Vyanada Azərbaycan Milli Musiqi Günü
ilə bağlı konsert olub
Sentyabrın 30-da Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində
Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin
130 illik yubileyi münasibətilə klassik
musiqi axşamı keçirilib.
Tədbirdə Avstriyanın dövlət
və hökumət rəsmiləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ictimaiyyətin
nümayəndələri, bu ölkədə yaşayan və təhsil alan
azərbaycanlılar, musiqisevərlər
iştirak ediblər.
Mədəniyyət Mərkəzinin
direktoru Leyla Qasımova tədbiri açaraq musiqili axşamın bu il 130 illik yubileyi
qeyd olunan dahi Azərbaycan bəstəkarı, musiqişünas
alim, dramaturq, maarifçi və ictimai xadim Üzeyir
Hacıbəylinin xatirəsinə
həsr olunduğunu bildirib. Ümummilli lider Heydər
Əliyevin 1995-ci ildə
imzaladığı Sərəncama
əsasən məhz dahi bəstəkarın doğum günü Azərbaycanda Milli Musiqi Günü kimi qeyd edilir.
O bildirib ki, dahi bəstəkarın doğum günü ilə əlaqədar Azərbaycan və Avstriya musiqiçilərinin
birgə konsertləri
ənənə halını
alıb və Azərbaycan Mədəniyyət
Mərkəzinin təşəbbüsü
ilə hər il ölkəmizin
istedadlı musiqiçiləri
Vyanaya dəvət olunurlar.
Qeyd edilib ki, Avropanın musiqi paytaxtı Vyanada Azərbaycan mədəniyyətinin təbliğinə
xidmət edən Mədəniyyət Mərkəzi
payız mövsümündə
müxtəlif musiqi janrlarını əks etdirən konsertlərlə
yanaşı, müxtəlif
səpkili mədəni
tədbirlər də
keçirəcək.
Konsertdə dirijor Fuad İbrahimovun
rəhbərliyi ilə
Vyana Kamera Orkestri Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən
ibarət proqramla çıxış edib. Üzeyir
Hacıbəyli, Aqşin
Əlizadə, Arif Məlikov, Edvar Qriq, Fikrət Əmirov, Qara Qarayev, Fərhad Bədəlbəyli, Tofiq Quliyev, Kamil Sen-Sans, Leroy Anderson və digər bəstəkarların
əsərləri böyük
maraqla dinlənilib və solistlər Anar İbrahimov (skripka) və Abbas Abdullazadənin (fortepiano)
ifaları tamaşaçılar
tərəfindən alqışlarla
qarşılanıb.
525-ci qəzet.-
2015.- 2 oktyabr.- S.7.