Məlum və Naməlum Üzeyir
Hacıbəyov
(63 illik ömrünün
60 ilini Üzeyir bəy Hacıbəyli Çar Rusiyası və Sovet Azərbaycanında
Hacıbəyov soyadı
ilə yaşayıb və yaradıb. Məqalə
sənədlər əsasında
yazıldığı üçün
müəllif, Hacıbəyov
soyadını saxlayıb)
(Əvvəli ötən sayımızda)
1905-ci il Bakının qaynar ictimai-siyasi və mədəni həyatı böyük istedadlar və cəsarətli arzular
üçün böyük
də imkanlar açırdı. Həmin
dövr Rusiya inqilabının təsiri ilə
imperiyanın ucqarlarında
da yaranmış nisbi azadlıqlar şəraitində
Azərbaycan milli
mətbuatının təşəkkülü
fonunda Azərbaycan milli şüurunun formalaşması
prosesi sürətlə
güc toplamağa başlayır. Azərbaycan
ictimai-siyasi və ədəbi-mədəni fikrinin
tanınmış nümayəndələri
Əli bəy Hüseynzadə, Əhməd
Ağayev, Əlimərdan
bəy Topçubaşov,
Cəlil Məmmədquluzadə,
Ö.F.Nemanzadə və
d. səyləri ilə
bir-birinin ardınca yeni qəzet və jurnallar nəşrə başlayır,
ilk müsəlman xeyriyyə
cəmiyyətlərinin əsası
qoyulur, gənc M.Ə.Rəsulzadə özünün ilk siyasi yönlü təşkilatını
yaradırdı. Böyük
istedad və fəaliyyət üçün
son dərəcə münbit
sayıla biləcək
məhz bu mühitdə Üzeyir Hacıbəyovun güclü
publisistik və satirik qələmə malik olduğu üzə çıxır.
1905-1916-cı illərdə qısa fasilələrlə
(Moskva və Peterburqda təhsil aldığı illər)
Ü.Hacıbəyov dövrün
ən ciddi və sanballı mətbuat orqanlarında -
“Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”,
“Molla Nəsrəddin”,
“Həqiqət”, “İqbal”
və s.- ən müxtəlif mövzularda və ən müxtəlif janrlarda
700-dən artıq məqalə və felyeton yazmış, “İrşad” və “Tərəqqi” qəzetləri
redaksiyalarında
mütərcim və
felyetonçu işləmiş, müxtəlif illərdə “Tərəqqi”,
“Yeni İqbal” və “Həqiqət” qəzetlərinin mühərriri
və redaktoru olmuşdur.
Elə həmin dövr Üzeyir bəy özünün professional musiqi sahəsində ilk addımını
atmış,
1908-ci ilin yanvarında “Leyli və Məcnun” operası ilə yalnız Azərbaycanda deyil, bütün müsəlman Şərqində
operanın əsasını
qoymuş,
1915-ci ilə qədər
daha 5 opera və 3
operetta yazmaqla və onlara səhnə həyatı verməklə özünün
bu sahədə də böyük istedad və təşkilatçılıq qabiliyyətini tam şəkildə
təsdiq etmişdir.
Lakin bütün
bu uğurlar heç də asan başa gəlmirdi. Rusiya imperiyasının idarə aparatı,
Dövlət Dumasının
fəaliyyəti, qeyri-rus
xalqlara və millətlərə münasibət,
və s. kimi siyasi-ictimai mövzularda ciddi tənqidi mövqedən yazılmış
məqalə və çıxışlara görə çar hökumətinin senzura orqanları qarşısında
cavab verməli olduğu halda, bəzi yerli mətbuatın açıq-aydın qərəzli, böhtan və təhqir dolu hücumları gənc mühərrir, jurnalist və bəstəkarı yalnız özünü deyil, həyatını həsr etdiyi işin və amalının müdafiəsinə qalxmağa vadar edirdi. Üzeyir bəyin ümummilli, xalq mənafeyini şəxsi
maraqlarından üstün
tutması kimi keyfiyyəti özünü hələ
1909-cu ildə “Zənbur”
jurnalının ona və redaktoru olduğu “Tərəqqi” qəzetinə hücum kampaniyası zamanı büruzə verir.
