Timuçin Əfəndiyev:"Prezidentin Fəxri Diplomu" mənim üçün çox doğma və əziz mükafatdır"

 

 

Müasir Azərbaycan ədəbiyyatşünaslığının, sənətşünaslığının öncül simalarından olan Timuçin Əfəndiyev artıq qırx ildən artıqdır ki, ölkə elminə, təhsilinə töhfələr verməkdədir.

 

Ədəbiyyatşünaslıq və sənətşünaslıq mövzularında yüzlərlə dəyərli məqalənin, onlarla sanballı kitab və monoqrafiyaların müəllifi Timuçin Əfəndiyevin təhsilimizdəki ən böyük xidmətlərindən biri də uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə rəhbərlik etməsi və bu ali təhsil müəssisəsinin inkişafına böyük töhfələr verməsidir. T.Əfəndiyev ömrünün təxminən qırx ilini bu sənət ocağının inkişafına həsr edib. Professorun sözügedən ali təhsil müəssisəsinə rəhbərliyi dövründə xeyli yeni ixtisaslar açılıb, bu Universitetin nüfuzunun beynəlxalq aləmdə tanıdılması istiqamətində layihələr həyata keçirilib.

 

Ötən il Prezident İlham Əliyevin 30 aprel tarixli sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyası yaradılıb. Prezidentin Sərəncamı ilə  Timuçin Əfəndiyevin yeni yaradılan Bakı Xoreoqrafiya Akademiyasına rektor vəzifəsinə təyin edilməsi dövlətimizin yüksək təşkilatçılıq səriştəsi olan rəhbər kadra olan böyük etimadının göstəricisidir. Bu yaxınlarda Prezident İlham Əliyev Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə Bakı Xoreoqrafiya Akademiyasının rektoru, əməkdar elm xadimi, professor Timuçin Əfəndiyevi "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edib.

 

Bugünlərdə Akademiyada rektorla söhbətləşdik, layiq görüldüyü mükafat münasibətilə təbrik edərək daha böyük uğurlara imza atmasını arzuladıq. Müsahibə zamanı T. Əfəndiyev bu mükafatı yüksək dəyərləndirdiyini vurğulayıb: "Bu mükafatı çox yüksək qiymətləndirirəm. Buna görə cənab Prezidentə səmimi qəlbdən təşəkkürümü bildirirəm. Ümumiyyətlə, Prezident bizim ziyalılarımıza- xüsusən elm, təhsil, incəsənət xadimlərinə həmişə diqqət və qayğıyla yanaşır. Ulu Öndər Heydər Əliyevin bu sahədəki ənənələrini layiqincə davam etdirir. Biz bunu hər gün hiss edirik. Bundan əvvəl də cənab Prezident məni mədəniyyətin inkişafındakı xidmətlərimə görə "Əməkdar incəsənət xadimi", elm sahəsindəki xidmətlərimə görə "Əməkdar elm xadimi" fəxri adları və “Şöhrət” ordeni ilə ilə təltif edib. Bugünlərdə təqdim edilən "Prezidentin Fəxri Diplomu" da mənim üçün çox doğma və əziz mükafatdır".

 

