Aida İmanquliyevanın tədqiqat
sferası
Ərəb ölkələri arasında “Bilədu-Şam”
(Şam diyarı - Suriya, Livan, İordaniya və Fələstin)
adlandırılan regionun xristian Avropa ilə əlaqəsi hər
zaman mövcud olmuş, avropalı missionerlər bu ərazilərdəki
xristian ərəblər üçün təhsil mərkəzləri
açmış, onların maarifləndirilməsində
geniş fəaliyyət göstərmişlər.
Erkən yaşlarından bu təhsil ocaqlarında təlim-tərbiyə
görmüş, XX əsr müasir ərəb ədəbiyyatında
yeni bir cığır başladan bu ziyalılar arasında ərəb
məhcər ədəbiyyatının (Mühacir ərəb
ədəbiyyatı) öndə gələn nümayəndələri
də vardı. Ərəb ədəbiyyatı tarixində
çoxçeşidli mədəniyyət qaynaqlarından bəhrələnməsi
ilə seçilən ərəb məhcər ədəbiyyatçılarının
yaradıcılığında müxtəlif ədəbi-fəlsəfi
cərəyanların izləri olduqca aydın görünməkdədir.
Rus ədəbiyyatından
tutmuş, amerikan, Avropa ədəbiyyatına qədər,
müsəlman sufi düşüncə tərzinə, Qərb
və Uzaq Şərqdəki düşüncə cərəyanlarına
dərindən bələd olan ərəb məhcər ədəbiyyatçılarının
ədəbi-fəlsəfi irsinin tədqiq edilib yalnız Azərbaycan
oxucusuna deyil, eyni zamanda dünya ictimaiyyətinin də diqqətinə
çatdıran, bu dəyərli irsin tədqiqinə yeni
aspektdən yanaşan, elmi-ədəbi tədqiqatın önəmli
bir parçası olan “müqayisəli ədəbiyyat” fonunda
ərəb məhcər ədəbiyyatçılarının
yaradıcılığının müqayisəli tədqiqatını
aparan görkəmli ərəbşünas alim məhz Aida
İmanquliyeva olmuşdur.
Qeyd edək ki, hər hansı bir ədibin
yaradıcılığının və ya ədəbi cərəyanın
müqayisəli şəkildə tədqiqata cəlb
olunması asan məsələ deyil. Xüsusən də bu
tədqiqat müxtəlif mədəniyyətləri öz
yaradıcılıqlarında təcəssüm etdirən ərəb
məhcər ədəbiyyatçılarının nümayəndələrin
bədii irsi fonunda daha çətindir. Məsələn,
ədəbiyyatla yanaşı, Həllac Mənsur, İbn
Ərəbi, İbn Fariz, İbn Sina, Əbul Alə əl-Məarri,
Cəlaləddin Rumi kimi müsəlman mütəfəkkirlərinin,
xristian mistik cərəyanlarının, amerikan transsendentalistlərinin
və Uzaq Şərq düşüncə və inanc sistemlərindən
Latso, Budda, Brahma kimi fikir öndərlərinin təlimlərinin
bilicisi olan ərəb məhcər ədəbiyyatçılarının
ədəbi irsinin müqayisəli tədqiqatını apara
bilmək ən azından həmin mütəfəkkirləri ədiblər
qədər bilməyi tələb edir. Bu
baxımdan ərəb məhcər ədəbiyyatçılarının
ədəbi-fəlsəfi irsini yuxarıda adlarını qeyd
etdiyimiz ədib və mütəfəkkirlərlə
müqayisəli şəkildə tədqiq etmək Aida
xanımın, sadəcə, ərəb ədəbiyyatı
mütəxəssisi kimi deyil, eyni zamanda, fərqli ədəbi
və fəlsəfi cərəyanların da dərin bilicisi
olduğunu göstərir.