“1908-ci ildə “Tərəqqi” qəzetinin təsisçisi
və redaktoru Əhməd bəy Ağayev İstanbula uzunmüddətli səfəri
ilə əlaqədar
qəzetin müvəqqəti
mühərrirliyini redaksiyanın
gənc əməkdaşı
Üzeyir Hacıbəyova
tapşırır. Bu qəzetin
Azərbaycan cəmiyyətində nüfuzu, onun iti qələmli
redaktorunun isə üstəlik bəstəkar
şöhrəti görünür
ki, satirik “Zənbur” jurnalının
rəhbərliyini narahat
edir və onu hörmətdən salmaq, həm də öz adlarını qaldırmaq niyyəti ilə jurnalda bir neçə qərəzli, açıq-aydın
fitnəkar məzmunlu
yazılarla bərabər Ü.Hacıbəyovun qarabağlılara
məxsus geyimdə karikaturası çap edilir.
Bu hücumlara cavab vermək qərarına gələn Üzeyir bəy öz yazısını belə
başlayır: “Ümum
millətimizin asayiş
və səlamətini
gözləyən “Tərəqqi”
kimi bir qəzetin mühərriri olduğum üçün
“zənburçulara” ciddi
surətdə təklif
edirəm ki, mənə qarşı hər nə həzyənat söyləyəcəklərsə
söyləsinlər. Lakin
məni bəhanə edib də yekdil
və yekvücud olması lazım gələn millətimizin
içinə “qarabağlı”,
“bakılı” kimi fitnəəngiz məsələlər
salmasınlar...”
“Tərəqqi” qəzetində dərc olunmuş və bir qədər emosional ruhda yazılmış bu cavabı İstanbulda oxuyan Əhməd bəy Ağayev özünün 24 yaşlı gənc həmkarına göndərdiyi məktubda qəzeti və şəxsən Əhməd bəyi müdafiə etdiyi üçün təşəkkürünü bildirməklə yanaşı sakit olmağı, bir daha belə şeylərə cavab verməməyi tövsiyə edir: “Sən öz işinlə məşğul ol, bacardıqca millətinə xidmət et... Əmin ol ki, əhali nə qədər avam olsa da, hər kəsi gözəlcə bilir, tanıyır. Ona görə də hər kəsi qədrincə təqdir edir!”
Bu tövsiyə Üzeyir bəyin qarşıdakı geniş siyasi və ictimai publisistik fəaliyyətinin hər hansı şəxsi inciklik və emosiyalardan uzaq, təmkin və soyuqqanlılıq, eyni zamanda güclü məntiq, əsaslandırılmış təhlil və tənqid, inandırmaq məharəti kimi xüsusiyyətlərə malik olmaqla tamamilə yeni bir mükalimə aparmaq səviyyəsinə qalxmasında mühüm rol oynayır.
Məşğul olduğu bütün sahələrdə nümayiş etdirdiyi danılmaz istedadla yanaşı ictimai fəallığı, iti müşahidə, nəticə almaq və qərar vermək qabiliyyəti, ən nəhayət, bütün qanına və canına hopmuş yüksək vətənpərvərlik və millətsevərlik hissləri Üzeyiri vətən və millətin taleyində daha yaxından iştirak etmək qənaətinə gətirir.
1915-ci ilin sonlarından başlayaraq Üzeyir bəyin imzası dövrün ən görkəmli ictimai xadim və ədibləri Ə.b.Ağayev, Ə.Haqverdiyev, H.Cavid, Ə.Cavad, T.Şahbazi, Y.V.Çəmənzəminli, N.Vəzirov, Ə.Əzimzadə və d. ilə birlikdə “Türkləşmək, Modernləşmək, İslamlaşmaq” şüarı altında çıxan “Açıq söz” qəzetinin fəal yazarlarının sırasında görünür. Başda qəzetin redaktoru M.Ə.Rəsulzadə olmaqda Azərbaycan milli ideologiyasının formalaşmasında müstəsna xidmətləri olan bu mətbuat orqanının səhifələrində Ü.Hacıbəyov artıq sırf milli məfkurənin daşıyıcısı, yetkin bir siyasi publisist və ictimai xadim kimi geniş türk-azərbaycanlı kütlələrin milli şüurunun oyanması prosesində iştirak edir. Rusiyada 1917-ci il Fevral inqilabı, daha sonra Oktyabr çevrilişi Azərbaycan milli qüvvələrini, və sözsüz bu sıraya daxil olan Üzeyir Hacıbəyovu da Azərbaycan xalqının gələcək müqəddəratı ilə bağlı daha qətiyyətli mövqe nümayiş etdirmək zərurəti ilə üzləşdirir. Məhz bu dövrdən başlayaraq Üzeyir bəy, özünün gələcəkdə müsavatçılar barəsində dediyi kimi, “heç bir “sağ” ya “sol” cərəyanlara meyl etmədən” sırf milli-istiqlal tərəfdarı kimi çıxış edir.
