Azadlıq mücahidinin həyat dramı

 

 

 

Keçmiş həmişə bədii düşüncənin mənbəyini təşkil edib; zaman-zaman yaşanılmış tarixin özü ilə yanaşı, onun bədii düşüncədəki, təxəyyüldəki təzahürü hesabına ikinci həyat qazanıb.

 

Doğrudur, gerçək tarixin bədii düşüncədə əksi həmişə bütün yazarlarda eyni dərəcədə uğurlu alınmır. Çünki tarixə baxış konsepsiyasının müxtəlifliyi hadisə və faktlara fərqli bucaqlardan yanaşmanı zəruru edir. Ancaq bütün hallarda həm akademik tarix elmi, həm də ona paralel olaraq bədii düşüncə keçmişi bir təcrübə kimi dərk etməyə, onu öyrənməyə, gələcəyə yönəlik dərslər çıxarmağa çalışır. Keçmişin təsvirinin yazıçının qarşısında açdığı imkanlar hətta ona paralel, alternativ tarix (postmodernistlərdə olduğu kimi!) yaratmağa qədər gedib çıxır. Ancaq bu da məlumdur ki, keçmişə aid əsərlərin yazılmasında tarixi biliklə (informasiya, məlumat) yanaşı, bəlkə də ondan daha çox bədii təxəyyülün də iştirakı vacib faktorlardan biri kimi qarşıda durur. Tarixin dərk edilməsində, şübhəsiz, roman janrı başlıca yerlərdən birini tutur.

 

Azərbaycan romanının yaradılmasından cəmi üç onillik sonra tarixə üz tutması da milli bədii düşüncənin tarixi müstəvidə keçmişi öyrənmək, tarixiliklə müasirlik xronotopunda həyatı dərk etmək missiyası dururdu. Y.V.Çəmənzəminli, M.S.Ordubadi, A.Zöhrabbəyov, M.İbrahimov, Mir Cəlal, İ.Şıxlı, İ.Hüseynov, İ.Əfəndiyev, F.Kərimzadə, Ə.Cəfərzadə, M.İsmayılov, Y.Səmədoğlu, Ə.Nicat, K.Abdulla və başqalarının yaradıcılığında tarixlə müasirlik, keçmişlə indi zamanın paralel qolları tək daim kəsişir. Lap son zamanlarda K.Abdullanın "Yarımçıq əlyazma" romanı ilə tarixə postmodernist baxış həm də keçmişə alternativ baxış modelini ortaya qoydu. Bəzən akademik tarixlə bədii düşüncədəki "tarix"in üst-üstə düşməməsi, yaxud bədii təxəyyüldəki tarixdən rəncidə olanlar "bu bizim bildiyimiz tarix deyil",-deməklə qalmır, quru faktların köməyi ilə yazıçının yaratdığı tarixi (dəyişik tarixi!) qəbul etmək istəmir. Ancaq bunlar bir başqa elmi mübahisənin predmetidir.

 

Aydındır ki, tarix dəyişməz və dondurulmuş şəkildə qalmır, daim inkişaf edir, yeni faktlar, meyillər, intuitiv baxışlarla versiyalaşdırılır. Bu mənada yazıçı Sabir Rüstəmxanlının son dövrlərdə məhsuldarlığı ilə seçilən roman yaradıcılığında tariximizə, keçmişimizə yeni baxış və konsepsiya ilə yanaşmanı aydın görmək olur.

 

Yazıçının hələ 80-ci illərdə yazdığı "Ömür kitabı"nın inanılmaz miqyasda populyarlıq qazanmasının əsasında da, fikrimizcə, xalqın keçmişini, tarixini yeni yanaşma kodları ilə təsvir etmək istəyi və bu istəyi elmi-publisistik şəkildə reallaşdırması dururdu. Bundan sonra da yazıçı tarixin müxtəlif dövr və hadisələrinə müraciətlərini davam etdirərək "Xətai yurdu", "Göy tanrı", "Ölüm zirvəsi", "Difai fədailəri" kimi romanları yazaraq tarixə tamamilə yeni, fərqli baxış ifadə edə bildi. Bu romanlarda (yazıçı özü bu əsərlərin janrını "roman-esse" kimi müəyyənləşdirir!) yazıçı tarixilik müstəvisində bugünlə keçmişi birləşdirə bilmiş, keçmiş hadisə və şəxsiyyətlərə yeni həyat vermişdir.

