Transatlantizm və
Avrasiyaçılıq: bir medalın iki üzü
Dövlətlər arasında münasibətlərin
çevrəsi genişləndikcə, intensivliyi artdıqca,
siyasi, iqtisadi, mədəni əlaqələr dərinləşdikcə
bu əlaqələrin xarakteri də mürəkkəbləşir.
Sovet İttifaqının süqutundan sonra Qlobal siyasi
sistemin vahid mərkəzdən idarə olunmasının
mümkünlüyü ətrafında müzakirələr
daha böyük miqyas almışdır. Bu prosesdə Transatlantik məkan
özünü Yeni Dünya Nizamına
düzgün istiqamət verə biləcək yeganə
güc mərkəzi kimi dünya ictimaiyyətinə və
beynəlxalq hüququn subyektlərinə təlqin etməkdədir.
Özünü beynəlxalq siyasətin episentri
hesab edən Qərb bütün vasitələrlə qlobal
sabitliyin və sülhün bərqərar olunmasının
onsuz mümkün olmadığını təbliğ edir.
Bu təbliğat Transatlantizm ideologiyasını
əsaslandırmağa yönəlmişdir.
“Transatlantizm nədir?”, “onun başlıca aspektləri və məqsədləri
nədən ibarətdir?” suallarına cavab axtarırkən, transatlantizmin
siyasi ideologiya kimi ilk baxışdan cazibədar görünən
tərəfləri ilə yanaşı o qədər də
aydın görünməyən təhlükəli tərəflərini
də açıq-aşkar sezmək olur.
Məsələyə tarixi kontekstdən
yanaşdıqda, transatlantizm ideyasını ərsəyə
gətirən və onu qlobal müstəviyə
çıxaran Qərb rasional təfəkkürünün
mahiyyəti də bütün tərəfləri ilə
görünür.
Hələ XVII əsrdən etibarən beynəlmiləlləşməyə
başlayan siyasi münasibətlər sistemi Qərb
maraqları üzərində və güc faktoruna dayanaraq
öz inkişaf xəttini müəyyən etdi. Təsadüfi
deyil ki, Qərbin dünya hegemonluğu məhz bu dövrdən
etibarən özünü başlıca əlamətləri
ilə göstərməyə başladı. Britaniya, İspaniya, Fransa, Portuqaliya, Hollandiya kimi dəniz
dövlətləri dünya okeanlarının həlledici
söz sahibləri kimi yürütdükləri ekspansiya siyasətlərini
heç də suverenlik, xalqların hüquq və
azadlıqlarının müdafiəsi prinsipləri üzərində
qurmamışdılar. Əksinə, tutduqları və
təsir dairəsinə saldıqları ərazilərdə
yerli əhalinin kütləvi qırğını,
istismarı, qul əməyindən geniş şəkildə
istifadə dünya tarixinə “ağdərili” Qərb
ağalığının qara səhifələri kimi həkk
olunmuşdur.
