Mühacirət irsi və
XX əsr Azərbaycan ədəbiyyatı haqqında dəyərli
elmi əsər
"Mühacirət və XX əsr Azərbaycan ədəbiyyatı məsələləri" monoqrafiyasının (Bakı, "Elm və Təhsil" nəşriyyatı, 2015, 56 səh.) lap əvvəlindən - "Giriş"in ilk cümlələrindən bəlli olur ki, mühacirət ədəbiyyatının tanınmış tədqiqatçılarından olan AMEA Nizami adına Ədəbiyyat İnstitutu Mühacirət ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Nikpur Cabbarlı növbəti dəfə də elmi ictimaiyyətin diqqətini çox ciddi, aktual, əhəmiyyətli problemə yönəltmək niyyətindədir.
O, çağdaş ədəbiyyatşünaslıq
qarşısında duran
ən mühüm vəzifələrdən birinin
müasir tələblərə
uyğun, yeni konseptual baxışla
"Azərbaycan ədəbiyyatı
tarixi"nin akademik çoxcildliyinin yazılıb başa çatdırılmasının olduğunu vurğulayır
və qeyd edir ki, bu
zaman uzun müddət elmi dövriyyədən kənarda
qalmış faktlardan,
o cümlədən, mühacirət
ədəbiyyatşünaslığı
faktlarından da faydalanmaq problemin həlli üçün əhəmiyyətli ola bilər. Tədqiqatçı haqlı olaraq
bu fikirdədir ki, Sovet dövrü
və Cənubi Azərbaycan ədəbiyyatı
ilə bağlı mühacirət elmi fikrinin bir sıra
müddəaları günümüzdə
də aktual və dəyərlidir.
"Giriş"lə birlikdə
"Sovet Azərbaycanında
ədəbi proses",
"Məhəmmədhüseyn Şəhriyar poeziyası mühacirət
ədəbi tənqidində",
"Mühacirət poeziyasına
mühacir baxışı",
"Nəticə", "Ədəbiyyat" siyahısından
ibarət elmi tədqiqat əsərində
N.Cabbarlı mövzunun
araşdırılması tarixinə
qısaca nəzər
salır, toxunulan problemləri göstərir,
məqalələri təhlil
edir, dəyərləndirir,
ən əsası isə sahənin mövcud tədqiqat materiallarını özünün
axtarışları ilə
ərsəyə gəlmiş
elmi-nəzəri qənaətlərlə
zənginləşdirir.
Əsərin "Sovet Azərbaycanında
ədəbi proses"
adlı bölümündə
tədqiqatçı M.Ə.Rəsulzadə,
M.B.Məhəmmədzadə, Ə.Cəfəroğlu, S.Təkinər
kimi müəlliflərin
sovet dövrü ədəbiyyatımızla bağlı
araşdırmalarına əsasən
fikir və mülahizələr yürüdür
və bu qənaətə gəlir
ki, həmin tədqiqatlar həm ədəbi-tarixi faktlara obyektiv münasibəti, həm də elmi-nəzəri səviyyəsi
baxımından fərqlənir.
Bu müddəanı əsaslandırmaq üçün
N.Cabbarlı M.B.Məhəmmədzadənin
"Azəri ədəbiyyatının
dünü və bu günü" adlı məqaləsini dərindən təhlil edir. Mirzə Bala bir sıra Azərbaycan Sovet alimlərindən fərqli olaraq, Hüseyn Cavid, Cəfər Cabbarlı kimi yazarların əsərlərini həm
sənətkarlıq, həm
də ideya-siyasi baxımdan yüksək dəyərləndirir. M.Ə.Rəsulzadə
də "Çağdaş
Azərbaycan ədəbiyyatı"
əsərində həmin
müəlliflərin əsərlərində
dərin bir milliyyətçi ruh, vətənpərvərlik görür,
"Peyğəmbər"dən, "Səyavuş"dan sitatlar
gətirməklə fikrini
əsaslandırır.
N.Cabbarlı mühacir ədəbiyyatşünasların
irsinin əsl mahiyyətini, məğzini
açmaq, Azərbaycan
Sovet nəzəriyyəçilərindən
fərqini, eyni zamanda dövrün ədəbi mübarizəsinin
kəskinliyini göstərmək
üçün sitatları,
xarakterik məqamları
məharətlə seçir,
təhlil və təqdim edir. Bu mənada,
onun M.B.Məhəmmədzadənin
"xalq dililə deyil, proletar dili ilə danışan"
Süleyman Rüstəm,
yaradıcılığı ilə sətirlərindən
od püskürən
istiqlalçı, milliyyətçi
şair Ə.Cavad poeziyası haqqında mülahizələrini müqayisə
yolu ilə təqdim etməsi mühakimə və qənaətlərin effektivliyini
artırır.
N.Cabbarlıya görə, 1920-30-cu illər
ədəbi prosesi və ədəbi mühitinin ilk dəfə
obyektiv elmi təhlili və dəyərləndirilməsi məhz
mühacirət ədəbiyyatşünaslığında
öz əksini tapmışdır. Tədqiqatçı mühacir ədəbiyyatşünasların
ideya-siyasi, bədii-estetik
görüşlərini onların
əsərlərindən dəlillər
gətirməklə diqqətə
çatdırır, dəyərləndirir.
Bir məqamı vurğulamaq yerinə düşərdi
ki, N.Cabbarlı mühacirətin ədəbiyyatşünaslıq
irsinin aktuallığını
itirmədiyini və bu gün də
mühüm əhəmiyyət
kəsb etdiyini qeyd etməklə kifayətlənmir, bu fikri həm də əsaslandırır.
