Qardaş
Qələm dostum (həm də dostum)
Novruz Nəcəfoğluna...
...İlk tanışlığımızı
xatırlayıram. Səhərdir. Xudmani bağda
oturmuşuq, böyrümüzdən soyuq bulaq axır, bir az aralıda cökə, palıd, akasiya, qovaq
ağaclarıdı, lap o üzdə böyürtkən
kolluqlarıdı, dağın başında isə möhtəşəm
və qədim-qayım Çıraqqala dayanıb...
Cırcıramalar cırıldaşır. Yağışdan
sonra günəş yandırıcı olacaq. Bal arıları uçuşur,
yaxınlıqda arı qutuları var. Onlara qulluq etməyi
sevir, arada arıların xasiyyətlərindən, əməllərindən
də danışır. “Arılar hərbi
nizamı olan canlılardı. Gözətçiləri
də var...” Sözünü yarımçıq kəsib: “A
bala, -deyə ətrafa səslənir, - o sudan gətir içək”.
Bir az aralıda samovar tüstülənir. “Çörəyi də qızdır, -yenə də
ətrafa səslənir”. Sonra söhbətinə
davam edir. Bu dəfə söhbəti ayrı səmtə
döndərir: “Mən bura təzə gələndə
gördüm ki, yaylağa gedən elat yolunu bağlayıblar,
kimlərsə orda obyekt tikmək istəyir. Həmin
sahibkarları çağırdım, başa saldım ki, el
yolunu bağlamazlar, əvəzində başqa yerdən torpaq
sahəsi ayırdıq...”
Özümüzün elat yolumuz yadıma
düşür. Hər dəfə el yaylağa gedəndə
çıxıb qoyun, mal sürülərinə
baxırdıq, dəvələri görəndə heyrətlənirdik.
Çoban itlərindən qorxduğumuza görə
dəvəyə yaxın düşə bilmirdik, halbuki hər
birimiz dəvənin hürgüclərini sığallamaq istəyirdik.
Keçmişləri ona danışıram. O isə
məni indiyə çəkir: “Axıska türkləri
yaşayan əraziyə yeddi dəvə alıb
buraxmışdım, indi sayları on birə çatıb,
istəyirsənsə göstərim. İstirahət
günüdür, tələsən yerimiz yoxdu
ki...Qardaşcanı”.
“Qardaşcanı”
sözünü elə şirin deyir
ki, adam onun səmimiliyinə
və qardaşlığına zərrə qədər də
şübhə eləmir, heç belə bir şeyi
ağlına da gətirmir. “Gedib baxarıq” deyirəm.
Və o gündən sonra xaricdən gələn
qonaqları da “Axıska çölləri”nə dəvələrə
baxmağa aparıram. Əcnəbi
dostlarımıza dəvələrə baxmağı təklif
edirəm. “Dəvə” sözünü eşidəndə
təəccüblənirlər: “Burda nə dəvə,
Ərəbistan-zaddır ki?..
Dəvələri göstərirəm. Təəccübləri
heyrətlə əvəzlənir. “Gözlərinə
bax e, kin-küdurət tökülür. Adam axıra
kimi baxa bilmir...”
“Hə, dəvələr
kinli olur, - deyir, - əsəbiləşdirsən, adamı
tapdalayar...”
Həmin
görüşün üstündən bir az
keçəndən sonra yenə də
görüşürük, dəvələri xəbər
alıram. Xüsusən də kinli nəri.
“O dəvəni
kəsdik, qardaşcanı, başqalarını yaman çox
incidirdi, fikirləşdim ki, arvad-uşağa xətər
yetirə bilər, onsuz da üç cavan nərimiz var... 500 kilodan çox əti çıxdı. Yaxşı ki, bayramqabağına düşdü,
imkansız ailələrin hamısına çatdı. Uşaqlar siyahı tutdular, qapı-qapı
düşüb payladılar”.