Bütövlükdə Qərbin dünya hegemonluğunu
mərhələlərə ayırsaq, həmin zaman kəsimlərinin
hər birində dünyanın siyasi, mədəni və
hüquq tarixinə iz qoymuş müsbət və mənfi tərəfləri
olan hadisə və proseslərlə qarşılaşmaq
mümkündür. Məsələn, beynəlxalq ticarət ənənələrinin,
sonradan bu sahədə hüquq qaydalarının
formalaşması Avropanın dəniz dövlətlərinin
dünya okeanlarına çıxışının və
yeni ərazilər fəth etməsinin nəticəsində
baş vermişdi. O zamanlar Avropa insanı dünyaya
açılmaqla özünü daha dərindən
tanıdı və tanıtdı. Milli identiklik, bu əsaslar
üzərində qurulan dövlət, onun suverenlik statusunun dərki,
əslində, Qərb təfəkkürünün məhsulu
kimi
dünyanın siyasi düşüncə xəzinəsini
zənginləşdirdi. Lakin mahiyyət etibarilə
Qərbin dünyaya açılması onu qlobal miqyasda pozitiv
və konstruktiv gücə çevirə bilmədi. Təəssüf ki, sonrakı yüzilliklər boyu
da bu reallıq dəyişməyərək bəşəriyyətə
Qərb hegemonluğunun utandırıcı örnəklərini
yaşatmağa davam etdi. Beləliklə, dünya ilə
Qərbin tanışlığının ta ilkin zamanından
etibarən bir tərəfdə güclü, digər tərəfdə
isə əzilən və istismar olunan xalqlar qarşıdurması formalaşmağa
başladı. Keçən əsrin 60-cı
illərində müstəmləkələrin böyük
ümidlərlə Qərb asılılığına son
qoymaq uğrunda mücadilələrinin sonunda əldə
olunan istiqlaliyyət də onları real müstəqilliyə
qovuşdura bilmədi. Bu dövlətlərin əksəriyyətinin
əldə etdikləri istiqlaliyyət qısa zaman ərzində
formal müstəqilliklə
əvəz olundu. Nəticədə,
böyük coğrafi əraziləri əhatə edən,
eyni zamanda, geopolitik baxımdan strateji nöqtələrdə
yerləşən yenicə müstəqillik qazanmış
dövlətlər Qərb neoimperializminin hədəflərinə
çevrildilər və yenidən onun təsiri altına
düşdülər.
Müstəqil dövlətlərə qarşı
müxtəlif bəhanələrlə güc tətbiqi Qərb
siyasi texnologiyasının çoxdan istifadə etdiyi siyasi alətlərdən
biridir. Hələ İkinci Dünya müharibəsinin
sonuna yaxın ABŞ-a və digər müttəfiq dövlətlərə
qarşı real təhlükənin sovuşduğu bir zamanda,
onun Yaponiyaya atom zərbələri endirməsi heç də
qlobal siyasi sabitliyi bərqərar etmək istəyindən irəli
gəlmirdi. Əksinə, dünyanın yeni maraq dairələrinə
bölünməsi ərəfəsində ABŞ öz siyasi
iddialarını nəyin bahasına olursa olsun təmin etmək
istəyini belə
bir kütləvi qırğın silahının dili ilə
ifadə edirdi. Dünya tarixində ilk dəfə atom
silahını istehsal edən və onu ilk dəfə bəşəriyyətə
qarşı amansızcasına istifadə edən Amerika Birləşmiş
Ştatları məhz
bu dövrdən başlayaraq, Transatlantizmin Baş Qərargahı
kimi dünya arenasında öz yerini təyin etməyə
çalışdı. Sonrakı dövrlərdə Vyetnama,
İraqa, Əfqanıstana münasibətdə tətbiq olunan
eyni üsul dünyanın geopolitik nöqtələrində Transatlantik məkanın
maraqlarına cavab verəcək siyasi mühitin
formalaşdırılması cəhdləri idi.
Etiraf etmək lazımdır ki, Orta dövr
intibahından başlayaraq Qərb sivilizasiyası bəşər
tarixinə bir çox dəyərlər də
qazandırmışdı. Avropa öz dəyərlər sistemi ilə sonradan
daha geniş məkanı əhatə edəcək unikal
sivilizasiya modeli ortaya qoymuş, Avropa İttifaqının
timsalında öz siyasi birliyini yarada bilmişdir. Lakin bu sivilizasiya modeli özlüyündə nə
qədər mütərəqqi olsa da, milli dövlət və
insan inkişafını əsas ideya xətti kimi müəyyən
etsə də, həmişə özündən kənar
dünyaya qarşı münasibətdə konstruktivlik,
dözümlülük və xoş məram nümayiş
etdirməkdə çətinlik çəkmişdir.
