Ramiz Rövşən və ya bir üslubun suqqestiyası

 

 

Keçən əsrin 70-ci illərin sonlarında (o zamandan az qalır ki, qırx il ötsün!) mənim də mənsub olduğum ədəbi nəslin ideya-estetik zövqü formalaşanda Ramiz Rövşən artıq kifayət qədər tanınmış (müəyyən dairələrdə həddindən artıq sevilən, müəyyən dairələrdə həddindən artıq sevilməyən, müəyyən dairələrdə isə mübahisəli olan) şair idi. Və cəmiyyətdə onun şair obrazının formalaşmasına poetik istedadı (təbi!) ilə yanaşı zahiri görünüşü, hərəkətləri, şeir demək ədası da əhəmiyyətli təsir göstərirdi.

 

Cəmi-cümlətanı kiçik bir şeir kitabı - “Bir yağışlı nəğmə”si nəşr olunsa da, hamıya məlum idi ki, bu özündən (və sözündən!) razı gənc, poeziyanın geniş (intəhasız) coğrafiyasını (və insanların ürəyini!) müasirləri kimi kitab-kitab deyil, şeir-şeir zəbt eləmək istəyir... Heç bir axına, cərəyana qoşulmayan, elə ilk şeirlərindən özünəməxsus məcra yaradan, eyni zamanda həmin yaradıcılıq - üslub məcrasını (yenə də müasirlərindən fərqli olaraq!) böyük (və müasir! Müasirlərindən fərqli olaraq müasir!) elmi-nəzəri intellekt hesabına genişləndirərək ətrafa (mühitə), əslində, meydan oxuyan Ramiz Rövşənin bir üstünlüyü də, bu cür hallar üçün nə qədər paradoksal görünsə də, ruhundan, təbiətindən gələn təvazökarlıq, ürək genişliyi və yüksək daxili mədəniyyəti idi... Ona görə də əgər kim isə sürətlə məşhurlaşan, demək olar ki, hər şeiri hadisəyə çevrilən, bir şeir kitabı səviyyəsində müzakirə olunan şairin uğurlarını qısqanırdısa belə, ədəbi düşmənçiliyə cəsarət eləmirdi... Və Ramiz Rövşənin “üslub siyasəti”, uzun illərin müşahidələrinə əsasən deyə bilərəm ki, 70-ci, 80-ci illərin poeziya mühitinin (və prosesinin) mənəvi-əxlaqi xarakterinin ədəbiləşməsində, 50-ci, 60-cı illərdə qərarlaşmış (və get-gedə daha da cılızlaşmaqda olan), yarımçıq istedadlara, kəmsavad ədəbiyyat “nəzəriyyəçilər”inə meydan verən “şərait”in ekoloji harmoniyasının bərpasında az rol oynamadı. Və mən müşahidə edirdim ki, yalnız “ədəbi tənqid” dediyimiz amorf refleksiya deyil, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Nəriman Həsənzadə, Məmməd Araz, Cabir Novruz, Qabil, Fikrət Qoca kimi klassiklər də, Ramiz Rövşənin istedadını (və üslubunu) müəyyən qeyd-şərtlə (bu da təbii idi!) təqdir edirdilər.

 

Gənclər isə bir neçə il eyforiyada oldular... Və Ramiz Rövşən sevgisi (mifi!) bir sıra gənc ədəbiyyat (və ədəbiyyat ətrafı) adamları üçün o səviyyəyə qalxmışdı ki, bir-iki şeirini oxuduqdan sonra hay-küylə onun dahiliyini təbliğ eləməkdən ləzzət alır, bu yolla, qısa bir zaman üçün olsa da, məclislərdə, hətta təsadüfi görüşlərdə əməlli-başlı “ədəbi” nüfuz qazanırdılar... Bu gənclərdən heç kim demirdi ki, ya “Azərbaycan” da, ya “Ulduz” da Ramizin (şairin adını bu cür, yəni “Rövşən”siz işlətmək də yaxınlıq, mərhəmlik ədası idi) “yaxşı şeirləri çıxıb”, hamı deyirdi ki, “şeiri çıxıb”...

 

...80-ci illərin əvvəllərində Ramiz Rövşən o zaman hələ gənc olan müəllimimiz Firidun Cəlilovun müşayiəti ilə Universitetin Filologiya fakültəsinə görüşə gəldi. Biz sonuncu kurs tələbələri də həmin görüşdə idik... Özü də ən arxa sıralarda oturub Azərbaycan poeziyasında yeni tarixi mərhələnin əsasını qoymaq iddiasında olan şairin iddiaları ilə imkanlarını müqayisə etmək fikrində idik. Hər şeydən əvvəl ona görə ki, bizim özümüzün də iddialarımız az deyildi.

 

Firidun müəllim şair haqqında çoxlu tərifli sözlər dedi... Və onu da əlavə etdi ki, Ramiz Rövşən böyük bir intellekt sahibidir, hansı sahədən olsa suallarınızı verə bilərsiniz... Bir-iki mənasız sualdan sonra qiyabiçi tələbələrdən biri şairə dünyanın ən mənasız suallarından birini verdi:

 

- Hörmətli şair, sizin müasir gənclərə hansı tövsiyələriniz var?

 

Ramiz Rövşən əvvəl güldü, sonra könülsüz dedi:

 

- Mən müasir gənclərə nə tövsiyə edə bilərəm?.. Elə özüm də müasir gəncəm...

