Qoca Fikrət
Fikrət
Qocanın 80 illiyinə
“Qoca” Fikrətin
təxəllüsü deyil, sadəcə, “ov”u
atılmış familidir, ancaq ilk şeirlərindən etibarən,
xüsusən indi ün yetməz, səs çatmaz bir
keçmişdə qalmış 60-cı illərin
başlanğıcında - o zaman ki, oxucular poeziyamızın
Sovet dönəmində Fikrət şeirlərinin yeniliyini,
estetik orijinallığını və mövzu müstəqilliyini
duydular və bu poeziyanı qəbul etdilər - onun gəncliyi
ilə “Qoca”lığı təbii şəkildə
üst-üstə düşdü, çünki bu gənc
şairin şeirlərində gənclik sadəlövhlüyü,
gənclik utopiyası yox idi, onun yaşı ilə o “Qoca”lıq
arasında təzad yox, vəhdət var di.
Düzdür,
o zaman - həmin 60-cı illərdə - yaşca Fikrət
Qocadan böyük olan Fikrət Sadıq: “Qoca” gərək mən
olaydım!” deyirdi, ancaq bu o vaxtın zarafatlarından
biri idi və Fikrət Qocanın poetik “qoca”lığı
artıq poeziyamızın faktına çevrilmişdi.
Bu
günlərdə mən Fikrətin Rəşad Məcidə
ithaf etdiyi şeirini oxudum və o şeirdə belə bir misra
var: “Zaman piyada, o, atlı” və bu
misra öz məxsusi bədii sözünü deyə bilmiş bütün sənətkarlar
kimi, Fikrətin özü üçün də səciyyəvidir
- o, ədəbiyyata gəldiyi dövrdə öz
zamanını qabaqlamışdı, buna görə də
onun poeziyasında pioner qalstukuna, Kremlin ulduzuna, rusların
özlərinin “Qırmızı meydan” dedikləri, bizim
poeziyamızda isə məstəli şah kimyagərlərin
“qızıla” çevirdikləri o meydana, ideologiyanın rəhbər
təyin etdiyi kommunizm liderlərinin vəsfinə, pambıq
planını 150 faiz (!) yerinə yetirən həmin ideologiya qəhrəmanlarına,
yalançı kolxoz, yaxud istehsalat idilliyasına və s., və
i.a. rast gəlmək mümkün deyil, çünki bu poeziya
ideologiyanın tərkib hissəsi yox, sənətin nümunəsi
idi, ideologiyanın doqmalarını yox, ədəbiyyatın
missiyasını yerinə yetirirdi.
Bir
çox şairlər, hətta istedadlı şairlər belə,
istedadlarını zorlayaraq yalançı “Lenin məsləkinə”
poetik sədaqətlərini nümayiş etdirdikləri və
bunun həm ictimai, həm də maddi bəhrəsini
gördükləri bir dövrdə Fikrət Qoca
yazırdı:
Gözümdəki
işıqdır, sinəmdəki ürəkdir,
Başım
üstə günəşdir, süfrəm üstə
çörəkdir
Mənim məsləkim.
Dodağımdakı
nəğmə, damarımdakı qandır,
Hələ
mən doğulmamış taleyimi doğandır
Mənim
məsləkim...
Onun məsləki körpəsinin gələcəyi,
anasının sevincidir, onun məsləki “qılınc kimi kəsəri,
könül kimi incədir”, ömrünün yol
yoldaşı və arzusunun silahıdır.
Fikrət
Çe Geveradan, Kubadan, Vyetnamdan, ərəb ölkələrindən
də yazırdı, ancaq bu yazılar da ideoloji mübarizəni
yox, bəşəri qəhrəmanlığı, bəşəri
arzu və istəkləri ifadə edirdi və bu şeirlər,
poemalar Fikrətin milli olduğu qədər də bəşəri
düşüncəli bir şair olduğunu təsdiq edirdi.
Milli ilə
bəşərinin vəhdəti, bir-birini tamamlaması Fikrətin
poeziyası üçün səciyyəvi bir cəhətdir
və bu sözləri yazarkən, onun 50-55 il
bundan əvvəl qələmə aldığı “Vals”
şeiri mənim yadıma düşür. “Vals” bizim milli rəqsimiz
deyil, ancaq vals ritmləri üzərində yazılmış
o şeir elə bir milli şair qələminin nümunəsi
idi ki, yaxşı xatirimdədir, rayonlardan, kəndlərdən
təhsil almaq üçün Bakıya gəlmiş və hələ
şəhər mühitini o qədər də doğma hiss
etməyən tələbə oğlan və qızlar belə,
təhtəlşüur olaraq, “Vals”ı əzbərdən az
qala elə o vals ritmlərində söyləyirdilər.
