Arxa fondakı İlyas Əfəndiyev
O, HƏR ƏSR ÜÇÜN AKTUAL YAZIÇIDIR
Dövlət
Mükafatı laureatı, Əməkdar İncəsənət
xadimi, Xalq yazıçısı, görkəmli dramaturq
İlyas Əfəndiyev! Bu ad XX əsrin
40-cı illərindən bu günə qədər ədəbiyyat,
teatr və mədəniyyətimizin bütün sahələrində
ilmə-ilmə, qarış-qarış əzbərlənib.
Hətta türk, fars, rus, alman, ingilis,
fransız, bolqar, çex və digər dillərdə də ədəbi
mənbələrə sirayət edib. Çünki
İlyas Əfəndiyev ədəbiyyatda yeni bir mərhələ
başlatdı. İnsan qəlbinin məhrəminə
nüfuz edərək, ən həssas, sentimental detalları
açdı. Heç vaxt dəyişilməyəcək
ədəbi düstur yaratdı: -İctimai düşüncənin
dəyişməsi və insanın həqiqi
azadlığını dərk etməsi üçün
öncə insan ürəyi, hiss və duyğuları
gerçək azadlığına qovuşmalıdır. Yazıçı bütün
yaradıcılığı boyu bu düsturu tətbiq etdi.
Yaratdığı yenilikçi - bəzən ən
zərif, bəzən ən balaca (Murad) obrazlarının
arxasında ziyalı, vətəndaş tendensiyası ilə
dayanaraq onları azadlığa doğru apardı.
İlyas Əfəndiyev
ictimai statusu, daşıdığı yüksək vəzifələr,
hətta genetik şəcərə zənginliyi etibarilə
sinkretik təhliletmə bacarığına malik idi. Və elə bu səbəbdən də O, müharibədən
həmən sonra ədəbiyyatda başlanan ədəbi-bədii
küləyin insan qəlbinin dialektikasına, ruhi, mənəvi
dinamizminə yönələcəyini düzgün müəyyən
etdi. Belə bir şəraitdə yeni bir mərhələnin
başlanması zərurəti kimi bu problemin mövcudluğu
danılmazdı. Ona görə də
İlyas Əfəndiyev bir yazıçı kimi öz
konsepsiyasını ortaya qoymağın zamanı gəldiyini yəqin
etdi və ədəbiyyata yeni bir üslubla- melodiyalı
üslubla gəldi. Şirin, lirik, həzin,
ifadəli və dəqiq nəsr dili, cazibədar və
pıçıltılı təhkiyəsi ədəbi əsərlərinin
quruluşunda, obrazların danışıq və
davranışında bir tərz yaratdı. Qəhrəman susanda da sanki onu musiqili bir səs, aura
müşaiyət edir. Zərifənin
Qambaya məhəbbət etiraflarını (“Kənddən məktublar”),
Durnanın daxili iztirablarını (“Durnanın günahı”)
oxuyanda görürsən ki, daxildən zəif eşidilən
bir musiqi var hər sözdə.
İlyas Əfəndiyev ədəbiyyatda ilk
addımlarını ziyalı mühitində və ictimai
psixologiyalı insanların əhatəsində atıb. Odur ki, elə
ilk qələm təcrübələrindən ən yeni və
müasir insan tipinə daha artıq maraq göstərib. Bununla belə, içərisindən
çıxdığı kənd mühitini qəlbinin ən
munis yerində bəsləyib, “Geriyə baxma, qoca” romanında
böyük İlyas Əfəndiyevi balaca Muradın fonunda
oxuculara təqdim edib. Romanda Muradın tərəkəmələrin
ağır həyat tərzinə qarşı kövrəkliyi,
həssas qəlbi, adamlara münasibətdə insan xoşbəxtliyinə
pərəstiş etməyi, eybəcərliyə nifrəti əslində
İlyas Əfəndiyevin şairanə nağıl
romantikasının təzahürüdür.