T.Əfəndiyev rəhbərlik etdiyi ali təhsil müəssisəsinin çox elitar tədris ocağı olduğunu qeyd edib: "Digər məktəblərdə sadəcə təhsil verilirsə, Xoreoqrafiya Akademiyasında təhsillə yanaşı, şagirdlər rəqs, balet sənətinin təməl incəlikləri ilə tanış olurlar. Bildiyiniz kimi Bakıda ilk balet studiyası 1923-cü ildə yaradılıb və 6 il sonra-1929-cu ildə Opera Teatrının nəzdində Dövlət Balet Studiyasına çevrilib. 1936-cı ildən isə məktəb Bakı Xoreoqrafiya Məktəbi adlandırılıb. Azərbaycanın tanınmış balerinalarının, rəqqaslarının əksəriyyəti bizim tədris ocağının yetirmələridir. İlk azərbaycanlı balerina, görkəmli sənətkar Qəmər Almaszadə ilk təhsilini burada alıb, milli xoreoqrafiya sənətinin tanınmış nümayəndələri -Leyla Vəkilova, Rəfiqə Axundova, Maqsud Məmmədov, Xumar Zülfüqarova, Afaq Məlikova, Vladimir Pletnev, Çimnaz Babayeva, Təranə Muradova, Mədinə Əliyeva, Vitali Axundov kimi neçə-neçə tanınmış xoreoqraf və rəqqas məhz bu məktəbin məzunlarıdır. Məktəbdə digər təhsil ocaqlarında keçirilən dərslərlə yanaşı ən müxtəlif incəsənət profilləri üzrə fənlər yüksək səviyyədə tədris edilir. Bundan başqa, balet dili fransız dili olduğu üçün birinci sinifdən məktəbi bitirənə qədər fransız dili öyrədilir. Bizim məzunlarımız  dünyanın aparıcı ölkələrinin nüfuzlu sənət ocaqlarında Azərbaycan xoreoqrafiya sənətini müvəffəqiyyətlə təmsil edirlər".

 

Söhbətimiz zamanı T. Əfəndiyev son dövrlərdə Azərbaycanın mədəniyyəti, incəsənəti ilə bağlı Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın olduqca böyük işlər gördüyünü diqqətə çatdırıb, Bakı Xoreoqrafiya Akademiyasının yaradılmasını da dövlətin mədəniyyətə diqqət və qayğısının daha bir bariz nümunəsi kimi səciyyələndirib: "Son dövrlərdə ölkədə mədəniyyət tədbirlərinin, o cümlədən, "Eurovision" beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi, Azərbaycan Xalça Muzeyinin yeni binasının istifadəyə verilməsi, Beynəlxalq Muğam Mərkəzinin, Müasir İncəsənət Muzeyinin açılması mədəniyyətimizin inkişafına bəxş edilən misli- bərabəri olmayan töhfələrdir. Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə indi muğama, aşıq və vokal sənətlərinə çox böyük diqqət yetirilir. Ötən illərin səs yazıları yenidən bərpa olunur, disklər, albomlar buraxılır. Xarici ölkələrdə UNESCO-nun xətti ilə dəfələrlə milli sənətimizin ən müxtəlif sahələrinin təbliğatına həsr olunan genişmiqyaslı tədbirlər keçirilir, konsertlər, sərgilər təşkil edilir. Bir sözlə, mədəniyyətimizə qayğı və diqqət dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşib".

 

Rektor bildirib ki, xoreoqrafiya sənətimizi inkişaf etdirib beynəlxalq səviyyəyə çatdırmaq üçün dünyanın tanınmış mütəxəssislərinin ustad dərsləri keçmək üçün Akademiyaya dəvəti nəzərdə tutulur: "Eləcə də Akademiyanın istedadlı müəllim heyətindən bəzilərini yeni cərəyanları öyrənib sonra burada tətbiq etmək üçün müxtəlif ölkələrə göndərməyi və bu yolla milli kadrlarımızı hazırlamağı da planlaşdırırıq. Bu məqsədlə Bakı Xoreoqrafiya Akademiyası Moskva Dövlət Xoreoqrafiya Akademiyası və Vaqanov adına Sankt-Peterburq Balet Akademiyası arasında əməkdaşlıq haqqında protokolların imzalanması üçün danışıqlar aparılır. Bizim bütün bu işləri layiqincə həyata keçirmək üçün mənəvi potensialımız var. Hazırda Akademiyada əsaslı təmir işləri aparılır. Akademiyanın ərazisi burada həm yataqxana, həm də bakalavr, magistr təhsili üçün əlavə iki korpusun tikilməsinə imkan verir".