Fikrət
Qocanın poeziyası doğulduğu əsrin əvvəllərindəki
böyük vətəndaş sənətkarların - Mirzə
Cəlilin, Sabirin, Hadinin yanğısı ilə:
Əlimdə
lüğət,
Dilimi
çevirirəm
O yan-bu yana.
Risk - bu
bir sözdü -
İki
başlı
Bir
üzlü, iki tirə,
Dilimizdə
yoxdu;
Varsa, hanı?
Yox, var
buna bənzər -
Deyirlər
bəzən
Ya apara,
Ya gətirə.
Görünür
ki, bunu da deyib
İlk dəfə
Əlləri
əsə-əsə kəşf eləyib
Qumarbazın biri.
- deyirdi və
onun bu məşhur “Risk” şeiri qısa bir müddətdə
yalnız ona görə populyar olmamışdı ki, bədiiyyatı yüksək
idi - bu, öz yerində, həm də ona görə ki,
60-cı illərin ortalarında, hakim Sovet
ideologiyasının, KQB-nin qılıncının dalı da,
qabağı da kəsdiyi bir zamanda Azərbaycan xalqının
lüğətində “riskin” olmadığını
qüsur hesab edib, onu mühüm bir ictimai problemə
çevirirdi, əslində xalqı riskə səsləyirdi
və bu, açıq-aşkar ideoloji bir
çağırış idi:
Risk, o hər
nədirsə
Biz hələ onu eyləməmişik.
Biz hələ zamanı əyləməmişik.
Tutmamışıq
sorğu-suala:
Hara gedirsən, bala?
Hara sürüyürsən ipləyib başımı?
Dəqiqələrin
ağacdələn kimi didir,
Ömrümü, yaşımı.
Bəlkə boynu kəndirsiz olmaq olar?
Bəlkə
yana burulmaq olar?
Elə həmin
60-cı illərdə gənc şair Fikrət Qoca hər
şeydən şübhələnən, hər bir
yazını - xüsusən ədəbiyyata yeni gələnlərin
- yazılarını ideoloji zərrəbinlə oxuyan hakim
ideologiya ilə bu cür ikibaşlı
danışırdı:
Qanundan kənar
iki addım atırıq dünyada
Biri dünyaya
gələndə, o biri də,
hə də...
Olsun ki,
bu günün oxucusuna belə bir ikibaşlılıq
çox sadə, hətta bəsit görünsün, ancaq bu
misralar yaxın keçmişdə Cavidi, yaxud da
Müşfiqi, ya da başqa bir qələm sahibini “ifşa” edən
əzəli və əbədi konyukturaçı demaqoqlara -
nəsillər bir-birini əvəz etdikcə, onlar da
formalarını dəyişə-dəyişə eləcə
bir ardıcıllıqla bir-birlərini əvəz edirlər
- xitabət kürsülərinə qalxıb: “Yoldaşlar,
müəllif bu misralarla nə demək istəyir? Nəyə eyham edir? Məqsədi
nədir? Bu nə qanundur belə? Kim
qəbul edib, kim yazıb o qanunu? “ - və i.a. deyə şeytani bir ehtirasla
suallar vermək üçün münbit zəmin
yaradırdı.
Fikrətin
şəxsiyyəti və sənəti haqqında
düşünmək, son 60 ildə yaxşısı və
pisi ilə bərabər Azərbaycan ədəbiyyatının
və ictimai fikrinin, Azərbaycan ədəbi mühitinin
heç vəchlə bu 60 ilin zaman çərçivələrinə
sığışmayan bədii
və ictimai hadisələri haqqında düşünmək
deməkdir, çünki onun sənəti də,
yaradıcılığı da biləvasitə bu hadisələrlə
bağlıdır.
Ədəbiyyatımız
hansı yollardan keçdi (və keçir!) və bu
yollarda hansı itkilərə məruz qaldı, hansı
uğurları əldə etdi, məruz qaldığı itkilərin
özündə xeyrimiz nə oldu, ziyanımız nə oldu, ədəbi
mühitimizdə pis-yaxşı nələr baş verdi, necə
danoslar yazıldı və o danosların nəticələri
nə oldu? - bütün bunlar əlbəttə,
gələcək ədəbiyyat tarixlərində öz elmi
təsvirini və təhlilini tapacaq, ancaq bu hadisələri
biləvasitə yaşamış sənətkarların hiss və
həyəcanları, daxili sarsıntı və fəxarətləri
acısı və şirini ilə bərabər o ədəbiyyat
tarixlərində, təbii ki, əks olunmayacaq. Mən
buna çox təəssüf edirəm və şübhəm
yoxdur ki, Fikrət də buna çox təəssüf edir,
ancaq indiki halda bizim təəssüfümüzdən
heç nə asılı deyil, çünki tarix faktları
atıb, hisslərlə məşğul olası deyil.