Bununla,
müxtəlifliyi zənginlik mənbəyi kimi deyil, təhlükə
mənbəyi kimi görən Qərb dünyası belə
bir yanlış ənənəni
formalaşdırmışdır: siyasi, mədəni,
sivilizasion bağlılığı olan dövlətlərlə,
toplumlarla dil tapmaq, qarşılıqlı güzəştlərə
getmək, onların maraqlarına toxunmamaq, bir çox hallarda
eyni mövqedən çıxış etmək
mümkündür. Amma belə yanaşma kənar
toplumlara, dövlətlərə, sivilizasiya
daşıyıcılarına münasibətdə tətbiq
edilə bilməz.
Məhz bu cəhət Qərb ekspansiyasında imperialist
dəst-xəttin, yalnız öz maraqlarına əsaslanaraq
yürüdülən ənənəvi diskriminasiya siyasətinin
prioritet olmasının göstəricisidir. Məsələn,
İspaniya Cənubi Amerikada, Böyük Britaniya Şimali
Amerika, Hindistan və Avstraliyada, Fransa Afrikada müstəmləkələr
qurduğu zamanlar yerli xalqların fundamental hüquq və
azadlıqlarının qorunmasını, onların dövlətçilik
ənənələrinin saxlanmasını
ağıllarına belə gətirməmişlər.
Göründüyü kimi, insanlığa münasibətdə
ayrı-seçkilik, “aşağılıq-yuxarılıq
kompleksi”, güclü olanın diktə edən tərəf
olması “qanunauyğunluğu”, müstəqil inkişaf etmək
istəyən dövlətləri və xalqları daim təzyiq
və işğal altında saxlamaq və dünya
arenasında onların hərəkət imkanlarını məhdudlaşdırmaq
vərdişi tarixən Qərb siyasi baxışlarının
təməlində dayanan amillərdir.
Bir
qanadını kontinental Avropa və Böyük Britaniya, digər
qanadını isə Şimali Amerika - ABŞ və Kanada təşkil
edən Transatlantik məkanı
böyük Atlantik okeanı ayırsa da, dünyanın
təqribən son 300 illik siyasi tarixində davam edən Qərb
dominantlığını qoruyub saxlamaq və gələcəkdə
də bu geostrategiya üzərində qlobal hədəflərə
çatmaq ideologiyası zaman
keçdikcə instinktiv səviyyədə həmin məkanı
bir-birinə daha da yaxınlaşdırmışdır. Lakin
hal-hazırda bu instinktiv proses artıq Transatlantizm
ideologiyası timsalında modelləşdirilmiş siyasi
platformaya çevrilmişdir. Bu
prosesdə hər iki tərəfin zamanın süzgəcindən keçərək
aydınlaşmış missiyaları vardır. Belə ki, transatlantizm ideologiyasının hərəkətverici
qüvvəsi olaraq ABŞ özünü dünyaya hərbi,
iqtisadi, Avropa isə mədəni-sivilizasion güc kimi təqdim
edir. Hal-hazırda transatlantik məkan beynəlxalq
siyasətin bütün əsas tendensiyalarını
özündə birləşdirir və özündən
istiqamətləndirir. Hazırkı beynəlxalq
münasibətlər sistemində həlledici qərarlar qəbul
etmək və onları realizə etmək imkanları qlobal
miqyasda siyasi ağırlıq mərkəzi olan Qərbin əhəmiyyətini
artırır.
Lakin transatlantik məkanın qlobal siyasi çəkisinin
bu qədər yüksək olması heç də təbii
siyasi təkamül proseslərinin nəticəsində meydana
gəlməmişdir. Bu reallıq bir çox hallarda zor tətbiq
etmək, öz iradəsini beynəlxalq hüququn digər
subyektlərinə diktə etmək sayəsində
formalaşmışdır.