 

Bu günlərdə isə yazıçının XIX əsrin sonu XX əsrin əvvəllərinin ictimai-siyasi həyatını əks etdirən "Şair və Şər" romanı dərc edilib. Yazıçının əsəri "düşüncələr romanı" adlandırması onun janr qarışıqlığını təmin etmiş olur. Yəni bu roman bizim öyrəşdiyimiz ənənəvi tarixi roman modelinin sərhədlərini bir qədər dağıdır. Əlbəttə, romanın süjet xəttinin mərkəzində Şair obrazında talesiz Məhəmməd Hadinin həyatının durması oxucuya ziqzaqlı konflikt, ziddiyyətli kolliziya vəd edir. Lakin yazıçı yalnız M.Hadinin həyatı ilə kifayətlənməmiş, tarixin ictimai-siyasi hadisələrini təxminən qırx illik bir zaman kəsiyində Şair və Şər obrazları ilə qarşılaşdıraraq bütövlükdə dövrün, zamanın obrazını yarada bilmişdir.

 

Maraqlıdır ki, Sovetlər dönəmində yetmiş illik bir inkişaf yolu keçən tarixi romanların əksəriyyətinin baş qəhrəmanı şairlər olurdu. Bunun bir neçə səbəbi vardı; hər şeydən əvvəl, bu dövrdə xalqın tarixinin üzə çıxarılmasında akademik tarix elminə maneələr olduğu kimi, onun bədii düşüncədə inikası da mövcud ideologiya tərəfindən nəzarətə götürülmüşdü. Ona görə də bir müddət yazıçıların tarixi romanlarında Nizami Gəncəvi (M.S.Ordubadi "Qılınc və qələm", A.Zöhrabbəyov "Odlu diyar"), Xaqani (M.İsmayılov "Xaqani", Nəsimi (İ.Hüseynov "Məhşər"), Nişat Şirvani (Ə.Cəfərzadə "Vətənə qayıt"), Seyid Əzim Şirvani (Ə.Cəfərzadə "Aləmdə səsim var mənim"), Abbas Səhhət (Ə.Cəfərzadə "Yad et məni"), Mirzə Şəfi Vazeh ( Ə.Nicat "Mirzə Şəfi"), M.F.Axundzadə (Ç.Hüseynov "Fətəli fəthi") və s. kimi şairlər baş qəhrəman qismində çıxış edirdi. Mövcud rəsmi ideologiyaya görə sərkərdə və şahların baş qəhrəman olmasındansa şairin olması daha məqbul idi. Nadir hallarda isə tarixi hadisələr və şəxsiyyətlər tarixi romanların başlıca tədqiqat obyektinə çevrilirdi. Doğrudur, üzü 70-ci illərə doğru bu proses zəifləməyə doğru getdiyindən milli tarixi hadisə və şəxsiyyətləri də bədii tədqiq obyektinə çevrilməyə başladı. Maraqlı orasındadır ki, ədəbi şəxsiyyətlərin tarixi romanların baş qəhrəmanına çevrilməsi bolluğunda taleyi faciə ilə bitmiş, qəbrinin yerinin hələ də məlum olmayan (son araşdırmalara görə məlum olan!) böyük bir romantik şairin dramatik və faciəvi həyatı roman mövzusu olmamışdı. Necə olmuşdur ki, həyatı natural roman olan Məhəmməd Hadi kimi romana tamamilə uyğun gələn şair-vətəndaş obrazı diqqətdən kənarda qalmışdır?! Bunun başlıca səbəblərindən biri, heç şübhəsiz, 50-ci illərə qədər şairin mürtəce romantiklərin sırasına daxil edilməsi nəticəsində hətta haqqında tədqiqatların aparılmasına belə imkanın verilməməsi olmuşdusa, digər bir səbəbi də məhz bu amildən doğan şairin ziddiyyətlərlə dolu həyatının yaxşı öyrənilməməsi idi. Bu mənada yazıçı Sabir Rüstəmxanlının "Şair və Şər" romanı özünün informativ yükü, tarixi hadisələrin bədii təxəyyül materialına çevrilməsi, keçmişlə müasirliyin vəhdəti baxımından olduqca diqqəti çəkir.

