Milli mətbuatda Mirzə Cəlal Yusifzadənin
rolu və "Həqiqəti-əfkar" qəzetinin yeri
(Əvvəli
ötən sayımızda)
Azərbaycan romantizm ədəbi cərəyanının
görkəmli nümayəndəsi, şair, mütərcim
Abbas Səhhətin "Həqiqəti-əfkar"da dörd
nəzm nümunəsi işıq üzü görüb. Onlardan "Təcəddüd
və tərəqqi" (1911, 24 dekabr, ¹ 11) şeiri sonralar
müəllifin kitablarına (1935, 1950 və 2005-ci il nəşrləri
nəzərdə tutulur - A.R.) "Tərəqqi
və təbiətin qanunu" adı ilə daxil edilmiş,
digər üç şeiri isə çağdaş oxucu
auditoriyası üçün tamamilə naməlumdur.
Ədibin
şeirlərindən ikisi - "Əndişeyi-rindanə"
("Həqiqəti-əfkar" qəz.,
Bakı, 1911, 12 noyabr, ¹ 3) və "Rəddiye-rindanə"
("Həqiqəti-əfkar" qəz., Bakı, 1911, 20
noyabr, ¹ 5) hərəsi dörd
misradan ibarət olmaqla şairin ad və təxəllüsünün
baş hərfləri - "A.S." (ərəb
qrafikası ilə "Ə.S.") gizli
imzası ilə, "Cümlə qayğu" ("Həqiqəti-əfkar"
qəzeti, Bakı, 1911, 17 dekabr, ¹ 10) isə "A.Səhhət"
adıyla dərc olunmuşdur. İlk iki şeir
"Həqiqəti-əfkar" qəzetinin 3-cü və 5-ci
saylarında işıq üzü görsə də mövzu
etibarilə bir-birinin davamıdır. Şair
azadlıq uğrunda Rindin (qorxusuzun -A.R.)
çarpışmalarını hər iki nəzm
parçasında böyük ustalıqla, qabarıq
vermişdir.
"Rəddiye-rindanə"nin son beyti şər qüvvələrlə
mübarizənin, çarpışmanın amansız şiddətindən
və geniş miqyasından xəbər verir: - "Qəhrkarla
çarpışırkən bən nasıl azadəyəm?"
- bədii sualı müəllifin oxucusunu
azadlıq haqqında dərindən, ciddi düşünməyə
hesablanmış ədəbi ifadə tərzidir.
Abbas Səhhətin "Cümlə qayğu" əsəri
isə əvvəlki iki şeirindən məzmun, ideya və həcm
etibarilə fərqlənir. Bu mənzumə ruhu və
üslubu etibarilə şairin "Təcəddüd və tərəqqi"
şeirinə daha yaxındır.
Şübhəsiz ki, A.Səhhətin bu şeirində də
romantizmə məxsus rəmzlər zamanın və mühitin
ziddiyyətli məqamlarını qabardır, şairin şəxsi
əhval-ruhiyyəsini, düşdüyü çarəsiz
durumu əks etdirir. Ədib yasa, matəmə, qaranlığa qərq
olmuş mühitdən çıxış yolu arayır:
"Sakit nə sayaq durum? Mühitim, Bir səneyi
yas və matəm olmuş" - deyə fəğan
qoparır, qan-yaş tökür. Bu beytdə Abbas Səhhətin
yaxın dostu, Azərbaycanın qüdrətli satirik şairi
Mirzə Ələkbər Sabirin vəfatı ilə
bağlı kədərli, müdhiş duruma da işarə
etməsi ehtimal oluna bilər...
Beləliklə,
bütün hallarda Mirzə Cəlal Yusifzadənin "Həqiqəti-əfkar"
qəzeti "Vətən" (1909) şeiri ilə Azərbaycan
türkləri arasında məşhurlaşan sevimli
şairimiz Abbas Səhhətin yığcam ədəbi-bədii
irsinə daha üç əsər əlavə edir.
Ədibin indiyədək nəşr olunan kitablarına daxil
edilməyən "Əndişeyi-rindanə", "Rəddiye-rindanə"
və "Cümlə qayğu" adlı naməlum
şeirləri Abbas Səhhət poeziyasını sevərlər
üçün böyük töhfə sayıla bilər.
