Ceyhun Bayramov: "...12
illik təhsilə keçidlə bağlı vəsatət
qaldıracağıq
Ceyhun
Bayramov: “Həm məktəbəqədər təhsil şəbəkəsinin
və onun əhatəlilik səviyyəsinin, həm də
özəl orta məktəblərin şəbəkəsinin
və onun əhatəlilik səviyyəsinin göstəriciləri
kifayət qədər aşağıdır”
Azərbaycanın təhsil nazirinin müavini Ceyhun
Bayramovun Trend-ə müsahibəsini təqdim edirik.
- Azərbaycanda
yaxın illər üçün şagirdlərin sayı ilə
bağlı gözlənilən proqnozlar necədir? Bu proqnozlara görə, əldə olunan yeni göstəricilər
gələcəkdə tədris prosesinin təşkili sahəsində
hər hansı problemin yarana biləcəyini xəbər
verirmi?
-
Proqnozlar onu göstərir ki, növbəti 5 il
ərzində şagirdlərin sayı kifayət qədər
- 30 faizə qədər artacaq. Bu, Azərbaycanda
baş verən müsbət demoqrafik dəyişikliklərin
nəticəsidir. Təbii ki, bu,
ümumilikdə müsbət tendensiyadır. Amma eyni zamanda, bu, təhsil sisteminin
qarşısında müəyyən
çağırışlar qoyur. Təbii
ki, biz buna hazır olmalıyıq. Bu il
ilk dəfə olaraq, şagirdlərin elektron qeydiyyat sistemi tətbiq
olundu. Bu sistemin tətbiqi bizə şəbəkədə
Bakı şəhərinin bu və digər ərazilərində
şagird sıxlığının həddindən artıq
yüksək olan yerlərini müəyyən etməyi daha da
asanlaşdırdı. Bakı şəhərinin
ətraf ərazilərinin, meqapolisin inkişafı bəzi
hallarda paytaxtdakı məktəb şəbəkəsinin
imkanları ilə tam üst-üstə düşmür.
Bakıda şagird sıxlığının həddindən
artıq çox olan ərazilər var. Bu günlərdə
bu problemlə bağlı son təhlillər aparılacaq və
müvafiq təkliflərin irəli sürülməsi
üçün sənədlər hazırlanacaq.
- Məktəbə
hazırlıq təhsilinin 1 il icbariliyinin
təmin olunması nə zamandan həyata keçiriləcək?
- Bu məsələ
Təhsilin İnkişafı üzrə Dövlət
Strategiyasında öz əksini tapıb. Ümumilikdə
biz hamımız başa düşürük ki, məktəbəqədər
təhsilin səviyyəsinin əhatəliliyinin genişləndirilməsi
təhsilin növbəti pillələrində uğurlu nəticələrin
əldə edilməsi üçün başlıca amillərdən
biridir. Bu gün Azərbaycanda məktəbəqədər
təhsilin əhatəlilik səviyyəsi qanedici səviyyədə
deyil. Orta perspektivdə bu göstəricinin
Avropanın aparıcı dövlətlərinin göstəricisinə
çatdırmaq hədəf kimi qoyulub. Təbii
ki, bu, qısa müddət ərzində baş verə bilməyəcək.
Amma bunu deyə bilərik ki, müvafiq istiqamətdə
artıq sistemli işlər və dövlət qurumları ilə
müzakirələr aparılır.
- İcbarilik tətbiq olunarkən uşağın
dövlət məktəbəqədər təhsil müəssisəsinə
getməsi şərt kimi qoyulacaq, yoxsa özəl məktəbəqədər
kurslara da gedilərsə, bu, qaneedilmiş hesab olunacaq?
- Hesab
edirik ki, məktəbəqədər təhsilin əhatəliliyi
baxımından bunun dövlət, özəl təhsil müəssisələri,
yaxud məktəb daxilindəki mövcud məktəbəqədər
hazırlıq qruplarının yaradılması üsulu ilə
təşkil edilməsinin bir o qədər fərqi yoxdur.
- Azərbaycanda
12 illik təhsil sisteminə keçid üçün orta məktəblərin
son siniflərində icbari fənlərin sayını azaldan tədris
proqramlarının hazırlanması, ixtisaslaşmanın
aparılması vacib hesab edilirdi. Artıq bu
işlərə başlanılıb. Ümumilikdə,
12 illik ümumi təhsil sisteminə nə zamandan keçiləcək?
