Jurnalistikanın beşiyi Qazi, reklama
ehtiyacı olmayan Başkənt, ildə bir dəfə yenilənən
Ankara
ÜÇÜNCÜ
YAZI
Yol uzanır, hava sərinləşir, səs-küy
azalır, diqqət Düzcəyə, Sakaryaya, Boluya və bu
istiqamətdə olan bütün qəsəbə və kəndlərə
yönəlir.
Kimsədən səs çıxmır, heç kim nəyisə müzakirə etmir, təbiətin
gözəlliyi hamını məftun edir. Astadan tək bir
cümlə eşidilir: "İstanbul-Ankara
aralığı İsmayıllı-Qəbələ yolunu
xatırladır". Bənzətmə yerindədir,
dəqiqdir. Bu qədər məsafədə
belə gözəllik yaratmaq, üstəlik, onu qoruyub-saxlamaq
böyük hünər tələb edir. Gözəlliklərdən
aldığımız zövqlə, heç yorulmadan, yolun
uzunluğunu hiss etmədən Ankaraya
çatdığımız elan edilir.
Ankaranın
"Taksimi"
Bu, Kızılaydır. Şəhərin mərkəzində
yerləşən, türklər demiş, hər zaman
kalabalık olan Kızılay. Qəribədir,
insanlar bu çoxluğu qətiyyən hiss etdirmir, hər kəs
öz işində, öz yolundadır. Ticarətlə
məşğul olan da, yolu keçən də, metroya gedən
də, avtobusa minib-düşən də. Biri
sağa, digəri sola, biri düz, başqası əyri gedir,
amma hamısı sakit gedir, kimsəyə mane olmur,
qarışıqlıq yaratmır, səs-küy salmır.
Şəhərin ab-havasından
aldığın rahatlıq günün istənilən
saatında, hətta axşamlar və gecələr də sərbəst
gəzib-dolaşa biləcəyinə təminatdır sanki.
"Hörmətli qonaqlar, xoş gəlmisiniz,
yaxşısınız?"
Türkiyə
Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün şərəfinə
adlandırılan Qazi Universitetinin İletişim fakültəsinin
dekanı, professor Zakir Avşar məzuniyyətdə olsa da, Azərbaycana,
onun bilim adamlarına sayğısından qarşılanmada
şəxsən iştirak edir. Hamıyla tək-tək,
köhnə dostlar kimi görüşür, hal-əhval tutur.
Rəsmi görüşün
açılışını da özü edir:
"Hörmətli qonaqlar, xoş gəlmisiniz, sizləri Qazi
Universitetinin İletişim fakültəsində görməkdən
son dərəcə məmnun olduğumu bildirirəm. Mən azəri türkcəsində də
danışa bilirəm". Zakir hoca səmimi
insandır, ən əsası diqqətcildir, bizlərə
olan isti münasibətini açıq-aydın hiss etdirir.
Qürur hissləri və bundan təsirlənən
Sevil xanımın kövrək siması ilə müzakirələr
başlayır. Qazi Universiteti ən
köklü, ən qədim təhsil müəssisəsidir və
jurnalistikaya gəldikdə Türkiyə sıralanmasında
İstanbul Universitetindən sonra və Ankara Universitetindən əvvəlki
yeri bölüşür. Yəni
Türkiyədə sayı 65 olan İletişim fakültələri
arasında 2-ci. Tələbə qəbulunda
hər hansı sıxıntısı yoxdur. Özəl universitetlər binaları, maddi-texniki
avadanlıqları ilə öyünürsə, Qazi və
onun kimi dövlət universitetləri daha çox akademik heyəti
ilə fəxr edir. Zakir hoca ixtisasca qəzetçidir.
Bu baxımdan, klassik jurnalistika və nəzəri
ağırlıqlı dərslərə üstünlük
verir. O düşüncədədir ki, tələbə
ilkin olaraq təməl iletişim bilgiləri almalı, sonra
özünə bir istiqamət müəyyənləşdirməlidir.