Ümumilikdə Mirzə Cəlalın baş
redaktorluğu ilə "Həqiqəti-əfkar"ın
1911-ci ildə 11, 1912-ci ilə 8 sayı işıq üzü
görmüşdür. Qəzetin sonuncu - 8-ci sayı (cəmi 19 nömrəsi
çap edilmişdir - A.R.) 1912-ci il 25
fevral tarixində, şənbə günü (hicri qəməri
ilə 1330, 19 rəbbi-ül-əvvəl)
çıxmışdır.
Qəzetin dörd aylıq fəaliyyətini dəyərləndirməli
olsaq xüsusi vurğulamağa ehtiyac duyulur ki, Mirzə Cəlal
Yusifzadənin "Həqiqəti-əfkar"ı
özünün elmi, bədii, publisistik üslubu, aydın məramı,
yüksək peşəkarlığı, mənəvi dəyərlərə
ehtiram hissi və sədaqəti ilə zəmanəsinin qəzetlərinə
örnək, nümunə olan, birliyə və tərəqqiyə
xidmət edən bir ədəbi cərəyan,
yaradıcılıq məktəbi idi.
...Təəssüf
ki, qəzetin bağlanma səbəbləri hətta bu mətbuat
orqanının son saylarında da qeyd olunmamış, abunə
elanları davamlı şəkildə birinci səhifədə
yer almışdır. Tacik tədqiqatçılarının
araşdırmalarından məlum olur ki, "Həqiqəti-əfkar"ın
qəfil qapanması kağız qıtlığı, iqtisadi
böhran və ya senzura qərarı ilə həyata keçirilməmişdir.
Buna əsas səbəb qəzetin redaktoru və
naşiri Mirzə Cəlalın Orta Asiya cədidçiləri,
islahatçı maarifçiləri tərəfindən Buxara
şəhərində buraxılması nəzərdə
tutulan "Buxarayi-şərif" qəzetinin redaktoru vəzifəsinə
dəvət edilməsi olmuşdur. Dəvəti
məmnunluqla qəbul edən M.C.Yusifzadə 1912-ci ilin
martından 1913-cü ilin yanvar ayınadək Orta Asiyada
adıçəkilən mətbuat orqanının nəşri
sahəsində çalışmışdır.
Azərbaycan
ədəbiyyatının, mətbuatının
inkişafında müstəsna xidmətləri olan Mirzə Cəlal
Yusifzadənin Orta Asiyada tacik milli mətbuatının banisinə,
"Buxarayi-şərif" qəzetinin qurucusuna, redaktoruna necə
çevrilməsi barədə Tacikistanın elm və mədəniyyət
xadimlərinin araşdırmaları qürur doğurur.
Buxarada
tacik dilində ilk qəzetin ideya müəllifi və təşəbbüskarı
görkəmli maarifpərvər ziyalı və cədidçi
Mirzə Sirac Xakim, maliyyə dəstəkçisi isə
Buxara Əmirliyinin ən zəngin iş adamlarından biri Mirzə
Mühiddin Mənsurov idi. Rusiyanın
Buxaradakı konsulluğu tərcüməçi Xaydarxoca Mirbədəlovu
qəzetin müdiri-məsul vəzifəsinə gətirmiş,
yəhudi əsilli mətbəə sahibi L.N.Levin texniki işləri,
şrift, kağız problemlərini həll etmişdir. "Tərcüman"ın verdiyi məlumata
görə "Buxarayi-şərif" qəzetinin 1912-ci ilin
yanvarın ortalarından nəşri üçün
hazırlıq prosesi başa çatsa da, çap işi iki
aya qədər ləngidilmişdir. Tacikistanlı alim,
filologiya elmləri doktoru Məsrur Abdullayev "Sentr-Aziya"
dərgisində çap etdirdiyi "Buxarayi-şərif":
Tacik jurnalistikasının yaranmasının uzun yolu"
adlı məqaləsində yazır: "Hazırlıq
işlərini gördükdən sonra təşkilatçılar
Bakıdan təcrübəli yazıçı və jurnalist
Mirzə Cəlal Yusifzadəni qəzetə redaktor vəzifəsinə
dəvət etdilər.
