Ədəbiyyatşünaslığın
nailiyyəti: “Milli oyanış və özünəqayıdış
lirikası”
Ədəbi-elmi fikrin və ədəbi tənqidi
düşüncənin inkişafında müxtəlif ədəbiyyatşünas
nəsillərinin, o cümlədən, ayrı-ayrı
yaradıcı şəxsiyyətlərin rolu böyük və
danılmazdır.
Ədəbiyyatı
sevən, onu öyrənib təbliğ edən, ədəbi-elmi
fikrə xidmət göstərmək istəyən hər bir
şəxs ədəbiyyatşünaslıq elminin nailiyyətlərinə
sevindiyi kimi, həmin
sahəyə öz töhfələrini vermək
üçün də xeyli çalışır və səy
göstərir. Bu fikri çox böyük məmnunluqla
imzası ədəbi-elmi ictimaiyyətə çoxdan və
yaxşı tanış olan Yaşar Qasımbəyli
haqqında, onun çap olunmuş “Milli oyanış və
özünəqayıdış lirikası” adlı fundamental
monoqrafiyası barəsində də söyləmək olar. Yaşar Qasımbəylinin monoqrafiyası öz mövzusunun
aktuallığına, əhatə etdiyi faktların
genişliyinə, öyrənilmiş materialların zənginliyinə,
diqqət yönəltdiyi elmi-nəzəri problemlərin
sanbalına, çıxardığı nəticələrin
obyektivliyinə və həqiqiliyinə görə ədəbiyyatşünaslıq
elmimizin yeni nailiyyətlərindən biridir.
Yaşar
Qasımbəyli ötən əsrin 70-ci illərində
Bakıda və Daşkənddə ali filoloji təhsil
almış, sonralar isə həm Daşkənddə, həm
də Bakıda filoloji sahədə tədqiqatlar
aparmış və aparmaqdadır. O, Azərbaycan dili kimi
özbək dilini də gözəl bilir, bu dildə də
danışmağı və yazmağı bacarır. Azərbaycan ədəbiyyatı nümayəndələrinin
həyat və yaradıcılığını, onların
ayrı-ayrı əsərlərinin ideya-bədii xüsusiyyətlərini
təhlil etməklə yanaşı, özbək ədəbiyyatının
qabaqcıl nümayəndələrinin bədii irsi barədə
də kifayət qədər bilgiyə malikdir. Xüsusilə
ötən əsrin 60-80-ci illərində Azərbaycan ədəbiyyatında
gedən proseslərə yaxından bələdlik, həmin
dövr özbək ədəbiyyatının inkişaf meylləri
barədə də inandırıcı fikir və mülahizə söyləmək
səriştəsi onun bu istiqamətdə tədqiqat aparmaq
imkanlarını bir az da genişləndirir. Buna
görə də Azərbaycan və özbək ədəbiyyatı
nümunələrini bir müstəvi üzərinə gətirməklə
hər iki ədəbiyyatın həm səciyyəvi, həm
də ümumi cəhətlərinin
araşdırılmasında Yaşar Qasımbəyli daha
çox səlahiyyət sahibidir. Amma məsələyə
bir az da aydınlıq gətirmiş olsaq, qeyd etməliyik
ki, Yaşar Qasımbəylinin
monoqrafiyasının aparıcı xətti ədəbiyyatların
bir-birinə təsiri, bir-birindən faydalanması, yaxud
geniş mənada ədəbi əlaqələr məsələsi
deyil, daha çox iki müxtəlif ədəbiyyatın eyni
bir zaman kəsiyində, eyni bir problem ətrafında
inkişafı məsələsidir. Belə bir
müqayisəli-tarixi yanaşma ədəbiyyatların və
mədəniyyətlərin milli xüsusiyyətlərini
aşkarlamaqla bəşəri dəyərlərin müəyyənləşdirilməsi
və onların bir yerə toplanması işinə xidmətin
bariz nümunəsidir.
Yaşar Qasımbəylinin “Milli oyanış və
özünəqayıdış lirikası” adlı
monoqrafiyasında elmi tədqiqatın hədəfi də
aydındır. Tədqiqat predmeti kimi ədəbi-elmi
fikirdə kifayət qədər yer tutmuş
altmışıncılar və onların bədii
yaradıcılığı seçilmişdir. Bunun da başlıca səbəbi məhz həmin sənətkarların
yaradıcılığının milli oyanış və
özünəqayıdış ideyalarına tam və hərtərəfli
cavab verə bilməsidir.