Bu 60 il həm
insani-əxlaqi, həm də siyasi-ictimai baxımdan ziddiyyətlərlə,
dediyim həmin ağrı-acılarla, yalançı və həqiqi
sevinc və fərəhlərlə, məğlubiyyət və
qələbələrlə, mərdlik və
satqınlıqla, düzlük və ikiüzlülüklə
zəngin olan bir zaman vahididir və şəxsən mənim
üçün bu zaman vahidinin ən mühüm xüsusiyyəti
sınaqdır - şəxsiyyətin və
yaradıcılığın olduqca çətin və
mürəkkəb olan bu sınaqdan
çıxıb-çıxmaması.
Bu zaman
vahidi daxilində çox əsərlərin həyatı
öz müəlliflərinin həyatından uzun olmadı,
bütöv yaradıcılıqlar Sovet sistemi ilə birlikdə
yox oldu, hətta biz elə tragik hadisələrin şahidi
olduq ki, müəlliflər - yalnız Azərbaycanda yox,
bütün keçmiş SSRİ məkanında - öz əsərlərindən
imtina etdi, şəxsiyyətlər sındırıldı,
danos yazan da, o danosdan istifadə edən də oldu, ədəbiyyata
yox, konyukturaya xidmət edərək, ad-san qazanan ədəbi
generallar və onlara xidmət edən ədəbi lakeylər də
oldu, sınmayanlar, açıq alınla yaşaya-yaşaya
öz yaradıcılığı ilə məşğul
olanlar da oldu.
Bu 60 ildə
Fikrət Qocanın poeziyasında - SSRİ-nin çökməsindən
sonra elə bir şeir, poema tapmaq mümkün deyil ki, bu
gün o, bundan imtina etsin, bunun xəcalətini çəksin,
bu günün oxucusundan utansın və Fikrətin şeirləri
arasında zəifini tapmaq mümkündür, ancaq onlarda bədii
saxtakarlıq tapmaq mümkün deyil.
Fikrət
o şairlərdəndir ki, onun şeirlərinin poetikası ilə
mövzusu arasında zəncirvari bir bağlılıq var və
bu şeirlərin formasını da onların məzmunu müəyyənləşdirir,
buna görə də o, sərbəstdə də təbiidir,
hecada da, destruktiv şeir formasında da. Fikrət o şairlərdən
deyil ki, hecada yaza bilmədiyi üçün, sərbəstdə
yazır, yaxud da əksinə, sərbəstdə yaza-yaza hərdən
hecada da nəsə quraşdırmağa
çalışır, onda “zorən-təbib”lik, formaların
doğmalığı-yadlığı yoxdur və bu təbiiliyin
sayəsindədir ki, onun şeirlərinə yüzlərlə
mahnılar bəstələnib.
Həm məzmun,
həm də forma baxımından Fikrətin başqa bir məşhur
və səciyyəvi lirik şeirini bütünlüklə
misal çəkmək istəyirəm:
Gözümün
işığına
hər
kiprik bir yük olur,
Gecə yaman uzundur.
Bəzən
bir ömürdən də
bir gecə
böyük olur.
Gecə yaman uzundur.
Xəyallar
şirin-şirin,
xəyallar acı-acı,
Gecə yaman uzundur.
Qəlb
vüsalın möhtacı,
göz
yuxunun möhtacı,
Gecə yaman uzundur.
İndi yəqin
yuxuda
xumar-xumar
gülürsən.
Eh... sən
hardan bilirsən
Gecə yaman uzundur.
Artıq neçə onilliklərdir ki, Firəngiz
Babayevanın bəstələdiyi gözəl bir
mahnının bu sözləri dinləyiciləri gözəl
də bir estetik aləmə aparır, o aləmə ki, orada hər
şey incə, zərif və həzindir; orada hər şey tərtəmizdir,
pakdır.
Bütün
əsl sənətkarlar kimi Fikrətin də poeziyasında
insan birmənalı məxluq deyil, nə “mənfi qəhrəmandır”,
nə də “müsbət qəhrəman”, eyni adamın
içində - birində az, o birində çox dərəcədə
- yaxşı da, pis də müştərək ola bilər,
çünki “daxili aləm” dediyimiz məfhum çox mürəkkəbdir
və bu aləmdəki ziddiyyətlər bəzən insana
olmazın əziyyətini də verir - elə bütün
bunlara görə də o, qrafoman ədəbiyyatında
“müsbət”, yaxud da “mənfi” müqəvva, həqiqi ədəbiyyatda
isə canlıdır, ətli-qanlıdır:
İnsan özündən kiçiyə acıqlanmaz.
İnsan özündən böyüyə arxalanmaz.
İnsan
buz kimi soyuq olmaz,
İnsan hədər yerə yanmaz.