Beləliklə,
bütün bu gərgin mübarizə öz bəhrəsini verdi, hicri-qəməri təqvimi ilə rəbbi-ül-axer
ayının 4-də, bu tarixə uyğun 11 mart 1912-ci ildə
Kaqan - Yeni Buxara şəhərində taciklərin tarixində
ilk dəfə "Buxarayi-şərif" (Şərəfli
Buxara) adlı qəzet işıq üzü gördü. ...Qəzetin
redaktoru Mirzə Cəlal Yusifzadə ilk nömrədən qəzetin
redaksiya siyasətini belə müəyyən etdi: "Qəzetin
maarifçilik ideyasına zidd olan məqalələr çap
edilməyəcək". O son nömrəyə qədər
qəzetin bu siyasətinə sadiq qaldı" (http://www.centrasia. ru/newsA.php?st=1331374860).
Tacikistan
Milli Universitetinin doktorantı, tarix elmləri namizədi
Numoncan Qafarov "Veçernıy Duşanbe" qəzetində
çap etdirdiyi məqaləsində Mirzə Cəlal
haqqında daha maraqlı araşdırmalar
aparmışdır: "Buxara islahatçıları - cədidçiləri
radaktor vəzifəsinə Bakıdan Azərbaycan
maarifçisi Mirzə Cəlal Yusifzadəni (1861-1931) dəvət
etdilər. "Molla Nəsrəddin"
jurnalının fars şöbəsində
məsul işçi, farsdilli "Həqiqəti-əfkar"
(Fikirlərin həqiqi) qəzetinin redaktoru işləyən
M.C.Yusifzadə Bakıda mətbuatla birbaşa bağlı idi
və özünün siyasi baxışlarına görə ən
qabaqcıl din nümayəndəsi sayılırdı. Bu keyfiyyətlər onun Buxarada işinin normal
gedişatına təminat verirdi. Rusiya
siyasi agenturasının Buxaradakı tərcüməçisi
Xaydarxoca Mirbədəlov qəzetin formal redaktoru olaraq
qalırdı" (Numoncan Qafarov. "Buxarayi Şərif"
Krım qəzeti "Tərcüman"ın səhifələrində"
"Veçernıy Duşanbe" qəzeti, 2012, 7 mart).
Tacikistanlı alim N.Qafarov "Həqiqəti-əfkar"
qəzetini farsdilli adlandırmaqda yanılırdı. Bu qəzet
birmənalı olaraq Azərbaycan türkcəsində
çıxırdı. Mirzə Cəlalın "Molla
Nəsrəddin" jurnalının fars
şöbəsində məsul işçi işləməsi
xəbəri isə yenidir və bu mülahizənin tədqiqata
ehtiyacı var.
Mirzə Cəlal Yusifzadənin redaktorluğu ilə
"Buxarayi-Şərif" qəzetinin ilk sayı 11 mart
1912-ci ildə, bazar günü işıq üzü
gördü.
Tacikistandakı Slavyan Universitetinin dosenti Şərif Mollayev
tacik mətbuatının 100 illik yubileyi münasibətilə
yazırdı: "Buxarayi-Şərif" qəzeti Orta
Asiyada tacik mətbuatının ilk qaranquşu oldu. Bu qəzet tacik xalqının jurnalistlik
publisistikası ilə müasir, peşəkarlıq və
texniki cəhətdən inkişaf etmiş jurnalistika
arasında körpüdür".
"Buxarayi-şərif"
gündəlik qəzet idi, 1913-cü il
yanvarın 2-dək nəşr olunmuş və on ayda 153
sayı işıq üzü görmüşdür. Qəzet bu müddətdə özbək türkcəsində
"Turan" adlı, dörd səhifəlik, həftədə
3 dəfə çıxan əlavəsini
buraxmışdır. M.C.Yusifzadənin redaktorluğu ilə
"Turan"ın ilk sayı 1912-ci il 14
iyulda buraxılmış, 49-cu sayından sonra nəşri məcburi
dayandırılmışdır. Dosent Şərif
Mollayevin fikrincə Orta Asiyada geniş populyarlıq qazanan
"Buxarayi-şərif" gizli olaraq mədrəsə
şagirdlərinə də paylanırdı. Mirzə Cəlalın oğlu Alim Yusifzadənin məlumatına
əsasən "Buxarayi-Şərif"də onun
atasının 90-dan çox şeir və publisistik məqaləsi
çap olunmuşdur.