O,
dostları unutmur. Bunu istedadlı
yazıçımız Aydın Tağıyevin timsalında əyani
görmək və duymaq olar. Darıxanda
daim onun yanındadı. Rayona qələm adamı gələndə
Aydına ya zəng edər, ya da çağırtdırar:
“Aydın, bu gün şuluqluq eləmə (yəni
yeyib-içməyə tələsmə - E.H.)
qonağımız olacaq...”
Onların
birgə xatirələri çoxdu, çünki
çoxdanın dostudurlar, hardasa 40 il. Xırdaca
sirrləri də var, bəzilərini mən də bilirəm,
özü də həmin sirrlər yumor üstündə
köklənib. Hərdən yadımıza salıb
doyunca gülürük...O boyda kişi, vəzifə
sahibi Aydına böyük bir yazı, az qala, monoqrafiya həsr
edib...
...Bir
gün mənə zəng eləyir: “Qardaş,
darıxmışam, -deyir, - bu istidə şəhərdə
nə oturmusan, bəlkə biz tərəflərə gələsən,
dərdləşək...”
Gedirəm. Yayın istisi baş çatladır.
“Darıxma, indi dağlara qalxacağıq” -deyə
mənə təsəlli verir. Mən də
bu təsəlliylə ovunuram. Əlacım
nədi. O da mən gündədi, gecə-gündüz
iş başındadı. Amma məndən fərqli
olaraq iki növbə işləyir, bəzən də
üç. İşdən sonra ruhunu dincəldən
yazı-pozuya güc verir...
... “Qaz-69”da dağlara qalxırıq. El arasında bu maşına “Vilis” deyirlər. Əvvəllər dəbdəydi, “Niva”
çıxandan sonra yaddan çıxdı. İndi
çox az adamda bu maşından görmək
olar.
Rahat yollarla xeyli gedirik. Sonra kələ-kötürə
düşürük. Dolanbac yolları
arxada qoyub meşəyə giririk. Ətraf qarağac və yemişan
kollarıyla doludu. Qışdan sonra yollar həmişə
belə olur. Hiss olunur ki, burdan çoxdandı
maşın keçmir. Yolun bir yerində
keçmək mümkün olmur. Sürücü
düşüb bellə yolun çökəyini doldurur.
Görünür, öyrəncəlidi, maşının
yük yerində əsgər “lopatkası” gəzdirir...
Bir az
gedirik ki, ağacdan ağaca tullanan sarı dimdikləri
(dolaşaları), zağcaları görürük, arı
quşunun səsini eşidirik. “İstəyirsiniz,
birinə ataq, - sürücü deyir, - tüfəngim də
var”. Hər ikimiz bir ağızdan “yox”
deyirik. O isə əlavə eləyir: “Adamları bura
zornan qaytarırıq, deyirsən quşlar da
qaçsınlar?” Sanki öz-özünə
hesabat və ürək-dirək verir.
“Heyfdi, -
bu dəfə mən deyirəm, -buraların
yaraşığı quşlardı...”
Üç saata yaxın yol gedirik. Lap
hündürə qalxırıq. “Vilis” bizi atıb-tutur,
oturacaqları o qədər sərtdi ki... Aydınla bir-birimizə
baxırıq: “Məllim buraları çox sevir,
maşını da görürsən də, bunsuz buralara
çıxmaq mümkün deyil”. Aydın bu
sözləri qulağıma pıçıldayır, başımla
təsdiq edirəm. Sonra əlavə edir: “Sən
Nohurları görmüsən də, yəqin?” Başımı
bulayıram. “Nə əcəb. Gözəl yerlərdi. Müəllimlə
hər yay bir neçə dəfə bura gəlirik. Qışda da səfərimiz olur, amma yay
yaxşıdı. Düzdü, yolu
narahatdı, amma burda təsərrüfatlar var axı, məllim
gərək onlara baş çəksin. Həm ziyarət,
həm ticarət”, - deyir.
