"Yazıçı" bu dəfə Ələkbər Salahzadəni yad edib

 

 

"Oğuz eli" qəzetinin ayrıca buraxılışı olan "Yazıçı"nın bu sayı Azərbaycan oxucusunun yaddaşında yaşatdığı, misralarına tez-tez üz tutduğu mərhum şairimiz Ələkbər Salahzadəyə həsr olunub.

 

Məlum olduğu kimi, Ələkbər müəllim təbiət etibarilə çox sakit, təmkinli, necə deyərlər, lal çaylar kimi axıb boynunda fırtınalar yaradan söz adamı idi. Onun hər misrası, hər fikri həmişə ədəbi ictimaiyyətin diqqətini çəkirdi. Bu fikirləri, mübaliğəsiz olaraq, mərhum şairimizə həsr edilmiş xüsusi buraxılışda bir daha görmək, oxumaq mümkündür.

 

"Yazıçı"nın ilk səhifəsində çap olunmuş foto Xalq şairi Rəsul Rzanın fikirləri ilə, bir şairin özünün "Kim çəkir" şeiri ilə həmahənglik yaradır. Xüsusi buraxılışı vərəqlədikcə həm təqdim olunan fotolar adamda kövrək nostalji duyğular oyadır, həm bu səhifələrdə oxucuların qarşısına çıxarılmış rəngarəng fikirlər Ələkbər Salahzadə dünyasını gözümüz önündə canlandırır. Xüsusilə, Azərbaycanın qüdrətli qələm adamlarının - Xalq yazıçısı Anarın, Xalq şairi Fikrət Qocanın, dəyərli alimimiz Yaşar Qarayevin, şair Ramiz Rövşənin, yazıçı Seyran Səxavətin fikirləri oxucuya Ələkbər Salahzadəni mükəmməl bir şəkildə görmək imkanı verir.

 

"Yazıçı"nın Ələkbər Salahzadə buraxılışında həm professor Vaqif Əlixanlının, Nazif Qəhrəmanovun, Yazıçılar Birliyinin katibi İlqar Fəhminin, tənqidçi Vaqif Cavanşir Yusiflilərin, Südabə Ağabalayevanın, Sadıq Elcanlının, İntiqam Mehdizadənin xatirələri Ələkbər Salahzadəni bir daha tanımaq, sevmək imkanı yaradır. Nərgiz Cabbarlının, Ağacəfər Həsənlinin, Kəramətin, Zemfira Əsədullayevanın, Aydın Tağıyevin, Zakir Məmmədin, Yusif Rzayevin, Rafiq Səməndərin, Zəka Vilayətoğlunun digərlərinin bir-birindən maraqlı xatirələri, düşüncələri oxucu yaddaşını təzələməklə yanaşı, həm Ələkbər Salahzadənin necə bir qələm ustası, necə bir şair olduğunu təkrar-təkrar ifadə edir.

 

"Yazıçı"nın bu sayında Novruz Nəcəfoğlunun, Xatirə Salahzadənin, Rövşən Yerfinin, Rahid Uluselin fikirləri öz əksini tapıb. Xüsusi buraxılışın redaktoru Azər Abdulla şairin müxtəlif illərdə yazdığı şeirlərindən nümunələr seçərək, uyğun ardıcıllıqla sıralayıb. İnanırıq ki, "Yazıçı"nın bu sayı da maraqla qarşılanacaq.

 

Ə.MƏDƏTOĞLU

525-ci qəzet.- 2015.- 2 oktyabr.- S.7