Həsrətin sonu
vüsal…
Bəşər övladı dünyaya gəlib
ömür payını yaşadığı
çağlarda öz yolunu vaxtında tapmağı
bacarırsa, insanlıq missiyasını şərəflə
yerinə yetirmiş olur. Yazıb-yaratmaq eşqinə düşənlər
isə sözün sehrini mənəvi qidaları sanıb,
Haqdan butalarını alanda əsil möcüzə baş
verir. Axı ulu əcdad çox qədim zamanlarda ayaq
üstə durub şüura sahib olandan dünyamızın
sirlərini öyrənməyə can atıb. Ağıl,
kamal həmişə kortəbii gücü üstələyib.
Bu mənada hay-harayla, əl-qol açmaqla, “qılınc
oynatmaqla”, dil pəhləvanlığı ilə deyil, bilik,
hikmət və müdrikliyin yardımı ilə
Tanrının yaratdığı heyrətamiz
varlıqların – kainatın, göy cisimlərinin, təbiətin
dərkinə doğru dolğun addımlar atan
düşüncə sahiblərimizdən birinin “Azərbaycan
dastanlarında şaman-qəhrəman arxetipi (“Əsli-Kərəm”
və “Dədə Qorqud”)” monoqrafiyasını oxuyub
qürurlanmamaq mümkün deyil.
Ürəyin genişliyinə, böyüklüyünə
baxın.
Kitabını kədərli notlarla başlayan Seyfəddin
Rzasoy içində qovrulsa da, yanıb-yaxılsa da, cavan
anasının itkisindən on illər keçəndən
sonra atasını haqq dünyasına yola salmasında sevgi və
gözəllik axtarır...
Ata
itkisinin nə qədər ağır olduğunu yaxşı
bilirəm, beş yaşımdan onsuz
qalmışam. Alim dostumun atasına xitabən
yazdığı ithafdakı “Ölümün də
özün kimi gözəl idi: ölümünü sevdim”
fikrinin arxasında, məncə, bu məna gizlənib:
atası həyat yoldaşının yoxluğu ilə o vaxta
kimi barışa bilib ki, təkbaşına onun
yadigarlarını evli-eşikli, oğullu-qızlı etsin. Nəvələrinin
toy-düyünündən, sonbeşiyi Seyfəddin müəllimin
doktorluq müdafiəsindən sonra öz missiyasını
bitmiş hesab edib, bitib-tükənməyən həsrətdən
qurtarmaq üçün haqq dünyasına yollanıb ki,
ömür-gün yoldaşının vüsalına
çatsın... Bəlkə də, hər iki
valideyninin yoxluğundakı həsrətdən
qaynaqlandığı üçün alimin bu əsəri
orijinallığı ilə əvvəlkilərdən
seçilir və spesifik quruluşu, problemin dərinliyi,
düzgün həlli yollarına görə nəinki
başqalarının, özünün də əvvəlki əsərlərindən
əsaslı şəkildə fərqlənir. O, bir
övlad olaraq ata-anasının xatirəsinə sözdən
möhtəşəm abidə ucaltmağı bacarıb.
Məqsədim
monoqrafiyanın elmi təhlilini vermək deyil, alimin forma və
mündəricəsi ilə Azərbaycanda tamamilə fərqli
əsər ərsəyə gətirməsini,
standartlıqdan, şablon qəliblərdən yan keçərək
filologiya sahəsində yeni cığırlar
açmasını, araşdırdığı aktual məsələləri
bütün detallarınadək incələməsini, epos məkanında
indiyədək həllini tapmayan çoxsaylı problemlərin
şərhini özünəməxsus üsullarla
aparmağı bacarmasını diqqətə
çatdırmaqdır. Əsər epos
düşüncəsinin elə çalarlarına
güzgü tutur ki, “Əsli-Kərəm” və “Kitabi-Dədə
Qorqud” dastanlarındakı şəbəkələrin rəngarəngliyi
bütün əlvanlığı ilə üzə
çıxır.
Müəllif
eposa iki aspektdən yanaşır: milli düşüncə
sisteminin energetik strukturunun ümumbəşəri problemi kimi;
etnosun yaşamasının bütün genetik struktur sxemlərini
özündə qoruyan bədii düşüncə sistemi və
etnosu düşüncə enerjisi ilə təmin edən milli
energetik sistem kimi.
İlk
baxışda adama elə gəlir ki, bir-biri ilə müqayisədə
əks qütblərdə dayandığı zənn edilən
məhəbbət dastanı (“Əsli-Kərəm”) ilə
alplıq, ərənliyə həsr olunan “Kitabi-Dədə
Qorqud”un (“Salur Qazanın evinin
yağmalanması” boyu) tipoloji müqayisəsi mümkün
deyil. S.Rzasoy zahiri əlamətlərdə
oxşarlığı, yaxınlığı o qədər
də nəzərə çarpmayan epik bədii mətnlərin
alt qatlardakı kosmoloji struktur modellərinin müqayisəsini
bütün dolğunluğu ilə, deyərdim ki,
xırdalıqlarına kimi verməyi bacarıb.
