KİV-in fəaliyyəti
yeni araşdırma formatında
Müasir
dünyamızda kütləvi informasiya vasitələrinin
ictimai həyatın bütün sahələri ilə əlaqəli
olması, medianın ictimai institut, IV hakimiyyət və s. funksiyaları
ona getdikcə daha çox diqqətin- həm də beynəlxalq
diqqətin ayrılmasına təbii şərait
yaratmaqdadır.
Diqqət etsək görəcəyik ki, beynəlxalq
demokratiya institutları öz fəaliyyətlərində
media faktoruna, xüsusilə onun demokratik istiqamət
almasına ayrıca qayğı göstərməkdədir. Müstəqil Azərbaycan dövləti
formalaşmağa başladığı lap ilk
günlərdən ölkədə demokratik kütləvi
informasiya vasitələrinin yaranmasına və
inkişafına ciddi dəstək vermiş və verməkdədir.
Çünki müasir dünyada və o
cümlədən, hüquqi dövlət quruculuğu prosesinə
mühüm diqqət yetirən Azərbaycan cəmiyyətində
media demokratik dəyərləri formalaşdıran ən
mühüm vasitə kimi qiymətləndirilir. Mətbuatın-medianın-kütləvi informasiya
vasitələri sisteminin çoxspektrli fəaliyyət istiqamətlərində
millətlərarası və dövlətlərarası
münasibətlərin təkmilləşməsi də
mühüm yer tutur.
Bakı
Dövlət Universitetinin Jurnalistika fakültəsində fəaliyyət
göstərən Beynəlxalq jurnalistika kafedrasının əməkdaşları
- kafedra müdiri, bu sahədə çoxistiqamətli
araşdırmalar müəllifi, professor Həmid Vəliyev,
Azərbaycan jurnalistikasının elmi-nəzəri sahələrinin
inkişafında əvəzsiz xidmətləri olan professor Nəsir
Əhmədli, müasir beynəlxalq jurnalistikanın
kanonları ətrafında maraqlı tədqiqatlar,
monoqrafiyalar sahibi Sabir Məmmədov, gənc olmasına
baxmayaraq artıq bu sahədə maraqlı tədqiqatları
ilə diqqəti çəkən dosent Vüqar Əliyev,
elmi, həm də praktik fəaliyyəti ilə respublika
jurnalistlərinin çox yaxından tanıdıqları Pərvanə
İbrahimova, gənc alim və həm də fakültə
dekanının müavini Aytəkin Zeynalova və digərlərinin
bu sahədəki əsərləri istər tələbələrə,
istərsə də jurnalistlərə xeyli səmərə
verməkdədir. Sadaladığım bu
sırada kafedranın dosenti İlham Mazanlının da adı
xüsusi çəkilməkdədir. İlham
Mazanlının Bakı Dövlət Universitetində
aldığı jurnalistika təhsili və üstəgəl
Rusiya Prezidenti yanında Dövlət Qulluğu
Akademiyasının kütləvi informasiya vasitələri
kafedrasının aspiranturasını bitirməsi, elə
oradaca fəlsəfə doktoru alimlik dərəcəsi
alması, indiyədək dünyanın Vaşinqton, London,
Moskva, Cenevrə, Kopenhagen, Bonn, Küveyt və digər bu kimi
sayılıb-seçilən şəhərlərində
öz ixtisasına dair elmi-praktik konfranslarda iştirakı kimi
faktorlar alimin KİV sahəsində önəmli tədqiqatlarını
meydana qoymasına şərait yaratmışdır.
Onun Jurnalistika
fakültəsində oxuduğu
kursların adlarını qeyd etmək kifayətdir ki,
alimin elmi yaradıcılıq istiqaməti haqqında təsəvvür
yaransın: "Jurnalistika və müasir dövrün qlobal
problemləri", "Jurnalistika və beynəlxalq humanitar
hüquq", "Xarici ölkələrin müasir KİV
sistemləri", "Beynəlxalq həyat məsələlərinin
KİV-də işıqlandırılması" və s. Bu
sahələrin hamısına dair İ.Mazanlının
maraqlı proqramları, dərs vəsaitləri və
monoqrafiyaları var.