Gülümsünürəm. “Qardaş, yerin narahat
deyil ki? -deyə geri qanrılıb
soruşur. - Biz öyrəncəliyik e, sən şəhər
adamısan, yorularsan. Amma yazıçı belə
yerləri hökmən görməlidi”. “Əlbəttə,
-deyirəm, - onsuz olmaz ki...”
Bura Böyük Qafqazın hündür yerlərindən
biridi. Ətrafdakı yurdlar bapbalaca görünür.
Quraqlıq buranı da pis günə qoyub.
Gül-çiçək, ot-ələf
vağanıyıb. Kəklikotu, boymadərən,
sarıçiçək, çobanyastığı
yanıb külə dönüb. Əyilib
onları ovuclayır, əlində ovxalayır, iyləyir.
“Son nəfəsləridi, ancaq ətirlərini saxlayıblar, -
deyir. - Qardaşcanı, mən özümdən çox, bu
adamları düşünürəm, -deyə hardasa lap
uzaqlarda sürü haylayan çobanı göstərir. -Quraqlıq onları tamam əldən salıb”.
“Bu il hər yer
belədi, -deyirəm, -ötən həftə İç
Anadoludan gəldim, orda da nohurlar və arxlar quruyub, bulaqlar
yoldaca buxarlanır”.
Mən də onun kimi edirəm, gün
yandırmış çiçəkləri ovuclayıram. Qoxuyanda
yadıma düşür ki, çiçəklərin ətri
qurtaranda onlar ölürlər. Bunlar isə
diridilər, çünki qoxularını itirməyiblər.
Bu sözləri ona da deyirəm. Sözlərim xoşuna gəlir, əlini
çiynimə vurur: “Əsl yazıçı sözü
dedin...”
Uqah kəndinə çatırıq. Qarşımıza
bir çoban çıxır. Maşını
saxlatdırıb düşür, hal-əhval tutur. Çoban deyəndə
ki, beş-altı qoyun otarır. Nə barədəsə
danışırlar. Biz Aydınla
özümüzü vermişik dağdağan
ağacının kölgəsinə. Çoban
evə dəvət eləyir. “O ev mənimdi, -deyir, - kəndin
kənarındakı. Onsuz da bir-iki ailə
qalıb, hamı dağılıb. Camaat rahatlıq istəyir,
ona görə də şəhərə qaçır,
xüsusən də cavanlar...” Təəssüflə
başını bulayır və vaxtın
azlığını nəzərə alıb, təklifi qəbul
eləmirik...Hələ çox yol gedəcəyik...
“Sultan Baba pirinin yanına çatanda saxlayarsan” -
sürücüyə deyir.
Pirin yanında dayanırıq. Çox qədimdi.
Hiss olunur ki,
dağılmaması üçün son vaxtlar əl
gəzdirilib. O böyüklükdə kişi
belini əyib içəri keçir. Mən
getmirəm. Ona görə yox ki,
ilan-çayandan qorxuram, sadəcə əyilməyə ərinirəm.
Pirin böyründəki alçadan qoparıb
yeyirəm. Turş dadı
bağımızdakı alçanı xatırladır.
Susuzluğum öləziyir.
Üstünü çırpa-çırpa
çölə çıxır. “Müqəddəs
ocaqlardan biridi, -deyir, - on ikinci əsrdə tikilib. Şeyx Əbu Bəkirin şərəfinə.
Sufiliyi təbliğ edirmiş. El arasında Sultan Baba kimi tanınır”. Bu
sözləri deyəndən sonra pirin qabağında durub bir
xeyli ona baxır və əlavə edir: “Rayon ərazisindəki
tarixi yerlərin siyahısını tutmuşuq, imkan olan kimi təmir
elətdirəcəyik” -deyir. Dönüb
Çıraqqala tərəfə baxır: “Əsası da
Çıraqqaladı. Söz veriblər, biznes plan da
hazırdı, inşaallah, yəqin təmir edərlər...”