Aida xanım ərəb, rus, türk, ingilis, fransız,
bir sözlə, dünya ədəbiyyatının bilicisi idi. O, İslamdan öncəki
Cahiliyyə şairlərinin əsərlərini, İslamdan
sonrakı ərəb ədəbiyyatını, XIX
yüzillikdə Avropanın təsiri altında yeni janrlarda
yaradılmış müasir ərəb ədəbiyyatını
gözəl bilirdi. Buna görə də, o, ərəb
məhcər ədəbiyyatının orijinal təhlilini verə
bildi və bu təhlillərin ərəb müəlliflərinin
yazdıqlarından daha güclü və hərtərəfli
olduğunu söyləmək mümkündür. Onlar məhcər şair və
yazıçılarının tərcümeyi-halını, əsərlərindən
nümunələri verməklə kifayətlənir, üzdən
gedirlər. Aida xanımsa dərinliklərə
baş vurur, bütün məziyyətləri əhatə etməyə
çalışırdı.
Ədəbi cərəyanlara gəldikdə Aida xanım
Cübran Xəlil Cübranın erkən
yaradıcılığında sentimentalizm cərəyanını
izləməsini, sonralar sentimentalizmdən romantizmə
keçid dövrünü yaşamasını, Əmin ər-Reyhaninin
ərəb romantizminin təşəkkülündə rolunu,
Mixail Nuaymənin rus ədəbiyyatındakı realizmdən bəhrələnməsini
ustalıqla açıb göstərmişdir.
A.
İmanquliyevanın bu sahədəki tədqiqatlarını
yüksək qiymətləndirən görkəmli şərqşünas
alim, akademik Vasim Məmmədəliyevin sözləri ilə
desək, “Aida İmanquliyeva məhcər ədəbiyyatının
ən görkəmli nümayəndələri Cübran Xəlil
Cübranın və Əmin ər-Reyhaninin daha çox Qərb
romantizminin, Mixail Nuaymənin isə rus tənqidi realizminin təsirinə
məruz qaldığını göstərmiş və bunun
əsas səbəbini onların dünyagörüşü,
düşdükləri mühit, ədəbi-bədii qayəsi
və yaradıcılıq istiqamətləri ilə
bağlamışdır. Müəllif çox doğru olaraq
belə bir nəticəyə gəlmişdir ki, Cübran və
ər-Reyhanidə R. U. Emersonun, U. Uitmenin, N. Toronun, Şellinin,
Bayronun, Hüqonun təsiri daha çox hiss edildiyi halda,
Poltavada təhsil almış Mixail Nuaymənin bədii
yaradıcılığında L. Tolstoyun, İ. Turgenyevin, A.
Çexovun, ədəbi-tənqidi məqalələrində
isə V. Belinskinin təsiri müşahidə olunur”.
Aida xanımın elmi
yaradıcılığının aparıcı motivi Şərq-Qərb
məsələsi idi. O, əsrlər boyu bir-biri ilə mübarizə
aparmış bu iki qütbün ortaq və fərqli cəhətlərinin,
onları birləşdirən və ayıran xüsusiyyətlərin
ədəbiyyatda necə əks olunması məsələsini
araşdırırdı.
A.
İmanquliyeva “Qələmlər birliyi və Mixail Nuaymə”,
“Yeni ərəb ədəbiyyatı korifeyləri” və
“Cübran Xəlil Cübran” adlı əsərlərində
bu müqayisəli elmi tədqiqatı ortaya qoymuş, dünya
tədqiqatçıları arasında ərəb məhcər
ədəbiyyatının yüksək səviyyədə
araşdırılmasına öncüllük etmişdir.
Mixail
Nuaymə nümunəsində A. İmanquliyevanın
apardığı müqayisəli ədəbiyyat tədqiqatından,
xüsusilə də
Mixail Nuaymənin ədəbi irsinin rus ədəbiyyatı
ilə müqayisəli şəkildə tədqiq
olunmasından konkret misallar çərçivəsində bəhs
etmək daha məqsədəuyğundur.