-12 illik təhsil
sisteminə keçid üçün bır sıra məsələlər
öz həllini tapmalıdır. Bunun
üçün həm təhsilin məzmunu təhlil edilməli,
həm də təmayüllləşmənin tətbiqi
genişləndirilməlidir. Eyni zamanda,
icbari təhsili başa vuran və tam orta təhsil səviyyəsi
üzrə təhsil almayacaq şagirdlər üçün
alternativ təhsil imkanlarının yaradılması
imkanları analiz edilməlidir. Artıq bu
istiqamətdə təhlillər başlayıb, təhsil
sistemi daxilində işlər aparılır. Belə
böyük bir islahatın aparılması üçün
müəyyən pilot layihələrə ehtiyac var. Pilot layihələrə
misal olaraq, artıq bu ildən təmayülləşmə tətbiq
edilən məktəb şəbəkəsinin genişləndirilməsi
layihəsini misal göstərə bilərik. Bu
layihə əsasında 50 məktəb şəbəkəyə
əlavə edildi və tam orta təhsil pilləsində - son
iki sinifdə 4 istiqamət üzrə təmayülləşmə
tətbiq olunur. İxtisas seçiminə uyğun olaraq,
keçirilən fənlərin sayının
azaldılması, fənlərin daha dərindən
keçirilməsi və bu yanaşmanın ümumilikdə təhsil
göstəricilərinə təsiri proses getdikcə təhlil
ediləcək. Hazırda hesablamalar
aparılır ki, təmayülləşmənin daha geniş
tətbiqi məktəblərdə dərs yükünə,
şagirdlərin nailiyyətlərinə, digər fənn
müəllimlərinin dərs yükünə necə təsir
edəcək. Bütün məsələlər
ölçülüb biçilməli, təhlillər
aparılmalıdır. Biz yalnız
artıq açıq məsələlərin
qalmadığına əmin olduqdan sonra Təhsil Nazirliyi
olaraq, müvafiq dövlət qurumları qarşısında
bu təkliflə bağlı vəsatət
qaldıracağıq.
- 12 illik
təhsil sistemi 1-ci sinifdən təhsilə başlayanlara,
yoxsa həmin təhsil müddətində təhsil alacaq
bütün şagirdlərə də şamil olunacaq?
- Müxtəlif
ölkələr tərəfindən bu tipli layihələr,
islahatlar aparıldıqda müxtəlif yanaşmalar olur,
burada vahid yanaşma yoxdur. Bu məsələ ilə
bağlı 12 illik sistemin 1-ci sinifdən tətbiq edilməsi,
yaxud təhsilin digər səviyyələrində, paralel
olaraq, bir necə səviyyədə tətbiqi kimi presidentlər
də mövcuddur. Hər bir
yanaşmanın özünün müsbət və mənfi
tərəfləri var. Bu gün bu layihəyə hansı
üsulla, hansı sinifdən başlayacağımızı
deməyi erkən hesab edirik. Müzakirələr
davam etdirilməli və başa
çatdırılmalıdır.
- Yuxarı siniflərdə təmayülləşmə tətbiq edildikdən sonra ali məktəblərin 1 və 2-ci kurslarında keçirilən ümumi fənlərin ixtisar edilməsi nəzərdə tutulurdu. Bu istiqamətdə hansı işlər görülür?