Rəhbərlik etdiyi fakültə əməkdaşlarını
ən doğru yolu onun seçdiyinə inandırmaq istəsə
də, heyət hocaları ilə razılaşmır. Onlar klassik dərslərə yer vermək şərti
ilə müasir, təcrübi dərslərə
üstünlük vermənin tərəfdarıdırlar.
Sonda hər biri öz fikrində qalmaqla,
"yola davam". Beləliklə, Qazi Universitetinin
İletişim fakültəsi 3 bölümlə fəaliyyət
göstərir: Qəzetçilik, Radio, TV və Sinema, PR və
Tanıtım. Zakir hocanın bu qısa təqdimatından
sonra müzakirələr İletişim fakültəsinin
dekan müavini, professor Cem Yaşın, dosentlər - Mehmet
Sezai Türk, Serpil Aydos, Aydan Özsoyun iştirakı ilə
daha yoğun şəkildə davam edir. Öyrənirik ki,
universitetin 3 tip dərsləri var: məcburi, kodlu və
seçmə dərslər. Qazinin iletişimçi tələbəsi
eynilə İstanbulun iletişimçi tələbəsi kimi
4 ildə 2 diploma sahib ola bilər.
Tutalım, radio bölümündə təhsil alan tələbənin qəzetçiliyə
marağı yaranarsa, o, lazımi dərslərdə oturaraq
imtahanları verib, kursun sonunda "ikili diploma" yiyələnə
bilər. Komandanın rəhbəri Aynur Kərimovanın
Azərbaycan təhsil sistemi, Boloniya prosesi, Bakı Dövlət
Universitetinin Jurnalistika fakültəsi haqqında məlumatından
sonra həmkarlarımız tədris proqramları və fənlərlə
bağlı çoxsaylı sualları cavablandırırlar.
Bütün qaranlıqlara aydınlıq gətirilir...
Qazi
Universitetinin rektorluğu...
"Müzakirələrimizi
maraqlı və faydalı hesab edir, əməkdaşlığımızın
uğurlu olacağına inanıram", - deyir Aynur xanım. Zakir Avşar isə "hər türlü
planlarınıza dəstək verməyə
hazırıq", - deyə əlavə edir. Zakir hocanın müşayiəti ilə Qazi
Universitetinin iletişimə çox da uzaq olmayan
rektorluğunun binasına yollanırıq. Rektor müavini Mehmet Türkerle baş tutan
görüş olduqca səmimi ortamda davam edir. Böyük sahəsi olan rektorluq binasının
önündə Mustafa Kamal Atatürkün abidəsi ətrafa
xüsusi gözəllik verir. Gözəllik
verən həm də türk cümhuriyyətləri və
toplumlarının bayraqlarının ağaclara
sancılması, Azərbaycan və Türkiyə
bayraqlarının qoşa dalğalanmasıdır. Qazi
Universitetinin İletişim fakültəsi komandamızın
xoş anlarına həm də öz canlı radio efirində
şahidlik edir: "Aynur xanım, sizləri universitetimizdə
görməkdən məmnunuq. Səfər barədə
fikirlərinizi bilmək istərdik? Zakir hoca, siz bu səfəri
necə qiymətləndirirsiniz?".
Əziz
dostum, məndən küsüb incimə!
Zakir
Avşarın istəyi ilə səsləndirilən bu gözəl
mahnının sədaları altında Aynur xanım:
- Qazi Universiteti bizim üçün çox doğma
bir təhsil ocağıdır. Bu gün çox səmərəli
görüş keçirdik, faydalı müzakirələr
apardıq, studiya və laboratoriyalarla tanış
olduq, çox təsirləndik. Belə gözəl
görüş üçün fakültə rəhbərliyinə
və hər bir əməkdaşına təşəkkürümü
bildirirəm.
Zakir
Avşar:
- Bakı Dövlət Universitetinin hər bir əməkdaşına
burada olduqlarından dolayı minnətdarlıq edirəm. Görüşümüz
faydalı oldu. Tədris proqramları, tələbə
mübadiləsi və əməkdaşlığın daha da
genişlənməsi istiqamətində müzakirələr
apardıq. İstəyimiz tələbələrimizin
Bakı Dövlət və Qazi Universitetlərində təcrübəsini
təşkil etməkdir.