“Taclı nənə türbə”sinin taleyini xəbər
alıram. Çünki “Taxta Körpü” su ambarı tikiləndə
həmin yerlər su altında qalacaqdı. Taclı nənə isə bu yerlərdə
ağır seyid, övliyya kimi tanınır.
“Əlacımız yoxuydu, -deyir,-
ağsaqqalları çağırdıq, vəziyyəti
başa saldıq, dedik ki, bu göl paytaxtımızın
qırx faizini içməli suyla təmin edəcək.
Ümumi razılığa gəldik və türbəni təpənin
başına qaldırdıq, məzarı da
köçürtdük, din xadimləri də mərasimdə
iştirak elədi...Qədim türbəydi...”
Maşına
oturandan sonra əlavə edir: “Rəvayətə görə,
Taclı nənə Şah İsmayılın Sultan Səlimə
əsir düşmüş hərəmidi. Sonralar
onu çoxlu sərvət hesabına alıblar. O da bura
köçüb. Həmin vaxt Şabran da
qızılbaşların idi axı. Taclı xanım da
sufi görüşlü, xeyirxah insan olub, adamlar ona müqəddəs
ocaq kimi baxıblar və öləndən sonra xatirəsini əbədiləşdiriblər...”
...Bir kəndə
yaxınlaşanda dayanırıq. Bulaqdan su
içirik. Qoz ağacının
altında otururuq.
Uşaqlıqda eşitmişdim ki, qoz ağacının
altında yatmaq olmaz, çünki adamı zəhərləyir,
oksigen udub karbon buraxdığına işarə edirmişlər. Amma bura sərindi. Meh əsir.
Bir az aşağıdakı dərədə
qoyun-quzu kolluqların arasında mürgüləyir...
Kənd bələdiyyə sədri hardansa peyda olur. Hal-əhval tutduqdan sonra təpəlikdəki
məktəb binasını göstərib xəbər
alır: “Çölün ağartmısız, görürəm,
içərisi necə, ora da təmir olunub?”
Məktəbə qalxırıq, içəri giririk. Hər şey
qaydasındadır. Bələdiyyə sədrinə
bir neçə göstəriş verəndən sonra ondan
ayrılırıq.
Növbəti
kənddə qabağımıza cavanlığını
xeyli əvvəl geridə qoymuş bir adam
çıxır. Hansısa şirkətin
köhnə formasını geyinib. Onu
görəndə gileylənir. Deyir ki,
burda üç ailə qalıb, hamı aşağıya
köçüb. Kənddə əvvəllər,
yəni Sovet vaxtı üç yüz altmış təsərrüfat
olub. Kəndin məktəbi, məscidi, poçtu
varmış, indi heç nə yoxdu: “Maşın səsi gələndə
sevinirik” deyir. O da evə çağırır, getmirik. “Qayıdanbaş sizə təzə pendir, kənd
payı qoyarıq” deyir. Əlini həmin
adamın çiyninə vurur. “Darıxma, -deyir, - hər
şey yaxşı olacaq...”
Mən yarğanın başında dayanıb, kimsəsiz
kəndə baxır, işğalda olan yurdumu
düşünürəm, kövrəlirəm. Kənd yetim uşağa bənzəyir:
ayaqyalın, paltarı cırıq-sökük. Barış Mançonun məşhur mahnısı
olsaydı, dinləyərdik. Kimsəsiz kəndlər,
yəqin, qışda bərk üşüyürlər.