 

"Şair və Şər" romanı bir-birini əvəz edən son dərəcə gərgin ictimai-siyasi, iqtisadi hadisələrin xronoloji ardıcıllığı ilə davam edir; tarixi romanların əksəriyyətində bu üsuldan istifadə edilir və deməliyik ki, bu romanın da çoxqatlı süjet və hadisələrini təsvir etmək üçün geniş imkanlar açır. Burada Hadinin (müəllif təhkiyəsində Hadi, obraz olaraq Məhəmməd) taleyi ilə "silkələnə-silkələnə" yaşayan Şirvanşahlar paytaxtı Şamaxının taleyi (eyni zamanda türk dünyasının!) paralel izlənilir. Yazıçı sonacan qəhrəmanın mənəvi təkamülünü paytaxt statusunu itirən Şamaxının taleyindən ayrı göstərmir. Dövrün ictimai-siyasi hadisələri, dünyada gedən proseslər sanki şairin faciəli taleyi kontekstində açılır; həyata, dünyaya aid suallara cavab tapmaqda çətinlik çəkən, təhsil almaq üçün alışıb-yanan kiçik yaşlı Məhəmməd çox tezliklə ata itkisi ilə qarşılaşır. Atasının son nəfəsində "Anandan, bacılarından muğayat ol! Nənəni incitmə! Bir də mənə verdiyin sözü unutma, çətinliyə düşsən də məktəbdən ayrılma"- vəsiyyətinin heç birinə əməl etməyə təsadüflər və çətin həyat şərtləri imkan vermir. Hər şey də elə buradan başlayır; anasının onu iki bacısı ilə evdə qoyaraq qoşulub qaçması, əvvəlcə əmisinin, sonra isə nənəsinin vəfat etməsi və s. çətinliklər onun məktəbi vaxtından əvvəl atmasına nədən olur. Yazıçı onun məktəbdən getməsini çox doğru olaraq yalnız bu amillərlə bağlamır, onun mədrəsədən bir şey ala bilməməsi, çavabı verilməyən sualları, müəllimlərə qarşı üsyankarlığı və s. onu "yolunu azmış, ilahi sirrinə əl uzadan, etiqadını itirmiş" bu gəncin məktəbdən ayrılmasının səbəbləri kimi göstərilir. Ərəb və fars dilini mükəmməl bilməsi, əlinə keçən bütün kitabları (ərəb və yəhudi nağılları və s.) oxuması onu həyata atılmağa, dünyanı düşünən bir şair olmağa vadar edir. Əmisi ilə birgə atasının ticarətini davam etdirməsi, Əminə ilə münasibətlərinin son mərhələsində onun qəflətən əmisinin vəfat etməsi və Əminənin anası tərəfindən başqasına ərə verilməsi Məhəmmədə dəyən zərbələrin zəncirvariliyini artırır. Doğrudur, Əminə ilə Məhəmmədin qarşısında başqa bir yol da var idi; buradan baş götürüb Bakıya, Gəncəyə, Tiflisə getmək və orada yaşamaq, lakin bacılarının başsız qalmaları onları bu yoldan çəkindirməli olur. Məhəmməd atasının vəsiyyətinə əməl edə bilmədiyi kimi, əmisinin "...başıma bir iş gəlsə, ocağımızı sönməyə qoymazsan"-ricasını da zorən cavabsız qoyur. Əmisi arvadının Əminəni başqa birisinə ərə verməsi onun həyatını alt-üst edir. Bu hadisələr fonunda Dəli şairə çevrilən Məhəmməd mövcud həyat şərtlərinin ağırlığının səbəblərini cəhalətdə görür, bu cür yaşamağın mümkünsüzlüyü haqqında düşünür, Şamaxını dağıdan zəlzələnin həm də şüurlarda, zehinlərdəki əks-sədasını, özünü və dünyanı anlamağa çalışır. Əmisi oğlu ilə ticarətə girişməsi, Kürdəmirdə Ağa Əfəndi ilə birgə müəllimlik etməsi, qohumu və himayəçisi Mustafa Lütfinin dəvətilə Həştərxanda "Bürhani-tərəqqi" qəzetində çalışması, yenidən Bakıya qayıdaraq "Füyuzat"da işləməsi, böyük bir ümidlə İstanbula getməsi, oradan sürgün edilməsi, nəhayət çətinlik və məşəqqətlərdən sonra geri Bakıya dönməsi, Birinci Dünya savaşında Balkanlarda iştirak edərək yenidən gərginliklər yaşaması, Bakıya dönüşü və s. şairin faciəli taleyinin bədii salnaməsini əks etdirir.