İletişimin
bütün otaqları, laboratoriya və studiyaları ilə
bizi tanış edən Zakir Avşarla
sabah dəvət etdiyi bir tədbirə qatılmaq ümidi ilə
sağollaşırıq...
Reklama
ehtiyacımız yoxdur!
Başkənt
Universitetinin İletişim fakültəsinin dekanı, professor Özcan Yağcı belə deyir.
Fakültənin dekan köməkçisi Rəcəb Tayfunun
da iştirak etdiyi görüşdən məlum olur ki,
1997-1998-ci tədris ilində təməli qoyulan fakültə
İletişim Tasarımı, Radio, TV və Sinema, Halkla
İlişkilər (PR) bölümü ilə fəaliyyət
göstərir. 500 tələbənin tədrisi ilə 3
professor, 8 dosent, 7 yardımçı dosent və asistant
olmaqla 28 müəllim məşğul olur. Əksər
özəl universitetlər reklam vasitəsilə tələbə
yığdıqları halda, Başkənt Universiteti buna
ehtiyac duymur. Türkiyə ortalamasına
görə, tələbə sıxıntısı yoxdur.
Dərslər əsasən türk dilində, bəzi
fənlər isə ingilis dilində tədris olunur. Sadəcə öyrənmək yox, onu tətbiq etmək
üçün fakültə bütün lazımi şəraiti
yaradıb. Çoxsaylı laboratoriyalar,
radio, foto, reklamla bağlı studiyalar və Kanal B adlı TV
Başkəntin ən böyük şanslarındandır.
Geniş bir sahəni əhatə edən Kanal B,
çoxsaylı və rəngarəng studiyalara sahibdir. Tələbələr təcrübələrini
birmənalı olaraq bu studiyalarda keçir, kamera, səs,
işıqla bağlı detalları öyrənir və
canlı yayımın həyəcanını
yaşayırlar. Başkəntdə
olduğumuz qısa vaxt ərzində diqqəti, son dərəcə
isti münasibəti, dinamikliyi, hadisələrə
duzlu-istiotlu reaksiyası ilə könlümüzü
oxşayan Özcan bəylə beləcə, sağollaşıb
təkrarən bizim üçün ocağımız qədər
isti olan Qazi Universitetinə yollanırıq. "İletişim Kuram Araştırma"
jurnalının panelinə qatılmaq üçün.
Lütfən,
məni gələn il daha mutlu edin!
Qazi
Universitetinin İletişim fakültəsinin dekanı,
professor Zakir Avşar üzünü salona tuturaq deyir ki,
"ötən il, apardığınız tədqiqat işlərinə
görə universitetin bütün fakültələri
arasında birinci olduq, lütfən, məni gələn il
daha mutlu edin!". Fakültə
ənənəsinə uyğun olaraq, ayda bir dəfə, həftənin
2-ci günləri medianın tanınmış
simalarının iştirakı ilə "İletişim
Kuram Araştırma" jurnalının toplantısı olur.