Bir məsələyə də aydınlıq gətirmək
lazımdır ki, indiyə qədər
“altmışıncılar” anlayışı daha çox
ötən əsrin 60-cı illərində nəsrlə məşğul
olan yazıçılara şamil edilmişdir. Əslində
bu gün də qəzet və jurnallarda, ədəbi-elmi
dövriyyədə bu məfhum, əsasən, o cür
başa düşülür və qavranılır. Yaşar Qasımbəyli isə ilk dəfə olaraq
bu anlayışı çox böyük uğurla o
dövrün poeziyasının tanınmış simalarına
aid etmişdir.
Monoqrafiyada Azərbaycan və özbək ədəbiyyatlarının
böyük bir nəslinin yaradıcılıq fəaliyyətindən,
onların ədəbi mübarizələrindən, dövrə
sığmayan estetik ideallarından bəhs olunur. Azərbaycanda Əli Kərim,
Məmməd Araz, Xəlil Rza, Fikrət Qoca, Vaqif Səmədoğlu,
Ələkbər Salahzadə, Özbəkistanda isə Abdulla
Aripov, Rauf Pərfi, Erkin Vahidov, Çolpan Erqaş məhz bu
sıradandır. Tədqiqatın tələbinə
uyğun olaraq onları yaxınlaşdıran və birləşdirən
ümumi cəhətlər daha qabarıq formada təqdim
edilmişdir. Amma yeri düşdükcə
bədii yaradıcılıq özünəməxsusluqları
da diqqətdən kənarda qalmamışdır. Hətta əhəmiyyətlidir ki, Yaşar Qasımbəyli
hər fəsildə tədqiq etdiyi sənətkarların
dövrün ictimai-siyasi hadisələrinə təsir edə
bilən, etiraz və üsyan çalarları ilə oxucu qəlbinə
rahatlıq gətirən bir və ya iki səciyyəvi
şeirini daha ətraflı şəkildə təhlil
etmişdir. Onun bir ədəbiyyatşünas
alim kimi ayrıca təhlil üçün seçdiyi
şeirlər nümunə olmaq baxımından özünü
doğruldur, eyni zamanda dövrün ədəbi
gedişatını təsəvvür etməyə tam imkan
verir. Hətta tədqiqatçının
bədii zövqünü və ədəbiyyatşünas
yanaşmasını da uğurla sınaqdan keçirir. Bu şeirlər hansılardır? Əli Kərimin
“Qayıt”, “İki sevgi”, Məmməd Arazın “Azərbaycan-dünyam
mənim”, “Məndən ötdü, qardaşıma dəydi...”,
Xəlil Rzanın “Mən nəyəm ki, ey Vətən?”,
“Əyilmə”; Abdulla Aripovun “Mən neçün sevirəm
Özbəkistanı”, “Özbəkistan, Vətənim mənim”,
Rauf Pərfinin “Anacanım, ah Özbəkistan” və sair. Ötən əsrin 70-80-ci illərində həm Azərbaycan
şairlərinin adını çəkdiyimiz poetik nümunələrini,
həm də özbək ədəbiyyatından dilimizə
çevrilən bir çox şeirləri həmin illərin
oxucuları, daha çox isə tələbələri əzbərləyirdilər.
Nəzərə alsaq ki, Yaşar da bir tələbə kimi həmin
şeirləri əzbər bilir, onlar haqqında
düşünərək fikir söyləyirdi, onda tədqiqatçının
bu mövzunu hələ 35-40 il bundan əvvəl
araşdırmağa başlamasını iddia etmək olar.
Həyatda və ədəbiyyatda başlanğıc
nöqtənin tapılması ən çətin və ən
önəmlidir. Çünki izlədiyin məqsəd və
ideya həmin başlanğıc nöqtədən çox
asılıdır. Bu nöqtə sənə
dayaq olur, qarşıdakı yola işıq salır, fikir və
mülahizələrində aydınlıq yaradır. Əslində gözlədiyin və gözləmədiyin
nəticə də ondan asılıdır. Yaşar Qasımbəyli
altmışıncıların yaratdığı milli
oyanış və özünəqayıdış
lirikasının təhlilində başlanğıc nöqtə
kimi şairlərin poeziyaya münasibətini əsas
götürüb. Həmçinin bu, sadəcə
əsas deyil, eyni zamanda ədəbiyyatşünas alimin
çıxaracağı nəticələrin elmi-nəzəri
gücünün mənbəyidir. Tədqiqatdan aydın
olur ki, Məmməd Arazın poeziyanın estetik proqramı ilə
bağlı olan poetik nümunələrinin çoxunun
adında “şeir” və “şair” sözləri var:
“Şeirim”, “Şeirə gətir”, “Deyirlər şeir oxunmur”,
“Şair ömrü”, “Şair, gör onları!” Tədqiqatçı haqlıdır ki, M.Arazın
estetik proqramının əsas müddəaları
sözü duymaq, sözün məsuliyyətini hiss etmək
və yazılmayanı şeirə gətirməkdir. Əslində bunlar o dövrün novator
çağırışları idi.