 

Həm məclisin səviyyəsini yüksəltmək (təbii ki, öz aləmimizdə), həm də şairin çox təriflənən intellektini sınamaq üçün ona bir sual yazıb göndərdik: “Ramiz müəllim, siz öz yaradıcılığınızın, üslubunuzun psixolinqvopoetik suqqestiyası barədə nə deyə bilərsiniz?”

 

Şair kağıza göz gəzdirib gülə-gülə:

 

- Mənə bir sual da göndəriblər, ancaq deyəsən qeyri-ciddidir: Siz öz yaradıcılığınızın, üslubunuzun psixolinqvopoetik situasiyası barədə nə deyə bilərsiniz? - dedi. Və kağızı kənara qoyub başqa suala cavab vermək istəyəndə yerimdən səsləndim:

 

- Ramiz müəllim, söhbət “situasiya”dan yox, “suqqestiya”dan gedir.

 

Şair özünəməxsus səmimiyyətlə etiraf etdi ki, ona belə bir söz hələ rast gəlməyib.

 

Tələbələrini yaxşı tanıyan Firidun müəllim özünəməxsus təbəssümlə söhbətə müdaxilə elədi:

 

- Siz orda, arxada oturub nə planlar qurursunuz?

 

Görüş qurtardıqdan sonra biz yuxarı kurs tələbələri özümüzdən razı halda bir-birimizə deyirdik ki, zəmanəmizin böyük mütəfəkkirinə sübut elədik ki, səviyyəmiz ondan o qədər də aşağı deyil.

 

Bu əhvalatı ona görə xatırladım ki, Ramiz Rövşənin o illərdəki şöhrətinin nə qədər yüksək olduğunu, ədəbi gəncliyin daha çox onunla polemikaya girmək, kimliyini təsdiq etmək üçün onunla müqayisə olunmaq marağının nə qədər güclü, eyni zamanda çoxtərəfli, çoxmiqyaslı (və son dərəcə səmimi!) olduğunu bir daha nəzərə çatdırım.

 

O ki qaldı “suqqestiya” termininə, onun mənası “təqdim”, “təklif” və ya “təlqin” demək idi. Və biz yaradıcılığı, üslubu, cəmiyyət, ədəbi-ictimai mühitə əhəmiyyətli təsir göstərmiş, geniş rezonans yaratmış şairdən soruşmaq istəyirdik ki, bu ciddi uğura nə ilə nail olub? “Şeir bazarı”na hansı “mətah”la çıxıb? Əsas uğuru mövzudadı, ideya-məzmundadı, yoxsa poetik ifadə texnologiyalarında?..

 

Sonralar şairin çox gec-gec olsa da kitabları nəşr edildi. Xüsusilə “Göy üzü daş saxlamaz”ı müəyyən mübahisələrlə qarşılandı... Və yadımdadır ki, Məmməd Arazın “Göy üzündə daş nə gəzir” məqaləsi həmin mübahisələri bir az da dərinləşdirdi. Ancaq bununla belə hər hansı mübahisə, müzakirə Ramiz Rövşənin nüfuzuna xələl gətirmək iqtidarında deyildi. O, artıq milli poetik təfəkkürün ruporuna, get-gedə yaşlaşmaqda, ədəbi zövqü ictimailəşib normativləşməkdə olan yaradıcı gəncliyin kumirinə çevrilmişdi.

 

Heç zaman unutmuram ki, o dövrün qaynar çayxana məclislərində (və ümumiyyətlə ədəbi cameədə) böyük nüfuz sahibi olan şair Zakir Fəxri tez-tez deyirdi ki, son illərin Azərbaycan poeziyasında iki tapıntı var: biri Ramizin “İlan balası”dı, o biri mənim “Qara Məliy”im... Zakir bu qənaətini o qədər inamla söyləmişdi ki, az qala atalar sözünə çevirmişdi. Və orası da vardı (Zakir əslində onu demək istəyirdi) ki, poeziyada hər hansı başqa tapıntı gözlənirdisə, o, artıq nə birinci, nə də ikinci olacaqdı, ən yaxşı halda üçüncü ola bilərdi.

 

Ramiz Rövşən mənən, ruhən bütöv, dolu, hətta demək olar ki, tükənməzlik təəssüratı yaradan şairdir. Çoxlu üslub özünəməxsusluqlarından biri də məkanında olduğu dilin sözündən (leksik-semantik sistemindən), ifadəsindən, qrammatikasından daha çox səsindən (fonetikasından) istifadə etməsi, fonostilistik həssaslığıdır ki, fikrimcə, bu onun şeirlərinə xüsusi estetik canlılıq, nəfəs, enerji verir. Və şeirin ideya-məzmunu, bir qayda olaraq, bədii (poetik) səsin daxili gurluğunda, sistemli harmoniyasında, mistik ritmikasında təzahür etməklə mükəmməl bir forma-model qazanmış olur ki, nəticə etibarilə, həmin forma-model (bədii səs sistemi) özlüyündə bir obraza (əsərə!) çevrilir.

 

...Ramiz Rövşən 70-ci, 80-ci illərlə müqayisədə bu gün az yazır. Və ara-sıra yazdıqları da əvvəlki kimi geniş rezonans yaratmır... Ancaq iyirmi-otuz il bundan qabaq elə bir möhtəşəm (və modern) şair obrazı (hətta demək olar ki, mifi!) formalaşdırmış, elə bir ədəbi-intellektual miqyas müəyyənləşdirmişdir ki, bundan sonra heç nə yazmasa da hər gün yazırmış kimi canlı bir təsəvvür (metafizika) yaradır.

 

Əsl şairə isə nə “yazma!” demək olar, nə də “yaz!...

Nizami Cəfərov

525-ci qəzet.- 2015.- 3 oktyabr.- S.19