Görkəmli alim, tanınmış
arxeoloq
Qafar Cəbiyev - 65
Arxeologiya elmi İctimai-humanitar elmlər sırasında
özünün bir sıra səciyyəvi və spesifik
xüsusiyyətləri ilə seçilir.
Məşhur Britaniya-Avstraliya arxeoloqu Qordon
Çayldın təbirincə desək "tarix elmində
çevriliş edən arxeologiya keçmişi öyrənmək
perspektivini yüz dəfələrlə
artırmışdır". Bu sahəni fərqləndirən
başlıca cəhət ondan ibarətdir ki, arxeoloq ən
müxtəlif təbii-coğrafi şəraitlərdə yerləşən
arxeoloji abidələrdəki qazıntılarda aşkar etdiyi
maddi mədəniyyət nümunələrini düzgün təhlil
etməli, qədim tarixin öyrənilməsində onların
yerini dəqiq müəyyənləşdirməlidir. Bir sözlə, qədim tarixin sirlərini, cansız
arxeoloji tapıntıları "dilləndirməklə
canlandırmalıdır".
Burada yol verilən cüzi bir səhvi
sonralar uzun illər ərzində düzəltmək
müşkül bir məsələyə çevrilir. Etiraf etmək lazımdır ki, özlərini
arxeoloq adlandıranların heç də hamısı bu məsuliyyətli
işin öhdəsindən lazımınca gələ bilmirlər.
Bu
günlərdə 65 yaşı tamam olmuş
tarixçi-arxeoloq alim, tarix elmləri doktoru, professor Qafar Cəbiyev
öz əsərləri ilə qədim tarixi göz
önündə canlandırmağı bacaran görkəmli tədqiqatçılardandır.
Mübaliğəyə yol vermədən deyə
bilərik ki, tariximizin son 2000 illik dövrünün görkəmli
tədqiqatçılarından biri məhz Q. Cəbiyevdir.
O, uzun illər arxeologiya sahəsində
çalışmasına baxmayaraq "mən arxeoloqam"
sözlərini təvazökarlıqla dilə gətirən
alimlər sırasındadır. Bəri
başdan onu da qeyd edək ki, Q.Cəbiyevin zəngin elmi fəaliyyəti
və arxeologiya elminin inkişafı sahəsindəki xidmətləri
Azərbaycan ictimaiyyətinə kifayət qədər yaxşı
məlumdur.
Orta əsrlər
dövrü xronoloji-dövrləşmə baxımından
tam üç mərhələni özündə birləşdirir:
erkən (IV-VII əsrlər), inkişaf etmiş (VIII-XIV əsrlər)
və son (XV-XVIII əsrlər) orta əsrlər. Bu mərhələlər biri-birinin məntiqi
davamı olsa da, biri digərindən ictimai-siyasi quruluş, mədəni
inkişafın səviyyəsi və maddi mədəniyyətin
səciyyəvi xüsusiyyətləri baxımından xeyli dərəcədə
fərqlənir. Bu səbəbdən də,
orta əsrlər dövrünün ayrı-ayrı mərhələlərinin
tədqiqi zamanı özünəməxsus yanaşma və tədqiqat
üsulları tətbiqini zəruri edir. Məhz
buna görə də, əksər hallarda arxeoloq kadrlar orta əsrlərin
qeyd edilən ayrı-ayrı mərhələləri üzrə
ixtisaslaşmışlar. Bu mənada orta əsrlərin
bütün mərhələlərini öz tədqiqatlarında
birləşdirmək hər bir tədqiqatçıdan həm
arxeoloji abidələri, həm yazılı mənbələri,
həm mülkü, həm də siyasi tarixi dərindən
bilmək qabiliyyəti tələb edir. Q. Cəbiyev
bütün bu elmi istiqamətlərə dərindən yiyələnmiş
azsaylı tarixçi alimlərdən biridir. Bu
səbəbdən də onun orta əsrlərin bütün mərhələlərinə
dair aparmış olduğu araşdırmaların Azərbaycan
tarixşünaslığında özünəməxsus yeri
vardır.