 

Tazıçı tarixi tematikanı müəyyənləşdirən sənədlilik prinsipinə sadiq qalaraq, şairin həyatı haqqında xatirələrdə, məqalələrdə və sənədlərdə əksini tapan həyat həqiqətlərini bədii təxəyyülün gücü ilə süjetə daxil edir. Müəllifin dövrün hadisələrini, geosiyasi durumunu, ədəbi prosesləri yaxşı bilməsi və bütün reallığı ilə təsviri romanın tarixiliyini daha da artırmış olur. Romanın müxtəlif yerlərində yazıçının dövrün hadisələri ilə bağlı siyasi-ictimai, ədəbi-bədii, bəzən elmi-publisistik passajların verilməsi, realist təsvirlər, ümumiləşdirmələr, eləcə də retrospektiv məqamlar şairin ziqzaqlı həyatı və taleyi fonunda bir-birini tamamlayır. Şairin gənclik illərində həyata, dünyaya, sənətə baxışında rolu olan Ağa Əfəndiyə yer az verilsə də, sonrakı hadisələrə açar olur. Ağa Əfəndi Məhəmmədin ilk tale uğursuzluğundan -Əminəyə həsr etdiyi şeirlərini yandırdıqdan sonra gözünü dünyaya açır, sənətin yollarını, sənətlə həyatı sərf-nəzər etməyi öyrədir. Məhz Ağa Əfəndinin bu "həyat və sənət məktəbin"i keçdikdən sonra ilk şeirləri, məqalələri "Həyat"qəzetində dərc edilir. Ağa Əfəndinin təsiri altında yazılan bu şeirlərində mövcud cəhalətə qarşı çıxır, elmi, tərəqqini təbliğ edirdi.

 

Həştərxan həyatı və "Bürhani-tərəqqi" qəzetindəki fəaliyyəti isə Məhəmmədin qarşısında yeni bir era açmış olur, burada olması yalnız səyahət xarakteri daşımır, onun fəaliyyətinin dairəsi, məzmunu daha da genişlənir. Bu genişliyi və dəyişikliyi, eləcə də gördüyü işlərin miqyasını Mustafa Lütfinin dilindən yazıçı belə ifadə edir: "Bura mühüm yerdir, Məhəmməd! Biz üzümüzü çevirmişik ərəblərə, farslara. İslam dünyasının ən ayıq, fəal hissəsi qalıb burda: tatarlar, başqırdlar, Kırımın və Şimali Qafqazın türkləri. Bunlar bizdən də ağır gündədir. İnqilab Rusiya müsəlmanları üçün az-az ələ düşən bir fürsətdir...Bunu qaçırmaq olmaz!"

 

Şairin həyatının Həştərxan səhifəsi onun tərcümeyi-halını zənginləşdirir; hadisələrə bir qədər də qlobal baxmağı bacarır, az bir vaxtda Mustafa Lütfi "Bürhani-tərəqqi" qəzetinin idarəçiliyini ona tapşırır, üstəlik "Darül-ədəb" məktəbində də dərs verməyə başlayır. Şairin həyatının Həştərxan dövrünə yazıçı yeni səhifələr əlavə edir. Məhəmmədin burada Şuşadan sürgün edilmiş Ayxan ailəsi ilə tanışlığı romanın süjet xəttini zənginləşdirdiyi kimi, şairin şəxsi həyatının (və taleyinin!) dəyişməsi üçün də müəyyən stimul ola biləcəyinə həm də işarə kimi mənalandırmaq olar. Qafqazdan gedən azərbaycanlıların sürgün səbəbləri, taleləri Hadinin "Bilirsən bu Hacı Tərxan, İdil boyu acından ölən kəndlər, ətraf səhralar, ta Çin sərhədinə kimi qazax, tatar torpaqları bizim sürülənlərlə doludur. Niyə görə? Nə günahın sahibidir bu camaat, bilən yoxdur. Rusun havası əyri çıxan kimi Qafqaz türklərini günahkar sayır",-sözləri ilə mövcud siyasi vəziyyətdə türk toplumlarının siyasi durumunu reallıqla əks etdirir.

