Gözlənilən Qatar... 21:15...

 

 

 

... Bura, gec - tez hər kəsin özünü çatdıracağı stansiyadı. Saat düz 21:15-  o məşum qatarın yan alacağı perrondu. Saatsa hər zaman 21:15-i göstərir. Yəni 21:15 qatarı hər an gələ bilər. Əgər gəlsə! Əslində bütün fəlsəfə, məna da məhz bu gözləntidədir. Bəlkə elə həyatın məntiqi sonluğudu bu... Bir ömür gözləmək. Haçansa, yaxud heç zaman gəlməyəcək qatarı gözləmək; səni harasa uzaqlara aparacaq adam kimi, təzadlarını nizamlayacaq varlıq kimi...

 

Əməkdar incəsənət xadimi Bəhram Osmanovun “21:15 qatarıtamaşasının qəhrəmanları da gözləyirlər. Akademik Milli Dram Teatrının böyük səhnəsində cəmisi iki nəfər - Xalq artisti Nurəddin Mehdixanlı Əməkdar artist Sənubər İsgəndərli bu qatarın yaxınlaşan fit səsinə həsrətdirlər... Arada bir vağzal nəzarətçisi - Xalq artisti Hacı İsmayılov isti çaya qonaq eləməsə, soyuqdan dona da bilərlər.

 

Türk dramaturqu Toyqun Orbayın eyniadlı pyesi (Dilsuzun tərcüməsində) əsasında hazırlanmış birpərdəli oyunun janrını, ideyasını müəyyənləşdirmək çətindi. Mübahisəli məqamlar çoxdu... Tamaşaya baxdıqca bəzən adama elə gəlir ki, bütün bunları sadəcə kağızdan oxuyursan alaqaranlıq səhnədə baş verənlər xəyallarından başqa bir şey deyil. Amma Sənubər İsgəndərlinin naqolay vəziyyəti duyaraq şaşqın gülməsi, Nurəddin Mehdixanlının həyat həqiqətlərini son cərgədə oturan tamaşaçıya da çatdırmaq cəhdləri səni o xəyallardan ayırır yerini bir az da rahatlayıb dinləyirsən. Məhz dinləyirsən, çünki pyesin əsas özəlliyi sözdür. Burada hansısa dinamika, sürət ummaq yersizdi, sadəcə sözdən yapışmalı qəhrəmanların ovqatını özününküləşdirməlisən. Bəlkə onlara qoşulub qatar gözləməlisən?!

 

Əsərdə insan psixologiyasına, münasibətlərinə aid dialoqlar, polemikalar var. Qəribə mülahizələr az deyil. Bəlkə bunlar dramaturqun peşələrindən gəlir. İxtisasca həkim olan müəllif rəssam kimi məşhurdur. Rəsm əsərləri Türkiyənin Ankara, İstanbul, İzmir başqa şəhərlərindəki sərgi salonlarında nümayiş etdirilir.  “Mat”, “Şərəfinə insan oğlukimi dünyada tanınan pyeslərin müəllifidir. Bu əsərlərə  Türkiyə, Almaniya, Yaponiya, ABŞ başqa ölkə teatrlarında quruluş verilib. Azərbaycanda isə Toyqun Orbayın yaradıcılığına ilk dəfə müraciət olunur. Onu da deyim ki, yay aylarında Bakıya gələn Toyqun bəy burdakı quruluşu da xeyli bəyənib.

