Məlum və Naməlum Üzeyir Hacıbəyov

 

 

(63 illik ömrünün 60 ilini Üzeyir bəy Hacıbəyli Çar Rusiyası və Sovet Azərbaycanında Hacıbəyov soyadı ilə yaşayıb və yaradıb. Məqalə sənədlər əsasında yazıldığı üçün müəllif, Hacıbəyov soyadını saxlayıb)  

 

(Əvvəli ötən sayımızda)

 

"Azərbaycan" qəzetinin redaktoru olduğu müddətdə musiqi fəaliyyəti ilə çox az məşğul olan Üzeyir bəy bununla belə Cümhuriyyət dövrü özünün ən möhtəşəm əsərlərindən birini - Azərbaycan Dövlət himnini bəstələyir və özünün ən poetik yazısını Azərbaycanın üçrəngli bayrağına həsr edərək onu "Bayrağımız sarsılmaz" başlığı ilə qəzetdə dərc edir: "Müqəddəs bayrağımızın münəvvər rəngləri günəşin ziya və şəfəqləri kimi təcəlli edir. Zülmət dostu olan sağ və sol düşmənlərimiz xain gözləri bu nurlardan qamaşır.

 

Münəvvər bayrağımızın üçrəngli parçasını övci- səmayə qaldıran ağacı iti bir ox olub alçaq düşmənlərimizin qara qəlblərini deşməkdədir.

 

Müzəffər bayrağımızı möhkəm tutmuş olan müqəddəs əllərin getdikcə artmaqla olan qüdrət və qüvvəti zalim düşmənlərimizin namərd belini sındırmaq və alçaq başlarını əydirmək üzrədir...

 

O ağac sınmaz, o nur sönməz, o əl dönməz! Çünki bayrağımız, həqq bayrağıdır. O bir millətin hüquqi-bəşəriyyəsinin harisidir. Bir millət ki, onun da insan kimi yaşamağa haqqı vardıq! Bir millət ki, daha əsir olmaq istəmir!...

 

Zülm və əsarətin yoğun zəncirlərini qırıq-qırıq etməyə qadir olmuş bir millətin haqq və hürriyyət bayrağı enməz, sarsılmaz!

 

Göründüyü kimi, Azərbaycan bayrağının yalnız dövlət simvolu olmayıb, bir millətin azad yaşamaq haqqını təcəssüm etdirdiyini vurğulayan Üzeyir bəy eyni zamanda bu bayrağın təcəssüm etdiyi Azərbaycan İstiqlalının düşmənləri məsələsini də daim diqqətdə saxlayır. Bu mövzuya həsr etdiyi yazılarının bir çoxunda daxili "gizli" düşmənlərdən fərqli olaraq Azərbaycan istiqlalının "açıq" düşmənlərini Üzeyir bəy adları ilə göstərirdi. Bunlar ilk növbədə "Vahid və bölünməz Rusiya" tərəfdarları olan Milli Rus Komitəsinin rəhbərləri və fəalları, "daşnakdan dönmə" nasional-bolşeviklər Mirzəyan və Mikoyan, "qırmızı Qarayev" (Əliheydər Qarayev) və digərləri idi. Maraqlıdır ki, azərbaycanlı bolşeviklərə də etimad göstərməyin qeyri mümkünlüyünü dəfələrlə vurğulayan Üzeyir bəy bu cərgədə N.Nərimanovun da adını çəkir, onu Bakıda açıq şəkildə rus ağqvardiyaçı qoşunların təşkili ilə məşğul olan və yalnız "Azərbaycan" qəzetinin, o cümlədən, onun redaktorunun, inadlı yazıları və tələbləri sayəsində ölkədən çıxarılan gen. Podşibakin ilə müqayisə edir: "Denikinçi Podşibakin "Vahid Rusiya Bakısız yaşayamaz" dediyi kimi, bolşevik Nərimanov dəxi "Sovetski Rusiya Bakısız yaşayamaz" deyir".

 