 

Yazıçı burada Məhəmmədin Qəmərlə tanışlığı və onların bir-birini sevməsi, evlənməyi düşünmələrini təsvir edərkən demək istəyir ki, əgər bu münasibətlər davam etsəydi şairin taleyini bütünlüklə dəyişə bilərdi (romanın süjet xətti bu cür də davam edə bilərdi, ancaq onda biz fərqli bir Hadi, tarixdəki deyil, təxəyyüldəki Hadini izləyə bilərdik). Lakin S.Rüstəmxanlı həyat həqiqətinə sadiq qalaraq Məhəmməd Hadinin sonrakı talesizliyini davam etdirir. Qürbət yerdə atası Ayxanla sürgün həyatı yaşayan Qəmərin gözəlliyi, cəsarəti Məhəmmədin həyatının rəngini dəyişmək üçün onun rastına çıxarır. Yazıçı burada Məhəmmədi ailə qurmaq və Şamaxıya qayıtmaq arzularını reallaşdırmaq üçün son dərəcə istəkli təsvir edir. Məhəmməd bütün varlığı və ciddiyyəti ilə evlilik haqqında düşündüyü bir zamanda Əli bəy Hüseynzadə onu Bakıya "Füyuzat" jurnalına işə dəvət edir. Bu dəvət onun üçün böyük məsuliyyət və şöhrət demək idi. Lakin Qəməri də qoyub getmək istəməyən Məhəmməd ağır seçim qarşısında Bakıya dönməyi qət edir. O, çoxdan vətənə qayıtmaq, dostları, Əli bəyin köməyi ilə Ayxan ailəsini də sürgün həyatından xilas etməyi düşünürdü. Elə Ayxan ailəsindən ayrılarkən dediyi sözlərdə də bunu nəzərdə tuturdu.

 

Məhəmməd Hadinin Bakı həyatı tarixi, ictimai-siyasi vəziyyətin tez-tez dəyişdiyi hadisələrlə dolu təsvir edilir; Əli bəy Hüseynzadənin "mən türkəm, qafqazlı bir türkəm, türk bir müsəlmanam, müsəlman bir insanam...Türk qanlı, islam imanlı, firəng (Burada Avropa anlamında) fikirli olalım" düşüncəsinin təsiri altında formalaşan ədəbi mühit onun yaradıcılığına və taleyinə tamamilə uyğun gəlirdi. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Əlipaşa Səbur, Əbdülxalıq Cənnəti, Hüseyn Vəhdəti, Əhməd Kamal və başqalarının əhatəsində yeni bir həyatın, mücadilənin mərkəzinə düşür. Türk millətinin düşüncəsində çevriliş etməyi düşünən bu mühit "Füyuzat"ı açıq bir darülfünuna çevirməyə çalışırdılar. Yazıçı bu dövrdə, mühitdə cərəyan edən hadisələri reallıqla təsvir etmək üçün elmi-publisistik araşdırmalardan da istifadə edir; dünyada gedən prosesləri, "Həyat"ın qarşısında duran məqsədləri, onun məramnaməsini açır. Bu cür passajlar yalnız araşdırma funksiyası daşımır, həm də Məhəmmədin taleyini dəyişən ictimai mühiti, tarixi hadisələri əks etdirir: "Bakıda ziyalı məclislərinin dilindən düşməyən iki mövzu vardı. Biri "Molla Nəsrəddin", biri də "Füyuzat". Mətbuat aclığı, doğru sözün qəhətə çıxması cəmiyyətin demək olar ki, bütün təbəqələrini bu iki məcmuəyə bağlayırdı. Kim istəsə özünü və özünəbənzərləri tapa bilərdi orda. İstər lağlağa ilə deyilsin, istər göz yaşıyla. "Molla Nəsrəddin"in hər nömrəsi millətin yaralarını sızladır, dərd üstünə dərd gətirirsə, "Füyuzat" hər həftə xalqın əyilən qəddini düzəldir, ona keçmişi xatırladır, kimliyini anladır. Şəhərdə bir türklük havası əsdirir, maarifdən, milli ləyaqətini qorumaqdan, birlikdən və azadlıq yolunda mübarizə aparmaqdan, devrimdən başqa yol olmadığını anladır".

