"Ortaq
türk ədəbiyyatı"
dərsliyinin konsepsiyası
müzakirə olunub
Qazaxıstanın paytaxtı Astana şəhərində
Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı
ilə Türk dünyası Ədəbiyyat
institutları direktorlarının
iclası keçirilib.
Tədbiri Beynəlxalq Türk
Akademiyasının prezidenti,
professor Darxan Kıdırəli
açıb və Türk Dövlət Başçılarının Sammitinin
qərarına əsasən
"Ortaq türk ədəbiyyatı" dərsliyinin
hazırlanmasının qarşıya
qoyulduğu nəzərə
çatdırılıb. O, 2014-2015-ci illərdə "Ortaq türk tarixi" dərsliyinin hazırlanması
və geniş müzakirələrdən sonra
artıq çapa təqdim edildiyini bildirib. Qeyd olunub ki, Türk
dünyası Ədəbiyyat
institutları direktorları
rəhbərlik etdikləri
institutların alimləri
ilə birlikdə
2015-2016-cı illərdə "Ortaq türk ədəbiyyatı"nın
proqramını və
dərsliyini hazırlayaraq
çap üçün
təqdim etməlidirlər.
Türk dünyası Ədəbiyyat
institutları direktorlarının
iclasında hazırlanması
nəzərdə tutulan
"Ortaq türk ədəbiyyatı" dərs
kitabının əhatə
dairəsi və strukturu ilə bağlı məsələlər
müzakirə obyektinə
çevrilib.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli iclasda "Türk xalqları ədəbiyyatının dövrləşdirilməsi konsepsiyası" mövzusunda məruzə ilə çıxış edib. Məruzə ətrafında çıxış edən Qırğızıstan Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər üzrə vitse-prezidenti, akademik Abdildacan Akmatalıyev, Türkiyə Dil Qurumunun başqanı, professor Mustafa Kaçalin, Lev Qumilyov adına Qazaxıstan Dövlət Avroasiya Universiteti Ədəbiyyat kafedrasının müdiri, akademik Seit Kaskabasov, Tatarıstan Elmlər Akademiyası Dil, Ədəbiyyat və Sənət İnstitutunun direktoru, professor Kim Minullin və Qazaxıstan Elm və Təhsil Nazirliyinin Ədəbiyyat İnstitutunun direktoru, professor Ualixan Kalicanov türk xalqları ədəbiyyatı tarixinin təqdim olunan dövrləşdirilməsi konsepsiyasına dair fikir və mülahizələrini bildirərək məruzəçiyə suallar veriblər. Geniş müzakirələrdən sonra "Ortaq türk ədəbiyyatı" dərsliyi üçün ilkin layihədə təqdim olunan dövrləşmələrin təxmini bölgüsü əvəzinə akademik İsa Həbibbəylinin təklif etdiyi türk xalqlarının min ildən çox dövrü əhatə edən ədəbiyyat tarixinin inkişaf yolunu əks etdirən 6 mərhələ üzrə dövrləşdirilməsi haqqındakı prinsiplər məqbul hesab edilib.
Bundan başqa, Türk dünyası Ədəbiyyat institutları direktorlarının iclasında Beynəlxalq Türk Akademiyasının nəşrini nəzərdə tutduğu "Ortaq Atalar Mirası" adlı 100 cildlik nəşrin ilk 10 cildinin müzakirəsi keçirilib. Müzakirələr nəticəsində birinci on cildə daxil olan türk dillərində yazılmış ortaq əsərlər müəyyən olunub və həmin əsərlərin çapa hazırlanması haqqında qərarlar qəbul edilib. Mahmud Kaşğarinin "Divani-lüğət-it Türk", Yusif Balasaqunlunun "Kudatku-bilik" və Orxon-Yenisey kitabələrinin Türkiyə Dil və Kültür Qurumları, Əlişir Nəvainin əsərlərinin Özbəkistan Elmlər Akademiyası, "Manas" dastanının Qırğızıstan Elmlər Akademiyası, Xoca Əhməd Yəsəvinin "Divani-hikmət" əsərinin Qazaxıstan Elmlər Akademiyasının Muxtar Auezov adına Ədəbiyyat İnstitutu tərəfindən çapa hazırlanması tövsiyə edilib.
Azərbaycan Milli Elmlər Akademiyası "Ortaq Atalar Mirası" layihəsinə daxil edilmiş "Kitabi-Dədə Qorqud" dastanlarının Drezden və Vatikan nüsxələrinin çapını, "Koroğlu" dastanının və Məhəmməd Füzuli bircildliyinin nəşrə hazırlanmasını öz üzərinə götürmüşdür.
Sonda Türkdilli respublikaların Ədəbiyyat institutları arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanması mərasimi keçirilib. Memorandumu Azərbaycan tərəfdən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli imzalayıb.
Türk dünyası Ədəbiyyat institutları direktorlarının növbəti toplantısının 2016-cı ilin yazında Kazan şəhərində keçirilməsi qərara alınıb.
525-ci qəzet.- 2015.- 7 oktyabr.- S.7