Sözü doğruluq günəşi ilə sınanan sənətkar

 

"NATƏVAN" KLUBUNDAKI TƏQDİMAT MƏRASİMİNDƏ ETMƏDİYİM ÇIXIŞIN MƏTNİ

 

 

 

Bu günlərdə AYB kitab layihəsi çərçivəsində İLESAM-ın rəhbəri, şair Mehmet Nuri Barmaqsızın bədii qayəsi sufi-panteist ənənədən gələn esselər toplusu Azərbaycan türkcəsinə çevrilərək "Həsrət, Eşq və Sükut" adı ilə çap olunub.

 

Bu kitabdakı esselər ümumilikdə müəllifin Türkiyədə nəşr olunan "Bencileyin sözler" ("Mənalı sözlər") adlı kitabındakı həyat və eşqə dair  təsəvvüf rəmzləri ilə zəngin olan görüşlərindən intişar tapıb. 

 

Azərbaycanda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun doktorantı, gənc yazar Gülnar Səmanın tərcüməsində və Ələmdar Cabbarlının redaktorluğu ilə  çap olunan "Həsrət, Eşq və Sükut" kitabının təqdimat mərasimi də ilk dəfə  AYB-nin "Natəvan" klubunda keçirildi. Tədbirdə kitabın tərcüməsi, redaktorluq süzgəcindən keçirilməsi və Mehmet Nuri bəyin şəxsi keyfiyyətləri ilə bağlı çıxışlar oldu. Lakin şairin sənəti və yaradıcılığı ilə bağlı fikirlər nisbətən arxa fonda qaldı. Müəlliflə Azərbaycan oxucularını daha yaxından tanış etməyin vacibliyini düşünürük. Odur ki, Barmaqsızın yaradıcılığının müxtəlif aspektləri ilə bağlı - təsəvvüf ənənələrinin layiqli davamçısı, novator şair, esse və məqalə ustası,  hikmət adamı və "Məlamətilik" məktəbinin davamçısı kimi fikirlərimi bildirmək istəyirəm. 

 

"Həsrət, Eşq və Sükut" da Barmaqsız həqq didarının mürşidi Yunus Əmrənin vəhdəti-vücud kimi mürəkkəb və anlaşılması çətinlik törədən metafizik sisteminin fəlsəfəsini davam etdirib. Kitabı vərəqləyərkən hər misrada Yunus Əmrə, Mövlanə Cəlaləddin ruhu aydın hiss olunur. Yunus Əmrənin Yəsəvilik təriqətindən intişar tapan təsəvvüf görüşlərində əzəli eşqdən gələn səmimi fəryad, həyəcan, həsrət və səsləniş var. Mehmet Nuri də "İçimdəki şövq, içimdəki xar, içimdəki yar. Ruhum səninlə dünyaya deyil, məhşərə baxar. Sevdiyim, ruh yoldaşım, iki cahanım yar!"- deyə əzəli eşqinə səslənir.

 

Yaradılmışı Yaradandan ötrü sevən Yunus həmin zərrənin bütünü olan - Allaha aşiqdir. Mehmet Nuri də həmin mənəvi yoldadır: "Eşq, eşq dedikləri səndən doğuldu. Bilirəm sözü, andı və şükrü olmayanın eşqi də olmaz..." Hətta "Azadlıq sənsən, sonsuzluq sənsən. Sevinc sən. İmanın doğulduğu və batmayacağı, könül gözünün gördüyü sərhəddi olmayan üfüqsən sən. Səndə doğuldum, səndən qopdum, sənə dönəcəyəm mən" deməklə ustadından daha da irəli gedir desək yanılmarıq.

 

Yunus Əmrə ilahi eşqin qüdrətini  "Eşq oduna yananların külli vücudu nur olur, Ol od bu oda bənzəməz, hiç bəlürməz  zəbanəsi"  deyə tərənnüm edərkən, Barmaqsız da:

 

Mən səninəm, sən mənim; məhşərədək gözlərim,

Səni gördüyüm hər dəm eşqlə çökər dizlərim.

Eşq gözü kor edərmiş, amma gördüyüm gerçək,

Gözünü hər qırpanda ceyranları izlərim...

 

- deyərək eşqdən kor olan gözün cənnəti gördüyünü yəqin edib.

 

Y.Əmrə İlahi həsrətini şeirlərində "eşq fəryadı" adıyla ifadə edir. Mehmet bəy də öz fəryadını qalü-bəla adlandırır. 