Əli Kərim sözün qiymətindən, misranın
insan üçün yol olmasından, ümidə çevrilməsindən,
X.Rza şeirin məlhəmliyindən, Rauf Pərfi şeiriyyətin
ülviyyətindən bəhs edir. Bu mülahizələrdə
hər bir şairin yaradıcılığının estetik
müddəaları əks olunmuşdur. Amma
eyni zamanda, onların hamısı birlikdə
altmışıncılar poeziyasının vahid proqramı
idi. Tədqiqatçı bu məsələdə
həm fərdi bədii düşüncənin, həm də
ümumi poetik prinsipləri çox aydın şəkildə
görür və göstərir.
Altmışıncılar bir ədəbi hadisə kimi
ayrı-ayrı ədəbiyyatların deyil, geniş mənada
ümumsovet ədəbiyyatının faktı idi. Sovet rejimində müəyyən
qədər yumşalma hiss edilən kimi yeni bir nəslin təsdiqi
üçün imkan yarandı və həmin nəsil
özünü çox gözlətmədi. Altmışıncılara
məxsus bədii yaradıcılığın daxili
potensialı sürətlə üzə çıxdı.
Amma onlar üçün klassiklər içərisindən
özlərinə təkan nöqtəsi tapmaq ehtiyacı da var idi. Bu zəruri ehtiyacın dərki o dövrün
poeziyasını ilk növbədə nihilizmdən
qurtarırdı. Monoqrafiyada göstərildiyi kimi belə
bir poetik amal Ukraynada T.Şevçonkaya, Rusiyada A.S.Puşkinə,
türkmənlərdə Məhdimquluya, özbəklərdə
Ə.Nəvaiyə, qazaxlarda A.Kunanbayevə Azərbaycan
poeziyasında isə M.Füzuliyə münasibətdə
reallaşırdı.
Azərbaycanda ötən əsrin 60-cı illərinin
novator poeziyasının nümayəndələrinin, demək
olar ki, hamısı Füzuliyə öz məhəbbətlərini
ifadə edirdilər. Eyni zamanda onlar yaşlı nəslin
nümayəndələrinə də (xüsusilə
S.Vurğun və R.Rzaya) ehtiramla yanaşırdılar. Bütün bunları bir araya gətirməklə
Yaşar Qasımbəyli həmin dövrün ədəbi həqiqətlərini
tapmaq və onu olduğu kimi söyləmək məqsədini
həyata keçirir. Keçmişi
unutmamaq və müasir dövrə qiymət verməklə gələcəyə
baxmaq tezisi Yaşar Qasımbəylinin bədii nümunəni
dəyərləndirmək meyarıdır. Bu məqamda tədqiqatçı haqlıdır ki,
“altmışıncıların ədəbi mənşəyi
ilə estetik idealları arasındakı uçurum çox dərin
idi”. Yəni yeni ədəbi nəsil dilemma
qarşısında qalmışdı: Sovet ədəbiyyatı
nümayəndələrinin varisləri kimi
çıxış etmək, yoxsa 30-cu illərdə
repressiyaya məruz qalmış klassiklərin
ardıcıllarına çevrilmək! Əslində
altmışıncıların ədəbi mübarizəsinin
mayasında bu dilemma dayanırdı və ən böyük
tapıntı elə bu dilemmanın özü idi. Amma altmışıncılar da onun hansını
seçəcəklərini yaxşı bilirdilər və
seçdilər. Əli Kərim H.Cavidə
və M.Müşfiqə həsr olunmuş şeir yazdı,
M.Araz “Günəşi ittiham edənlər”, X.Rza “Tamam
doğmayan Günəş” şeirləri ilə repressiya
qurbanlarını Vətəni sevməyin örnəyi kimi təqdim
etdi.
Həmin mərhələdə özbək ədəbiyyatında
başqa bir istiqamət öz təsdiqini tapdı. Tədqiqatçı bu istiqaməti “Anama
məktub” ünvanlı və düşüncəli neçə-neçə
şeirin yaranmasında görür. Belə
şeirlərin ən yaxşı nümunələrini Abdulla
Aripov, Rauf Pərfi və Çolpan Erqaş
yazmışdı. Əslində “Anama məktub”
ünvanı yeni poetik axtarışların ünvanı idi və
şübhə yoxdur ki, həmin axtarışlar kökə
- ana qucağına bağlılığın rəmzi
olmuşdu.