- Ümumilikdə bu məsələlər, ali təhsil müəssisələrinin proqramları müasir tendensiyalar nəzərə alınmaqla, daim yenilənir. Dövlətin mövcud standartları var. Bu standartlara uyğun olaraq, fənlər öz daxilində iki hissəyə - icbarıi və seçmə fənlərə bölünür. Qeyd etdiyiniz məsələ təhsil müddəti daha uzun olan ölkələrdə var, onlarda tam orta təhsil səviyyəsində dərindən öyrənilən fənlər ali təhsil müəssisələrinin ilk tədris müddətində yenidən keçirilmir. Daha dərindən ixtisas fənlərinin öyrənilməsi prioritet sayılır. Hesab edirik ki, Azərbaycanda da təmayülləşmə tam orta təhsil səviyyəsində tam əhatəliliklə tətbiq olunduqdan sonra bu, bizim ali təhsil müəssisələrinin tədris proqramlarına təsir etməyə bilməz. Ancaq bu, yenə də mərhələli şəkildə həyata keçiriləcək. Çünki bu, 6 aya, yaxud 1 ilə işlək mexanizmə çevrilən bir iş deyil. Burada daha uzun bir zaman lazımdır. Amma bundan asılı olmayaraq, ümumilikdə ali təhsil müəssisələri tərəfindən tədris proqramlarına baxılması, onların müasir tələblərə uyğunlaşdırılması istiqamətində işlər gedir. Bununla bağlı Təhsil Nazirliyində müvafiq işçi qruplar yaradılıb. Həmin qruplara bu sahənin və ali təhsil müəssisələrinin nüfuzlu, aparıcı mütəxəssisləri cəlb olunublar, onlar ali təhsil səviyyəsində olan bütün təhsil proqramlarına yenidən baxır, düzəlişlər edir, tövsiyələr verirlər ki, daha çox tətbiqi effekti olan tədris proqramları olsun. Bizə çox yaxın sahə olan müəllimlik peşəsi üzrə kadr hazırlanması istiqamətində də təkmilləşdirmələrin aparılması vacibdir. Pedaqoji kadr hazırlayan ali məktəb tələbələrinin daha çox vaxt praktikada məktəblərdə olması bu sahədə kadr hazırlığına müsbət təsir göstərən amillərdən biridir. Pedaqoji ali təhsil müəssisələri işlərini bu istiqamətə yönləndirməlidirlər.
- Bu gün Azərbaycanda özəl orta məktəblərdə və bağçalarda xidmət haqları kifayət qədər yüksəkdir, bu qiymətlər sadə Azərbaycan ailəsinin büdcəsinə uyğun deyil. Bəzi ekspertlər hesab edir ki, özəl təhsil müəssisələrinin ödəniş haqqını müəyyənləşdirən normativlər hazırlanmalıdır. Sizcə, bu sahədə qiymət siyasətinin tənzimlənməsi üçün hər hansı tədbirlərin görülməsinə ehtiyac varmı?
- Ümumilikdə, Azərbaycanda reallıq ondan ibarətdir ki, həm məktəbəqədər təhsil şəbəkəsinin və onun əhatəlilik səviyyəsinin, həm də özəl orta məktəblərin şəbəkəsinin və onun əhatəlilik səviyyəsinin göstəriciləri kifayət qədər aşağıdır. Özəl təhsil müəssisələrinin əhatəliliyi bu gün 1 faizdən aşağıdır. Təbii ki, biz Təhsil Nazirliyi olaraq, həm məktəbəqədər, həm özəl təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsində uğurlu işlər aparmaqda maraqlıyıq. Ümumilikdə, Azərbaycanda və eyni zamanda hər hansı digər dövlətlərdə özəl məktəbəqədər və ya özəl orta məktəb xidmətlərinin qiymətinin dövlət tərəfindən tənzimlənməsi presidentləri mənə məlum deyil. Bu sahə bir qayda olaraq, daha çox tələb, təklif əsasında formalaşır. Bu sahəyə investisiyaların, yatırımların edilməsi, iş adamlarının maraq göstərməsi tendensiyalarının artırılması istiqamətində hökumət tərəfindən son illərdə ciddi və əhəmiyyətli işlər görülüb. Onların arasında məktəbəqədər təhsil müəssisələrinin vergilərdən azad olunmasını göstərmək olar.
- Amma bu, demək olar ki, sadə vətəndaş üçün qiymət baxımından heç nəyi dəyişmədi...
-Düşünmürəm ki, bu, heç nəyi dəyişmədi. Təhlillər göstərir ki, Təhsil Nazirliyinə lisenziyaların alınması üçün edilən müraciətlərin sayı kifayət qədər əhəmiyyətli şəkildə - 50 faizədək artıb. Bu, o deməkdir ki, bu sahə artıq insanlar üçün yatırım etmək, bu işlə məşğul olmaq baxımından daha maraqlı bir sahəyə çevrilir. Biz hesab edirik ki, bu, müsbət dəyişikliklər edəcək, rəqabət artacaq. Rəqabət də təbii ki, qiymətə və keyfiyyətə müsbət təsir edən amillərdir.