Transatlantik
məkanın beynəlxalq hüququn subyektlərinə
münasibətdə müəyyənləşdirdiyi əməkdaşlıq
strategiyası bərabərhüquqlu tərəfdaşlıq
görüntüsü yaratsa da, əslində bu
strategiyanın başlıca məqsədi mümkün olan və
olmayan bütün vasitələrlə Qərbin dünyada
yeganə söz sahibi olmasını təmin etməkdən,
iqtisadi, mədəni, hərbi üstünlüyünü
qlobal müstəvidə möhkəmləndirməkdən
ibarətdir. ABŞ öndərliyində Qərb
dominantlığının qatı müdafiəçisi Corc
Fridmanın “Növbəti yüz il: XXI əsrin
öncəgörümü” kitabında bu tezis açıq
şəkildə ifadə olunur. Müəllifin
fikrincə, Qərbin təhlükəsizliyinin təmin edilməsi
üçün transatlantik məkandan kənarda konflikt
ocaqlarının olması vacibdir və mütləqdir. Dünyanın diqqətini həmin nöqtələrə
yönəltməklə və süni olaraq
yaradılmış münaqişələri idarə etməklə
Qərbdə davamlı sülh və sabitliyi bərqərar
etmək mümkündür. Deməli,
dünyanı gözləyən əsas təhlükə
ondan ibarətdir ki, bəşəriyyətin hakim
ideologiyasına çevrilmək iddiasında olan Transatlantizm
öz xoşbəxtliyini digərlərinin bədbəxtliyi
üzərində qurmağı əsas strateji xətt olaraq hədəfləmişdir.
Buradan belə nəticəyə gəlmək olar ki,Transatlantizmin hədəf seçdiyi qlobal
terrorizm elə onun özünün idarə etdiyi proseslərin
açıq təzahürü və görüntüsüdür.
Məhz
bu rakursdan baxdıqda Qərbin özü üçün
müəyyənləşdirdiyi təhlükəsizlik
zolaqlarının həndəvərində münaqişəli
situasiyalar yaratması - Transatlantik məkanın genişlənmə
strategiyasının tərkib hissəsi kimi önə
çıxır. Bununla Qərb təsir dairəsinə salmaq
istədiyi strateji məkanların önündə belə bir
dilemma yaratmağa çalışır: Qərb
dünyasının içində və ya heç olmasa tərəfində
olmaq təhlükəsizliyin yeganə qarantıdır, bu məkandan
kənarda olmaq isə daim qeyri-sabitlik və gərginlikdə
olmaq deməkdir.
ABŞ-ın
dövlət katibi Con Kerrinin ABŞ hegemonluğunu
dünyanın zəruri siyasi reallığı kimi dünya
ictimaiyyətinə sırımaq cəhdləri onun bəyanatında
açıq şəkildə belə ifadə olunur: “Biz şərtsiz
olaraq dəyişən və gərgin dünyada yaşayırıq.
Lakin dəyişməyən bir şey vardır
- dünyada ABŞ liderliyinə olan ehtiyac”. Fövqəlqərbçilik
ideologiyasının qatı tərəfdarları bu strateji xətti
hər addımda dəstəkləməklə və “əsaslandırmaqla”,
Qərb dünyasının coğrafi sərhədlərinin
genişlənməsini, - əslində, onun geopolitik məkanının
gücləndirilməsini Transatlantizmin fundamental statusu olaraq qəbul
edirlər. Məsələn, ABŞ prezidentinin
təhlükəsizlik məsələləri üzrə
sabiq müşaviri, professor Zbiqnev Bjezinski Qərb
coğrafiyasının genişlənməsinə, ilk növbədə,
NATO-nun genişlənməsi kontekstində yanaşır.
Onun fikrincə, NATO-ya yeni dövlətlərin
qoşulması prosesi heç bir halda dayanmamalıdır.
Əks halda, bu Avroatlantik məkanın
aparıcı dövləti olan ABŞ-ın liderliyinin dünyada
diskreditasiyasına və geopolitik tarazlığın Rusiya və
Çin kimi dövlətlərin xeyrinə dəyişəcəyinə
gətirib çıxara bilər. Göründüyü
kimi, Qərbin öz təsir dairəsini genişləndirməsində
niyyəti heç də qlobal sülh və təhlükəsizliyi
müdafiə etmək deyil, sadəcə öz təhlükəsizliyini
möhkəm əsaslar üzərində qurmaq məqsədilə
bu prosesdə beynəlxalq hüququn digər subyeklərini
sıradan çıxarmaqdır.
