Özümüzdən keçən jurnalistika...

 

Mənə Milli mətbuatımızla əlaqədar yazı yazmaq təklif olunanda bir qədər tərəddüd etdim. Çünki  müxtəlif  vaxtlarda bu mövzuda çox yazmışdım, efir dalğalarında çıxışlarım olmuşdu. Hər dəfə də təkrar olmasın deyə mövzuya müxtəlif səmtlərdən (faktoloji və üslub cəhətdən) yanaşmışdım. "Bəs indi nə yazım, necə yazım?"  sualına cavab axtararkən ağlıma belə bir fikir gəldi: "Bəlkə elə özümün jurnalistika tarixçəmdən yazım?"  Düşüncəmə bəraət üçün əlavə etdim ki, "75-i haqlamışam, sinnimin düz 55 ilini mətbuat sahəsində çalışmışam, milli jurnalistikamızın enişli-yoxuşlu mərhələlərindən keçmişəm və bu illər ərzində 20 kitaba sığan publisistik və bədii əsərlər yaratmışam..." Həyatı boyu mətbuatımızın yükünü daşıyan, işıqlı əməlləri ilə onu şərəfləndirən və ucaldan insanları göz önünə gətirərək, düşündüklərimə haqq qazandırmağa çalışdım: "Məgər bizim mətbuat tarixçəmiz Azərbaycan mətbuatı tarixinin bir parçası deyilmi?"

 

 Beləliklə, mətbuatımızın inkişafında az-çox xidməti olan "öz tarixçəmi" yazmağı qərara aldım. Özü də jurnalistikamızda "yeni" olan bir janrda, "Özümlə müsahibə" janrında yazdım. Suallar da mənim, cavablar da...

 

- Lap körpəlikdən səni  ovsunlayan və həyat yollarında daim himayədarın olan bu "Allah vergisini" - yazmaq bacarığını    zaman və harada qazanmısan?

 

- Dünyanın üzərini qara buludlar alan  bir ildə Bərdə şəhərində doğulmuşam.  Bizi (iki qardaş, bir bacını) atasız, anamızı ərsiz qoyan müharibə kabusu uşaqlıq sevincimizi oğurlasa da,  məhrumiyyətlərə dözərək, alnıaçıq yaşamışıq. Mən (ailənin sonbeşiyi)  həmişə dərs əlaçısı olmuşam. Müəllimlərim, xüsusən ədəbiyyat müəllimlərim (Laçın Vəliyeva, Rəfiqə Hacıyeva)  mənim inşa yazılarımı çox tərifləyirdilər. "Allah vergisi" deyilən yazmaq istedadı təkcə inşa yazılarımda özünü göstərmirdi. Xısın-xısın şeirlər, nəzirələr, gülməcələr yazırdım. Hamıdan gizlətməyə çalışdığım qalın "can dəftərim" bu cür yazılarla dolurdu. Sonra təxəyyülümün məhsulu olan süjetli hekayələr yazmağa başladım. Orta məktəbin yuxarı siniflərində isə Bərdənin "Lenin yolu"  qəzetində məqalələrim dərc olunurdu... Qonşuluqda yaşayan tarixçi-şair Əli müəllim (Əli Əyricəli) çəpərimizdən boylanaraq, anama söylədiyi tərifli sözləri mən də eşitdim: "Oğlun gözəl qələm sahibi olacaq, yaxşı əsərlər yaradacaq". Bu sözlər məni ruhlandırsa da anamı sevindirmədi. Çünki anam məni həkim görmək istəyirdi...

 

- Jurnalist  peşəsi üçün təkcə yazmaq bacarığı kifayət deyil. Onu digər peşələrdən fərqləndirən özəl xüsusiyyətlərə vaqif  olmadan kamil  jurnalist, peşəkar mətbuat işçisi səviyyəsinə qalxa bilməzsən...