 

Son vaxtlarda əsasən ailə-məişət mövzularına müraciət edən Bəhram Osmanov bu cür psixoloji, həm gərgin mövzunu həll etmək üçün maraqlı priyomlar işlədib. Sənubər İsgəndərli güzgüylə tamaşaçının üzünə işıq salır, gözünü qamaşdırır, Nurəddin Mehdixanlının təkcə özü yox, həm kölgəsi danışır, səhnədə qar yağır, yağış çisələyir... Bir sözlə çox şey baş verir, bircə... bircə qatar gəlib çıxmaq bilmir ! Bu mərdimazar vağzal məmuru da ümidverən bir şey demir, hələ üstəlik kişiylə qadının yaxınlaşmasına, doğmalaşmasına mane olur.  Əgər qatarı gözləyən kişi qadın bir az sürrealist cizgilərlə göstərilirsə, vağzal nəzarətçisi əksinə realist qəhrəmandı, bu yad situasiyada gerçəkliyi ifadə edən yeganə adamdı. Amma onun özü indiyə qədər heç vaxt gəlməyən qatarı gözləyir, ümidini itirmir, vağzalı təmiz, səliqəli saxlayır. Ancaq zaman özü bu qatarınsərnişinləri”nin rahatlığını, arxayınlığını təmin edib. Bura gəlib 21:15 qatarını gözləyənlər elə-belə adamlar deyil. Həyatın faniliyini dərk edən, dünyanın qanunlarından hərtərəfli xəbərdar olan adamlardı. əslində ən gözəli elə budur ki, onlar bütün bu dərk etdikləriylə bərabər möcüzəyə inamı itirməyiblər... Bir vaxt kiminsə, nəyinsə (Qatarın!) gələcəyinə hər şeyi düzəldəcəyinə inamı! Yəqin ən fərqli adamları birləşdirən, yaxınlaşdıran da həmin bu inamdı...

 

Tamaşaya baxdıqca, qəhrəmanların qəribə söhbətlərini, mübahisələrini dinlədikcə Bəhram müəllimin axır zamanlarda qoyduğu əsərləri yadıma salıram bir anlıq başa düşürəm ki, bunlar müxtəlif mövzularda olsalar da, ideya, qayə oxşardı. Hamısı çağdaş zamanın əsas problemlərini göstərir. İnsanın robotlaşmasını, zamanın qanunlarına boyun əyməsini, ən doğma bildikləriylə yadlaşmasını... az qala bütün bu tamaşalarda insanlar arasında gözə görünməyən, amma eyni zamanda da açıq-aydın duyulan sərhəd ön plana gətirilir. Əli Əmirlinin eyniadlı pyesi əsasında quruluş verdiyiHasarın o üzü”ndə bir evin içində yaşayan ailə üzvlərini din ayırır, burda həmin dediyimsərhəd”, hasar dindir bu sərhədin əks tərəflərində duran adamlar bir-birini başa düşmürlər. Hüseynbala MirələmovunMiraspyesi əsasında səhnəyə qoyduğu tamaşada isə yenə eyni ailənin, evin içində qəribə birarakəsməgörünür. Zamandı bu arakəsmənin adı. Ata onun yaşıdları zamanın o biri üzündə, daha dəqiq desəm, Sovet dövründə qalıblar... Oğul, gəlin, nəvə isə müasirliklə, indi ilə yaşayırlar. Bu zaman adlı sərhəddin o üzündə duran adamlarla bu tərəfindəki adamlar hər gün görüşmələrinə, bir damın altında yaşamalarına baxmayaraq, bir-birlərini eşitmirlər, görmürlər, duymurlar. Bəlkə təkcə sadaladığım əsərlərin qəhrəmanlarının yox, ümumiyyətlə, çağdaş zamanın insanının faciəsidir bu; dialoqun yoxluğu, gün-gündən qalınlaşan pərdələr, tikanlı sərhədlər.