İqtisadi güc mərkəzi olaraq Transatlantik məkanın
mövqelərinin möhkəmləndirilməsi də bu
ideologiyanın ana xəttidir. Qərb çox yaxşı
anlayır ki, qlobal arenada güclü təsir qüvvəsinə
nail olmaq və onu daim qoruyub saxlamaq üçün böyük
maliyyə imkanlarına malik olmaq, beynəlxalq ticarətdə
dominantlığı qoruyub saxlamaq, iqtisadiyyatda innovativ metodlar
tətbiq etmək başlıca şərtlərdir. Qərbin
dünya iqtisadiyyatında və beynəlxalq ticarətdə
liberal prinsipləri
dəstəkləməsində əsas məqsədi
elə bu şərtləri
realizə etməkdən ibarətdir. Statistik məlumatlara nəzər
salsaq görərik ki, dünya üzrə ən çox
ümumdaxili məhsula malik olan
ilk on dövlətin beşi
-ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya
Transatlantik məkanın təmsilçiləridir. Həmin dövlətlərin ÜDM-nin məcmusu 29
trilyon dollardan çoxdur. Sözsüz ki, bu dövlətlər
dünyada iqtisadi güc mərkəzinin ünvanının dəyişməsini
heç bir
halda qəbul etməzlər. Bu səbəbdən,
iqtisadi-ticari münasibətlərin sürətlə dəyişdiyi
bir dövrdə Qərb bütün resurslardan istifadə edərək
Transatlantik coğrafiyada yerləşən dövlətlərin
iqtisadi tərəfdaşlığını daha yüksək
strateji səviyyəyə qaldırmağa
çalışır. ABŞ və Avropa
İttifaqı arasında yaxın zamanda imzalanması nəzərdə
tutulan “Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı”nın əsas hədəfi də qlobal
iqtisadiyyatda və ticarətdə bu məkanın
dominantlığını möhkəmləndirməyə
xidmət edir. Lakin bu saziş heç də
iqtisadi hədəflər müəyyən etməklə məhdudlaşmır.
ABŞ dövlət katibi Con Kerri bu ilin aprelində
keçirilmiş Atlantika Şurasının iclasında
sözügedən Sazişin həm də siyasi əhəmiyyətini
vurğulamaqla bu məkanda strateji əməkdaşlığın
əsl hədəflərinə eyham vurmuşdu. Con Kerri bu
Sazişin sadəcə qlobal müstəvidə ABŞ-ın
ticarət maraqlarının daha effektiv qorunması
baxımından deyil,
eyni zamanda, ABŞ-ın təhlükəsizliyinin və
siyasi təsir imkanlarının beynəlxalq səviyyədə
təmin olunması aspektindən xüsusi önəm
daşıdığını bildirmişdi.
Beləliklə,
ABŞ və Avropa İttifaqı strateji əməkdaşlıq
çərçivələrini genişləndirməklə
qlobal iqtisadi-maliyyə güc mərkəzi kimi mövqelərini
möhkəmləndirməyə can atırlar. Sözsüz
ki, çoxqütblü dünyanın yaranmasına hər vəchlə
mane olan Qərb üçün bu məkan çərçivəsində
iqtisadi-ticari münasibətlərin daha da dərinləşdirilməsi
və transatlantik məkanın dəyişən dünya
münasibətlərinə çevik və vahid reaksiya
mexanizminin gücləndirilməsi beynəlxalq arenada söz
sahibi olmağa çalışan dövlətlərə
qarşı əks cinahda möhkəm dayanmağın əsas
yoludur. Beləliklə, Qərb
dünyası ticarətdə, iqtisadi texnologiyaların tətbiqində
nə qədər innovativ və avanqard olsa da, qlobal müstəvidə
Qərb hegemonluğuna alternativ güc mərkəzlərinin
yaranmasına bir o qədər konservativ münasibət bəsləyir.