"Tərcüman"
qəzeti 1913-cü il 16 yanvar sayında
yazırdı ki, "Buxarayi-Şərif" və onun
özbək türkcəsində əlavəsi olan
"Turan" qəzetləri yeniliyin, islahatların
düşmənləri və Buxara Əmirinin əmri ilə
1913-cü il 2 yanvar tarixində qapandı. Həmin
əmrə əsasən Buxara Əmirliyini tərk etmək
üçün Mirzə Cəlal Yusifzadəyə bir həftə
vaxt verilmişdir.
Məlumdur ki, Buxara Əmiri müstəqil qərar qəbul
etmək səlahiyyətlərindən çox uzaq idi. Bakıdan xahiş-minnətlə
dəvət olunmuş maarifpərvər ziyalının, fədakar
publisistin, mütərəqqi şəxsiyyətin ciddi əsas
olmadan nümayişkaranə formada Buxaradan kənarlaşdırılması,
qovulması, redaktoru olduğu "Buxarayi-şərif" və
"Turan" qəzetlərinin qapanması cədidçi
qüvvələr tərəfindən gözlənilməz fəsadlara
yol aça bilərdi. Göstərişin Rusiya
İmperiyasının Buxaradakı məmurundan
qaynaqlandığı şübhə doğurmurdu. Beləliklə,
həyatını və fəaliyyətini maarifə, mədəniyyətə,
mətbuata, elm işığına həsr edən Mirzə Cəlal
Yusifzadə mübarizə apardığı cəhalətin,
qara qüvvələrin zorakılığı ilə
Türküstandan namərdcəsinə
uzaqlaşdırıldı, halal haqqının və təmiz
adının üzərinə kölgə salındı.
Tacik yazıçısı, ictimai xadim və alim Sədrəddin
Ayninin (1878-1954) fikrincə "Buxarayi-Şərif"in və
onun əlavəsi "Turan"ın bağlanmasının səbəbi
qəzetdə qaldırılan maarif və mədəniyyət
məsələlərinin sərt qoyuluşu və milli
şüura güclü təsiri çar məmurlarını
razı salmırdı.
Tanınmış
jurnalist Əlfiyyə Bəşirova
"Tacik KİV-i üçün yaşıl
işıq" məqaləsində qeyd edir ki,
"Buxarayi-Şərif" qəzetində o dövrün ən
məşhur, populyar və mütərəqqi müəllifləri
savadsızlığın əleyhinə, milli şüurun
oyanışına, elm və mədəniyyət kəsb etməyə
çağırışla çıxış edirdilər.
İlk tacik qəzeti qısa müddətdə
Türküstanda, Qafqazda, Krımda, Volqaboyunda, Rusiyada
populyarlaşdı. Tacik
ziyalılarının birliyində, milli şüurun
oyanışında və milli ideyanın formalaşmasında
böyük rol oynadı.
Mirzə Cəlal Yusifzadə "Buxarayi-şərif"
qəzeti ilə tacik milli mətbuatının bünövrəsini
qoydu. Cəmi on ay nəşr olunan, 153 sayı işıq
üzü görən bu mətbuat orqanı bir xalqın
tarixi salnaməsinə çevrildi. "Buxarayi-Şərif"in
ilk sayının işıq üzü gördüyü
gün - 11 mart Tacikistan Prezidentinin sərəncamı ilə
1994-cü ildən tacik milli mətbuat günü kimi qeyd
edilir. Dövlət başçısının bu sərəncamı
Buxara Əmirinin 1913-cü il 2 yanvar tarixli ədalətsiz
əmrini rəmzi olsa da qüvvədən salır, Mirzə Cəlal
Yusifzadənin pozulmuş hüquqlarını mənən bərpa
edir, onu tacik xalqının milli mətbuatının banisi səviyyəsinə
ucaldır.