Erkən
yaşlarından rus ədəbiyyatı və mədəniyyəti
ilə yaxından təmasda olan Nuaymə bu ədəbiyyatın
öncülləri sayılan Tolstoy, Dostoyevski, Turgenyev,
Belinski, Çexov, Puşkin, Qoqol və başqa görkəmli
ədiblərə olan heyranlığını hər zaman
özü açıq bir şəkildə dilə gətirib.
Nuaymə yaradıcılığında rus ədəbi
irsinin təsiri özünü iki istiqamətdə göstərir:
birincisi, ədəbiyyatda reformist fikirlərin səslənməsi
və ədəbiyyatın ictimai rolunun olması, ikincisi isə,
bu ədəbiyyatda
daha çox, din, kilsə, varlıq mövzusunda
Nuaymənin fikir dünyasının bəhrələndiyi
yazıçıların mövcudluğu.
Ədəbiyyatda yenilik tərəfdarı olan Nuaymənin
əsərlərində rus klassiklərinin təsir dairəsini
müəyyən edən A. İmanquliyeva konkret misallar əsasında
müqayisəli ədəbi çalışma aparıb. Məşhur rus tənqidçisi
Belinskinin ədəbi-tənqidi görüşlərinin M.
Nuaymənin ədəbi-tənqidi estetikasının
formalaşmasındakı rolundan bəhs edən A.
İmanquliyeva məhz bunun sayəsində Nuaymənin
klassik ərəb tənqidi düşüncə tərzinin
xaricinə çıxaraq, ədəbiyyatın əsas vəzifəsinin
nədən ibarət olduğuna açıqlıq gətirdiyini
ifadə edir. Belinski kimi Nuaymənin də ədəbiyyatın
mühüm sahəsi olan teatr əsərlərinin cəmiyyətin
doğru istiqamətdə addım atmasında, teatr səhnəsi
vasitəsilə həqiqətlərin olduğu kimi birbaşa
tamaşaçıya təqdim olunmasının əhəmiyyətindən
bəhs edərək, bu iki görkəmli ədib arasında
paralellər aparan Aida xanım Nuaymənin ərəb cəmiyyəti
içərisindəki tərbiyəvi və reformist rolunun
Belinskinin rus cəmiyyəti içərisindəki rolundan az
olmadığını vurğulayır.
M. Nuaymənin
hekayə müəllifi kimi forma
laşmasında da rus ədiblərinin böyük rolu olmuşdur. Çexov və Turgenyev ilə Nuaymə arasında
müqayisələr aparan A. İmanquliyeva xüsusən də
ikincisinin Nuaymə üzərindəki təsirini ön plana
çəkir. Hətta Nuaymənin “əl-Əba vəl-bənun”
(“Atalar və oğullar”) adlı dram əsərinin Turgenyevin
eyniadlı əsəri ilə bənzərlik təşkil
etdiyini və bunun, sadəcə, ad oxşarlığı
deyil, eyni zamanda əsərin sujetinin, qəhrəmanların
rus yazıçısının əsəri ilə bənzərlik
təşkil etdiyini xüsusi qeyd edən Aida xanım iki əsər
arasında müqayisə apararaq dolğun təhlillərə
yer verir.
M. Nuaymənin
ədəbi şəxsiyyətinin, xüsusən onun din, kilsə,
varlıq kimi mövzularda dünyagörüşünün
formalaşmasında, şübhəsiz ki, rus ədibi və
mütəfəkkiri Tolstoyun rolu böyük olub. Erkən yaşlarından etibarən Tolstoyun əsərlərini
mütaliə edən Nuaymənin ədəbiyyatda dini motivli
mövzuların işlənməsində ondan
ilhamlandığını qeyd edən A. İmanquliyeva Nuaymənin
kilsəyə və din adamlarına qarşı mövqeyinin dəyişməsində
bu görkəmli rus ədibinin böyük rolu olduğunu
vurğulayır.