S.Rzasoy tədqiqatında “Əsli-Kərəm”in Azərbaycan-türk
epik təfəkkürünün ən qədim və mürəkkəb
əsərlərindən biri olduğunu, onun mayasında
heç də hamını hiddətləndirən erməni-müsəlman
qarşılaşmasının durmadığını dəqiq
elmi dəlillərlə sübut etməklə elmimizdə olan
mövcud sterotiplərin hamısını alt-üst edib,
bununla erməni xəyanətinin də kökünün
çox dərinlərdən gəldiyini əsaslandırıb. Əslində,
ilkin dünyagörüşünə söykənən
motivlər sonralar dini əqidə toqquşması donuna
bürünüb. S.Rzasoyun tədqiqatı
göstərir ki, Qanlı Yanvar qırğınından və
Xocalı soyqırımından sonra “Əsli-Kərəm”i məsum
xalqın qəzəbindən qorumaq üçün qara keşişi
ermənilikdən çıxardıb xristian-müsəlman əksliyini
albanlaşdıranların da qənaətləri
yanlışdır. Alim indiyədək
nakam eşq dastanı kimi təqdim olunan epik lövhələrin
arxasında nələrin gizləndiyini elə səlisliklə
açıqlayır ki, adamı heyrət bürüyür.
Bu, istedadlı təfəkkür sahibinə
ilahidən gələn fəhm və vergidir ki, minillərin
arxasında formalaşıb uzun əsrlər boyu müxtəlif
sosial institutlarda kodlaşa-kodlaşa gələn, sirrə-müəmmaya
çevrilən epizod və deyimlərin açarını
bir-bir tapmağı bacarır. Kərəmi xaoslaşdırılmış
kosmik məkandan real həyata gətirən və təzədən
sakral aləmə qaytaran yolda elə detallar və amillər (məsələn,
xəbərləşmə silsilələri: Yurdla xəbərləşmə,
Ağacla (sərvlə) xəbərləşmə –
qarğış, Evlə (Bağla) xəbərləşmə,
Qızla/İnsanla xəbərləşmə: etnokosmik
identifikasiya, Ata, Ana və Dostlarla xəbərləşmə,
Qızlarla xəbərləşmə: etnokosmik identifikasiya və
keçid, Karvanla xəbərləşmə, Oba ilə xəbərləşmə,
Durnalarla xəbərləşmə və s.) üzə
çıxarmaqla Dünyamızın dünəni ilə
bü günü arasındakı sınıq körpüləri
bərpa edir. Və onun irəli
sürdüyü onlarla semantik struktur əlamətlərinin hər
biri barədə geniş diskussiya açmaq
mümkündür.
Bir detalın üzərində dayanmaq istərdim. On il əvvəl
bir əfsanənin şərh edərkən tədqiqatımızda
bu qənaətə gəlmişdik ki, Azərbaycan türklərinin
«Əsli və Kərəm» eposunun mifoloji qaynaqlarında
qırx düyməli xalat gerçək aləmin bitməsi –
ömür yolunun bağlanması, o biri dünyanın
qapısının isə açılması kimi mənalandırılır.
Füzuli rayonu, Şükürbəyli kənd sakini Qurbanov
Faiq Kamal oğlu danışırmış: «Toy gecəsi Kərəmlə
Əsli tək-tənha qalıb bir-birinə sarmaşırlar.
Kərəm əl atır ki, xalatının
düymələrini açsın. Düymələr
Kərəmin əli dəyən kimi öz-özünə
açılır, axırıncıya çatanda təzədən
hamısı düymələnir. Kərəm
işi başa düşür. Bilir ki,
Qara keşiş nə isə onların başına bədbəxtlik
gətirəcək. Əsli də Kərəmə
kömək edir. Bu dəfə isə
düymələr açılıb axırıncıya
çatanda ondan bir qığılcım qalxıb Kərəmin
sinəsinə düşür. Kərəm
alışıb yanır. Bir göz
qırpımında kül olur. Əsli
hay-həşir salır, saçlarını süpürgə
edib Kərəmin külünü ağlaya-ağlaya
yığışdırmağa başlayır. Həmin küldən bir qığılcım da
qalxıb Əslinin üstünə düşür. O
da yanıb külə dönür. Bu vaxt səs-küyə
el-oba adamları tökülüşüb gəlirlər.
Otaqda bəylə gəlin əvəzinə ikicə
topa kül tapırlar. Bilirlər ki, bu,
Qara keşişin işidir. Hamı göz
yaşı töküb ağlayır, hər iki nakam gənci
Lüləli deyilən yerdə basdırırlar. Bir zaman keçməmiş keşiş də
azarlayıb ölür. Onu da Əsli və
Kərəmin yaxınlığında dəfn edirlər.
Nakam gənclərin qəbrinin üstündən
gül kolları bitib bir-birinə sarmaşır. Qara keşişin də qəbrindən qaratikan boy
verib güllərin arasına soxulur. Deyirlər,
gül kolları Əsli və Kərəmin ruhudur ki, o biri
dünyada qovuşmaq istəyirlər. Qara
keşişin ruhu isə qaratikana çevrilib onların
qovuşmalarına mane olmaq istəyir».