 

- Jurnalistikanın sirlərinə bələd olmaq, onları mənimsəyərək öz fəaliyyətimdə tətbiq etmək üçün həm nəzəri, həm də təcrübə məktəbi keçmişəm. O zaman Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsi milli jurnalistikamızın Məkkəsi sayılırdı. Azərbaycanın təhsil şəbəkəsində yeganə olan bu şöbəyə daxil olmaq olduqca çətin idi. Çünki burada "yazmaq istedadı" seçimin əsas şərtlərindən idi və hər abituriyent bu yarışdan qalib çıxa bilmirdi. Xoşbəxtlikdən mən bu maneəni aşa bildim və 1957-ci ildə ADU-nun jurnalistika şöbəsinə daxil oldum...

 

Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsində keçən tələbə ömrümüz coşğun çay kimi axaraq, böyük "dəryaya" qovuşmağa can atırdı. Biz daha əvvəlki kövrək, dəymədüşər yeniyetmələr deyildik. Yaşlılarımız bir az da "ahıllaşmış", "sütüllərimiz" cavanlaşmışdılar. Daha bilik yarışı ilə kifayətlənmirdik. Seminarlarda, imtahanlarda "beş" almaq heç kimi təəccübləndirmirdi. İndi qrup yoldaşlarımız arasında rəqabət "yaradıcılıq meydanında" davam edirdi. Hər birimiz qələmimizin məhsulu ilə öyünürdük. Axı biz jurnalistika şöbəsinin tələbələri idik və tezliklə bu ümmanın qəvvasları, çətin yolun yolçuları olacaqdıq. Bunun üçün isə ilk növbədə özümüzü zamanın tələbinə, jurnalistin tükənməyən "əzablı həyatına" hazırlamalı idik. Jurnalist olmaq istəyən, o zaman barmaqla saya gələn kütləvi informasiya vasitələri şəbəkəsində özünə iş yeri tapmaq arzusunda olan hər kəs buna məcbur idi. Təsərrüfatdan yazanda təsərrüfatın, sənayedən yazanda sənayenin, elmdən və mədəniyyətdən yazanda bu sahələrin "bilicisi" olmalı idin. O zamankı jurnalistika məktəbinin məziyyəti də elə bunda idi. Məhz zəhmətkeş və öyrədici jurnalistika məktəbi biz cavanları daim həyatın axarına qovurdu. Çox gəzmək, çox görmək, çox öyrənmək istəyirdik. Yalnız bundan sonra ələ qələm alıb, fikir yürütmək olardı. Əlbəttə, bizi bu yola hazırlayan "yaxşı kişilər" vardı. Universitet divarları arasında "nəzəriyyə" müəllimlərimiz, redaksiyalarda isə səxavətli və təcrübəli qələm sahibləri...

 

Seçdiyim peşə ürəyimcə olduğundan mən   bu axarda birincilər sırasında idim. 1962-ci ilin baharı idi. Universitetlə vidalaşmağa az qalırdı. Dövlət imtahanlarının, habelə diplom işi müdafiəsinin xofu ilə yaşayırdıq. Mən isə daha həyəcanlı anlar keçirirdim. Çünki xəbər gözləyirdim. Bu xəbər "Bakı" qəzetinin "Ən yaxşı oçerk və hekayələr" mövzusunda keçirdiyi Respublika müsabiqəsinin yekun nəticələri idi. Gizli devizlə keçirilən bu yarışa mən də qoşulmuşdum. Dəniz neftçilərinin həyatından bəhs edən "Hələlik, əzizim..." adlı oçerkimi "Günəş" devizi ilə müsabiqəyə təqdim etmişdim... Nəhayət, gözlədiyim vaxt gəlib çatdı. Məni xoşbəxt edən xəbər tələbə dostlarımı da sevindirdi. "Hələlik, əzizim..." oçerki Respublika müsabiqəsinin Birinci mükafatına layiq görülmüşdü...