Qızdırılmayan ocaqlar o qədərdi
ki...Qulağıma xaraba qalmış məktəb həyətindən
uşaqların səsi gəlir. Məsciddən
isə əzan səsini eşitmirəm. Burda
əzan da vermirlər. Görünür, xatirələr
də insanı nə zamansa tərk edir, insanlar
yurdlarını qoyub gedən kimi... “Nə qədər belə
kəndimiz var” - deyə düşünürəm:
hamısı da yolsuzluqdan, susuzluqdan. Dövlət
nə qədər çalışsa da, problemlər bitmir.
Çünki problemlər həddən artıq çoxdu...
Aydın fotoaparatla şəkil çəkir. Mən qədim
bir ağacın dibində dayanıb ona baxıram. Budaqlarının yarısı göy, yarısı
qurudu. Tut ağacıdır. “Bu ağac gör nə qədər
adam görüb, nə qədər səs-söz
eşidib. Dili olsaydı, bizə çox şey
danışardı” deyirəm...
O isə
bayaqkı adamla şirin-şirin söhbət edir:
-Bu ev kimindi belə, yarımçıq qalıb?
-Bələdiyyə sənəd
istədi, yer pulu soruşdu, o da acıq eləyib getdi.
-Buralıydı?
-Hə.
-Mənim
adımnan hamıya de ki, vergisiz-rüsumsiz gəlib burda ev tiksinlər. Qalan şeylər
sonranın işidir. Yol da çəkəcəyik,
su da, işıq da ki, var.
Cavan oğlan dirçəlir, qaməti düzəlir...Onun
əlini sidq-ürəkdən sıxır. Uzun
ömür arzulayır və hamının ona inandığını
deyir.
-Ümidimiz
sizədir, müəllim!
Yolumuza
davam edirik...
O isə
elə hey başını bulayır və bələdiyyənin
qarasınca deyinir...
...O,
danışanda heç zaman “mən” sözü işlətmir.
Bir kimsə haqda pis danışmaz. O,
yaxşıları görür və qiymətləndirir. Ötənlərdə tanıdığı el
ağsaqqallarını ehtiramla yad edir. Onlar
barədə məqalələr yazır. Onun fikrincə,
dünya
yaradıcı və qurucu insanların çiyinlərində
dayanır...
Köhnə kişiləri tez-tez xatırlayır, onlara
sevgisini gizlətmir. Çünki özü də köhnə
kişilərdəndi.
“Keçən
cavan çağım ola” povestində bizlərə
anlatdığı Kəlbi əmiyə oxşayır:
yerişi, duruşu, ötkəmliyi, qonaqpərvərliyi...
O,
heç vaxt qonaqdan qabağa keçməz: İşi nə
qədər çox olsa da, qonağı tək qoymaz...
...Bağçada
əncir yeyirik. Evə tərəf dönüb: “A bala!” -deyə səslənir. Uşaqlar
da işlərini bilirlər, əllərində su
bardağı, qollarının üstündə dəsmal
müntəzir dayanırlar. “Birinci sən,
qardaşcanı, olmaz ki... sən qonaqsan”. Növbə
ona çatanda əllərini su şırnağının
altına tutur. Əllərini yuya-yuya mənə tərəf
dönür, baxışlarımı göydə tutur,
gülümsünür: “Məni Kəlbi əmiyə
oxşatdın, elə?! Bu sualdan çox
özünütəsdiqdi. Atasının
dostu Kəlbi əmi onun idealıdı.
-Elə,
-deyirəm və gülürəm...
-Şəhəri bir dolanaq, - deyir.
Əvvəlcə “Heydər Əliyev” parkına gəlirik. Ölkədə
ən gözəl parklardan biridir. Rahat və
təmiz. Qızılgüllə əhatəli,
fəvvarəli, işıqlı.
-Demişdim,
axı, işıq stolbalarının sayını
artırın!
-Gətirmişik,
müəllim, bir azdan quraşdıracaqlar...
-O fəvvarənin
suyunu da təmiz saxlayın.
-Baş
üstə, müəllim!