Maraqlıdır ki, elə Üzeyir bəyin ictimai-siyasi fəaliyyəti ilə bəstəkarlıq fəaliyyətini birləşdirmək cəhdi ilk dəfə məhz bu dövrdən başlayır. 1917-ci ilin sonlarında Y.V.Çəmənzəminlinin “Açıq söz” qəzetində Üzeyir bəyə ünvanlanan “hər millətin, xalqın öz milli marşı var, bizimki niyə olmasın” təklifini qəbul edən publisist-bəstəkar az sonra elə “Açıq söz” qəzetinin səhifələrində artıq belə bir “milli himn” yazdığını bildirir və bu musiqi növünün əhəmiyyətini izah etməklə marşın 1918-ci ilin ilk günlərində “O olmasın, bu olsun” tamaşasından qabaq çalınıb oxunacağını xəbər verir. Həmin yazıda Üzeyir bəyin ilk himn bəstələmək təcrübəsi sayıla biləcək bu milli marşın tam mətni də dərc olunur. Məşhur türk hökmdarlarının adları çəkilən, türkün qüdrətindən bəhs olunan həmin mətndən bu ilk milli marş- himnin tam türkçülük ruhu daşıdığı bəlli olur.
Lakin 1918-ci ilin əvvəllərində Bakının son dərəcə gərgin siyasi abu-havası Üzeyir bəy də daxil olmaqla, Azərbaycan milli qüvvələrinin istiqlal arzusunun asanlıqla reallaşacağından xəbər vermirdi. Yaranmış vəziyyəti real qiymətləndirən “Açıq söz” dönə-dönə şəhərin müsəlman əhalisini mümkün qədər ayıq olmağa, təxribatlara uymamağa çağırırdı. 1918-ci il mart hadisələri bu çağırışların nə qədər əsaslı olduğunu göstərdi. Qanlı mart faciələrini bütün Bakı əhalisi ilə birlikdə yaşayan Üzeyir bəy, erməni silahlı dəstələrinin öldürmək, həbs və talan məqsədilə əllərindəki hazır siyahılarla tanınmış müsəlman xadimlərinin və zənginlərinin evlərini gəzdikləri həmin günlərdə, kifayət qədər tanınmış şəxs olmasına və yaşadığı evin hücuma məruz qalmasına baxmayaraq, nəinki gizlənmir, əksinə Əli Mərdan bəy Topçubaşovun qırğınları dayandırmaq məqsədilə danışıqlar aparmaq üçün yaratdığı ziyalılar dəstəsinə daxil olur.
Lakin “Bakını xarabazara döndərməyi vəd edən” bolşevik-daşnak qüvvələrinin öz məqsədlərinə çatdıqdan sonra Ə.M.Topçubaşov daxil olmaqla başladıqları kütləvi həbslər qarşısında Üzeyir bəy yaxın qohumu bolşevik Hənifə Terequlovun vasitəsilə Bakı Soveti İcraiyyə Komitəsinin sədri G.Caparidzedən “vətəndaş müharibəsi” dövründə şəhərdə tamaşa vermək imkanından məhrum olan “Hacıbəyov qardaşlarının teatr truppasının” İrana qastrola getməsi üçün icazə ala bilir.
20 ildən sonra, Stalin repressiyaları dövründə bu faktı “Sovet hakimiyyətindən qaçmaq” kimi qiymətləndirərək Üzeyir bəyə xatırladacaqlar. Lakin 1918-ci ilin yazında ailəsi, anası və teatr truppası ilə İranın Gilan vilayətinə gedən Üzeyir bəy, bununla, mümkündür ki, özünün və bir çox yaxınlarının həyatını təhlükədən xilas edir. “Mart qırğınları” nümunəsində Sovet hakimiyyəti ilə bu ilk tanışlıq Üzeyir bəyin siyasi görüşlərində kəskin anti-bolşevik bir mövqenin formalaşmasına gətirib çıxarır ki, bu mövqeyini o, az sonra “Azərbaycan” qəzetindəki yazılarında tam çılpaqlığı ilə ortaya qoyacaq.
(Ardı var)
Solmaz Rüstəmova-Tohidi
tarix elmləri doktoru,
prof.
525-ci qəzet.- 2015.- 3 oktyabr.- S.30