"Buxarayi-şərif" qəzeti və onun azərbaycanlı
redaktoru bu gün tacik xalqının qürur, iftixar mənbəyidir. Tacikistan
müstəqilliyini qazandıqdan sonra xalqın milli-mənəvi
dəyərləri daha geniş tədqiq olunur. Respublika Ali Məclisinin deputatı, tədqiqatçı-alim
Olimcan Səlimzadə "Mirzə Cəlal Yusifzadənin
publisistikası" (2003) mövzusunda dissertasiya müdafiə
edərək filologiya üzrə fəlsəfə doktoru elmi
dərəcəsi almışdır.
Tacik milli
mətbuatının azərbaycanlı banisi, şərqşünas,
şair, publisist, mütərcim Mirzə Cəlal Yusifzadənin
Azərbaycan - Tacikistan ədəbi-mədəni əlaqələr
tarixinə bəxş etdiyi unudulmaz töhfələr iki
xalqın və iki dövlətin beynəlxalq münasibətlər
sistemində örnək missiyasını daşımağa, ən
gözəl nümunə olaraq həmişə
xatırlanmağa layiqdir.
lll
Mirzə Cəlal 1913-cü ilin soyuq yanvar günlərindən birində Buxaradan Bakıya qayıtdıqdan sonra "Sədayi-Həqq" (1912-1915) və "İqbal" (1914-1915) qəzetlərində çalışmış, "Fərhad və Şirin" operasının "Səfa" dram cəmiyyəti tərəfindən yenidən tamaşaya qoyulmasında fəal iştirak etmişdir. O 1918-ci ilin əvvəllərində Zaqafqaziya Seyminə üzv seçilmiş, Cümhuriyyət dövründə "Azərbaycan" qəzeti ilə fəal əməkdaşlıq etmişdir. Xalq Cümhuriyyətinin süqutundan sonra Nəriman Nərimanovla görüşən Mirzə Cəlal birincinin təklifi ilə bir müddər Qaryagində (Füzuli rayonunda), sonra isə Bakıda orta məktəblərdə müəllimlik etmişdir. Nazif Qəhrəmanlı Fazil Rəhmanzadəyə istinad edərək yazmışdır ki, respublikanın maarif naziri işləmiş professor Mehdi Mehdizadə, şair Məmməd Rahim Mirzə Cəlal Yusifzadənin şagirdləri olmuşlar.
Bakıda 1926-cı ildə keçirilən Birinci Beynəlxalq Türkoloji Qurultayda Mirzə Cəlal tərcüməçi kimi iştirak edir və Əli bəy Hüseynzadənin təşəbbüsü və fotoaparatı ilə çəkilən şəkildə Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Məhəmməd Fuad Köprülü, Bəkir Çobanzadə, Abdulla Şaiq, Seyid Hüseyn, Mirzə Rəhim Fəna, Əhməd Cavad, Salman Mümtaz, Əliağa Vahid, Əli Yusif Rai və b. ilə bir sırada yer almışdır.
Ömər Xəyyamın rübailərini dilimizə ilk çevirənlərdən biri Mirzə Cəlal olmuşdur. Onun "Gəlməzmi", "Çoban" şeirləri "Maarif və mədəniyyət" jurnalında nəşr edilmişdir. Abdulla Şaiqə həsr etdiyi şeirində onun etibarından, sədaqətindən söz açmış, digər qələm dostlarını dəyərləndirmişdir.
Əvvəl başda cənab Mümtaz,
Görcək həvəsin edərdi pərvaz.
Cavid, Cavad safi teynət,
Yazdıqları fənni şeirə zinət.
Mirzə Cəlal Yusifzadənin Sovet
dövrü bədii yaradıcılığı demək
olar ki, çap edilməmişdir. Oğlu
Əli Yusif Rainin 1926-cı ildə həbsi, sonra Solovkiyə
sürgün edilməsi Mirzə Cəlalı
üzmüş, onu ağır xəstəliyə
düçar etmişdir. Şeirlərinin birində
"Aylarca məzar içində yatdım" - deyən
şair 1931-ci ildə, ömrün ahıl
çağında, 72 yaşında Bakıda oğul
üzünə həsrət qalan gözlərini
işıqlı dünyaya əbədi yumdu.
Asif
Rüstəmli
525-ci qəzet.- 2015.- 1 oktyabr.- S.6.