Əsərlərinə nəzər saldıqda
asanlıqla İlyas Əfəndiyevin kimliyini orada görmək
mümkündür. Ədəbiyyatda onun qadına münasibəti
ən çox təhlil olunan məsələlərdən
biridir. Bir qadın qəlbinin
pıçıltılarını, azadlıq duyğusunu
İ.Əfəndiyev qədər duymaq, anlamaq yenə də
onun özünə məxsusdur.
O, əsərlərində
qadını kişi kimi şücaətli,
döyüşkən cəhətləri ilə təsvir
etmirdi. Əksinə qadına məxsus və əslində
ona yaraşan həqiqi qadın zərifliyini və həssaslığını
təqdim edirdi. Bu,
yazıçının həyati detallara orijinal yanaşması
idi. “Söyüdlü arx” (1958)
romanında şəhərdən kəndə işləməyə
gəlmiş gənc aktrisa Nuriyyə kənddə kitabxana
müdiri işləyir, mədəni quruculuq işləri ilə
məşğul olur, dram və musiqi dərnəyi təşkil
edir. Lakin yazıçının məqsədi
Nuriyyənin əməkçi qadın obrazını yaratmaq
deyil. Romanı diqqətlə nəzərdən
keçirdikdə aydın olur ki, burada Nuriyyənin ictimai fəaliyyətindən
çox emosional xarakteri, sentimentallığı, daxilən
böyük sevgisini axtaran qadın həssaslığı
yazıçının ifadə etmək istədiyi əsas
qayədir. Cəmi ikicə il sonra ictimaiyyətə
təqdim olunan “Körpüsalanlar” (1960) romanında
yazıçı ali təhsilli mühəndis olan Səriyyəni
öz romantikliyi ilə Nuriyyədən də yüksəkdə
təsvir edir. Səriyyə trest müdiri
işləyən əri Adildən ayrılıb,
buldozerçi Qəriblə evlənməklə qadın qəlbinin
hüdudsuz azadlığının bünövrəsini qoyur.
Həmin dövrdə ədəbiyyatda qadın
azadlığı mövzusu hər bir sənətkarın
yaradıcılığının məhək daşı
idi. Bununla belə əgər “Körpüsalanlar”ı
İlyas Əfəndiyev deyil, başqa bir sənətkar
yazsaydı, Səriyyənin Adildən ayrılmasına icazə
verərdimi?! Yaxud Səriyyəni yenidən Qəriblə
evləndirər, yoxsa onun öz səhvinin cəzasını
çəkməsilə əsəri sonlandırardı?!
Hər iki halda Əfəndiyev qadın qəlbinin
intəhasızlığını kəşf etdi. Bir fakt da danılmazdır ki, Əfəndiyevin bu kəşfi
yazıçı təxəyyülünün məhsulu
deyil, gerçəkliyin yenicə cücərən faktı
idi. Səriyyə kimi qadınlar mində
bir də olsa, öz duyğu və düşüncələrini
hayqırmağa başlamışdılar və Əfəndiyevin
əsl yazıçı gücü onda idi ki, O, belə
qadınlara öz qələmi ilə də olsa dəstək
olur, tutduqları yoldan geri dönməmələrini təvəqqe
edirdi. Baxmayaraq ki, Səriyyə dədə-baba
stereotiplərini ayaqlayıb, öz ürəyinin səsi ilə
azadlıq axtarışındaydı. Həmin
vaxtdan 50 ildən artıq bir zaman keçsə də, bu
gün də qadın azadlığı mövzusu postmodernist
qələmdə öz halını izhar edir. 60-cı illərin Səriyəsi indi Aylin, Aydanlarla əvəz
olunub. Bircə fərq var ki, Nuriyyənin də,
Səriyyənin də daxilən azadlığı, sərbəst
addımları assosiativ deyil, onlar özləri haqqında
sağlam qərarlar verirlər. Nuriyyə
Muradı sevir, lakin onun ailəli olduğunu biləndə, nəcib
qız sevgisini qəlbinin dərinliyində basdırır və
öz taleyini tapır. Bəs İlyas
Əfəndiyev kimi bir sənətkar qadına bu cür
azadlığın verilməsinin sonrakı inkişaf təmayülünün
hansı məcraya yönələcəyini bilmirdimi? Əlbəttə bilirdi. Elə
buna görə də “Geriyə baxma, qoca” romanında tarixi bir
kodlaşma apardı. Möhnət qarı
və onun ağbirçəyi kimi nağılvari
xatırladığı Xəlsə nənənin “elin
yaddaşında yazılmamış namus qanunu” ilə
yaşayırdı. Yazıçı da məhz bu
nüansa toxunub: Xəlsə nənədən törəyən
irsin, “əslində olanın dırnağında bildirəcəyi”nə
sətiraltı işarə edirdi.
