Zülmətdən keçən yol
SADIQ ELCANLININ "ZÜLMƏT" ROMANI HAQQINDA QEYDLƏR
Sadıq
Elcanlı - çağdaş
nəsrimizin özünə-
məxsus yaradıcılıq
dəsti-xətti olan bir tanınmış nümayəndəsi!
Onu hələ Sadıq İbrahimov imzası ilə ötən əsrin 70-ci illərində
bizim Şabranda yerli qəzetdə irili-xırdalı publisistik
yazılarının ilk bədii
yaradıcılıq nümunələri
olan vaxtlardan tanıyıram.
Yazıçı bu yaxınlarda çapdan çıxan, nəsr, ədəbi tənqid, publisistik yazılarının toplandığı
"Gülmənbə" adlı kitabını xoş sözlər, arzu və istəklərlə
dolu avtoqrafla mənə bağışladı.
Müəllif kitabdakı "İşıq
və zülmət"
adlı ön sözündə belə deyir: "Zülmət"
romanı da işıq haqqındadır,
daha doğrusu işığın ölməsi
haqqında, insanlıq
adlı uzun yolun əvvəlində başlayan sonuna güzgü tutmuş şam..."
Romantik şair Novalis isə deyirdi:
"Gerçəkliyi qaranlıqlaşdırın, onda
o daha aydın görünəcək!"
Bunlar kimin sözləridir, bilmirəm: "Hər halda qaranlıq haqqında aydın danışmaq olmaz. Qaranlığa işıq salmaq
olmaz. Çünki onda qaranlıq
yox olar".
Sadıq Elcanlı bu romanını da əvvəlki əsərlərində
olduğu kimi öz ideyalarına cavab verən mifoloji-fantastik formada yazıb. Bəri başdan
burasını deyim ki, geniş epik lüğətlə qələmə alınan,
həcmcə heç
də kiçik olmayan romanı az qala birnəfəsə oxudum. Yadıma düşmüşkən,
hüzr məclisində
dünyadan bixəbər
nadanın biri özlüyündə axundu,
guya ki, yerində oturtmaq istəyir:
- Molla əmi, savablara görə müjdələdiyiniz cənnəti,
günahlar üçün
qorxutduğunuz cəhənnəmi
bəyəm heç görüb gələn var?...
Müqəddəs Quranın ilahi məntiqi ilə bu nadanı yerində oturtmağı qərara alan
axund:
- Elədir, övladım - deyir,- Bəyəm
sən özün ananın bətnində, qaranlıq dünyada, zülmətdə bilirdinmi
ki, belə işıqlı bir dünya da var?!
Hə, deyəsən
hər şey qaranlıqdan, zülmətdən
işığa doğru
bir yol gedir.
Və vay o kəslərin halına ki, bilə-bilə işıqdan
zülmətə gedir...
"Zülmət"in qəhrəmanı
Xasay Xaspoladov kimi!
Fikrimcə, Sadıq Elcanlının bu romanı müəllifin ön sözündə özünün
dediyi kimi heç də təkcə işığın
ölməsi haqqında
yox, həm də zülmətin özünün də işıqda doğulması
haqqındadır.
Romanın adı onun əsas
mövzusunu, janr və bədii üslubunu, necə deyərlər, elə əvvəlcədən xəbər
verir desək, yanılmarıq.
Əsərin fabulası süjetin mifik-fantastik fonu zülmətlə işığın
ziddiyyətləri üzərində
qurulub.
Romana zəruri
müasirlik, çağdaşlıq
səciyyəsi verən
yazıçı oxucuda
dövrün ictimai, sosial həqiqətləri
ilə bağlı yarı real, yarı mifik təəssürat yaratmağa müvəffəq
olub. Xasay Xaspoladovun hakimiyyətə
aludəliyi, mənsəbpərəstliyi,
daxili dünyasının
mürəkkəbliyi və
ziddiyyətləri, bir
vaxt törətdiyi cinayət - qətl hadisəsi romanın fabulasında sənətkarlıqla
qurulub.
Yazıçı əsər boyu təsvir olunan hər bir epizod
və hadisənin, əhvalatın sarsıdıcı,
güclü bədii təsir gücünə çevrilməsinə çalışıb.
Tənhalıqdan, yalqızlığından qəddarlanan
Butay Eləhmədov beləcə Xasay Xaspoladova çevrilir. Ehtiyac, kimsəsizlik
və bir də şöhrətpərəstlik,
nəyin və kimin hesabına olursa olsun məqsədinə
çatmaq ehtirası
romanın qəhrəmanının
vəziyyətini daha da ağırlaşdırır.
"Qadın azadlığa
çıxmışdı. Qoca əri
demişdi ki, çıx şəhərə,
ürəyin nə istəyirsə al, qadının
ürəyi çox şey istəyirdi və ürəyində ürəyini söyə-söyə
gedirdi".
Bir də "Qışın
gizlətdiklərini bahar
aşkara çıxarmışdı..."
Qadın
"ürəyində ürəyini"
niyə "söyə-söyə"
gedirdi və baharın aşkara çıxardığı nələr
idi?..
Oxucu bu sualların cavabını
zamanında tapır. Demə, bahar
aradan illər ötsə də, ilk sevgini də ürəklər də aşkara çıxarırmış.
Və qadın o ilk sevginin naminə bir gün qoca
ərinə xəyanət
edəcəyini ürəyinin
dərinliklərində gizli
saxlasa amma əvvəl-axır bir gün keçmiş sevgisini ram edəcəyini
sövqi-təbii hiss etdiyindən
"ürəyində ürəyini
söyə-söyə" gedirdi.
Qadın Qəribə xanım duyğularının ikiləşməsindən əzab çəkir və bunu məntiqi nəticəsi olaraq cəzasını da alır.
Yazıçı öz romanında obrazların həyatiliyi ilə kolliziyalarını mifik-fantastik tərzdə, həm də reallığa uyğun olmasına çalışır.
Gərgin daxili mübarizə obrazların dramatizmini daha da artırır.
İrəlicədən, əvvəlcədən duyma, gələcəkdən xəbərvermə, bəd, günah əməllər üzərində qurulan "Zülmət"də fantastikasını, mifin mənbəyi real həyat faktlarıdır. Romanda yazıçının mürəkkəb fəlsəfi mühakimələri "Zülmət-işıq" müstəvisində ayrı-ayrı obrazlar vasitəsi ilə öz əksini tapır. Obrazların roman boyu hərəkətlərinin, davranışlarının, qəbul etdikləri həqiqətlərin öz ictimai səbəbləri var. Və Sadıq Elcanlı da öz əsərində kamil bir yazıçı kimi bütün bunları öz oxucusuna təqdim edir.
Burasını da deyim ki, romanda təsvir edilən obrazların bəzi ərinin prototiplərinin çoxu mənə tanınmış adamlardır. Həqiqətən bəziləri ilə bir vaxt ünsiyyətdə də olmuşam.
Bunu niyə xatırladıram: Tanıdığım adamları yazıçını belə dəqiqliklə təsvir etməsi məni bir oxucu kimi heyran etdi.
Ancaq burası da var ki, həmin obrazlar təkcə bir coğrafi məkana, yəni bizim Şabran bölgəsinə məxsus deyil. Ümumiləşdirilmiş obrazlardır.
Qaranlıqdan işıqlığa yol gələn insanın ömür yolu elə zülmətə doğru da gedir. Başlanğıc olan zülmət həm də axırdır, sondur.
Aydın Tağıyev
525-ci qəzet.- 2015.- 6 oktyabr.- S.7.