 

21:15 qatarını gözləyənlərin isə söhbət eləmək, dərdləşmək üçün zamanları boldu. Onlarla mühit, insanlar, cəmiyyət arasında sadəcə sərhəd yox, bütöv bir uçurum var. Və müəllifin uçurumun kənarında duran insanların təsəllisi, “hayan”ı kimi məhz sənəti göstərməsi mənə görə, ən mühüm məqamlardan biridir. Axı doğrudan da qəhrəmanın söylədiyi kimi, bütün buqutulardan, qutu evlər, qutu maşınlar, qutu dünyadan yeganə xilas sənətdi. O sənət ki, onun vasitəsiylə bumbuz, adamsız vağzalda da xoşbəxt ola bilərsən. Qəhrəmanların çex bəstəkarı Antonin Dvorjakın “Su pərisi” operasından “Uzaq səmalarda hilalım mənim” ariyasını  dinləmələri, qadının qar yağmasını gözünün önünə gətirməsi məhz sənətin insana verdiyi təsəllinin ifadəsidir.

 

Simvolik olaraqsöz oyunu” adlandırıla biləcək səhnə əsərində heçbaş vermir... İntriqa, mübahisə, hadisə yoxdu. Belə olan təqdirdə tamaşaçının diqqətini cəlb etmək, saxlamaq qəlizləşir. Rejissorun aktyorla tamaşaçı ünsiyyətini yaratması, qurması bu baxımdan uğurlu priyomdu. Nurəddin Mehdixanlı zala enib metrolardan, qatarlardan danışanda, gündəlik, boz həyat qanunlarının mənasızlığı haqda fikirlərini bölüşəndə tamaşaçı da bir növ iştirakçıya çevrilir. Amma daha maraqlı olan odu ki, bayaqdan bəri bir az bəsit, adi görünən qadın qəhrəman da dəyişilir, müdrikləşir. Bu isə yaxınlaşan qatardan xəbər verən işarədi.

 

...Bu stansiyada adamlar bax beləcə bir-birini əvəz edir, 21:15 qatarına biri minib gedəndə digəri vağzala gəlir, gözləməyə başlayır. Nə stansiya boş qalır, nə qatar! Tamaşanın sonuna doğru qatarın nəyi simvolizə etməsi aydınlaşır, düşünürəm, görəsən Toyqun Orbay Nazım Hikmət heyranı deyil ki? Dramaturqun bir neçə müsahibəsini oxusam da, saytını ələk-vələk eləsəm də, bu haqda nəsə öyrənə bilmədim. Məsələ burasındadı ki, Nazımın “Son avtobusu ilə Toyqun Orbayın “21:15 qatarı”nın marşrutu eynidi. Hər ikisi boşluğa, heçliyə, ölümə aparır... Və insanların, bu dəfə Nurəddin Mehdixanlının yaratdığı kişi qəhrəmanın qatarı gözləyərkən tox, müdrik, arxayın söhbətlərinin səbəbi ölümqabağı ovqatdı. Qəribə bir paradoks var burda. Daha doğrusu insan psixologiyasının müəmmalı tərəflərindən biri. “Son avtobusun sərnişini həyatdan doyduğu üçün böyük qaranlığın yaxınlaşmasını duyur, qatarı gözləyən adam isə ölümün varlığını düşünüb dərk etdiyi üçün optimistdir... Qar yağmasından, yağış çisələməsindən, təsadüfi tanışlıqdan və sənətdən də buna görə zövq alır! Həyatdan doymamış, “yaşamağa başlamamış” ölümün mahiyyətini anladığına görə... O yaxınlaşmaqda olan qatarı duyduğuna görə, yaşadığı hər anı qənimət bildiyinə, dəyərləndirdiyinə görə! Adamı iliyinəcən təsirləndirən bir ümid var burda! Və bu ümid vağzal sakinlərinin birindən o birinə ötürülür... Səhnədəki aktyorların sözündən, gözlərinin ifadəsindən bizə, tamaşaçıya ötürülür. Elə bununla da Bəhram Osmanov növbəti səddi, sərhəddi, hasarı aradan qaldırır, tamaşaçıyla səhnə arasındakı səddi, sərhəddi, hasarı!

 

 

PƏRVİN

525-ci qəzet.- 2015.- 3 oktyabr.- S21