Görkəmli ərəbşünas alim məhcər ədəbiyyatçılarını rus ədəbiyyatçıları ilə müqayisə etməklə kifayətlənmir. O, eyni zamanda amerikan yazıçılarının, xüsusilə, amerikan transsendentalistlərinin öncüsü olan Emersonun məhcər ədəbi quruluşunun nümayəndələri üzərindəki təsirlərindən bəhs edir. Xüsusən də, Nuaymənin fəaliyyətinin üçüncü mərhələsində ədəbi yaradıcılığını transsendentalizmin təməl prinsipləri üzərinə bina etdiyini, bundan sonrakı yaradıcılıq fəaliyyətində daha çox varlıq, varlığın mahiyyəti, ölüm kimi fəlsəfi mövzulardan bəhs edən əsərlər qələmə aldığını vurğulayır. Həqiqəti dərketmədə rasional ağıldan daha çox, intuisiya yolu ilə qəlbi ön plana çəkən amerikan transsendentalistlərinin dünyagörüşləri ilə Nuaymənin bu çərçivədəki düşüncə forması arasında yaxınlıq var. Əslində bu düşüncə tərzi, sadəcə, amerikan transsendentalistlərində mövcud deyil. Bunu qədim hind inanclarında, müxtəlif mistik cərəyanlarda və müsəlman sufi ənənəsində də görmək mümkündür. Bu kimi reallıqları ön plana çəkən A. İmanquliyeva çoxçeşidli mədəniyyət qaynaqlarından bəhrələnməsi ilə müasir ərəb ədəbiyyatında iz qoyan Nuaymənin ədəbi yaradıcılığının fərqli mədəniyyətlərlə olan əlaqəsini üzə çıxarmışdır.
Burada bir məsələni də qeyd etmək lazımdır ki, ərəb ədəbi tənqidçiləri müasir ərəb ədəbiyyatında ilk novella nümunəsinin Misir yazıçısı Məhəmməd Teymurun 1917-ci ildə qələmə aldığı “Fil-qitar” (“Qatarda”) adlı hekayəsinin olduğunu söyləyirlər. Ancaq A. İmanquliyeva bu mövzuda da ərəb ədəbiyyatçılarından bir addım önə çıxaraq, müqayisəli ədəbiyyat prizmasından yanaşmaqla adını qeyd etdiyimiz müəllifin novellasını M. Nuaymənin hələ 1914-1915-ci illərdə qələmə aldığı “Sənətuhəl-cədidə” (“Onun təzə ili”) və “əl-Aqir” (“Qısır”) adlı hekayələri ilə müqayisə edir. Nuaymənin hekayələrindəki süjet xəttinin Məhəmməd Teymurun hekayəsi ilə müqayisədə daha uğurlu olduğunu qeyd edir. Eyni zamanda Aida xanımın ifadəsi ilə desək, “M. Teymur hekayəsində qəhrəmanlarının zahiri görünüşlərini təhlil etməklə kifayətləndiyi halda, Nuaymə qəhrəmanlarının daxili aləmlərinə də nüfuz etməyi bacarmış, onların psixoloji vəziyyətlərini də oxucuya məharətlə çatdıra bilmişdir”. Nəticə etibarilə, Nuaymənin adlarını qeyd etdiyimiz iki əsərinin müasir ərəb ədəbiyyatında novella janrının ilk nümunəsi olaraq qəbul oluna biləcəyini müqayisəli şəkildə üzə çıxaran A. İmanquliyeva bir çox ərəb ədəbiyyatçısı ilə müqayisədə fərqli yanaşma nümayiş etdirmişdir.
A. İmanquliyevanın müqayisəli elmi araşdırmalarından göründüyü kimi, o, sadəcə, tanınmış ərəbşünas kimi deyil, eyni zamanda müxtəlif mədəniyyətlərin və fərqli ədəbi-fəlsəfi cərəyanların dərin bilicisi olaraq elm dünyasında öz dəst-xəttini qoymuş bir alimdir. Ona görə də bu görkəmli alimimizin irsini öyrənmək mədəniyyətin müxtəlif sahələri haqqında fikir əldə etməyə, dünya ədəbiyyatına vahid bucaq altında baxmağa kömək edir.
Mahir HƏMİDOV
Filologiya elmləri üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2015.- 3 oktyabr.- S.18.