Tədqiqatçı 1950-60-cı illər mühacirət ədəbiyyatşünaslığından bəhs edərkən Süleyman Təkinər yaradıcılığına xüsusi
diqqət yetirir. Bu da təsadüfi və səbəbsiz deyil. O, əminliklə
bildirir ki, mühacir ədəbiyyatşünaslar
içərisində 1950-60-cı illər Azərbaycan ədəbiyyatının tədqiqi
ilə müntəzəm
məşğul olan yeganə mütəxəssis
məhz S.Təkinər
olmuşdur. N.Cabbarlı
S.Təkinərin Rəsul
Rza, Xəlil Rza, Məmməd Rahim, Qabil kimi
şairlərin yaradıcılığı
ilə bağlı obyektiv mülahizələrini
yüksək dəyərləndirir
və təqdir edir. Nizami adına
Ədəbiyyat İnstitutunun
hazırladığı "Azərbaycan Sovet ədəbiyyatı tarixi"nin
I cildi barədə S.Təkinərin yazdığı
resenziyaya diqqəti çəkən N.Cabbarlı
bu rəydə müəllifin həm tənqid, həm də təqdir etdiyi məqamlardan bəhs edir: S.Təkinər kitabda bir tərəfdən, bəzi milli ədəbiyyat nümayəndələrinin
irticaçı adlandırılmasını
tənqid edir, digər tərəfdən,
həmin əsərin
bütün qüsurlara
rəğmən böyük boşluğu doldurduğunu və nəşrin önəmli ədəbi hadisə olduğunu nəzərə çatdırır.
N.Cabbarlının "mühacirət elmi fikrinin Sovet dövrü ədəbiyyatına
münasibətdə orijinal
və əhəmiyyətli
cəhətlərlə yanaşı,
mübahisəli məqamlar
da yox deyildir"-
qənaəti ilə razılaşmamaq mümkün
deyildir. Təqdirəlayiqdir ki, tədqiqatçı
əsərində hər
iki məqamı kifayət qədər işıqlandıra, dəyərləndirə
bilmişdir.
"Məhəmmədhüseyn Şəhriyar mühacirət
ədəbi tənqidində"
adlı bölümdə
N.Cabbarlı M.Ə.Rəsulzadə,
Ə.Cəfəroğlu kimi
görkəmli xadimlərin
irsinə istinad edərək, XX əsr Azərbaycan poeziyasının
parlaq simalarından olan M.Şəhriyarın yaradıcılığına mühacirət
ədəbiyyatşünaslığının
münasibətini araşdırır. Əlbəttə, hər bir azərbaycanlı,
xüsusən mühacirətdə
yaşamağa məhkum
olan soydaşımız
üçün Şəhriyar
poeziyasının dili
doğmadır, əzizdir.
M.Ə.Rəsulzadə də "Ədəbi
bir hadisə" adlı məqaləsində
şairin "Heydərbabaya
salam" poemasının
gücünü, qüdrətini
şairin dil sənətkarlığında görür. N.Cabbarlı da
bu fikirlə razılaşır və tənqidçinin Şəhriyar
poeziyası ilə bağlı elmi-nəzəri
qənaətləri daha
da zənginləşdirən
mövqeyini təqdir edir.
M.Ə.Rəsulzadənin "Ədəbi
bir hadisə" adlı yazısından sonra diqqəti professor Ə.Cəfəroğlunun "Şair Şəhriyar"
məqaləsinə yönəldən
N.Cabbarlı bu qənaətə gəlir
ki, M.Ə.Rəsulzadənin
və Ə.Cəfəroğlunun
şairin sənətinə
milli və ümumbəşəri dəyərlər
kontekstində verdikləri
bu qiymət çağdaş şəhriyarşünaslıq
üçün yalnız
ədəbi-tarixi fakt
kimi deyil, nəzəri-metodoloji baxımdan
da əhəmiyyətlidir.
Monoqrafiyanın "Mühacirət
poeziyasına mühacir
baxışı" bölümündə tədqiqatçı Mirzə Bala Məhəmmədzadənin
"Əli Usta və şeirləri"
məqaləsi , "İstiqlal uğrunda" şeirlər məcmuəsinə
yazdığı müqəddimə , həmin müqəddimənin
bəzi ixtisar və əlavələrlə
Gültəkinin "Buzlu cəhənnəm" kitabında verilmiş
variantı, prof. Əhməd Cəfəroğlunun
"Azəri ədəbiyyatında istiqlal
mücadiləsi" əsəri,
İstanbuldakı "Azərbaycan nəşriyyat yurdu"nun
hazırladığı "Qurtuluş
yollarında" şeirlər məcmuəsinin müqəddiməsi
, Məhəmməd Əmin Rəsulzadənin "Çağdaş Azərbaycan ədəbiyyatı" əsəri və digər mənbələr
əsasında mühacirət poeziyası ilə bağlı mühacir qələm sahiblərinin elmi- nəzəri mülahizələrini təhlil
edir, dəyərləndirir və bu qənaətə gəlir ki,
Azərbaycan mühacirət poeziyasının (və bütövlükdə
ədəbiyyatının) təşəkkülü,
inkişafı, məfkurəvi yönü,
bədii-estetik dəyəri barədə həmin müəlliflərin araşdırmaları bu gün də əhəmiyyətlidir.
Abid Tahirli
525-ci qəzet.- 2015.- 1 oktyabr.- S.7.