Yola çıxırıq. Kəlbi əmi kimi
qabaqda gedir, işçiləri arxada gəlir. İdarə müdirləri də burdadı. Onun hər səhəri belə başlayır.
Bir nöqsan görən kimi ötkəm səsi
qulaqlarımda cingildəyir. “Dedim axı, o zir-zibili
yığışdırın. Qonaqdan
ayıbdı. Ə, bəs siz hara baxırsız!..”
İşçilərindən
biri onun haqqında belə danışır: “Biz ailə
üzvlərimizdən çox onu görürük,
çünki işdə daha çox oluruq. Bir
kəlməsindən nə demək istədiyini bilirik.
O, doğrudan da yaxşı rəhbər və ağsaqqaldı.
Hamımız müəllimi çox istəyirik...”
-Bura,
-deyir -Ailə İstirahət Mərkəzidi, o tərəfdə
gənclər üçün bina tikdiririk...
Küçəyə
çıxandan sonra soldakı ikimərtəbəli binanı
göstərib deyir:
-Bax, bura
sizinçündü, qələm adamları
üçün, kitab evidi. İmza günlərinizi və təqdimatlarınızı
burda keçirərsiniz...
Özü
qələm adamı olsa da, bunu boynuna almaq istəmir: “Yox,
qardaşcanı, mən dövlət adamıyam. Hərdən
yazıram özümçün...”
Bu adamın dili yaxşı sözlər deməyə,
qulağı yaxşı sözlər eşitməyə,
gözləri yaxşı nəsnələri görməyə
öyrəşib. Çünki estetdir.
At onunçün təkcə murad yox, həm də
güc rəmzidir. “Bir atım vardı, “Tufan” adında,
yaxşı qaçırdı. Yarışlarda
da çox zaman birinci olurdu. Qəfil
öldü. İndi Qarabağ atı
saxlayıram. At hər şeyi adamdan da
yaxşı hiss edir. Mən onu tumarlayanda enerji alıram,
dincəlirəm...”
İlk dəfə atı ona Kəlbi əmi
bağışlayıb. “Bu at oldu sənin...”
“Əminin atı oğurlanıb, bilməmişik. Atın izini
tutub gedib, yolda yağışa düşüb, soyuqlayıb.
Yatağa düşdü, bir daha qalxmadı.
Yanına getdim. Əlimi
tutdu. Uşaqları sənə tapşırıram dedi.
Mən böyük bir arxamı itirdim” deyir.
Gözləri yol çəkir...
...Şabrana səfərlərin birində mənə
kitab bağışlayır. Onun haqqında
yazılmış məqalələr toplusudur. 60 illik yubileyinə həsr olunub. Kitabın tərtibçisi və ön sözün
müəllifi tələbəlik dostum İlqar Rüstəmovdur.
Kitabı vərəqləyirəm. İlk
səhifədə Azərbaycan Yazıçılar Birliyinin təbriki
verilib...
Onun şəxsiyyəti və
yaradıcılığı haqqında qələm
adamları genişürəkli və özünə layiq məqalələr
yazıblar.
Onların arasında kimlər yoxdu: Yazıçı Seyran Səxavət,
Sadıq Elcanlı, tənqidçi Vaqif Yusifli, Mətbuat
Şurasının sədri Əflatun Amaşov, türkiyəli
yazar-tərcüməçi İmdat Avşar, şair Əli
Rza Xələfli, Nəcibə İlkin, Maarif Soltan,
Əbülfət Mədətoğlu, Əli Nəcəfxanlı,
filoloq alim Sadıq Murtuzayev, Elman Quliyev və təbii ki, dostu
Aydın Tağıyev və bəndəniz, eləcə də
onlarla qələm adamı...
Bu yazıları oxuyuram. Oxuduqca qeydlər edirəm
və birdən ağlıma gəlir ki, onun xasiyyətilə
yaradıcılığı arasında ciddi paralellər var,
şəxsiyyyəti yaradıcılığını
tamamlayır, yaxud da əksinə...Ona görə də
yığcam bir test aparıram. Birinci
şəxsi keyfiyyətlərindən başlayıram.