 

Romanın "Bakı həyatı" süjet xəttini bir qədər ləngitməsinə (bəzən ayrı-ayrı şeirlərin təhlili, onları başqa şairlərin yaradıcılığına təsiri, "Bülbül" şeirinin A.Şaiqin "Quş" şeirinə təsiri, İbrahim Tahir və Əhməd Kamal mübahisəsi və s.) rəğmən, dövrü, mühiti və bu dövdə baş verən hadisələri bütün reallığı ilə üzə çıxarır, xüsusilə, Əli bəy Hüseynzadənin türkçülük konsepsiyasının ictimai hadisələrə təzahürü prosesində Hadi şeirlərinin və şəxsiyyətinin rolu qabardılır. Şairin Bakıda yenidən Mustafa Lütfi ilə görüşü romanı əvvəlki süjetə qaytarır, Qəmərin Əmirə ərə getməməsi Hadiyə olan münasibətini gündəmə gətirir. Lakin bu ümid olaraq qalır. "Türklüyün taleyi İstanbulda həll olunur!" ideyası şairin yönünü Türkiyəyə yönəldir. Azadlıq aşiqi olan şair Bakıda şöhrətin zirvəsində ikən qəflətən Türkiyəyə yollanır. Yazıçı onun İstanbula gedişini dostu Əhməd Kamalın sözləri ilə izah edir: "Gedəcəksən! Heç olmasa bir kaç sənə İstanbulda yaşa. Sənin yerin oradır! İndi Türkiyənin ehtiyacı var sənin kimilərə! İki ildən sonra səsin bütün İslam aləmini bürüyəcək! Buralar sakinləşəndə dönərsən".

 

Məhəmməd Hadi İstanbula getməliydimi, yaxud nə üçün getmişdir? Doğru olaraq yazıçı bunun üzərində geniş dayanmır. Çünki İstanbul artıq onun tərcümeyi-halının bir parçasıdır. Ancaq yazıçı bunu göydəndüşmə etmir, onun bütün varlığı ilə buna doğru yol getdiyini təsdiq etmiş olur. Ümumiyyətlə, S.Rüstəmxanlı Məhəmməd Hadinin həyatını dəyişən qəfil qərarlarının səbəbini, çox doğru olaraq, şəxsi məsələlərlə bağlamır, daha çox ictimai, milli və dini məsələlərlə əlaqələndirir. Şairin Kürdəmirə, Həştərxana, Bakıya, İstanbula, sürgünə, Balkanlara, yenidən Bakıya, Şamaxıya, Gəncəyə və s. gedişinin mahiyyətində səyahət, yaxud sərgüzəşt amili yox, müəyyən tarixi ictimai-siyasi səbəblərin dayandığını reallıqla əks etdirir. Bunun da müəyyən əsasları var, çünki Məhəmməd Hadi həyatında olduğu kimi, yaradıcılığında da heç zaman özünü deyil, mənsub olduğu toplumu, xalqı, milləti və islamı düşünərək hərəkət etmişdir. Onun həyatı və yaradıcılığının azadlıq, milli və dini mücadilə aspektlərini də yazıçı məhz bu amillərə görə verir. Romanın "İstanbul ümidi", "Balkan savaşında", "Sürgün", "Bakıya dönüş", "Birinci Dünya müharibəsində" və s. fəsilləri faktların yeniliyi, zənginliyi ilə diqqəti cəlb edir. Əslində bu fəsillərin hər biri ayrılıqda bir roman mövzusudur və burada da bu fəsillərin hər biri bir roman təəssüratı buraxır. Yazıçı öz qəhrəmanını təsvir etmək üçün bədii təxəyyülə az müraciət edir, çünki şairin tərcümeyi-halının hər səhifəsi bir roman mövzusudur. Bu hissədə hətta, ədəbiyyatşünaslıq üçün yeni materiallar da verilir. Şairin İstanbula 1910-cu ilin fevral ayında gedərək "Tənin" qəzetində işə düzəlməsi, həmin il martın 5-də Türkiyədən "Səda" qəzetinə ilk yazısını göndərməsi və s. faktlar ədəbiyyatşünaslığın son araşdırmalarını əhatə etdiyi kimi, onun tərcümeyi-halında akademik dəqiqləşdirmələr aparır. Şübhəsiz şairin həyatı ilə bağlı bu qədər detallı səhifələrin verilməsi yazıçının özünün də ədəiyyatşünas olması ilə yanaşı, həm də çağdaş ədəbiyyatşünaslarımızın (f.ü.e.d., prof. Alxan Bayramoğlu, f.ü.e.d.İslam Qəribli, doktor Mehdi Gəncəli və b.) Hadi yaradıcılığı ilə bağlı apardıqları tədqiqatlarının nəticəsidir.