İlyas Əfəndiyevin dramaturgiya sahəsində də
xidmətləri əvəzolunmazdır. “Bakı”
kinostudiyasında ssenari şöbəsində müdir işləməyi,
C.Cabbarlı ənənələrinə sadiq qalmağı və
özünü daha çox teatr səhnələrində
ön sırada ifadə etmək istəyi onu dramaturgiyaya
yaxınlaşdırıb. Dramaturgiya və
teatr məsələlərindən bəhs edən məqalələr
yazıb. Və “Onun lirik-psixoloji üslublu
dramaturgiyası teatrımızın tarixində yeni mərhələ
açmışdır”.
İlyas Əfəndiyevin dramlarının əsas leytmotivini qadın azadlığının psixoloji özünütəsdiqi və tərəqqisi məsələsi təşkil edirdi. Dramaturq yeniləşməkdə olan qadını necə görmək istəyirdisə, eləcə də təqdim edirdi; Nəcib təbiətli, kövrək, həssas, sevib xoşbəxt olmaq ehtirası ilə yaşayan qadın obrazları və onların zərif, eləcə də zəif ideallarının arxasındakı güc İlyas Əfəndiyev qüdrəti idi. Yazıçının teatr dili didaktikası ilə seçilir. O, kobud, insana yaraşmayan tək bir ifadə, söz işlətməzdi. Hər cümləni yonub cilaladıqdan sonra bədii əsərə daxil edərdi. Bu, onun əsl ziyalı xarakterindən, kübarlığından irəli gələn cəhətdir. Lirik-psixoloji üslubun ən gözəl nümunəsi kimi sevilən və hələ də oxucular tərəfindən rəğbətlə oxunulan “Sən həmişə mənimləsən” (1964) pyesi sentimentalizminə, səhnə xüsusiyyətlərinə, eləcə də əxlaqi-tərbiyəvi dəyərinə görə İlyas Əfəndiyevin ən qüdrətli əsəri hesab oluna bilər. Əsərin ideya-bədii qüdrəti əslində Həsənzadənin timsalında Əfəndiyevin müəyyən mənada prototipinin durmasıdır. Pyesdə Həsənzadə 46 yaşında təsvir olunur. Əsər yazılan zaman dramaturq da təxminən 49-50 yaşında idi. Daxili məninə sədaqəti, vicdanın paklığını qoruyub saxlaması kimi kamilləşən cəhətləri ilə Həsənzadə pərdənin görünən üzü idi. Pərdənin arxa fonunda isə İlyas Əfəndiyev dayanırdı. Dramaturq pyesdə Həsənzadənin dili ilə qadın azadlığına qarşı kişi əxlaqının vacibliyini sərrast, aydın, səmimi bir şəkildə göstərir. Cavan yaşından həyat yoldaşını itirən, oğlu ilə tənha yaşayan Həsənzadənin 19 yaşlı Nargiləyə münasibəti ilə əsl Azərbaycan kişisinin obrazını yaradıb. Nargilə ona sevgisini etiraf etsə də, Həsənzadə ağıllı, yetkin insan kimi bu münasibətin doğru olmayacağını düşünür və ona ata sevgisi ilə yanaşır. O, anlayır ki, Nargilə həqiqətdə yaşadığı faciəli ailə şəraiti ilə müqayisədə Həsənzadənin yanında sakit, hüzurlu olduğu üçün ona meyl edib. Pyesdə maraqlı məqamlardan biri də odur ki, Nargilənin atası yaşda birinə sevgi etirafları da tamaşaçıda həqarət doğurmur. Əksinə yazıçı öz Nargiləsini yaşına uyğun sakit, həlim, saf və şirin dil ilə danışdırır, ən incə insani münasibətlərin sözlə tablosunu yaradır. Odur ki, ədəbi tənqiddə bu əsər İ.Əfəndiyevin dramaturq ustalığının ən gözəl nümunəsi hesab olunur. Məhz bu əsər də 60-cı illər ədəbiyyatında yeni bir mərhələ oldu. Hətta Onun yaradıcılığı “60-cılar”a ədəbi zəmin hazırladı.