Əsas məruzəçinin
çıxışı jurnalın növbəti
sayının baş yazısı olur. Komandamızın
da qatıldığı toplantının əsas məruzəçisi
14 TV, 16 radio ilə 41 dildə verilişlər hazırlayan
TRT-nin baş direktoru Şenol Göka idi. Qazi Universitetinin
rektor müavini Mehmet Türkerin də iştirak etdiyi
görüşdə Şenol Gökaya ünvanlanmış
çoxsaylı suallar və ondan da maraqlı cavabları belə
qruplaşdırmaq olar:
- TRT
olaraq reytinq arxasınca düşmürük, önəmli
olan tamaşaçı zövqünü oxşamaqdır;
-
Tamaşaçı zövqünə hesablanmış və
onda ekran alışqanlığı yaradan verilişlərə
maraq göstəririk;
- TRT Təhsil
adlı kanal qurmaq niyyətində deyilik. Çünki
verilişlərimizin əksəriyyətində alim
yanaşması sərgiləyirik;
- TRT
Akademiyamız fəaliyyət göstərir;
-Kim TRT-də
araşdırma etmək istəyirsə, (ölkədaxili və
ölkəxarici - P.İ) arxivlərimizdən istifadəyə
şərait yaradırıq;
-18 maydan
etibarən test yayımından fəaliyyət göstərən
TRT World kanalını yayımlamaq haqqında
düşünürük;
- Prezident
seçkisinin nəticələrini vaxtından tez
açıqladığımıza görə, Yüksək
Seçim Kurulu tərəfdən 2 TV yasağımız var;
- “Eurovisiona” qatılmaq niyyətimiz yoxdur. Qonşunun-qonşuya səs
verdiyi yarışma əsl yarışma ola
bilməz;
- Bakı
fərqli şəhərdir, son illər çox böyük
inkişafın şahidi oluruq.
Universitetin
müəllim və tələbə heyəti
üçün maraqlı və məzmunlu
çıxış edən TRT-nin baş direktoru Şenol
Göka nitqini TV və radio münasibətləri üzərində
qurur və radioya simpatiyasını gizlətmir: "İnsan
doğulduğu zamandan səs çıxarır. Sonra o səs böyüyür, təkmilləşir
və son dərəcə yaxşı istifadə edildikdə
vaz keçilməz olur, hətta macəraya dönür.
Davamlı olaraq eşitdiyimiz səsin sehrinə
düşür və özümüzü "radionun
dostu" adlandırırıq. Heç
kiminsə özünü "TV-nin dostu"
adlandırdığını gördünüzmü?
Əksinə, kimsə bütün gününü televiziya
qarşısında keçirərsə, ona dost yox, "TV
manyakı" deyərlər. Ən
böyük gözəllik isə real həyatda "Qərib
qəhrəman"ının səsini tanıyanda baş
verir. "Bu, o səsdirmi?", - inanılmayacaq zövq
yaşayırsan. TV işçilərinin bir
araya gəlməsi mümkün olmaz. Çünki
ortada inanılmayacaq qısqanclıq var. Radioda isə fərqlidir.
Burada qəribə mehribanlıq var".
Ankaradan
Ankaraya...
Ankara Universiteti İletişim fakültəsi nəzəri
və təcrübi ağırlıqlı təhsil verir. Fakültənin dekan
müavini, professor Abdülrezzak Altunun
verdiyi məlumatlardan aydın olur ki, iletişimlə
bağlı dərslərdən əlavə, tələbələr
siyasət, sosiologiya, iqtisadiyyat, hüquq
ağırlıqlı dərslər də alırlar. Dərsləri fakültənin müəllimləri
ilə yanaşı, mediadan dəvət edilmiş mütəxəssislər
də keçirlər. Sektordan dəvət
edilmiş mütəxəssislər, əsasən, təcrübi
istiqamətə meyil edirlər. Ankara
Universiteti iletişimçiləri bu sahənin davamlı
olaraq inkişafını nəzərə alaraq fənlərin
yenilənməsi üzərində işləyir. Bunun üçün "dərs gəlişdirmə
komissiyası" tədris proqramlarını təhlil etdikdən
sonra nəticələr fakültə komissiyasına təqdim
olunur. Düzəliş və dəyişikliklərdən
sonra fakültənin qərarı əsasında universitet
senatına təqdim edilir. Senat, əsasən,
təsdiq edir. Fakültə ildə bir dəfə
bu yeniliyi etmək səlahiyyətinə sahibdir. Professor
Abdulrezzak Altunun məlumatlarından sonra elə onun
iştirakı ilə fakültənin maddi-texniki bazası ilə
tanış olmaq imkanı qazanırıq.