Yazılanları
bir yerə toplayanda belə bir əmsal alınır:
xeyirxahdır, işgüzardır, insansevərdir, vətən
vurğunudur, ədalətlidir.
Yaradıcılığı
ilə bağlı ümumi məqamları toplayıram:
gözəl və kaloritli dili, axıcı təhkiyəsi
var, vətəni sevdiyi kimi insanları da sevir, yurdumuzun gözəlliklərini
peşəkar qələmlə tərənnüm edir.
Ümumi əmsal
belə alınır: hər cümləsində vətən
var, onun gözəlliyi var, insana qarşı sevgisi var, daim ədalət
axtarışındadır.
Deməli,
bayaqkı qənaətim doğrudur: onun yaradıcılığı
ilə şəxsiyyəti üst-üstə
düşür. Bir daha baxaq: ədalətlidir, vətən və
insansevərdir, qayğıkeşdir, dosta və dövlətinə
sədaqətlidir.
Və xüsusi bir məqam. Onun, az qala, hər
bir əsəri ədəbi tənqidin və yazarların
araşdırmasına məruz qalıb. Amma qələm dostlarımız
onun iki əsərini daha çox təhlilə çəkib:
“Keçən cavan çağım ola” və “Çarəsiz
yolçu...” Yazarlar da onu daha çox Kəlbi əmiyə
oxşadırlar. Bir dəfə yazmışdım ki, o,
öz əsəriylə Kəlbi kişiyə böyük bir
abidə ucaldıb...
O, xarakter
və yaradıcılıq etibarı ilə impressionistdir. Keçmişə nostalji onun həyat tərzidir.
Bir müddət öncə tanınmış rus
yazarı, 60-cıların nəsrinin ən parlaq nümayəndələrindən
biri Vasili Belovun povest və hekayələrini Azərbaycan
türkcəsinə böyük məmnuniyyətlə
çevirdim.
Belov kəndi idealizə edən, onunla yaşayan
və sevdiyi kənd dünyasının
dağılacağından qorxan yazıçıdır.
Voloqdalı yazarın kənd və elat əhlinə sevgisi
ölçüyə gəlməzdir...
Mən həmin fəlsəfəni
onun yazılarında da gördüm və duydum.
“Keçən cavan çağım ola”
povesti buna əyani sübutdur. Onda bir şeyi
çılı-çılpaq anladım: məni bir-birimizə
bağlayan ruhlarımızdı, biz ruhubirlərik. Hər birimiz kəndin öləcəyindən
qorxuruq və onu öz ürəyimizdə,
yazılarımızda yaşatmağa
çalışırıq. Biz öz kəndçi
mahiyyətimizdən heç zaman qurtula bilmərik,
çünki kənd ilkinlikdi...
Yazıçı Seyran Səxavət hesab edir ki, “o, kənd
sevgisini yüz il də xərcləsə qurtaran deyil”. Əflatun Amaşov onu “hələ
də şəhərləşə bilməyən
yazıçı sayır...” İmdat Avşar yazır ki, “o,
doğulduğu torpağın hər qarışını, hər
gül-çiçəyini sevir...”
Bu
misalların sayını artırmaq da olar, amma yuxarıda test
eksperimentilə bağlı bunları qısa da olsa demişəm
deyə, dayanıram...
O,
hökumət adamı, vəzifə sahibidir, öz işinin
bilicisi, sözünün ağasıdır...