Lakin bütün bu amillər heç də transatlantik məkanda
bütün siyasi baxışların və məqsədlərin
üst-üstə düşməsi anlamına gəlməməlidir. Xüsusilə,
ABŞ-ın şəriksiz dünya ağalığı
iddiasının kontinental Avropada qısqanclıqla
qarşılanması belə düşünməyə əsas
verir. İkinci Dünya müharibəsinə
qədər beynəlxalq siyasətdə daha üstün
mövqeyə malik olan Avropa sonrakı dövrdə
ABŞ-ın diktəsi ilə müəyyənləşdirilən
qlobal siyasi oyun qaydaları ilə hərəkət etməyə
məcbur oldu. Sözsüz ki, belə bir
situasiyanın yaranması Almaniya və Fransa kimi Avropanın həlledici
dövlətlərinin siyasi manevr imkanlarını məhdudlaşdırmışdır.
Bu baxımdan, Transatlanik məkan daxilində güc yerdəyişməsinə
Avropadan yekdil münasibət bildirildiyini söyləmək
qeyri-mümkündür. Fransa və Almaniya ABŞ-ın dünya
hegemonluğunun müəyyən sərhədlər daxilində
mövcud olmasına və eyni zamanda, qlobal arenada baş verən
siyasi-iqtisadi proseslərə özlərinin təsir
imkanlarını qoruyub saxlamağa çalışırlar.
Lakin Transatlantik məkanın ABŞ-dan sonra
ikinci, Avropada isə birinci dövləti Böyük Britaniya
cüzi fikir ayrılıqlarını çıxmaqla, demək
olar ki, bütün həlledici məsələlərdə
Vaşinqtonun yanındadır. Qeyri-Qərb
dünyasına münasibətdə, onun idarə olunması və
nəzarətdə saxlanılması geostrategiyasında, hətta
Qərbi və Şərqi Avropa geopolitikasında ABŞ və
Böyük Britaniyanın mövqeləri ayrılmazdır.
Bunu Paris də, Berlin də yaxşı başa
düşür. Təsadüfi deyil ki, Avropa
İttifaqının daxilində hər hansı böhran meydana
çıxdıqda, Böyük Britaniya hətta bu
İttifaqla münasibətlərini ayrılma dərəcəsinədək
kəskinləşdirir. Bu isə o deməkdir
ki, dar ayaqda Böyük Britaniya Avropa İttifaqından imtina
edib, ABŞ-ın tərəfini tutacaq. Avropanın
digər dövlətləri isə xüsusi bir iddia ortaya
qoymadan, Transatlantizmin onların mənafeyinə toxunmadığı,
əksinə, əlverişli olduğu halda, hansı dərəcəyədək
irəliləməsini müşahidə edir və həmin məkanın
onlar üçün ayrılmış yerində və
rolunda qərar tuturlar. Çünki Şərqdə
getdikcə militarist mövqeyini sərtləşdirən Rusiya
amili və onun da təbliğ etdiyi Avrasiyaçılıq
ideologiyası var. Əlbəttə, Avropanın ikinci,
üçüncü dərəcəli dövlətləri
üçün Transatlantizmin qloballaşması və himayədarlığı
Rusiya revanşından
daha üstündür.
Buna
görə də strateji hədəflərin qlobal müstəviyə
keçdiyi təqdirdə ABŞ və Avropa arasında fikir
ayrılıqlarının əhəmiyyətli şəkildə
azalması hiss olunur. Bir sözlə, Qərb
dünya hegemonluğunu saxlamaq üçün ortaq siyasi
mövqe sərgiləməyin vacibliyini yaxşı dərk
edir. Qərb həmin siyasi mövqeyi “demokratik prinsiplər”,
“humanist dəyərlər” adı altında dünya ictimaiyyətinə
qəbul etdirməyə çalışdığından,
ilk baxışdan Transatlantizm ideologiyasının konstruktivizmə
əsaslandığı haqda təəssürat yaranır. Lakin Qərbin son məqsədinin bəlli olması
ilə həmin təəssüratın yanıldıcı
olduğu üzə çıxır. “Ərəb
baharı” adı altında baş verən hadisələr Qərbin
demokratiya, insan hüquqları kimi ali dəyərləri
öz məqsədlərinin iyrənc şəkildə
gerçəkləşdirilməsi vasitəsinə
çevirdiyinin ən bariz örnəyidir. Bu
xüsusda, Misirdə leqal hakimiyyyətin ardıcıl olaraq
bir neçə dəfə devrilməsini xatırlatmaq kifayətdir.