 

"Bir ikən ayrılmayalım, gəl dosta gedəlim, könül" təsəvvüfündə Yunus  "Bir" deyərkən ilahi təkliyi nəzərdə tutursa, M.N.Barmaqsız da "Könüllər eşqlə dolu, könüllər daim Birlə vəhdətdə" deməklə Bir  (Bismillah  İrrəhmanir Rəhim) olanın - sirri  Xudanın simvolik şəkildə metafizik şərhini verib.

 

Müəllif həmçinin kitabında İlahi eşqlə yanaşı varlıq və yoxluq, həyat və ölümdən bəhs edib, dünyanın faniliyi, mövsümi ömür kimi məsələlər üzərində də dayanıb. 

 

"Göz bəbəklərim ölümə gedərkən sayıqladığım yarın xəyalı, içimdəki eşq başqa, içimdəki yar başqa, ürəyimdəki hal başqa. Halların sonsuzluğunu yaşayır ürəyimin hilalı". Halların çoxluğunu ifadə edən bu fikir isə daha çox təkkə ədəbiyyatı dönəmi ilə səsləşir.

 

Qeyd edim ki, XIV-XIX əsrlər Türk ədəbiyyatında  İslam dini və mədəniyyətinin  təsiri ilə yaranan ədəbi nümunələr 3 qola ayrılmışdı: Xalq ədəbiyyatı, Divan ədəbiyyatı və Təkkə ədəbiyyatı.

 

Təkkə ədəbiyyatında dünyanın, hətta dünyəvi eşqin Tanrıya çatma meylləri əks olunurdu. Mehmet Nuridə də bu müştaqlıq hiss olunur:  "Kim sevər mənim qədər, kim sevmiş ki dəlilikdən o yana yarını?", "Başına başım, ömrünə ömrüm, nəfəsinə nəfəsim qurban olsun".

 

Esselərindəki fikir və qənaətlərində təkkə ədəbiyyatına bu cür yaxınlıq, dilinin axıcılığı, milliliyi  onun xalq, divan və təkkə şeir örnəklərini mükəmməl bilməsi və köklü şəkildə bəhrələnməsinin bariz nümunəsidir.

Təsadüfi deyil ki, Mehmet bəy Qazi Universiteti Sosial Elmlər İnstitutunun Xalq ədəbiyyatı fakültəsində "Aşıq ədəbiyyatında Ağı tipli dastanlar" mövzusunda magistrlik dissertasiyası müdafiə edib.

 

"Həsrət, Eşq və Sükut" kitabındakı esselər estetik görkəmini Barmaqsızın özünəməxsus sənətkarlıq  üslubundan alır. Belə ki, essevari hikmət deyimlərinin hər birində mütləq ədəbi dil normalarına uyğunlaşdırılmayan xalq danışıq dili özəllikləri var.

 

Sənətkarın ümumi yazı üslubunda fikir və forma inversiyası aparıcıdır. Şair hər bir ifadədə cümlə üzvlərinin yerini dəyişik səsləndirməklə fikrin ifadə tərzini daha da qüvvətləndirməyi bacarıb. Həmçinin şeir, esse mətnlərinin dili olduqca lakonik, sərrast və anlaşıqlıdır. Bu, müəllifin türk dili və qrammatikasını pedaqoji ustalıqla bilmə bacarığından irəli gəlir. Həmçinin şairin yazı dili ilə danışıq dili təxminən eynidir. M.Nuri yazarkən necə poetik ştrixlərə sadiqdirsə, danışıq tərzində, məişət nitqində də şairanə dillə ünsiyyət qurur.

Hətta şair şeir söyləyərkən, adətən, özünü şeirin axışına buraxır. Bunu onun TRT Belgesel kanalındakı verilişini və ya Polis radiosundakı "İmbikdən damlalar" proqramını izləyənlər müşahidə edə bilərlər. O, təkcə radio proqramlarında səs olmaqla qalmır, onu dinləyənlərə, izləyənlərə, oxuyanlara səsinin çata biləcəyi bütün formalarda müraciət edib, onları maarifləndirməyə, ağlın və ürəyin vəhdətinə qovuşmağa çağırır. Bu işi həm "Məktublarıyla Cahit Sıtqı" adlı araşdırma, "Moqan şeir axşamları", "Ana qoxulu şeirlərdən seçmələr" adlı üç antoloji əsəri, həm  elmi-publisistik və bədii məqalələri vasitəsilə müxtəlif məcmuələrdə dərc olunmaqla, həm də "SÖZ" yazıları ilə həyata keçirir.  "SÖZ" şeirlərində ifadə etdiklərinin bir cümlə ilə çatdırılması yəni hikmət məramıdır. Didaktik mahiyyət kəsb edir hər bir Söz.  Hətta  "Söz yazmaq şeir, roman və digər formalarda əsər yazmaqdan daha çətindir" deyir sənətkar. Çünki Onun "dodaqlarından tökülən hər bir söz doğruluq günəşiylə sınanar" . 

