Azar dağarcığı

 

Hekayə

 

Əhmədəli orta yaşlı, arıq bədənli, qarayanız, gözləri batıq bir kişidir. Əslində, özü pis adam deyil. Necə deyərlər, bir adamaxeyri dəyər, nə zərəri. Ancaq hərə bir şeyə adət etdiyi kimi, Əhmədəli də xəstəlikdən danışmağa adətkərdədir. Hansı məclisə düşürsə, fikri-zikri ancaq xəstəlikdən söz salmaqdır. Yanında oturduğu adam istər tanış olsun, istər yad, Əhmədəlinin ona ilk sualı bu olur:

 

- Səhhətiniz necədir?

 

- Çox sağ olun, pis deyil.

 

- Bir yeriniz ağrımır ki?

 

Əgər həmsöhbəti desə ki, bir yerim ağrıyır, daha qurtardı.

 

- Ondan məndə də var, - deyə dərhal Əhmədəli həmin xəstəlikdən danışacaq. Bu xəstəliyin dərmanı nələrdir, ondan daha hansı xəstəliklər əmələ gəlir, ondan kimlər ölüb, bizdə həmin xəstəliyi müalicə edən ən yaxşı həkimlər kimlərdir və sair və ilaxır.

 

Yas məclisində bir qayda olaraq ilk dəfə mərhumun ailəsinə başsağlığı verərlər. Əhmədəli isə məclisə daxil olduqda ilk sualı bu olur:

 

- Yazıq hansı xəstəlikdən rəhmətə gedib?

 

Ətrafdakılardan xəstəliyin adını eşidən kimi tez:

 

- Məndə də var, - deyərək yenə həmin xəstəlik haqqında uzun-uzadı mühazirə oxuyur.

 

Xülasə, getdiyi elə bir yer olmur ki, Əhmədəli xəstəlikdən söz salıb, bütün adı çəkilən azarları özünə çıxmasın.

 

Bir dəfə yoldaşlarından birisi özünü saxlaya bilməyib ona dedi:

 

- Pah atonnan, ay Əhmədəli! Əşi, sən lap etdin ki! Rəhmətliyin oğlu, bu qədər də acgözlük olar? Dünyada azar qoymadın, hamısını yığıb dürtdün balaca bədəninə.

 

O yandan birisi dilləndi:

 

- Daha demə, kişi lap azar dağarcığıdır!

 

Başqa birisi əlavə etdi:

 

- Yox əşi, azar dağarcığı nədir, azar dükanı deyin!

 

Üçüncüsü dedi:

 

- Eh... Sən də tapdın, ha. Dükan nədir ki, Əhmədəlinin o qədər azarı ora sığışsın? Onun bədəni əsl azar univermağıdır. Bəli, bəli, azar univermağı, özülap zırpısından! Əhmədəlinin dediyinə görə, dünyada can dərmanı nə xəstəlik istəsən, orada tapılar. Bəh, bəh, əhsən belə bədənə ki, o qədər xəstəliklərə yer tapıb özündə yerləşdirib, vallah, zor bədəndir!

 

Hamı gülüşdü. Əhmədəli isə təmkinini qətiyyən pozmadı:

 

- Nəyə gülürsünüz? - dedi. - Kişi düz deyir də. Mən zor adamam ki, bu qədər xəstəliklərə tab gətirirəm. Mənim yerimə hansınız olsaydı, çoxdan o dünyaya getmişdi.

 

Bir gün yoldaşlar məsləhətləşib qərara gəldilər ki, bir hiylə quraraq Əhmədəliyə bu azarı tərgitsinlər.

 

Bir məclisdə aramızda baməzəliyi ilə fərqlənən Məmmədəli ağız-burnunu yaylıqla bərk-bərk bağlayaraq, başını əlləri arasına alıb küncə qısıldı. Əhmədəli məclisə daxil olan kimi, hətta salam vermədən, tez soruşdu:

 

- Əyə, Məmmədəli, sənə nə olub? Olmasın azar?

 

Məmmədəli zarıdı:

 

- Demə, demə, qardaş. Vallah, lap ölürəm.

 

- Bir yerinmi ağrıyır?

 

- Əşi, ağrıyır da sözdür! Lap atamı yandırır! Əhmədəli, başın üçün, deyəsən, ölürəm! Oy, oy...

 

Xəstəlikdən danışmaq üçün əlinə elə gözəl fürsət düşmüş Əhmədəlinin dodaqları qımışdı. Lakin özünü elə göstərdi ki, guya Məmmədəlinin xəstəliyi onu çox məyus etdi. Xüsusi bir qayğıkeşliklə:

 

- Başa düşürəm, başa düşürəm, qardaş, ağrı pis şeydir, - dedi. - Bir de görüm necə ağrıyır?

 

- Sən öləsən, Əhmədəli ölürəm... Bu zəhrimar ağrılar məni hardan tapdı?.. Oy, oy...

 

- Əşi bir de görüm axı haran ağrıyır?

 

- Daha haram ağrıyacaq? Dilim-dişim hamısı qarışıb bir-birinə. Ağrıdan elə bil dilim sümüyə, dişim ətə dönüb. Ölürəm, oy, oy...

 

Hamımız gülməkdən güclə özümüzü saxlayaraq bir-birinin üzünə baxdıq. Sonra da bütün nəzərlər Əhmədəlinin üzünə dikildi. Hamı nəfəsini dərmədən onun cavab verəcəyini gözləyirdi. Əhmədəli adəti üzrə təmkinini pozmadan, başını ahəstə yırğalayaraq sözə başladı:

 

- ... Mən deyəndə ki, diş ağrısından, dil ağrısından ölürəm, deyirdin dil ağrıyar? İndi gördün ki, ağrıyar! Ağrı adamın dişini ətə, dilini sümüyə döndərib atasını dalına şələləyir. , indi mənim dərdimi başa düşərsən. Hələ çəkdirdiyim dişlərin ağrısını demirəm ki, tüstümü təpəmdən çıxarıb, sağkən gedib o dünyanı görüb gəlmişəm.

 

Əhmədəli sözünü qurtarmamış, məclisdən bir şaqqanaq çıxdı ki, elə bil göy qopdu.

 

Özünü itirmiş Əhmədəli gah bu, gah başqa adamdan yapışdı:

 

- Əşi, oldu? Nəyə gülürsünüz? Bir deyin, mən gülüm !

 

Heç kimdən cavab ala bilməyən Əhmədəli lap özündən çıxdı:

 

Deyəsən, bunların hamısı birdən dəli olub. Başa düşmürəm ki, öz dostlarının xəstəliyinə niyə gülürlər?!

 

Handan-hana yoldaşlarımızdan biri gülə-gülə dedi:

 

- Ay yurdu gorun oğlu, görmürsən hamı sənə gülür? Bəs sən kimə gülmək istəyirsən? Əşi, dil sümükdən, diş ətdən olarmı? Əvvəl fikirləş, sonra cavab ver... Görmürsən səni ələ salırlar?

 

- Necə? Mənə gülürsünüz? Məni qanmaz sayırsınız? Eybi yoxdur, Məmmədəli, mənə azar Əhmədəli deyərlər. Bu hayıfı sizdə qoymaram!

 

Əhmədəli küsərək məclisdən getdi. Biz sevindik ki, kələyimiz baş tutdu. Amma... Elə bilirsiniz ki, o, öz azarını tərgitdi? Əsla yox! Atalar yaxşı deyib ki, qozbeli qəbir düzəldər!

 

Ataxan PAŞAYEV

525-ci qəzet.- 2015.- 7 oktyabr.- S.7.