Əslində, Liviya, Tunis, Misir, Suriya kimi
dövlətlərdə baş verənlər həmin
coğrafi məkanda doğulmaqda olan demokratiya rüşeymlərinin
məqsədli şəkildə məhv edilməsi prosesidir.
Bu prosesdə son məqsədin həmin dövlətlərdə
kövrək siyasi mühit yaratmaqla Qərbin diktəsi
altında hərəkət edən vassal hakimiyyətlər
qurmaq olduğu aydın şəkildə görünməkdədir.
Transatlantizmə
alternativ kimi çıxış etməyə və
Rusiyanın öndərliyi ilə Şərqdə
formalaşmağa iddialı olan Avrasiyaçılıq ideologiyasının
da eyni üsullarla
yeni müstəqillik əldə etmiş dövlətləri
öz siyasi maraqlarının təmin olunması vasitəsinə
çevirmək cəhdləri göz önündədir. 1991-ci ildən özünün dövlət müstəqilliyini
elan etmiş Azərbaycanda, Gürcüstanda, Moldovada və nəhayət,
Ukraynada baş verən qanlı hadisələr bu tezisi təsdiqləyən
təkzibolunmaz faktlardır. Bu dövlətlər
kateqoriyasında dayanan Ermənistanın regionda
oynadığı destruktiv rol isə həm
Avrasiyaçılıq ideologiyasının, həm də
Transatlantizmin həyata keçirilməsi prosesində onun alət
kimi istifadə olunmasının bariz nümunəsidir. Bu tipli dövlətlərin bədbəxtliyi
ondadır ki, onlar dünya gücləri tərəfindən
istifadə olunduqlarını bilə-bilə, bu çirkin
missiyanı yerinə yetirmək vərdişindən əl
çəkə bilmirlər. Bir tərəfdən,
dünyanın siyasi inkişaf trayektoriyasının
cızıldığı Qərbdə möhkəmlənmiş
və guya Ermənistanı dünyanın qabaqcıl ölkələrindən
birinə çevirməyi hədəfləyən erməni
diasporunun Qərb tərəfindən şər vasitəsinə
çevrilməsi Ermənistanın gələcək
inkişafına olan azacıq ümidlərin də
üstündən xətt çəkir. Digər tərəfdən, Ermənistanda
yaşayan və özünü erməni intellektualizminin
nümayəndələri kimi görən, lakin dövlətin
getdikcə daha dərin uçuruma yuvarlandığını
görməyən erməni siyasətçilərinin - əslində
onu idarə edən dar düşüncəli kriminal
qrupların hər hansı bir məsələdə
konstruktivlik nümayiş etdirəcəyinə ümid bəsləmək
sadəlövhlük olardı. Təkcə Ermənistan
nümunəsi həm Qərbin, həm də Şərqin
istifadə etdiyi şər texnologiyasında lobbiçilik və
terrorizmin nə qədər üstün yer tutduğunu
açıq şəkildə göstərir.
Hazırda dünyada cərəyan edən gərgin siyasi
proseslər, qlobal kapital bölgüsündə artan bərabərsizlik,
konflikt ocaqlarının durmadan çoxalması dünya siyasətində
hakim olmağa can atan hər iki ideologiyanın dünyada sabitləşdirici
deyil, xaosyaradıcı amilə çevrildiyini söyləməyə
əsas verir.
