəfindən dilimizdə səsləndirilmişdir. Bu tərcümələrdən hər birində
orijinal ayrı-ayrı mütərcimlərin təfəkküründə
özünəməxsus struktur, düzüm və intonasiya əldə
etmişdir.
Buna
görə də "İran nəğmələri"nin dilimizə tərcümələrinin keyfiyyəti
ilə bağlı təhlillər aparıb fikir söyləmək,
heç şübhəsiz ki, zəruridir və bu ayrıca
bir söhbətin mövzusudur. Və yəqin ki, vaxt tapıb bu barədə
də danışmalı olacağıq.
Biz
yuxarıda kitabın dizaynı, poliqrafiyası və s.
haqqında ötəri qeydlər etmişdik. Burada bir daha
söyləyək ki, "İran nəğmələri"
kitabının həm üz qabığı, həm də
buraya daxil edilmiş, hər şeir üçün xüsusi
olaraq hazırlanmış illüstrasiyalardan hər biri həm
kitabın ümumilikdə, həm
də ayrı-ayrı şeirlərin məzmun və ruhuna
uyğunluğu oxucunu S.Yeseninin özünəməxsus
"poetik İran" dünyasına salır, onu bu nəğmələrə
kökləyir, hisslərini kövrəldir, onu şeirlərin
yazıldığı məkana və dövrə
qaytarır. Bir sözlə, S.Yeseninin "İran
xronotopları"nı gözümüz
qarşısında canlandırır. Bu illüstrasiyalardan biz
Bakının qala divarlarını, Azərbaycan, İran,
ümumiyyətlə, Şərq koloritini, qızılgüllərlə
əhatələnmiş gözəli,
Bosfor boğazını, İstanbul şəhərindəki məscidi,
onun minarələrini, səhrada aramla addımlayan dəvələri,
rus ağcaqayınını, şərqli qızların
çadrada yerişlərini və çadra altından
baxışlarını, Həsənin neyinin həzin səsini,
göldə gecə qaranlığında ay
işığının bərq vurduğu anda sevən gənclərin
güllər içində sahildə bir-birinə
sarışmasını, ağ göyərçinlərin
sevən qızın niskilinə, həsrətinə son qoyub,
onun sevgilisinə qovuşacağı inamını,
qızılgüllər səpilmiş Xorasan
qapılarının kandarını, ondan bir az kənarda qarla
örtülmüş rus çöllərini və
ağcaqayın meşələrini, S.Yeseninin yazı
masasını, onun arxasında xəyallara dalıb
düşündüyünü, şairin zaman, vaxt
haqqında fikir və hisslərini, iki qu quşunun onun
sevgilisinin əllərinə bənzədiyini, ayın
solğun çöhrəsinə baxa-baxa iki sevgilinin bir-birinə yaxınlaşıb
pıçıldamasını, köhnə Bakının
uzaqda görünən panoramını, ondan bir az yaxında
sahilə sinə gərən şahə qalxan təlatümlü
ləpələri və s.
görmək mümkündür.
İ.İsaxanlı
S.Yeseninin "İran nəğmələri"ni yenidən
oxuculara təqdim edərkən heç də yalnız şairin
yaradıcılığının pərəstişkarı kimi çıxış etmir. O, əsil
Yeseninşünas kimi ortada dayanır. İ.İsaxanlı,
bir tərəfdən, rus şairinin pərəstişkarıdırsa,
digər tərəfdən, onun əsərlərinin ən
diqqətli tədqiqatçılarından,
üçüncü bir tərəfdən, Yesenin əsərlərini
ardıcıl olaraq Azərbaycan dilində səriştəli
səsləndirən mütərcimlərdəndir. Pərəstişkar, tədqiqatçı və
mütərcim kimi İ.İsaxanlınıın araya-ərsəyə
gətirdiyi bu kitab müxtəlif yönlərdən təhlil
edilməyə layiqdir.
İ.İsaxanlının
oxuculara təqdim etdiyi "İran nəğmələri"
formatına, mündəricəsinə, məzmununa, təqdim
etmə yönümünə və s. görə tamamilə
yeni görüşə və S.Yeseninə sevgini daha da
gücləndirməyə tuşlanmış bir kitabdır.
Belə nəfis kitabı Azərbaycan oxucu ictimaiyyətinə
bəxş etdiyinə görə İ.İsaxanlını yeseninsevərlər, tədqiqatçılar,
tənqidçilər adından təbrik edir, ona bu yolda
uğurlar arzulayırıq.
Nizami Tağısoy
525-ci qəzet.- 2015.- 1 oktyabr.- S.7-8.