70-80-ci illərdə Əfəndiyev tarixi mövzuda qələmə aldığı “Mahnı dağlarda qaldı” (1971), “Xurşidbanu Natəvan” (1980), “Şeyx Xiyabani” (1986), “Hökmdar və qızı” (1991) pyeslərində tarixdən ilhamlanaraq milli hissləri oyatmaqla xalqı azadlıq uğrunda mübarizəyə səsləyib. Onun Böyük bəy və Şahnaz (“Mahnı dağlarda qaldı”), Natəvan, Seyid Hüseyn (“Xurşidbanu Natəvan”), Xiyabani, Sarı Mərdan, Hacı Fərhad, Səhər (“Şeyx Xiyabani”), Cavad xan, Hüseynqulu xan, Saday bəy, Tubu xanım, Ağabəyim ağa (“Hökmdar və qızı”) kimi obrazları ilə mübariz gələcəyə ilham verən qəhrəmanlar yaradıb. Böyük bəy, Natəvan və Şeyx Xiyabani xarakterlərinin tamlığı, bütövlüyü ilə yazıçının digər personajlarından seçilirlər. Hər üç qəhrəman vətən taleyi, milli ideal uğrunda sonacan mübarizə aparırlar. Bu, əslində İlyas Əfəndiyevin onların arxa fonunda qəhrəmancasına vətən uğrunda, azadlıq yolunda sarsılmaz mübarizəsi idi. Xüsusilə Xiyabaninin monoloqları 1988-90-cı il hadisələrində gəncləri döyüşə səsləyən himn oldu.
İlyas Əfəndiyev qadın ruhunun yazıçısı kimi, qəhrəman qadın obrazını yaratmaqdan da yan keçməyib. Əsərdə xan qızı Natəvanın timsalında alovlu vətənpərvər, milli azadlıq carçısı yaratmaqla qalmayıb, onu orijinal bədii qəhrəman səviyyəsinə qaldırıb. Buradakı Natəvan heç də tarixdəki Xurşidbanu Natəvanın prototipi deyil. Bu Natəvanın hər sözünün, əməlinin arxasında 80-ci illər Əfəndiyevin azadlıq, vətənə sədaqət, torpaq andı dayanırdı. Pyesin başlanğıcındakı monoloqunda Natəvan deyir: “ Əgər bu dünyada xoşbəxtlik deyilən bir həqiqət varsa, o da yalnız insanın vətəninə, öz mənliyinə, öz ləyaqətinə sahib olmasındadır. Mən azadlığın qüdrətinə inanıram”. Bu sözlər İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” dramındakı əsas müəllif qayəsidir. Bu qayə torpaqlarımızın işğal altında olduğu hazırkı şəraitdə də aktualdır. Bu gün də torpaq uğrunda canından keçən qəhrəmanlarımız var və bu da onu göstərir ki, İlyas Əfəndiyevin qəhrəmanları keçmişdən bu günə körpü salıblar. O körpünün mayasında, daşında isə Əfəndiyevin həmişəyaşar arzu və idealları dayanır.
P.S. Bu məqalədə qüdrətli yazıçı, dramaturq İlyas Əfəndiyevi obrazlarının arxa fonundan önə çıxarmaqla yad etməyə çalışdım. Onun cismən aramızdan getməsindən 19 il ötür. Lakin mənəvi kimliyi ilə əbədi olaraq bizimlədir. Ruhu şad olsun.
Rübabə
SAHİB
525-ci qəzet.- 2015.- 3 oktyabr.- S22