Bu baxımdan, Transatlantizm və
Avrasiyaçılıq doktrinalarını bir medalın iki
üzü də adlandırmaq olar. Deməli,
dünya nizamının, beynəlxalq siyasi-iqtisadi münasibətlər
sisteminin Transatlantizm və Avrasiyaçılıq maraqları
üzərində deyil, bərabərhüquqlu tərəfdaşlıq
prinsipi əsasında, dünya birliyinin bütün subyektlərinin
iştirakı ilə rekonfiqurasiyasına ciddi ehtiyac vardır.
Xüsusilə, bu prosesdə yeni nəsil
dünya dövlətlərinin fəal şəkildə
iştirakı zəruridir. Həmin
dövlətlərin nümayiş etdirəcəyi birgə
siyasi iradə dünyada güc amilinin neqativ faktor kimi ortaya
çıxmasını əngəlləyə bilər.
Bu baxımdan, Geopolitik maraqların toqquşduğu həssas coğrafi məkanda yerləşən Azərbaycanın indiyə qədər sərgilədiyi rasional və konstruktiv siyasi mövqe yeni nəsil dünya dövlətləri üçün əsl örnəkdir.
Azərbaycan dünyaya nümunəvi inkişaf modeli təqdim etməklə, müstəqillik yenicə qazanıldığı halda belə xarici təsirlərdən xilas olmağın, milli maraqlar üzərində dayanan işlək siyasi mexanizm yaratmağın mümkünlüyünü sübut etmişdir. Bu prosesdə Azərbaycan təsəvvür olunmaz dərəcədə ədalətsizliklərlə, qərəzli münasibətlə qarşılaşmışdır. Vaxtaşırı Azərbaycana qarşı insan haqlarının, söz və mətbuat azadlığının qorunması adı altında edilən təzyiqlər əslində onu müstəqil siyasət yeritməkdən imtina etməyə səsləyən cağırışdan başqa bir şey deyil. Lakin belə cəhdlər Azərbaycanı öz haqq yolundan heç zaman döndərə bilməmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyada baş verən siyasi proseslər, qlobal münasibətlər sistemində beynəlxalq hüququn tutduğu yer haqqında söylədiyi bir fikir dərin siyasi məna kəsb edir: “Biz görürük ki, beynəlxalq hüquq normaları işləmir. Kimin gücü varsa, o da haqlıdır və bu, reallıqdır. Bu, xoşagəlməyən reallıqdır, ancaq biz real dünyada yaşayırıq, biz virtual dünyada yaşamırıq”. Real dünya mənzərəsini dəqiqliklə ifadə edən dövlət başçısının bu fikirləri Azərbaycanın gerçək qlobal siyasi proseslərdən düzgün nəticə çıxardığını təsdiq edir. Bu, heç də Azərbaycanın ədalət axtarışı və onun bərpası ümidlərini azaltmır, əksinə, regional və qlobal miqyasda cərəyan edən mürəkkəb prosesləri düzgün qiymətləndirərək, çevik və adekvat xarici siyasət kursu müəyyən etməyə imkan verir. Qarabağ probleminin həlli də məhz bu siyasətin optimallığından asılıdır.
Göründüyü kimi, dünyanın güc mərkəzləri dünyanın strateji nöqtələrindən biri kimi gördükləri Azərbaycanı onlar tərəfindən müəyyən edilən siyasi cığırla irəlilətməyə nail ola bilməmişdir. Çünki dövlətimiz hər hansı beynəlxalq və ya regional ideoloji cərəyanların təsiri altına düşməyin acı nəticələrini yaxşı anlayır. Əlbəttə, Azərbaycan dünyaya açılmağa başladığı andan indiyədək Transatlantizm və Avrasiyaçılıq ideyalarının perspektivlərini və onların müsbət tərəflərini də nəzərə almışdır. Lakin bu siyasətdə milli maraqlar hər zaman əsas şərt olmuş və olacaqdır. Məhz bu amil Azərbaycanda güclü dövlət-vətəndaş birliyini formalaşdırır, kənar ideoloji təsirlərə qarşı adekvat və kəsərli siyasət müəyyən etməyə imkan verir.
Cavanşir
Feyziyev
525-ci qəzet.-
2015.- 3 oktyabr.- S.10-11