 

Tezliklə tələbə həyatımıza əlvida dedik, toxum olub,  vətənin müxtəlif  guşələrinə səpələndik. Əsl jurnalist adını qazanmaq üçün özümüzü axtarmağa getdik.

 

- Dedin ki, "tələbəlik həyatına əlvida deyərək, özümüzü axtarmağa getdik". Sən özünü haralarda " axtarmalı" oldun?

 

- Məzun olandan sonra ilk iş yerim "Kommunist" qəzetinin (indiki "Xalq qəzeti") redaksiyası oldu. Ancaq burada çox  "ləngimədim". O zaman  Xruşşov islahatlarından biri də ərazi cəhətdən yaxın olan inzibati rayonları birləşdirərək "İstehsalat idarələri" və müvafiq olaraq rayonlararası zona qəzetləri yaratmaq olmuşdu. Azərbaycanın cənub bölgəsində İmişli, Jdanov (indiki Beyləqan ) və Füzuli rayonlarının həyatını işıqlandıracaq Mərkəzi Komitənin orqanı olan "Yüksəliş"  qəzeti də belə yaranmışdı. Bu tipli qəzetlərin məziyyəti ondan ibarət idi ki, yerli hakimiyyət orqnlarına tabe deyildi,  senzuranın nəzarətindən xeyli aralıda idi, başqa sözlə, bu qəzetdə jurnalist qələminə, azad sözə rəvac vermək nisbətən asan idi.

 

Mərkəzi Komitədə "Kommunist"  qəzetinin bölgə müxbiri, kəskin yazıları ilə ictimaiyyətin rəğbətini qazanmış Qubad Süleymanovu  "Yüksəliş" qəzetinə redaktor təsdiq edərkən mən də həmin qəzetə məsul katib təyin olundum. Orada işlədiyim iki il ərzində həm də "Kommunist"in zona müxbiri kimi fəaliyyət göstərdim. "Yüksəliş"də çalışdığım illər təkcə qələmimi "cilalamaqda" yardımçı olmadı, həm də vətənimizi iki yerə parçalayan Arazbasar haqqında zəngin məlumat topladım. Sonrakı illərdə qələmə aldığım onlarca publisistik məqalələrim, "Qırmızı sahil" və "İşğal vadisi" romanlarım faktoloji mənbəni həmin bilgilərdən götürüb.  Həmin iki ilin mənə hədiyyə etdiyi  ən qiymətli töhfələrdən biri də Qubad Süleymanov məktəbindən öyrəndiklərim olub. Bu barədə çox yazdığım üçün təkrar etmək istəmirəm...

 

- Daha hansı jurnalistlərin fərdi  "məktəbindən"  faydalanmısan?

 

- Hər bir peşəkar jurnalistin yaradıcılığını başqalarından fərqləndirən "cövhər" olur. Bu xüsusiyyət  örnək olmaq  səviyyəsinə çatanda  "fərdi məktəb" adlandırıla bilər. Mən istər təhsil illərində, istərsə də müstəqil fəaliyyət dövründə  bu qəbildən olan "məktəblərdən" çox şey öyrənmişəm.  Tələbəlik dövründə Nurəddin Babayev, Nəriman Zeynalov, "Bakı" qəzetində işləyərkən Nəsir İmanquliyev, Şamil Şahməmmədov, Teleradio Komitəsində çalışarkən Cəmil Əlibəyov, Elşad Quliyev, Nahid Hacıyev  bir çox cəhətdən öyrənc yerim olublar.

 

- Özün də belə bir "məktəb" yarada bilmisənmi?

 

- Bu suala "hə" cavabı verə bilmərəm. Amma onu bilirəm ki, harada işləmişəmsə orada müsbət izim qalıb... Bunu arxamca deyilən söz-söhbətdən eşitmişəm...

 

- Respublikanın "beş qəzetindən birinə" - "Azərbaycan gəncləri" qəzetinə 15 il rəhbərlik etmək asan iş deyil. Bu illəri necə xatırlayırsan?