...O,
dövlətinə, prezidentinə, xalqına, el-obasına
bağlı və sadiq adamdır. “Xaqani poeziya” evindəki
toplantılardan birində ünvanına deyilən təriflərə
bu cür reaksiya verdi: “Xahiş edirəm
ki, mənə yox, prezidentimizə təşəkkür edin. Biz onun tapşırıqlarını yerinə
yetiririk. Bu şəraiti o sizə yaradıb... Prezident, hörmətli İlham Əliyev hər
şeyi, hər sahəni hamıdan yaxşı bilir, təcrübəli
və savadlıdır!” -deyir və bundan
qürurlanır da...”
Hamı kimi onun da strateji arzusu Qarabağı azad görmək,
yaxın istəyi isə Xaqani poeziya günlərini ölkə
səviyyəsində keçirməkdir.
Poeziya
evinin qarşısında bir zaman
lar
Şabran qalasında həbs olunmuş ustad Xaqaninin orijinal abidəsi
ucalır...
“Fikirləşdik ki, qoy bu abidəylə
şabranlılar öz günahlarını yusunlar, halbuki onu
şabranlılar yox, Şamaxı hökmdarı Axistan həbs
elətdirmişdi...” deyir.
Aydın
qulağıma pıçıldayır ki, “müəllim
Xaqanidən roman da yazmaq istəyir, amma iş-güc əlindən
başı açılmır...”
O, nəvələrilə
fəxr edir, onlarla nəfəs alır: Nəcəflə,
Turalla, Nicatla, Bəhruzla.
“Nəcəflə üz-üzə” kitabı da
bu sevgiyə işarədir.
Özünün davamçısı da var. Bir neçə
ay bundan əvvəl Xəzər Universitetinin təsis etdiyi
Bakı Dünya Məktəbində yuxarı sinif şagirdlərilə
görüşüm vardı. “On
üçüncü həvari, 141-ci Don Juan” romanımı
müzakirə edirdik.
Toplantıya əsasən 10-11-ci sinif şagirdləri dəvət
olunmuşdu. Maraqlı görüşüydü.
Tədbirin
təşkilatçısı Könül xanım mənə
yaxınlaşdı, bir məktəblini göstərib dedi ki,
Tural doqquzda oxuyur, amma romanı bir il bundan
qabaq oxuyub.
-Hardan
almışdın? -deyə soruşuram.
-Babamdan.
-Baban
kimdi?
Adını deyir.
-Hə, sən
mənim qardaşım oğlusan ki, deyirəm. Deməli,
babanın davamçısısan...
Gülür. Yəqin, sözlərim xoşuna gəlir...Başını
tumarlayıram...
...Nohurlardan
qayıdırıq...
-Aydın,
sənin yaxşı səsin var e, bəlkə oxuyasan! -zarafatla deyir və gülür.
-Mənim
səsim? -Aydın qəşş edir, siqaret saraltmış
dişləri görünür. Özünə gələndən
sonra: - Hardan? - deyə təəccüblənir.
Deyəsən,
Aydın yaxşı səsi olmasına
özü-özünü inandırmaq istəyir...
Bu dəfə
üzünü sürücüyə tutur:
-A bala,
radionu aç.
Radioda Şabran mahnısı səslənir.
Hamımız təəccüblənirik.
-Demədim
e, mənim mahnımı qoyasan!
Sürücü:
-Müəllim,
vallah, maqnitafon deyil, radiodu, -deyə and içir.
Təsadüfə bax, Xalq artisti Gülyaz Məmmədova
bəstəkar Tahir Əkbərin onun sözlərinə
yazılmış bir mahnısını oxuyur, özü də
radioda.
...Sabaha
açılan səhərdi Şabran...
...Pirdi, məbədgahdı,
ocaqdı Şabran...
...Şabran...Şabran...
...O,
qardaşdır. O, Novruz Nəcəfoğludur: vətəninə,
elinə, dövlətinə, rəhbərinə sədaqətli
Novruz Nəcəfoğlu...
11-27 sentyabr, 2015
Bakı-Şabran-Bakı
Elçin Hüseynbəyli
525-ci qəzet.- 2015.- 3 oktyabr.-
S.24-25