Alimin bu yaxınlarda nəşr etdirdiyi "KİV millətlərarası
və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi
faktoru kimi" monoqrafiyası da öz elmi-nəzəri
konsepsiyası və problemə Azərbaycandan
baxışı ilə diqqəti xüsusi cəlb edir. Əvvəlcədən qeyd
edək ki, problem o qədər də sadə deyildir və onun
nəzəri aspektlərini yaratmaq, lap elə olanları
ümumiləşdirib təhlil etmək xüsusi elmi
bacarıq tələb edir. Azərbaycan humanitar elmi mühitində
bu problemlə bağlı professor Əli Həsənovdan
xüsusi bəhrələndiyini elə əsərin əvvəlindəcə
müəllif belə deyir: "Professor Ə.M.Həsənovun
müasir beynəlxalq münasibətlər sistemi, Azərbaycanın
bu sistemə qatılması, müxtəlif dövlətlər
və beynəlxalq təşkilatlarla qurduğu münasibətlər,
xarici siyasətinin prioritetləri, təhlükəsizlik məsələləri
və bütün bunların fonunda Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli problemləri
ilə bağlı apardığı tədqiqatlar KİV-in
millətlərarası və dövlətlərarası
münasibətlərinin təkmilləşdirilməsi amili
kimi xarakteristikasının açılması yönündə
mənim üçün "yol xəritəsi" olub".
Və İlham Mazanlının haqqında söhbət
açdığımız monoqrafiyasını oxuduqca hiss
edirsən ki, bu "yol xəritəsi"nin
elmi konsepsiyası həqiqətən, müəllifə
özünün elmi hədəflərini müəyyən
etməyə çox kömək etmişdir. Lakin
bununla belə İlham Mazanlı özünün də bu sahəylə
bağlı orijinal və gərəkli konsepsiyasını
ortaya qoyulmuşdur.
Müəllifin
belə bir qənaətinə biz də tam şərik oluruq
ki, "tədqiqat işinin (C.M., Z.B.) nəzəri nəticələri
və konkret elmi axtarışın sistemləşdirilmiş məlumatları milli
universitetlərin Jurnalistika fakültə və şöbələrinin,
politoloji institutların müəllimləri,
həmçinin ideoloji kadr korpusu üçün müəyyən
nəzəri-elmi və praktik əhəmiyyət kəsb edə
bilər. Ona görə də bu əsərin əsas qayəsində
belə müddəalar durur:
"a)hakimiyyət orqanlarının və ictimai
qurumların milli inkişaf siyasətinin hazırlanması və
həyata keçirilməsi, milli proseslərin konstruktiv idarə
olunması, millətlərarası münasibətlər
sistemində yaranan ziddiyyətlərin, problem və
münaqişə situasiyalarının kütləvi
informasiya vasitələrinin iştirakı ilə həlli
yollarının müəyyən edilməsi və həll
olunması;
b)millətlərarası və dövlətlərarası
münasibətlərdə konkret situasiyaların
işıqlandırılması zamanı mətbuatın fəaliyyətində
rast gəlinən nöqsan və çatışmazlıqların
müəyyən edilməsi və aradan
qaldırılması;
c) problemin işıqlandırılmasının
keyfiyyət baxımından müasir səviyyəyə
qaldırılması;
d)millətlərarası
və dövlətlərarası münasibətlərin
harmoniyası;
e) milli problematika mövzusunu
işıqlandıran jurnalist kadrlarının
hazırlanması sisteminin təkmilləşdirilməsi və
redaksiya kollektivinin işinin təşkil edilməsi".
Nəyə görə müəllifin bu müddəalarına
biz də şərik oluruq? Ona görə ki, monoqrafiyada kütləvi
informasiya vasitələri və milli inkişaf siyasəti
KİV-də həm tarixən, həm də bu gün beynəlxalq
münasibətlərin işıqlandırılması təcrübəsi,
millətlərarası münasibətlərin kəskinləşdirilməsi
şəraitində mətbuatın fəaliyyəti, millətlərarası
və dövlətlərarası münasibətlərin tənzimlənməsində
KİV-in rolu, bütün bunların fonunda Dağlıq
Qarabağ hadisələri və KİV kimi fundamentel məsələlər
öz təhlilini tapmışdır.
Müəllifin belə bir nəzəri müddəası
müasir jurnalistikamız üçün xüsusi maraq
doğurmalıdır ki, kütləvi informasiya vasitələri
bütövlükdə cəmiyyətin həyatına
böyük təsir göstərir. " Böhran
dövlətlərində, xüsusilə də millətlərarası
və dövlətlərarası münasibətlərin gərginləşməsi,
sosial narahatlıq şəraitində insanlar təlqinə və
təsirə tez məruz qalır, müxtəlif yeni ideya və
stimula əks-səda verir, "informasiya hücumuna" daha
tez təslim olurlar ". Azərbaycan
bütün bunları yaxın keçmişdə
yaşamış, erməni təbliğatının
yalanları ölkəmizi sevməyən dairələrin əlində
dəstək olmuşdur. Lakin müəllif belə bir
optimist faktı da qiymətləndirir: "Təcrübə
göstərir ki,... kütləvi informasiya
vasitələri insanları birləşdirir, milli səviyyədə
vahid dəyər və rəmzlərin hazırlanmasını
və onlara inamın
artmasını tezləşdirir və ümumi axına
yönəldir". Azərbaycan yaxın tarixi
keçmişində bu təcrübələrdən də
keçmişdir. Təkcə 1990-cı
illərdə Azərbaycanda yenicə yaranmış müstəqilliyimizə
xəyanət faktı kimi özünü göstərən
dövlət çevrilişinə neçə-neçə
cəhdlər və bu cəhdlər anında Ümummilli
liderimiz Heydər Əliyevin həmin qüvvələrə
qarşı çağırışlarında media sisteminin
təşkilati köməyi kimi faktları xatırlamaq kifayətdir.