Azərbaycan Parlamentinin iclaslarını daim geniş işıqlandıran "Azərbaycan" qəzetində Üzeyir bəy ayrı-ayrı fraksiyaların ən mühüm məsələlərin müzakirələrində, xüsusilə hökumətə münasibətdə tutduğu mövqeyə xüsusi diqqət yetirir. Məs., "sol" (sosialist) fraksiyanın əsas şüarı olan "inqilabçılıq" məntiqini müəllif "dörd bir tərəfə dönən və heç bir tərəfdə səbat etməyən rəngsiz, məcazsız, təbiətsiz bir şey" kimi səciyyələndirir, "sol tərəf müxaliflərinin" hökumətin təşkilində iştirak etdiklərini, lakin az sonra ona sorğular verib etimadsızlıq göstərdiyini bildirir. Həmçinin, "sağ" tərəfin hökumət platformasının əsaslarına tərəfdar olduğu, sonra bu əsasları öz əlilə pozmağa çalışdığı vurğulanır, bu cinahın "fərqləndirici əlaməti nə hökumətdir, nə də hökumətsizlik, ancaq durğun suyu bulandırmaqdır" - deyə nəticə çıxarılır.Parlaman kürsüsündə bəzi deputatların hökumətin fəaliyyətinə dair müxalif çıxışlarını "heç bir əsas, heç bir fikir yox! Ancaq şəxsi tərzlər və şəxsi rəqabətlər var" - kimi izah edən Ü.Hacıbəyov Azərbaycan hökumətinin mütəmadi olaraq böhran keçirməsi, istefa vermək məcburiyyətində qalmasının əsas səbəbi kimi ilk növbədə məhz Azərbaycan Parlamentinin "məmləkətin halından heç bir şey anlamadığı halda sağ və sol müxaliflərinin" əsassız hücum və tənqidlərini göstərirdi.

 

Bu tənqidlərə rəğmən Ü.Hacıbəyov Azərbaycan hökumətinin fəaliyyətini ümumiyyətlə müdafiə edir, xüsusilə bir neçə kabinədə hökumət başçıları olmuş Fətəli Xan Xoyskinin və Nəsib bəy Yusifbəylinin zəhmət və fədakarlığını çox yüksək qiymətləndirirdi. Azərbaycan tarixində artıq "mühüm mövqe" tutmuş olan F.X.Xoyskinin ən ağır şəraitlərdə hökumətin təşkilini öz boynuna götürməsini və sonrakı fəaliyyətini "ayrı-ayrı parçalardan əmələ gəlmiş" bir gəmini "fırtınalı gündə qorxulu dağların, daşlarının arasından kəmali-ehtiyat və ehtiram ilə fırtına sakit olana qədər salamat keçirmək" ilə müqayisə edir, ingilis generalı Tomsonun "Azərbaycanda ancaq Azərbaycan hökuməti tanınacaqdır" kimi fövqəladə əhəmiyyətli qərarının birbaşa F.X.Xoyskinin "səyi, çalışması və aqilanə siyasəti" nəticəsində verildiyini vurğulayırdı. Bunun müqabilində Xoyski hökumətini daima "bacarıqsızlıqda" ittiham edən bəzi Parlament fraksiyalarını, xüsusilə "İttihad"çıları, yersiz və haqsız iradları ilə baş naziri tam əsəbi vəziyyətə salıb öz xahişi ilə istefa vermək həddinə çatdırdıqları üçün kəskin tənqid edir, "istiqlaliyyətimizin hələ rəsmən tamam olmadığı" bir zamanda hökumətin bacarığını, Xoyskinin özü demişkən, "Tağıyev fabrikasının 5 arşını ilə ölçməyin" zərərli olduğunu göstərirdi: "...vaqedə bez oğruyanlar, rüşvətxorlar və s. cinayət sahibləri varsa və şikayət bunun üstündə isə o halda o cürə xainləri hökumət əliylə tutdurub məhkəməyə vermək lazımdır, daha hökuməti itələyib yıxmağın mənası nədir?!"

 

Eynilə, Nəsib bəy Yusifbəyli hökumətinin Parlamentdə "sağdan" və "soldan" aramsız tənqid edilməsi qarşısında Üzeyir bəy hökumətin gördüyü mühüm işləri sadalayır: "Dağ böyüklüyündə iri olan Qarabağ məsələsini" Azərbaycanın xeyrinə həll edən, "Lənkəranı qan tökmədən, qurban vermədən yabançılar çənqalından qurtaran", "Ümumqafqaz" - Dağıstan müsəlmanlarına hərtərəfli yardım edən, mütəşəkkil Ordu yaradan, ölkəni rüşvətxor məmurlardan təmizləməkdə olan, Universitet açan, "kasıb-küsublara 3-4 manata çörək yedirdən", asayiş, əmin-amanlıq və rahatlığı bərpa edən, nəhayət "qəlbində vətən və millət məhəbbəti olub da səmim qəlb ilə çalışan, vuruşan, istirahət nə olduğunu bilməyən hökuməti və onun rəisini işsizlikdə, bacarıqsızlıqda ittiham etməyi" Üzeyir bəy ya "əql və insafdan xali olmaq", ya da artıq başqa bir məqsəd güdməklə izah edir.