 

S.Rüstəmxanlının "Şair və Şər" romanının qəhrəmanın həyatı daim gərginliklər içindədir; azadlıq, istiqlal uğrunda çarpışır, burada-İstanbulda da bütün ziddiyyətləri ilə çırpınır, "Vətən! Millət!" sevdasını həyata keçirmək üçün mücadilə verir, bütün varlığı ilə Tofik Fikrətlə bir havadan nəfəs alır, Namiq Kamalın, Əbdülhəq Hamidin keçdiyi küçələrdən keçir. Hüseyn Cahid, Mühiddin, Midhət bəy, Fazil Əhməd və başqaları ilə tanışlıq, Türkiyə ədəbi, ictimai-siyasi mühitinin daxilinə enir, yaradıcılığının nəbzini buna uyğun quraraq kəskin mübahisələrə qatılır. Anadolu insanının danışığının nə qədər sadə olduğunu gördükdən sonra onların anlayacağı dildə yazmağın zəruriliyini bütün mahiyyətilə başa düşür.

 

İstanbula böyük ümidlərlə gedən Məhəmməd Hadi yazdığı şeirlərdə və məqalələrdə Şərqin, Türkiyənin həqiqətlərini, reallıqlarını təsvir edir, üzünü dünya türklərinə tutur. Lakin Osmanlının və "İttihad və Tərəqqi" partiyasının taleyi getdikcə onu məyus edir. Cəbhədən gələn xəbərlər də o qədər ürəkaçan olmadığından ön cəbhədə nələrin baş verdiyini, türk əsgərlərinin məğlubiyyətinin səbəblərini öz gözləri ilə görmək və müharibənin gedişindən yazılar hazırlamaq üçün Balkan savaşına yollanır. Həm Balkan savaşı, həm də şairin sürgün həyatı fəsillərində yazıçı daha çox bədii təxəyyülə müraciət edərək romanın süjet xəttinə bir sıra maraqlı hadisələr və bədii obrazlar daxil edir. Başına çox hadisələr gələn şairin Bakıya dönüşünü yazıçı son dərəcə təsirli şəkildə təsvir edir: "Bakı onu tanımadı. Dörd il öncə İstanbula gedən qara smokinqi və kəpənəyi, qar kimi ağ köynəyi, ütülü şalvarı, təmiz, parıltılı ayaqqabıları ilə Bakı neft milyonçularından seçilməyən, danışmaqdan, zarafatlaşmaqdan yorulmayan xoş ovqatla, gülərüz adamdan əsər-əlamət qalmamışdı. Zahirən dəyişilməsi bir yana, içərisi də uçub-dağılmış, xarabazara dönmüşdü".

 

Lakin şairin Bakıya bu gəlişi də son dayanacağı olmur, burada ittihadçı həkim Qarabəy Qarabəylinin köməkliyi ilə sağalaraq yenidən milyonçuların təşkil etdiyi diviziyanın tərkibində müharibəyə getməsi, müharibə səhnələri, yenidən Bakıya qayıtması, sərgərdan həyatı, şeirlərini əlində satması səhnələri tarixi reallıqla bədii gerçəkliyin sintezində özünün bədii həllini tapır.

 

"Şair və Şər" romanının baş qəhrəmanı harada olursa-olsun Şamaxını düşünür, oraya qayıtmaq, köhnə mülklərinin yerində təzə ev tikmək arzusu heç vaxt onu tərk etmir. O, harada olur-olsun Şamaxıda baş verən təbii zəlzələnin dağıntıları onun gözləri qarşısından getmir və bütün həyatı boyu təbii zəlzələ ilə ictimai zəlzələ onun taleyini koordinasiya edən faktora çevrilir.