Əsərdə
medianın digər bir tərəfi - belə demək
mümkünsə - əks-bəşəri istiqamətindəki
"fəaliyyəti" də qabardılmış və
bununla da müəllif cəmiyyətə medianın haram fəaliyyətinə
uymamaq mesajını vermişdir: "Beynəlxalq təcrübə,
xüsusilə də XX əsrin sonlarından postsovet və
Şərqi Avropa regionunda baş vermiş məlum hadisələr
göstərmişdir ki, bu prosesi KİV özü yaradır
və özləri də onu qlobal səviyyəyə
qaldırırlar". Müəllif problemə bu aspektdən
ciddi yanaşaraq müasir dövrdə bəzi media qüvvələrinin
dünyada süni şəkildə yaratdığı kataklizmləri
misal gətirir və bizi öz müddəalarına
inandıra bilir.
Maraqlı bir də orasıdır ki, əsərdə bütün problemlərə dair təhlillərdə Azərbaycanın mübarizələrlə dolu yaxın keçmişindən gətirilən üllüstrativ faktlar böyük rol oynayır. Bu faktlar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin tarixi köklərinə - repressiya dövrünə, XX əsrin ortalarına və ikinci yarısına, yeni müstəqillik dövründə qazanılan demokratik dəyərlərə, bu dəyərlərdən ölkəmizdə yaşayan bütün insanların - dinindən, millətindən asılı olmayaraq hər kəsin bəhrələnməsindən qaynaqlanır. Müəllif Azərbaycanın millətlərarası və dövlətlərarası müasir münasibətlərinin arxitektoru H.Əliyev məktəbi və bu məktəbin müasir davamçısı Prezident İlham Əliyevin dövlət siyasətini xüsusi təhlillərlə oxucuya çatdırır.
Kitabda qarşıya qoyulan tədqiqat mövzusuna uyğun olaraq beynəlxalq münasibətlər sisteminə xüsusi diqqət yetirilir. Müəllifin bu münasibətlərin KİV-də işıqlandırılmasının Sovet jurnalistikası təcrübəsini ümumiləşdirməsi və bununla müqayisədə müasir dünya düzəninə yeni medianın baxışı ilə bağlı nəzəri fikirləri yeni və maraqlı faktların ortaya çıxmasına şərait yaradır. Çoxtərəfli və çoxsahəli tədqiqatın sonunda araşdırmaçı müasir jurnalistikamızın millətlərarası və dövlətlərarası münasibətlərə dair fəaliyyətində diqqət etməli olduqları bir sıra məsələlərə ayrıca yer verir.
Əsərdə qoyulan məsələlərin həm də geniş oxucu kütləsi üçün maraqlı və aydın olmasını təmin etmək üçün müəllif sərfəli bir üsula əl atmışdır. Belə ki, mürəkkəb problemlərin elmi şərhini verən hər fəslin sonuna xüsusi əlavələr daxil edilib. Bu əlavələr pritçalar şəklində olub fəsillərdə qoyulan problemlərin aydınlaşmasına xidmət edir. Həmin əlavələrin bəzilərinin sərlövhəsinə diqqət etmək onların əsərdəki missiyasını aydınlaşdırardı: "Desəm öldürərlər, deməsəm ölləm", "Adını "Qarabağ dərdi" qoydum", "Bağbanla pinəçinin rəvayəti", "Rusiyanı parçalamaq Z.Bzejinskinin hobbisidirmi", "Fikrin müəllifi çox vaxt onu ilk dəfə deyən yox, daha gözəl deyən sayılır" və s. Kitaba əlavə edilən diaqram və qrafik materiallar, dövrü mətbut orqanları, tarixi hadisələrin, xüsusilə Dağlıq Qarabağ hadisələrinin xronologiyası, NATO və Rusiya problemləri ətrafında xəritələr, ölkəmizdə millətlərarası və ölkələrarası münasibətlərin inkişafına dair Prezident fərmanları, digər sənədlər əsərin qiymətini artırır. Sonda onu demək istərdik ki, bu əsər öz problematikası və bu problematikanın uğurlu həlli ilə Azərbaycan KİV sisteminin sözügedən sahəsi ətrafında sanballı və dəyərli bir monoqrafiya kimi qiymətləndirilməlidir.
Cahangir Məmmədli,
professor
Zaur
Babayev, dosent
525-ci qəzet.- 2015.- 1 oktyabr.- S.4.