Bu sahədə özəl universitetlərlə
rəqabətə davam gətirməyəcək durumda olsa da,
akademik heyət, çoxsaylı studiya və laboratoriya, reklam
və foto studiyaları ilə tələbələrinin təcrübi
dərs ehtiyaclarını qarşılaya bilir. Türkiyə universitetlərinə ziyarəti Ankara
universiteti ilə başa vururuq. Çoxsaylı
informasiya və Abdulrezzak hocadan Türkiyə basın tarixi ilə
ilgili aldığımız faydalı kitablarla...
Ankarada da
TRT
İstər İstanbulda, istərsə də Ankarada
görüşlərimizə rəng qatan həm də TRT
ziyarətlərimiz oldu. TRT İstanbul TV və radiosundan sonra Ankarada TRT Haber, TRT
Türk, TRT Spor və TRT Avazın qonağı olmaq,
komandanın rəhbəri Aynur Kərimovanın müsahibələrini
TRT-ni ziyarət boyunca izləmək, möhtəşəm
studiyalarla tanışlıq, TRT Avaz-ın koordinatoru Murat
Akkoç və köməkçisi Taner Gürbüzün
müşayiəti ilə "Azərbaycan otağı"na
baş çəkmək xoş və təsirli səhnə
idi.
Anadoluya...
2020-ci ildə 100 illiyini qeyd etməyə hazırlanan Anadolu Agentliyi bu müddətə qədər dünyanın 5 ən nəhəng informasiya agentliyi sırasında yer almaq istəyir. Agentliyin Məhsul və Biznesin İnkişafı üzrə meneceri Yunus Çelik deyir ki, 2011-ci ildə günlük 600, 2015-ci ildə isə 2000 xəbər yayan Anadolu Agentliyinin Ankara, Belçika, Nyu-York, Moskva, Pekin və Qahirədə yerli məntəqələri, 86 ölkədə isə təmsiliçliyi fəaliyyət göstərir. Agentliyin xarici dildə yaydığı xəbərlərə maraq belədir: türk, ərəb, ingilis, başnak, kürd, rus, fransız, alman. 2011-ci ildə agentliyin Xəbər Akademiyası qurulub. Akademiyanın koordinatoru Ümit Sönməz deyir ki, məqsəd agentliyin ehtiyac duyduğu kadrları yetişdirməkdir. Akademiya kifayət qədər ciddi təhsil verir. Jurnalistləri enerji, diplomat, foto, hərbi sahə üzrə ixtisaslaşdırır. BDU-nun rektoru, akademik Abel Məhərrəmov və TİKA-nın rəhbəri Mustafa Haşim Polatın xeyir-duası ilə başlanğıcını götürən, Junalistika fakültəsinin kafedra müdiri, dosent Aynur Kərimovanın rəhbərliyi ilə reallaşan 10 günlük səfər komandanın üzvləri üçün son dərəcə faydalı və unudulmaz oldu. Unudulmaz həm də Bakı Dövlət Universitetinin Kimya fakültəsinin bakalavr pilləsini bitirmiş və hazırda təhsilini magistratura pilləsində Qazi Universitetinin Nanotexnologiya ixtisası üzrə davam etdirən Aytək Məmmədli və tanınmış jurnalist İlhamə Qasımlı ilə görüşümüz oldu.
Beləliklə:
"VACİB İNFO: Ankara-İstanbul-Bakı uçuş proqramında heç bir dəyişiklik yoxdur. Bu baxımdan, hava limanında düz vaxtında olmalıyıq. Dediyim kimi, dönüş olduğu kimi qalır. Aynur Kərimova, 27 avqust, 2015-ci il, Ankara".
Doğma BDU-da
Nümayəndə heyətini xeyir-duası ilə yola salan, "əsas odur ki, sağ-salamat qayıtmısınız", - deyərək dosent Aynur Kərimovanın hesabatından razı qalan rektor, akademik Abel Məhərrəmov səfərin Jurnalistika fakültəsində aparılacaq islahatlara müsbət təsir göstərəcəyindən əminlik ifadə edir...
Pərvanə İBRAHİMOVA
525-ci qəzet.- 2015.- 1 oktyabr.- S.4.