 

Məlum olduğu kimi vaxtı ilə Ulu Öndərin qayğısı nəticəsində Bakı Xoreoqrafiya Məktəbinin binası ilə yanaşı möhtəşəm bir Tədris Teatrı da inşa edilmişdi. Hal-hazırda tələbələr bu teatrdan necə istifadə edirlər?-sualımıza cavab olaraq rektor bildirib: "Tamamilə doğru qeyd edirsiniz. Akademiyanın hazırkı binasının çox böyük mənəvi dəyəri var -  bina məhz Ulu Öndər Heydər Əliyevin bilavasitə tapşırığı ilə inşa edilib. Ulu Öndər bu binanın tikilməsinə, xoreoqrafiya sənətinin inkişafına böyük önəm verirdi. Ulu Öndərin tapşırığı ilə vaxtilə burada tikilən 400 nəfərlik Tədris Teatrı-onun səhnəsi hətta Opera və Balet Teatrının səhnəsindən də əzəmətli idi və Heydər Əliyevin xüsusi nəzarətindəydi. Təəssüf hissilə qeyd edim ki, sonralar həmin Tədris Teatrının binası sökülərək yerində yaşayış binası tikilib. Bu səbəbdən də, bu gün Bakı Xoreoqrafiya Akademiyası Tədris Teatrsız fəaliyyət göstərmək məcburiyyətindədir. Tədris Teatrı mütləq olmalıdır, çünki müəllimlərin də, tələbələrin də ən əsas yaradıcılıq laboratoriyasıdır. İstər diplom, istərsə də kurs tamaşaları, imtahanlar Tədris Teatrında keçirilməlidir".

 

"Bakı Xoreoqrafiya Akademiyasında aparılan təmir-abadlıq işləri, tələbə kontingentinin artması, xoreoqrafiya sənətinin inkişafını görmək qürurvericidir. Ali təhsil ocağı kimi tələbə sayının artması ilə bağlı  tədris prosesinin təşkilində Akademiyada mövcud auditoriya sayı tələbatı ödəyirmi? Bildiyimiz ki, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı məşq proseslərini uzun illərdir ki, "müvəqqəti olaraq" Akademiyanın binasında keçirir. Bu Akademiyada tədris prosesinin təşkilində maneəçilik yaratmir?-kimi suallarımızı T. Əfəndiyev belə cavablandırıb: "Şübhəsiz ki, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının vaxtı ilə keçmiş Bakı Xoreoqrafiya Məktəbinin binasında müvəqqəti olaraq məşq prosesinin aparılması üçün yerləşdirilməsi, bu gün çox acınacaqlı vəziyyətdə olan, 30 ildən artıq təmir olunmayan, müasir tələblərə cavab verməyən məkanda yerləşməsi və Akademiyanın auditoriya fondunun 1/4 hissəsini əhatə etməsi tədris prosesinə mənfi təsir göstərir. Açığını söyləyim ki, bizim çox sevimli Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı xidmətlərinə görə hər cür imtiyazlara layiqdir. Bu ansambl Azərbaycanı beynəlxalq aləmdə gözəl təmsil edən kollektivdir. Şübhəsiz ki, mən istərdim ki, belə bir kollektivin özünün müasir tələblərə cavab verən, gözəl, yüksək  səviyyəli bazası olsun. Onun buna haqqı var, çünki istər Moskvanın "Berozka", "Todes", İqor Moiseyevin ansamblı, istərsə də Ukraynanın "Kralitsya", "Veselad Kiyev" rəqs ansambllarının gözəl bazaları olduğu halda nə üçün bizim Dövlət Mahnı və Rəqs Ansamblının belə bir bazası olmamalıdır. Bakı şəhərində hal-hazırda təmir olunmuş mövcud klubların birinin Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblına baza kimi verilməsini arzulayırdım. Çünki dövlət statuslu belə bir ansamblın səmərəli fəaliyyəti üçün daha yaxşı şərait yaradılmalıdır. İnanıram ki, bu problem öz həllini tapacaq".

 

Sevinc MÜRVƏTQIZI

525-ci qəzet.- 2015.- 7 oktyabr.- S.4