 

- Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Bürosu 1980-ci ilin oktyabrında məni "Azərbaycan gəncləri" qəzetinin redaktoru vəzifəsinə təsdiq etdi. O zaman KP MK-nın birinci katibi ulu öndərimiz Heydər Əliyev idi. Mən 1981-ci ilin fevralından yeni təyinat yerimdə fəaliyyətə başladım. O vaxtadək 18 illik jurnalistlik stajına malik idim. Bunun da təxminən yarısını gənclərlə iş sahəsində qazanmışdım. "Bakı" qəzetindən gedəndən sonra Azərbaycan Televiziyasında gənclər üçün proqram Baş redaksiyasında əvvəlcə böyük redaktor, sonra baş redaktor vəzifələrində çalışmışdım. "Azərbaycan gəncləri"ndə redaktorluq fəaliyyətim düz 15 ildən sonra, 1995-ci ilin oktyabrında başa çatdı. Bu zaman qəzet maliyyə burulğanına düşdüyü üçün son günlərini yaşayırdı. Odur ki, ürəyimcə olmasa da, doğma qəzetlə vidalaşmalı oldum...

 

- Qəzetlə vidalaşdın, amma jurnalistika ilə yox. Redaktorluq "buxovundan" azad olandan sonra imzan daha tez-tez görünməyə başladı. Bu yazılar kitablara çevrildi. İndiyədək 20 kitabın nəşr olunub...

 

- İş yerlərim dəyişsə də yazmaq həvəsim heç zaman azalmayıb. Qəzetdən gedəndən sonra Mərkəzi Seçki Komissiyasında, sonra İqtisadi İnkişaf Nazirliyində mətbuat katibi, Milli Aviasiya Akademiyasında  tərcüməçi və "Gənc aviator" qəzetinin baş redaktoru vəzfələrində çalışmışam. İctimai vəzifələrim də az olmayıb. Yazıçılar Birliyində dörd  qurultay dalbadal Təftiş Komissiyasının sədri seçilmişəm. Bakı Dövlət Universitetinin  Jurnalistika fakültəsində Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi fənnindən dərs demiş, həm də bakalavr pilləsində buraxılış imtahanları üzrə Dövlət Komissiyasına sədrlik etmişəm. Hazırda Mətbuat Şurası nəzdində fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisinin sədriyəm. Fəaliyyətimin çoxşaxəli olmsına baxmayaraq vəzifə qayğılarım heç zaman yaradıcılıq işimə mane ola bilməyib.

 

-  Xidmətlərin layiqincə qiymətləndirilibmi?

 

-  Narazılığım yoxdur. Əməkdar jurnalist, Ali Media Mükafatı,  Heydər Əliyev Beynəlxalq müsabiqəsinin laureatı, "Qızıl qələm" və Milli "Yaddaş" mükafatları, onlarca yaradıcılıq diplomu... Peşəkar jurnalist üçün bunlar bəs deyilmi?

 

- Ahıl Jurnalistlər Məclisinin adını çəkdin. Bu qurumu qısaca olaraq necə xarakterizə edərdin?

 

- Fəaliyyətinə 2010-cu ilin oktyabrından başlayan Ahıl Jurnalistlər Məclisinin əsas məramı yaşlı qələm yoldaşlarımızı unudulmağa qoymamaq, iş qabiliyyətini itirmiş, yaxud xəstəlikdən əziyyət çəkən, həyat eşqini itirməkdə olan həmkarlarımıza mənəvi dayaq olmaq, habelə dünyasını dəyişmiş görkəmli jurnalistlərimizin anım günlərini keçirməklə onların mətbuat sahəsindəki xidmətlərini və yaradıcılığını müasirlərimizə çatdırmaqdan ibarətdir. Ən əsası isə yaşlı jurnalistlərimizi "hərəkətə gətirmək", onları günümüzün aktual tədbirlərinə qoşmaq və cəmiyyət quruculuğuna yaxınlaşdırmaqla milli jurnalistikamızın inkişafı üçün faydalı ola biləcək "Ahıl+Cavan" tandeminə nail olmaqdır. Milli Mətbuatımızın 140  illik  yubileyinə həsr etdiyimiz "Siz  unudulmamısınız..." adlı kitabda Ahıl Jurnalistlər Məclisinin çoxşaxəli fəaliyyəti geniş əksini tapıb. Həmin kitab yubiley ərəfəsində ictimaiyyətə təqdim olunacaq.