 

Yazıçı Məhəmməd Hadinin ölümünü də özünəməxsus şəkildə təsvir edir; məlumdur ki, şairin ölümü ilə bağlı ədəbi mühitdə müəyyən versiyalar dolaşır. Uzun müddət onun ölümü ilə bağlı heç bir informasiya olmamış, bununla bağlı tədqiqatlar da aparılmamışdır. Ötən əsrin 70-ci illərində aparılan tədqiqatlara görə şair Gəncədə ağır xəstələnərək xəstəxanada vəfat etmişdir. Şairin tədqiqatçılarından olan görkəmli ədəbiyyatşünas Əziz Mirəhmədov da vaxtilə yazmışdı. Digər versiyaya görə isə şair əlində silah Gəncəni müdafiə edərkən rus işğalçıları tərəfindən öldürülmüşdür. Şairin ölümü ilə bağlı başqa versiyalar da mövcuddur. Ancaq çox doğru olaraq S.Rüstəmxanlı ikinci versiyanı süjet xəttinə daxil edir ki, bu da romanın məntiqi bütövlüyünü təmin etdiyi kimi, bədii təxəyyülün rolunu da artırmış olur. Hadinin Gəncənin müdafiəsi zamanı şəhid olması həm də ona görə məntiqi səslənir ki, onun gəldiyi yol, yaşadığı həyat, tale, yazdığı şeirlərin, məqalələrin məzmunu məhz bu məntiqi sonluğa gətirib çıxarırdı: "Axtarıb müdafiə qərargahını tapdı. Silah alıb müdafiəçilərə qoşulmasına etiraz etdilər. Aralarında onu tanıyanlar vardı. Ancaq "mən dörd il müharibədə olmuşam, şair olmasam, hərbçi olardım" deyən Hadinin israrı qarşısında bir söz deyə bilmədilər.

 

...Savaşın üçüncü günü vuruldu. Kötükdən, torpaqdan düzəldilmiş səngərdə partlayan mərminin qəlpəsi köksünü parçalamışdı".

 

Şairin ölümü romanın ana ideyasının açılmasına xidmət edir və yazıçı şairin ölümünü onun Gəncənin yüz ildən sonra ikinçi işğalını görməməsi kimi mənalandırır. Burada fikrimizcə yazıçının bədii həqiqəti tarixi gerçəkliyi inkar etmir, əksinə tarixi gerçəkliyə alternativ variantlar irəli sürür və oxucunu da bu məntiqi sonluğa inandırır. Oxucu şairin əlinə silah götürüb Gəncənin müdafiəsinə getməsinə (şair və silah bir-birini inkar etsə də!) ona görə inanır ki, Hadinin bütün həyatı, amalı milli istiqlal, azadlıq ideyalarına söykənirdi.

 

Yazıçı S.Rüstəmxanlı tarixi əsər yaratmaq meyarlarına əməl edərək "Şair və Şər" romanında tarixi hadisələri obyektiv, şəxsiyyətlərin arzu və istəklərini, həyata baxışını dövrün, zamanın hadisələri fonunda təsvir edir. Tarixi məlumatların, ictimai-siyasi icmalların, ədəbi, publisistik passajların bolluğu, şəxsiyyətlərin adları romanın təhkiyəsinə qətiyyən ağırlıq gətirmir, bəlkə də janrın (düşüncələr romanı) xarakterindən doğan bir xüsusiyyət olaraq görünür. Yazıçı Məhəmməd obrazının bədii tamlığını vermək üçün onu müxtəlif situasiyalardan, yollardan keçirir və şəxsi həyatından imtina edərək Vətən, Xalq, İstiqlal üçün canından keçən bir azadlıq mücahidi kimi təsvir edir. Romanın baş qəhrəmanının idealları həyata keçməsə də, istiqlala çatmaq və istiladan qurtuluş yollarını göstərir. Bununla da yazıçının romanın adındakı Şair və Şər obrazlarının mənsub olduğu qüvvələrin mübarizəsində Şairin yanında durduğunu ifadə edir.

 

Keçmiş yalnız tarix kitablarında yazılmır, həm də bədii əsərlərdə hadisə və obrazlarla dərk edilir. Məhz bu cür bədii əsərlər vasitəsilə dövrün xarakterini, düşüncəsini, yaşam tərzini, epoxanın fəlsəfi mahiyyətini öyrənmək, dərk etmək mümkün olur. Bu mənada Sabir Rüstəmxanlının "Şair və Şər" romanı dövrün tarixi reallıqlarına çağdaş bədii təfəkkür kontekstində işıq salır, azadlıq mücahidinin həyat dramı fonunda tarixi hadisələrin ziddiyyətlərini, məzmununu və fəlsəfəsini (tarixi roman üçün bu, əsas şərtlərdən biridir!) bədii düşüncə müstəvisində açmağa nail olur.

 

Bədirxan ƏHMƏDOV

525-ci qəzet.- 2015.- 2 oktyabr.- S.8.