Qafqaz Albaniyası dövrü Azərbaycan tarixində,
xüsusilə də qədim dövlətçilik tariximizdə
müstəsna əhəmiyyətə malik mərhələdir. Məlum olduğu kimi, Albaniyanın
erkən orta əsrlər tarixi daha çox mürəkkəb
siyasi proseslərin, çoxsaylı müharibə, basqın və
qarətlərin baş verməsi ilə xarakterizə olunur. O
zaman Azərbaycan ərazisi nəhəng Sasani, Bizans
imperiyalarının, şimaldan qarətçi
yürüşlər edən qıpçaqların, xəzərlərin,
hunların və digər hərbi-siyasi qüvvələrin
maraqlarının toqquşduğu bir məkan idi. Bu dövrün tarixi çoxsaylı elmi əsərlərdə
öz əksini tapsa da, Albaniyanın ayrı-ayrı vilayətlərinin
tarixi hələ də tam və əhatəli şəkildə
tədqiq edilməmişdir. Digər tərəfdən,
nəzərə alsaq ki, Albaniyanın tarixi təkcə Azərbaycan
alimləri tərəfindən deyil, həm də erməni,
gürcü və rus tədqiqatçıları tərəfindən
öyrənilir, o zaman bu sahədə yeni bir söz demək gərgin
əmək, inadlı, məqsədyönlü
araşdırmalar və alim cəsarəti tələb edir. Q.
Cəbiyev yorulmaz elmi tədqiqatları ilə olduqca mürəkkəb
bir dövrün tarixi barədə nəinki yeni bir söz deməyə
nail oldu, o həm də onilliklər ərzində elmi təfəkkürdə
hakim olmuş konsepsiyanın yanlış olduğunu, əslində
bununla Azərbaycanın siyasi tarixinin mühüm bir mərhələsinin
təhrif edildiyini tutarlı elmi faktlarla əsaslandıra
bilmişdir. Söhbət Qafqaz
Albaniyasının inzibati-siyasi vahidlərindən biri kimi
Girdiman vilayətinin ölkənin iqtisadi, siyasi, hərbi, dini
və mədəni həyatındakı xüsusi yeri və
rolundan gedir. Q. Cəbiyevin 2010-cu ildə nəşr
etdirdiyi "Girdiman tarixi" adlı monoqrafiyasında Girdiman
vilayətinin əsl tarixi şərh olunmuşdur.
Xatırladaq ki, Girdiman vilayətinin coğrafi arealı -
lokalizasiyası uzun illər elmdə disskussiya obyekti olaraq
qalmışdır.
Bu disskusiyalarda alimlərin bir qismi tam elmi obyektivliklə
iştirak etsələr də, digər qismi, xüsusilə də
bədnam qonşularımızın nümayəndələri
bu məsələyə qərəzliklə, öz siyasi məqsədləri
prizmasından yanaşmışlar. Q. Cəbiyev heç bir ciddi arqument olmadan
Girdimanı Azərbaycanın qərb bölgəsində yerləşdirən
müəlliflərin fikirlərinin düzgün
olmadığını, bu vilayətin məhz, Şirvan ərazisində
mövcud olduğunu yazılı mənbələr, arxeoloji
abidələr, toponomik faktlarla əsaslandırmışdır.
Belə bir cəhəti xüsusi vurğu ilə qeyd edək
ki, onun irəli sürdüyü yeni fikirlər həm
yazılı mənbələrin, həm elmi əsərlərin
düzgün təhlilinə, həm də tarixi Girdiman vilayətindəki
abidələrdə uzun illər aparılmış olan
arxeoloji qazıntıların nəticələrinə əsaslanır. Fikrimizcə, bu yerdə
AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun Q.Cəbiyevin
"Girdiman tarixi" əsərinə yazmış olduğu
ön sözdən bir parçanı oxucuların diqqətinə
çatdırmaq lap yerinə düşər: "Qafar Cəbiyev
tərəfindən təqdim olunan Girdiman tarixi real tarixdir,
olmuş tarixdir, bizim tariximizdir. Bu, təkcə
müəllifin deyil, ümumiyyətlə tarix elmimizin də
böyük uğurudur. Onun Girdimanın
IV-IX əsrlər tarixinə həsr olunmuş tədqiqatı
elmimizdə yenilikdir, tarixi saxtalaşdıranlara, xüsusilə
də, erməni saxtakarlarına tutarlı cavabdır, tarixi həqiqəti
müdafiə edən araşdırmadır". Deyilənlərə onu da əlavə edək ki,
Qafar müəllim Girdiman tarixinə aid
araşdırmalarını bu gün də çox
böyük uğurla davam etdirməkdədir.