 

- Söhbətimiz uzandı. Odur ki, sonuncu sualımı verirəm: İki ictimai quruluşun, iki jurnalistika mühitinin nümayəndəsi olmusan. Bu ikiləri necə müqayisə edərdin? Başqa sözlə, Sovet jurnalistikasından öyrənməli nə qalıb?

 

- Əvvəla, hər hansı məsələyə münasibət bildirərkən "Zaman və Məkan" faktorunu unutmamalıyıq. "Sovet jurnalistikası" və "müasir jurnalistika" anlamları ayrı-ayrı zamanların, başqa sözlə, müxtəlif formasiyaların, ictimai quruluşların məhsulu olduğu üçün bir-birindən ilk növbədə mahiyyət etibarilə fərqlənir. Onlardan biri 70 il ərzində formalaşmış (hərçənd bu dövrün özünü də mərhələlərə bölmək olar) güclü totalitar dövlətin ideologiya silahı olan Sovet jurnalistikası, digəri isə müstəqilliyini yenicə bərpa etmiş, sərbəst iqtisadiyyatın və demokratik cəmiyyət quruculuğunun çətin yollarını aşan gənc respublikanın hələ də özünün əsl modelini axtarmaqda olan müasir Azərbaycan jurnalistikasıdır. Belə olan halda, təbii ki, bu iki jurnalistika arasında keyfiyyət fərqləri də kifayət qədərdir. Məncə, onları müqayisə edərkən "yaxşı" və ya "pis" sözlərini işlətmək düzgün deyil. Çünki hər ikisi öz zamanı və ictimai quruluşu üçün daha faydalı olanı ön plana çəkərək, təbliğ etmiş və etməkdədir.

 

Qaldı ki, verilən suala, mən onun yönümünü bir qədər dəyişərdim: müasir jurnalistika Sovet jurnalistikasından nəyi öyrənməməlidir? Bu suala cavab olaraq demək istərdim ki, ilk növbədə mütiliyi öyrənməməlidir. Çünki Sovet jurnalistikası vahid mərkəzdən idarə olunan, sosializm ideologiyası ilə buxovlanan, yalnız imperiya maşınının sifarişlərini yerinə yetirən müti jurnalistika idi. Hər sahədə özünü göstərən bu asılılıq, üzüyolalıq milli jurnalistikamıza da zərbə vurmuş, onun dünya standartlarına yaxınlaşmasına mane olmuşdur. Ümumiyyətlə, jurnalistikanın simasını, başqa sözlə, keyfiyyət göstəricisini müəyyən edən amil onun icraçıları, yəni jurnalistlərdir, daha doğrusu, onların peşəkarlığıdır. Odur ki, jurnalistikamızda  "peşəkarlıq boşluğunu" doldurmaq üçün bütün vasitələrdən istifadə etməliyik.

 

- Axırda deməliyəm ki, 75 yaşın mübarək!

 

-Ad günüm münasibəti ilə məni təbrik edən bütün həmkarlarıma, media orqanlarına  təşəkkürümü bildirirəm.

 

Yusif KƏRİMOV

Əməkdar jurnalist, Ahıl Jurnalistlər Məclisinin sədri

525-ci qəzet.- 2015.- 2 oktyabr.- S.4.