 

Ümumilikdə, Barmaqsızın yaradıcılığını bir cümlə ilə belə xarakterizə etmək olar: - M.N.Barmaqsız milliyyətçi, xalqçı, yenilikçi, sənət və ədəbiyyat görüşlərini modern məcrada inkişaf etdirən novator şairdir.

Türk  ədəbi fikir tarixində Cümhuriyyət dönəmindən (1923-cü ildən) başlayaraq şeirdə forma sərbəstliyinə önəm verilməsi poetik fiqurların genişlənməsinə zəmin yaratdı. 20-ci illərlə müqayisədə 40-60-cı illərdə, hətta sonrakı dönəmlərdə sərbəst ölçülü şeirlər daha çox oxunaqlıq və müəlliflik hüququ qazandı. Xüsusilə Nazim Hikmət, eyni zamanda Ərcümənt Behzad, Mümtaz Zəkidən gələn ənənənin (fikrin ifadəsinə daha yatımlı olması və axtardıqları səs tonunu sərbəşt şeirdə tapmaq ənənəsi) Barmaqsızın sərbəst ölçülü şeirlərində novatorcasına davam etdirilməsi də məqsədəuyğundur. Çünki hər şair öz zəmanəsinin atributudur. Xüsusilə hazırkı türk ədəbiyyatı modernist cizgidə seyr edilsə də, postmodernizmin təsiri açıq-aşkar görülməkdədir.

 

İndi ölsəm

Hansı oxucum ortaq olar qəmimə.

Hansı misrada mənam yerini tapar

Və hansı əsr

Sözlərimə aşina olar...

 

Barmaqsızın şeirlərində sevgi ana xətt təşkil etsə də, həsrət, iztirab, ayrılıq və mənəvi duyğular baş mövzulardır. Şeirlərinin böyük əksəriyyətini heca və əruz vəznində yazsa da, sərbəşt şeir üslubu da zaman-zaman könül pıçıltılarına tərcüman olur.  "Eşqi rədd edən adam", "sevginlə uçur məni", "Məni yalnız buraxın", "Buz dağı", "İmbikdən keçən kədər", "Sükutu əzbərləmək", "Həm ayrılıq, həm vüsal" şeirləri Barmaqsızın ən çox oxunan, sevilən şeirləridir.

 

Mehmet Nurinin poeziyasında öncül yer tutan "Kelebek ömrü" (Kəpənək ömrü) kitabında yer alan şeirlər, xüsusilə kitaba adı verilən şeiri oxucular tərəfindən rəğbətlə qarşılanıb, həmçinin Azərbaycan, özbək və ingilis dillərinə də tərcümə edilib. Şeir əruz vəznində yazılsa da, aydın, anlaşıqlı dili ilə diqqət çəkir:

 

Sevdaya alışqan bu könüllər səni gözlər,

Son zərbədə  hican, o ölüm ruhunu gözlər.

Sevda dediyin çöldə çiçəklər də yalandır,

Vüsalı yaxın bilmə, həsrətdən də uzaqdır.

 

Əllərdə, ovuclarda sənin ismin anılsın,

Ürəyimdəki sevgin, qoy təklikdə sanılsın.

Ucalsın o ruhum göyə qalxsın, sənə dəysin,

Çəkdirdiyin ahlarla könül, göyləri əysin.

 

Haqqın bizi var etdiyi torpaq necə pakdır,

Yəqin ki, bu üzdəndi məzar daşları ağdır.

Heyhat! Qara sevda deyilən yol necə dardır,

Eşq bitdisə, dünya kəpənək ömrü qədərdir.

 

Son olaraq deyim ki, Mehmet Nuri Barmaqsızın "Həsrət, Eşq və Sükut" kitabı zaman-zaman müraciət  olunub, əldə rəhbər tutulacaq bir kitabdır. Çünki insana insanı, həyatı öyrədən, ona içində var olduğu həyata dair yol göstərən bir mayakdır

 

Rübabə SAHİB

525-ci qəzet.- 2015.- 6 oktyabr.- S.8.