- Nazirlik bu xidmətlərin qiymətlərini
yüksək hesab edir? Yoxsa mövcud qiymətlər normal qəbul
edilir?
- Əslində, Azərbaycanda fəaliyyət göstərən
özəl məktəblərdə hansısa vahid qiymət
yoxdur. Özəl məktəblərin təklif etdiyi xidmətlərin
qiymətləri kifayət qədər çox fərqlənir.
Haradasa bu, çox yüksəkdir,
hansılardasa daha azdır və daha uyğundur. Dövlət tərəfindən dövlət təhsil
müəssisəsində oxuyan hər bir şagirdə müəyyən
qədər vəsait ayrılır. Hər
bir halda təbii ki, valideynlər tərəfindən özəl
məktəblərə ödənilən təhsil haqqı
dövlət tərəfindən dövlət təhsil müəssisəsində
şagirdlərə ayrılan məbləğdən dəfələrlə
fərqlənir.
- Orta məktəblərdə
hansı ödənişli xidmətlərin yaradılması
nəzərdə tutulur?
- Dövlət
tərəfindən təqdim olunan və Azərbaycan
qanunvericiliyinə əsasən müəyyənləşdirilmiş
təhsil xidmətləri var ki, onlar vətəndaşlara
pulsuz olaraq, təqdim olunur. Dövlətin vəzifəsi
və funksiyası ondan ibarətdir ki, bu xidmətləri
vaxtlı-vaxtında, keyfiyyətli şəkildə vətəndaşlara
təqdim etsin. Amma elə xidmətlər
var ki, onların bu gün dövlət tərəfindən
ödənişsiz əsaslarla təklif olunması nəzərdə
tutulmayıb. Mən misal kimi ötən
ildən Bakı şəhərində tətbiq olunan məktəbəhazırlıq
qruplarının formalaşdırılması layihəsini
göstərə bilərəm. Bu layihə
valideynlər üçün ödənişli oldu. Hesab edirik ki, bu xidmət valideynlərə çox
münasib qiymətlərlə təklif olundu. Valideynlər böyük həvəslə bu layihəyə
qatıldılar. Bakıda 87 təhsil
müəssisəsində 3006 şagird həmin bu sistemdən
keçdi. Bu, bizə imkan verdi ki, bir
tərəfdən uşaqların məktəbəhazırlıq
səviyyəsini yüksəldək. Digər tərəfdən,
bu, dövlət büdcəsinə hər hansı yük olmadan
təşkil edildi. Üçüncü məsələ
ondan ibarətdir ki, orada dərs deyən 174 müəllimə
2014-2015-ci tədris ili ərzində 355 min
manat məbləğində əlavə ödəniş
edildi. Təbii ki, buradan dövlətə vergilər
ödənildi, sosial sığorta ödənişləri
edildi. Həmin bu xidmətlərin təşkil
olunduğu 87 məktəb rəhbərliyinə əlavə
olaraq, mükafatlar verildi. Bu da həm
stimullaşdırma baxımından, həm müəllimlərin
maddi rifah halında yaxşılaşdırılması
üçün müsbət bir addımdır. Bundan sonra yaradılacaq ödənişli xidmətlərlə
bağlı normativ sənədlər hazırlanaraq müvafiq
dövlət qurumlarına təqdim edilib. Həmin
sənədlər təsdiq edildikdən sonra kifayət qədər
açıq şəkildə hansı xidmətlərin
ödənişli əsaslarla göstəriləcəyi
öz əksini tapacaq. Ümumilikdə, biz onu qeyd edə
bilərik ki, uşaqların inkişafına yönəlmiş
məktəbdən kənar fəaliyyət, onların asudə
vaxtlarının təşkili və digər bir sıra xidmətlərin
əlavə olaraq, ödənişli əsaslarla keçirilməsi
təhsil sistemində kifayət qədər geniş
yayılmış, vətəndaşlar, cəmiyyət tərəfindən
müsbət qarşılanan bir yanaşmadır. Mən hesab edirəm ki, biz bu məsələlərə
düzgün və məsuliyyətli yanaşmalıyıq.
Çünki hər hansı əlavə xidmətlərin
hamısının yükünü eyni zamanda dövlətin
üzərinə qoymaq da real deyil.
525-ci
qəzet.- 2015.- 2 oktyabr.- S.5.