 

Parlamentdə yalnız "Musavat" partiyasının hökuməti ardıcıl olaraq müdafiə etdiyini, bu fraksiyanın lideri M.Ə.Rəsulzadənin şəxsən "şücaətanə" bir bacarıq və əsaslı dəlillərlə hökumət "müxaliflərini" susdurduğunu və dəfələrlə növbəti hökumət böhranının qarşısını aldığını Üzeyir bəy öz məqalələrində dönə-dönə vurğulayırdı. Görünür ki, bu yazılarına görə sosialistlərin "Zarya" qəzeti "Azərbaycan" qəzetini istehza və kinayə ilə "Musavat" partiyasına mənsub "firqəvi qəzetə" adlandırır. Bu çıxışa dərhal cavab verən Üzeyir bəy nəzərə çatdırır ki, "Azərbaycan" partiya qəzeti deyil və məsləki "Vətən istiqlalı yolunda çalışmaqdan ibarət" olmaqla "xüsusi firqəvi proqram daxilində məhdudlaşmır". Lakin elə bu cavabında da Üzeyir bəy "heç də gizlətmir ki, mövcud partiyalarımız arasında Azərbaycan istiqlalını kəmalınca, beduni-haşiyə arzu etmək və bu yol uzunu gedərkən sağa və sola dönmək tərəddüdündən azad olub rast bir istiqamət üzrə getmək qəsdini yalnız bir "Musavat" firqəsində müşahidə etdiyimizdən bu firqəni istiqlal xadimlərindən ən sadiqi hesab edib, onun fikr və arzularına qəzetimizdə kəmali-məmnuniyyətlə yer verməyi özümüzə borc bilirik!"

 

Beləliklə, Azərbaycan istiqlalı məsələsi "Azərbaycan" qəzetinin və onun redaktorunun ətrafdakı bütün hadisələrə, partiyalara, siyasətçilərə münasibətdə əsas meyar olaraq qalır. Bu baxımdan Ü.Hacıbəyov düşmənlərin Azərbaycan istiqlalına digər yollarla zərbə vurmaq planlarını da açıqlayır,"dünən daşnak cərgəsində olub, bu gün bolşevik maskası" geyən, "utanmadan, kələklər qurub" hətta Azərbaycan sosialistlərini də fəhlələr qarşısında nüfuzdan salan Mikoyanın, "vətən, millət tanımayan", "parlaman minbərini mitinq kürsüsünə döndərib bolşevikyanə çıxışlar edən" Əliheydər Qarayevin Azərbaycan "füqəreyi-kasibəsini" Azərbaycan hökumətindən ayrı salmaq cəhdlərini, bu qüvvələrin təşkil etdikləri fəhlə tətillərinin, xüsusilə 1919-cu il may ayında hazırlanmış geniş miqyaslı iqtisadi tətilin arxasında məhz ölkədə xaos yaratmaq və çevriliş etmək niyyətlərinin durduğunu sübut edirdi.

 

"Ciddi imtahanla üzləşmiş" Azərbaycan hökumətinin müsəlman fəhlələri ilə birlikdə bu təhlükənin də qarşısını ala bildiyini böyük sevinclə qeyd edən Ü.Hacıbəyov düşmənlərinin qərəzlə "xan-bəy hökuməti" adlandırdığı hakimiyyətə zəhmətkeş təbəqələrin etimadının səbəblərini açıqlayırdı: "Azərbaycan füqərayi-kasibəsi, ümum-Azərbaycan əhli öz hökumətinin səyi və təlaşı altında indi-indi ağ gün üzü görməyə qədəm qoymuşdur. İndi-indi öz varlığını, öz insanlığını dərk etməyə başlamışdır. İndi-indi öz vətənini vətən, öz millətini millət hesab edib, azad və asudə yaşamağa imkan bulmuşdur".

 

Lakin Azərbaycan istiqlalının təminatçısı olan Azərbaycan hökuməti yalnız mövcud hakimiyyəti yıxıb, "sosializm evi" qurmaq arzusunu gizlətməyən bu arxalı qüvvələrin hücumuna məruz qalmırdı. Parlamentdə təmsil olunan digər partiya və fraksiyaların, "İttihad", "Əhrar" və d. , artıq adi hal alan hökumətə qərəzli, tənqidi münasibətinin arxasında çox vaxt şəxsi hakimiyyət arzusu dururdu. Bütün bu amillərin nə qədər təhlükəli olduğunu yaxşı başa düşən Ü.Hacıbəyov həmin qüvvələrə ən ciddi şəkildə xəbərdarlıq edirdi: "Parlaman üzvləri hökumət böhranlarına saymazyana bir nəzərlə baxmağı zənnimizcə tərk etməlidir. Bir şey ki, yerindən oynamağa adətkərdə ola, axırda "laxlaq" olar. Dəqiqə başına bir böhran törətməklə axırda öylə fəna nəticələrə yetişərik ki, məmləkət və əhali böyük zərər və ziyanlara düçar olar..."

 

(Ardı var)

Solmaz Rüstəmova-Tohidi

tarix elmləri doktoru, prof.

525-ci qəzet.- 2015.- 7 oktyabr.- S.6.