MÖHTAC
İstidən qovrulan,
kül kimi
göyə sovrulan
bu torpaq
möhtacdır
bir içim suya.
Möhtacdır bəndələrə,
möhtacdır yerə-göyə.
Mən sənə-
sənin böyüklüyünə,
ürəyindən keçənlərə,
bütün dediklərinə
insanlara söylədiklərinə
möhtac olan kimi.
GÖZ
YAŞI
Bu qəfil gurultudan
Diksinər buludlar,
səksənər insanlar.
Mənimçün,
bəlkə də sənünçün
dünyanın
son yağışı yağar.
Küçələrdən.
gecələrdən
sular axar.
Bu nə yaz,
nə payız yağışıdır.
Bu bizləri bir-birindən
ayrı salmaq üçün
ürək çırpıntısı,
göz yaşıdır...
AN
Can verir gecə
sübhün
şəfəqləri altında.
Heç
görmüsənmi
bu anı həyatında?
Yaşamısanmı
doğru söylə,
bu qısa zamanı.
Bu bir tablodur,
keçilməz yoldur
ölümlə
həyat arasında.
Yəqin
ki, bu an
bizim üçün
də
gələcək bir gün
öz sırasında.
XATİRƏ
Bu gecə
hamıdan-
elə səndən də
gizlicə
bir şeir yazmağım gəlir.
Sonra da telefonda
səsinə qulaq asmağım gəlir.
Vaxt gələr
oxuyarsan bu sətirləri,
yadına salarsan,
sevinc, kədər qoxuyan
bu xatirələri.
Onda
qədrimi bilərsən.
İşdir kövrəlib ağlasan
əlinin dalıyla
gözlərini silərsən.
ZAMAN
Zaman
su deyil içəsən.
Köpüklənə-köpüklənə axan
dağ çayının
o üzünü
bu üzü ilə qovuşduran
körpü deyil,
keçəsən.
Zaman
tarixin ölçüsüdür.
Zaman
köçdür.
izdir, səsdir.
Tükənməyən nəfəsdir.
nə əvvəli,
nə də sonu bəllidir.
Bəlkə,
yaşımızın üzərinə
yaş gətirən
aydır,
ildir,
təsəllidir.
İnanın bu həqiqətə,
hər şey
bizə qaranlıq,
ona isə bəllidir.
BƏRƏKƏT
Bitdi yayın
yandırıcı istisi.
Addım-addım
yaxınlaşır bizə
payızın
dumanqarışıq tüstüsü.
Ge
cələr
uzandıqca uzanır.
Körpələrin, uşaqların
süd qoxulu
yuxusu gəlir.
Təbiət sakitləşir,
dincəlir.
İnsanlara
varaqları qaraltmaq,
torpağa toxum əkmək həvəsi,
təbiətə isə
bərəkət vədəsi
gəlir.
MƏNİM
KƏPƏNƏYİM
Qapıdan
içəri girəndə,
uzun ayrılıqdan
sonra
səni görəndə,
nədənsə,
özünü itirdin.
Mənə rahatlıq gətirən,
ruhumu dincəldən,
ağrılarımı azaldan,
elə bil o dadlı
səsini itirdin,
bəlkə də susdun,
ürəyinə qulaq asdın.
Sən
bildiyimdən daha çox
layiq imişsən deyilənlərə.
Bu anlarda
Çiçəyə ilk dəfə qonan
ürkək,
rəngbərəng kəpənəyi
xatırlatdın mənə.
Gözəl kəpənəyim,
bu gündən sənindir
hələ ki,
heç kimin olmayan
qayğıya möhtac
sevinclə, ağrıyla
dopdolu ürəyim!..
AZADLIQ
Bu gün
küçədə gördüm
səni,
uzaqdan, çox uzaqdan.
Qələbəlikdi.
Sən isə təkdin,
üz-üzə gəlməməkçün,
səni görməməkçün
geriyə döndüm,
metroya endim.
Çünki sən mənə,
mən sənə
uzun illərdir yadıq.
Rahat, azadıq.
TƏZƏLƏNƏN
DÜNYA
Gecə
vaxtında gəlir-
metro qatarı kimi.
Gəldiyi tək də gedir
ömrün baharı kimi.
Dünyanınsa əbədi
çölləri, düzü qalır,
dağları, okeanları,
gölü, dənizi qalır.
Kim bilir kainatda
onun
nə qədər izi qalır.
Biz bir yolluq gedirik,
amma dünya boş qalmır.
Gedənlərin yerinə
hər vaxt təzəsi gəlir.
İSTİ VƏ DƏNİZ
Günortanın
bu istisində
dəniz məni qucaqlayıb,
mən də dənizi.
Təkcə
sən yoxsan,
gen açaraq qollarını,
qucaqlayasan
hər ikimizi.
Ələddin
ƏZİMLİ
525-ci qəzet.- 2015.- 7 oktyabr.- S.8.