İnsan
döyməz,
İnsan döyülməz.
İnsan neylər bəs?
Bunların
heç birini eləməsə,
İnsana insan deyilməz.
Bu 60 ildə
Fikrət Qocanın şəxsiyyəti də dediyim o ziddiyyətlərin,
o təhrik və şirnikləndirmələrin, o insani dəyərlərin,
cəlbedici flyuger ab-havasının, o dostluq, xeyirxahlıq və
sədaqət meyarlarının sınağından şərəflə
çıxdı və onun kiminsə xoşuna gələn,
kiminsə xoşuna gəlməyən tənqidi də, tərifi
də həqiqi hisslərinin ifadəsidir, burada
yalançı bir şey yoxdur, vicdanı ilə üz-üzə
dayanıb necə düşünürsə, necə hesab
edirsə, o cür də deyir və yazır. Və Fikrət
yazanda ki:
Dəyanətdə,
etibarda mən dağlardan möhkəməm,
- onun şəxsiyyəti və həyatı bir
çox şairlərin dediyi, ancaq eləcə də göydən
asılı qalan və istehzalı bir təbəssümə
səbəb olan bu fərdi iddianı doğruldur,
çünki həqiqətdir.
İki
sözü var dünyanın,
Biri doğru, biri yalan.
...İki
yolu var dünyanın
Biri əyri, biri də düz.
Bu
sözü və bu yolu seçməkdə Fikrət
üçün heç vaxt - nə dünən, nə bu
gün, nə də sabah heç bir problem
olmayıb və olmayacaq: Fikrət həyatda da, poeziyada da
doğrunun yanında olub və onun həyat və sənət
yolu da doğru yol olub.
Fikrətin
daxilində böyük mənəvi güc var və başqa
dostlar kimi, mən də bunun şahidiyəm ki, səksəninci
illərin ortalarında o, hansı bir mənəvi
gücün mübarizəsi ilə ağır bir xəstəliyi
məğlub etdi, lap bu yaxınlarda ikinci dəfə onun həyatına
hücum etmiş fələyi həmin mənəvi güclə
necə yerində oturtdu. Bu da mənim biləvasitə
şahidi olduğum və sənətkara insani münasibət
baxımından yüksək qiymətləndirdiyim bir
faktdır ki, səksəninci illərdə Heydər Əliyev
- o zaman nəhəng SSRİ-nin ən nüfuzlu rəhbərlərindən
biri idi, - bu yaxınlarda isə şəxsən İlham
Əliyev Fikrətin səhhətində ciddi problem yaranarkən,
onun müalicəsi ilə bağlı necə təcili
müdaxilə etdilər, şərait yaratdılar və o mənəvi
güc də ki, Fikrətdə var idi, bu şəraitdən qəhrəmanlıqla
istifadə etdi.
O mənəvi
gücün miqyası elədir ki, hələ uzun zaman bu
gün səksən yaşını təbrik etdiyimiz Fikrət
Qoca ilə birlikdə olacaq, onun həyatını da,
yaradıcılığını da qoruyacaq və mən buna
tamam əminəm, çünki
Fikrətin şeirlərindən birinin lirik qəhrəmanı
öz istəklisinə deyəndə ki:
Əgər
çatılsaydı qaşın kamanı,
Kainat xətrinə
dəysəydi əgər,
Elə
silkələrdim mən asimanı,
Ulduzlar tut kimi tökülərdilər.
- mənim üçün bu misralar Fikrətin
daxilindəki həmin mənəvi qüvvənin ifadəsidir.
Qocaman bir ağac gələcəyə aparan yollara toxum səpdiyi,
nəsil artırdığı kimi, Fikrət Qocanın mənəvi
qüvvəsi də həmin yollara ömür səpir:
Mən
hara, ölüm hara,
Ömür
səpdim yollara...
Və nəhayət,
55 illik dostluğumuzun mənə verdiyi səlahiyyətdən
istifadə edərək, bu qeydlərin sonunda Fikrətin bir
şeirindəki misralarla heç vəchlə
razılaşmadığımı demək istəyirəm:
Yaxşı
ki, dünyada yaşayıram mən,
Bir insan
adını geyib əynimə,
Bir insan
ömrünü alıb çiynimə,
Günlərdən-günlərə daşıyıram
mən.
...
Heç mən olmasam da, boş qalmaz yerim,
Min Fikrət
tapılar tanışa, yada...
Əzizim
Fikrət!
Deyəsən,
burada bir az hissə qapılmısan. Bir insandan nəinki minini, heç birini də tapmaq
olmaz.
Xüsusən
də, bu insan şair ola.
Və
xüsusən də, bu şair Fikrət Qoca ola.
27 sentyabr 2015.
Zuğulba.
ELÇİN
525-ci qəzet.- 2015.- 3 oktyabr.- S.14.