Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd edilib

 

Sentyabrın 30-da Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin təşkilatçılığı ilə Xalq şairi, dramaturq Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyi qeyd olunub.

 

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin mərkəzin foyesindəki büstü önünə tər çiçək dəstələri düzüblər.

 

Tədbirdə şair haqqında sənədli film nümayiş olunub.

 

Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə Prezident İlham Əliyevin "Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında" 2015-ci il 14 yanvar tarixli Sərəncamını ədəbiyyatımıza verilən yüksək qiymət kimi dəyərləndirib.

 

Bəxtiyar Vahabzadənin təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının şairi olduğunu söyləyən N.Şəmsizadə fəlsəfi-intellektual poeziyanın nümunələrini yaradan qüdrətli şairin 60-cı illərdə Sovet rejimini inkar edərək, milli mücadilə yolunda fədakarlıq göstərdiyini bildirib.

 

Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun şöbə müdiri Şahin Fazil, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Esmira Fuad, şair Vahid Əziz və başqaları şairin yaradıcılığının bu gün də yeniyetmə və gənclərin vətəndaşlıq və vətənpərvərlik ruhunda tərbiyəsində böyük rol oynadığını söyləyiblər.

 

Tədbirdə çıxış edənlər Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatının xüsusi mövqeyə malik görkəmli simalarından olduğunu deyiblər. Şair, filosof, akademik, ictimai xadim olan Bəxtiyar Vahabzadə poeziyasının insanı daim mənəvi ucalığa səslədiyi vurğulanıb. Bildirilib ki, onun poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynayıb. Tarixi-mədəni dəyərlərə ehtiramana dilinin saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən biri olub.

 

Sonda rayondakı 42 nömrəli orta məktəbin şagirdlərinin ifasında B.Vahabzadənin şeirləri və şeirlərinə bəstələnmiş mahnıları səsləndirilib.

525-ci qəzet.- 2015.-  1 oktyabr.- S.7.