Bu əfsanə rəmzlərlə doludur. Eyni adlı dastandan fərqli olaraq burada Qara keşiş heç bir kənar hökmdarın təkidi ilə deyil, Kərəmin qarabaqara onları izlədiyini görüb birdəfəlik özü məsələni çürütmək istəyir və bu anadək gerçəkliklə yoğrulan epizodlar poetik simvollarla, mifik eyhamlarla əvəzlənir. Ata qızının nişanlısı üçün öz əlləri ilə xalat tikir. Əslində, bu, xoş və bəşəri hadisədir. Hələ Kərəmə tapşırır ki, toy gecəsi Əslinin yanına getməzdən əvvəl onu geyinib, düymələrini öz əlinlə açarsan. Lakin «xalat» burada erməni keşişinin türk oğlu üçün hazırladığı qəbirdir, düymələr Kərəmin bəxtidir, taleyinin açarıdır – açılıb qurtaran kimi təzədən bağlanır. Tale də keşişin toya razılıq verməsi ilə Kərəmin üzünə gülür, kamına çatmasına mane olan xalatın içində bağlanıb qalmasıyla ondan həmişəlik üz döndərir. Od qəzadır, dünyadakı fəlakətlərin mənbəyidir. Kül yaradıcıya qovuşmaqdır. Gül kolu həyatın davamı deməkdir, doğrudur, əfsanədə məhəbbətin qələbəsi kimi göstərilir. Qaratikan isə xeyirlə şərin mübarizəsinin əbədiliyi deməkdir. Beləliklə, mifoloji görüşlərdə qırx düymənin açılıb-bağlanması ilə həyatın bu dünyada sonu göstərilir. Zamanın 40 kiçik mərhələsinin (40 günün) və məkanın 40 balaca hissəsinin (40 otağın) başa çatması ilə sirli aləmin yolu tapılır, eləcə də bir sıra problemlər həll olunur. Koroğlu Qıratı 40 gün qaranlıq tövlədə saxlamalı idi ki, qanadları çıxıb onu qaranlıq dünyaya apara bilsin. Lakin 39-cu gecə dözməyib, tövlənin damından deşik açır, içəriyə ay işığı düşür, Qıratın qanadları əriyir. Mifik mədəni qəhrəman Koroğlu əski çağlardakı funksiyasını – o biri dünyaya ilk yola düşən Yimin fədakarlığı ilə səsləşən missiyasını yerinə yetirməyə imkan tapmır. Bu səbəbdən də bütün var-qüvvəsi ilə gerçək dünyanın qəddarlıqlarına qarşı mübarizə aparır. Oxay qırxıncı otağın qapısından içəri keçməklə yeraltı dünyaya düşür. Göy aləmində dünya gözəllərinin məclisinə düşən Səlim şah isə 40 gün müddətinə baş pəriyə əl uzatmamalı, başqaları ilə eyş-işrət keçirməli idi. Lakin o da 39-cu gün səbirsizlik etdiyindən həyatın bütün şirinliklərini əldən verir. Beləcə Kərəmin xalatının 40 düyməsi dünyalar arasındakı keçidlərin açarını simvollaşdırırdı.
S.Rzasoy əfsanədəki epizodları daha dəqiq və əsaslı şəkildə şərh edir: “Məsələ burasındadır ki, süjetüstünə görə qəriblikdə (Hələbdə) olan Kərəmlə Əsli kosmoloji sxemə görə Xaosda – ölülər dünyasındadır. Onlar Kosmosa qayıtmaq üçün hökmən ölüb-dirilmə ritualından keçməlidirlər. Çünki Xaosdan Kosmosa və əksinə keçid yalnız ölüb-dirilmə ritualı vasitəsi ilə reallaşa bilər. Final süjetindəki bütün epizod və elementlər bu ölüb-dirilmə ritualnın süjetüstündəki metaforasıdır”.
Bir cəhət də maraqlıdır, alim “Kitabi-Dədə Qorqud” eposunun mifoloji obraz, süjet və motivlərlə zəngin olan “Duxa Qoca oğlu Dəli Domrul” boyunun, “Basatın Təpəgözü öldürdüyü boy”unun, yaxud “Baybörə oğlu Bamsı Beyrək boyu”nun deyil, əksər tədqiqatçılar tərəfindən tarixlə səsləşən mətn kimi səciyələndirılən “Salur Qazanın evinin yağmalanması” boyunun kosmoloji struktur modelini araşdırır. Araşdırmadan çıxan məntiq odur ki, bütövlükdə “Kitabi-Dədə Qorqud”un tarixi kökləri ilkin mifoloji dünyagörüşündən qidalanır və epik düşüncənin başlanğıc konturları boyların hamısında qorunub saxlanılır.
Ramazan QAFARLI
Professor
Xalq Cəbhəsi.- 2015.- 3 oktyabr.-
S.14.