İnanıram
ki, onun bu günlərdə tamamlayaraq "Elm" nəşriyyatına
təqdim etdiyi iri həcmli "Girdiman: tarixi və tarixi
coğrafiyası" adlı yeni monoqrafiyası da Azərbaycan
tarix elminə sanballı töhfə kimi dəyərləndiriləcəkdir.
Alimin Albaniya tarixinin öyrənilməsində
mühüm uğurlarından biri də, alban tarixçisi M.
Kalankatuklunun "Albaniya tarixi" əsərində adı
çəkilən, lakin bu günədək yeri bəlli
olmayan Mehrəvan şəhərinin ünvanının müəyyən
edilməsi olmuşdur. Əslində Q. Cəbiyevin bu kəşfi
mahiyyət etibarilə yazılı mənbələrdəki
məlumatların arxeoloji qazıntılarla sübuta yetirilməsi,
bununla da mühüm bir elmi problemin həll edilməsi deməkdir.
Ədalət naminə qeyd etmək lazımdır ki, belə
bir uğura imza atmaq heç də hər tədqiqatçının
yerinə yetirə biləcəyi iş deyil.
Elm aləminə yaxşı məlum olduğu kimi, son
orta əsrlər dövrü əsasən yazılı mənbələr
əsasında öyrənilir. Hər halda, elmdə
uzun müddət belə bir fikir hakim olmuşdur. Əlbəttə, Azərbaycanın bu dövrə
aid tarixinə dair Şərq və Avropa dillərində
çoxsaylı mənbələr mövcuddur və onlar tədqiqatçılar
tərəfindən hərtərəfli
araşdırılmışdır. Bu səbəbdən
də uzun illər ərzində son orta əsrlərə aid
arxeoloji abidələr məhdud informasiyalı hesab edilib və
onlarda demək olar ki, qazıntı işləri
aparılmayıb. Lakin Q. Cəbiyevin apardığı
tədqiqatlar nəticəsində bu müddəanın da
düzgün olmadığı tutarlı elmi dəlillərlə
sübuta yetirilmişdir. Bu baxımdan onun,
hələ 1985-ci ildə Ukrayna Arxeologiya İnstitutunun Elmi
Şurasında müvəffəqiyyətlə müdafiə
etdiyi namizədlik dissertasiyası və Ağsu şəhər
yerində apardığı arxeoloji araşdırmalar
böyük elmi əhəmiyyət kəsb edir.
Məlumat üçün bildirək ki, Q. Cəbiyevin rəhbərliyi
ilə Ağsu rayon ərazisində 2010-2013-cü illərdə
çox iri miqyaslı arxeoloji qazıntı işləri
aparılıb. Ümumiyyətlə, arxeoloji qazıntıların
elmi informativliyinin həcmi ən qədim dövrlərdən
son orta əsrlərə doğru qazıntı sahələrinin
genişliyindən asılıdır. Məsələn,
1 hektar ərazisi olan neolit dövrü yaşayış yerində
zəruri elmi informasiya əldə etmək üçün ən
azı 100 kvadratmetr sahədə qazıntıya ehtiyac varsa,
orta əsr şəhər yerlərində bu rəqəm ən
azı on dəfə artıq olmalıdır. Bu baxımdan Q.Cəbiyevin
Nadir şah tərəfindən 1735-ci ildə əsası
qoyulmuş orta əsr Ağsu şəhər yerində
apardığı qazıntılar əsl nümunə ola bilər. Abidədə
qazıntı işləri 15000 kvadratmetr sahəni əhatə
edir. Aşkara
çıxarılmış bütün maddi mədəniyyət
qalıqları tədqiqatdan sonra tam şəkildə,
özü də müasir beynəlxalq standartlar səviyyəsində
konservasiya edilmişdir ki, bu da arxeoloji qazıntıların məntiqi
nəticəsidir. Məhz həmin
konservasiya işləri nəticəsində abidə bu gün
həm də aktiv turizm obyektinə çevrilmişdir. Ağsuda aşkar edilmiş pul dəfinələri,
o cümlədən, qızıl Holland dukatlarından ibarət
dəfinə isə XVIII əsrdə Azərbaycanın Avropa
ölkələri ilə beynəlxalq əlaqələri barədə
yazılı mənbə məlumatlarını maddi faktlarla
daha da zənginləşdirmişdir. Bir sözlə, bu abidədə Q.Cəbiyevin
rəhbərliyi ilə aparılan kompleks arxeoloji tədqiqatlar
Azərbaycanın yazılı qaynaqlarla
araşdırılmamış son orta əsrlər
dövrü tarixinin bir sıra qaranlıq səhifələrinə
işıq salmışdır. Ümumiyyətlə,
Azərbaycanın bu dövr tarixinin arxeoloji qazıntılarla
öyrənilməsi elmi istiqaməti Q. Cəbiyevin adı ilə
bağlıdır.