İstər Azərbaycan, istərsə də özbək ədəbiyyatı nümunələrinə söykənən tədqiqatçı haqlıdır ki, bu dövrün şairləri müxtəlif vaxtlardakından tamamilə fərqli olaraq, sadəcə, şeir yazmaq yox, həyatı dərk etmək və anlamaq haqqında düşünürdülər. Bu, şəxsi arzu və istəyin deyil, estetik idealın qələbəsi idi. Belə bir düşüncə hətta təbiətin dərkindən keçirdi: fəsillər də, ağaclar da, yarpaqlar da poeziyanın predmetinə çevrilir, yeni şair nəsli öz novator axtarışlarını hamının gördüyü, şahid olduğu obyektlərdə arayır və gizli formada özündən əvvəlki nəslə bənzəmək istəmirdi. Bu cəhət altmışıncıların otuzunculardan fərqlənməsinin də əsası olmuşdu. Yaşar Qasımbəyli altmışıncılar və otuzuncular arasında müqayisələr aparmış, altmışıncıların milli ənənəni dirçəltmək baxımından otuzuncuları daha çox üstələməsinin elmi izahını vermişdir. Yaşar Qasımbəylinin altmışıncılar və otuzuncularla bağlı apardığı paralellər və gəldiyi elmi nəticələr bizim ədəbiyyatşünaslıqda həm yenidir, həm də monoqrafiyanın sanbalını artıran məqamlardır.
Ədəbiyyat tarixində özünə kök salmış keçmiş zaman və uzaq məkanlar ənənəsi altmışıncıların zamanında və şəxsində müasir həyata bağlı tragik lirizm ilə əvəz edilə bildi. Bununla nəfəs genişliyi arzusunda olan ədəbiyyat bir az rahat nəfəs aldı. Eyni zamanda üstüörtülü poetik metaforalar yaşamaq haqqını itirmədi, əksinə yeni poetik vasitələr də kəşf edildi. Tədqiqatçı bunlardan birini - Sabirin anadan olmasının yüz illiyi ilə bağlı şeirləri xüsusilə vurğulayır. Doğru nəticədir ki, yaxın ənənədən fərqli olaraq, dövrün poeziya üslubu iztirab və kədərlə müşaiyət olunurdu. Abdulla Aripovun “Sevgi ölümü” şeiri həmin üslubun parlaq nümunəsi idi. Hətta tədqiqatçı fürsət tapıb 60-cı illərdə baş verən Daşkənd zəlzələsinin özbək yeni poeziyasına cəsarət verməsini də xüsusilə qeyd edir. O, tamamilə haqlıdır ki, “tragik-dramatik üslubun əsas enerji mənbəyi həyat həqiqətlərinə sədaqətdir”.
Yaşar Qasımbəyli lirikanın ədəbi növlər içərisində yerini və mövqeyini, yeni ədəbiyyatın yaranmasında onun öncüllüyünü, lirik qəhrəmanın həyatdan ədəbiyyata gəlişinin mahiyyətini elmi-nəzəri müddəalarla və özünəməxsus ədəbiyyatşünas səriştəsi ilə şərh edir. Ədəbi yüksəlişi ədəbi tənqidin fəaliyyəti ilə paralel öyrənmək, dövrün bədii materialları ilə onu dəyərləndirən ədəbiyyatşünaslıq fikrini tam halda götürmək, tədqiqatın son dərəcə geniş bir mənzərəyə malik obyektinə aid heç nəyin kənarda qalmamasına çalışmaq böyük zəhmət tələb edir. Bu zəhmət monoqrafiyadan açıq-aydın görünür.
Tədqiqatçıda altmışıncılar kimi formalaşan ədəbi nəslin start götürdüyü nöqtəni də müəyyənləşdirmək cəsarəti var. Müəllifə görə bu nöqtə Əli Kərimin 1953-cü ildə yazdığı “İki sevgi” şeiridir. Monoqrafiyada həmin şeirdən nümunə kimi gətirilən misraları biz də təkrar etmək istəyirik:
Mənsə səni sevirəm,
Susuzluğun od vurub
köz kimi yandırdığı
dodaq su sevən kimi.
Yaxud:
Mənsə səni sevirəm,
iynənin ucu boyda
İşığa həsrət qalan
göz işıq sevən kimi.
Misraları təsadüfən xatırlamadım. Artıq burada şair obrazı, lirik qəhrəman və ədəbiyyatşünas mövqeyi tam şəkildə üst-üstə düşür. Yaşar Qasımbəyli tədqiq etdiyi şeirlərin əhval-ruhiyyəsi ilə yaşayır və şeirlərdəki coşqunu öz tədqiqatında da yaşadır. Yaşar Qasımbəyli ədəbiyyatşünaslığa töhfə olan “Milli oyanış və özünəqayıdış lirikası” adlı monoqrafiyası ilə öz adını altmışıncılar ədəbi nəslinin yanında həmişəlik həkk edə bildi.
Kamran
ƏLİYEV
Filologiya elmləri
doktoru, professor
525-ci qəzet.- 2015.- 3 oktyabr.- S.28