Arxeoloji abidələrin, bu abidələrdə
aparılan tədqiqatların geniş ictimaiyyət, xüsusilə
də gənclər arasında təbliği müasir
dövrdə hər bir mütəxəssisin
qarşısında duran mühüm vəzifələrdən
biridir. Belə təbliğat işləri ilk növbədə
gənclərdə vətənpərvərlik ruhunu yüksəldir,
eyni zamanda abidələrin qorunması işinə xidmət
edir.
Azərbaycanda minlərlə arxeoloji, tarixi abidələr
vardır və onların hər birinin yanında mühafizəçi
qoymaq mümkün deyil. Təcrübə göstərir ki, abidələrin
qorunmasının ən effektli üsulu məhz təbliğat,
maarifləndirmə işləridir. Q.Cəbiyevin
bu istiqamətdəki fəaliyyətini xüsusi qeyd etmək
lazımdır. Respublikamızın
müxtəlif bölgələrində, xüsusilə də
Şirvan, Şəki-Zaqatala bölgələrində qədim
yaşayış məskənlərinin, qəbir abidələrinin,
dəfinələrin tam dağılmaqdan xilas olunmasında, o
cümlədən, həmin abidələrin tədqiqatlara cəlb
olunmasında Q. Cəbiyevin böyük xidmətləri
vardır. Q. Cəbiyev Azərbaycan elmini, qədim
tariximizi, arxeoloji abidələrimizi dünyanın müxtəlif
ölkələrində keçirilən beynəlxalq elmi
konfrans və simpoziumlarda yüksək səviyyədə təmsil
edir. Son illər Çin, Türkiyə,
İspaniya və İtaliyanın müxtəlif şəhərlərində
keçirilən konfrans və simpoziumlarda Azərbaycan tarixinin
aktual problemlərinə dair sanballı məruzələrlə
çıxış etmişdir. İçərisində
olduğumuz sentyabr ayı ərzində o, Avropa
arxeoloqlarının Şotlandiyanın Qlazqo şəhərində
keçirilən XXI illik toplantısında və
İtaliyanın Verona şəhərində keçirilən
"Ümumdünya türk mədəniyyəti, sənəti
və mədəni irsin mühafizəsi" simpoziumunda
Ağsuda aparılan arxeoloji tədqiqatların nəticələrinə
dair məruzələrlə çıxış etmişdir.
Hörmətli
həmkarımız, istedadlı alim, bacarıqlı təşkilatçı
Qafar Cəbiyevi 65 yaşının tamam olması münasibətilə
təbrik edir, ona möhkəm can sağlığı, elmi fəaliyyətində
yeni-yeni nailiyyətlər arzulayırıq.
Teymur BÜNYADOV
AMEA-nın həqiqi
üzvü,tarix elmləri doktoru, professor
Nəcəf
MÜSEYİBLİ
AMEA Arxeologiya və
Etnoqrafiya İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2015.- 6 oktyabr.- S.4.