Hadi ömrü - parlaq bədii təfəkkür
işığında
Söhbət Xalq şairi Sabir Rüstəmxanlıdan,
daha doğrusu, S.Rüstəmxanlının bu yay nəfis bir
kitab şəklində çap olunmuş "Şair və
Şər" romanından gedir.
Sözün
açığı, yalnız ədəbiyyat yox, həm də
ictimai-siyasi səhnədə öz sözünü cəmi
türk dünyasında kifayət qədər söyləmiş
xalq şairindən, çağdaş oxucunun səbrini nəzərə
alaraq, klassik əsərlərin belə qısaldılıb,
kompüter variantının yaradıldığı bir
zamanda, belə bir irihəcmli (37 çap vərəqi!) bədii
əsər gözləmirdim, zəngin ömür yolu
keçmiş, ictimai-siyasi fəaliyyəti bu gün də
gündəmdə olan Şairdən memuar umurdum.
Amma bu
ilin yaz aylarında "Şair və Şər"
romanını əlyazması halında oxuyandan sonra mənə
elə gəldi ki, Şair (romanın ilkin adı da
"Şair" idi) "Şair və Şər"
romanını memuar əvəzi yazıb, maraqlıdır ki,
böyük şairimiz Məhəmməd Hadinin həyat və
yaradıcılığına istinad edərək yazıb. Pərdə arxasında Sabirin düşüncələridi
və əslində "Şair və Şər"
düşüncələr romanıdı.
Şair romanda şər qüvvələr tərəfindən
daim təqib olunur. Bəs günahı nədir? Vətən,
millət sevdası -türk-islam
sevdasıyla yazdığı şeirlər.
Daha
miqyaslı mübarizəyə qatılmaq-türk-islam
dünyasına, turançılığa hizmət
üçün İstanbula pənah gətirən, Osmanlı
ordusunda düşmənə qarşı vuruşmaq niyyətini
bəyan eləyən Şairdən burda da şübhələnirlər,
həbs eləyib Balkanlara-şər qüvvələr tərəfindən
Balkanlarda türkə qarşı ölüm fitvası verilən
bir məkana sürgünə göndərirlər.
Bu, elə
bir zamandı ki, türk sultanı özü də
sürgün olunub; altı yüz ildən bəri
dünyanın üç qitəsinə islam
bayrağı ilə hümmət aparan Osmanlı sultanlığı
Şərlə bacara bilmir, qurd ağacı içindən
yeyir. Şairin "günahı" odur ki, bu
qurdları görür. Kimdi onlar? "Türkiyəyə üz qarası, türk
adı gələndə dodaq büzən, türk ölkəsində
türkə qarşı danışmaqdan yorulmayan zümrələr,
dildə liberallar, ingilis, fransız heyranları, boşqab dibi
yalayanlar".
Yeri gəlmişkən,
romanda bu və buna bənzər parçaları, fəsilləri
oxuduqca Türkiyə cümhuriyyətinin
çağdaş-siyasi mənzərələri - xüsusən
də son aylar ara verməyən terror
olayları gözlərim önünə gəldi. Hələdəmi qurd ağacı içindən
yeyir? Hələdəmi Şər əcinnə
qiyafəsindədi, gözə görünmür?
Müəllif
dəfələrlə ölümlə üzləşəndən,
başı daşdan-daşa dəyəndən sonra, əli ətəyindən
uzun İstanbuldan Bakıya qayıdan Hadini Abbas Səhhətlə
qarşılaşdırır və onların türk
dünyasının sabahı haqqında mükaliməsini Səhhətin
söylədiyi mənzum parçayla yekunlaşdırır:
Böldü-böldü
olmuş bu gün Türkiyə:
Bir dəstəsi
məşrutiyyət istəyir,
Bir firqəsi
istiqlaliyyət istəyir,
Bir dəstəsi cümhuriyyət istəyir,
Heç
kəs düşünmür ki, bu firqəbazlıq
Məğlubiyyət, məğlubiyyət istəyir.
Və
Hadi ona deyir: "Səhhətcan, Türkiyədə
yaşananları İstanbul aydınlarından yaxşı
görmüsən. Dilinə sağlıq!"
"Şair və Şər" yaxın tariximizi əks
edir və hər şeydən öncə bu tarixin, bu
zamanın təsviri ibrət üçündür. Və bu o zamandır ki,
adı cəmi türk dünyasında böyük hörmətlə
çəkilən, yaratdığı "Həyat",
"Füyuzat" kimi dərgilərlə bütün şərqə
ədalət nuru çiləyən Əlibəy Hüseynzadə
yetirməsi Hadiyə deyir: "Adriatik dənizindən
Çin səddinə-türk dünyası oyanmalı,
kimliyini, tarixini, yetişdirdiyi şəxsiyyətləri,
qurduğu dövlətləri xatırlamalıdır. Qəhrəman bir millət mövhumat, xurafat,
savadsızlıq bataqlığında boğulub gedə bilməz".
Aşkarca hiss olunur ki, Şair bu "mövhumat, xarafat,
savadsızlıq bataqlığından" bu gün daha
çox narahatdır. Axı, bu bataqlığa çamur
axıdan, onu qurumağa qoymayan Şərdi. Beləcə,
müəllif şəri bədii obraza çevirib o şeytan
kimi gözə görünmür, amma işini görür:
"Şərin ömrü boyu onu və millətini təqib
etdiyini düşünürdü. Uğursuzluqların
-bir şəxs olaraq geriqalmışlığın-bir millət
olaraq, günahkarı nəydisə, kimdisə onu Şərin
mənbəyi hesab edirdi.
"Şər"in
tam mahiyyətinə varmağa can atanda şair təsadüfən
Avqustinə, Lev Tolstoya istinad etmir. "Şər
-xeyirxahlığın yoxluğudur". Lev
Tolstoy isə deyir ki, insan Şəri tanımaq
üçün meyvəsini dadmalıdır. Və mən
düşünürəm ki, Sabir Rüstəmxanlı lap erkən
yaşlarından, yəqin ki, hələ orta məktəbdə
oxuyanda bu meyvəni dadmasaydı, haqqa, həqiqətə arxa
olmaq üçün hələ tələbəlik
çağlarından ictimai-siyasi mübarizələrə
atılmasaydı, yəqin ki, bu gün "Şair və
Şər" adında bir sənət abidəsi meydana gəlməzdi.
İmzasını
qoymuş miləl övraqi-həyatə,
Yox millətimin xətti bu imzalar içində.
Etiraf edim
ki, "Şair və Şər"i oxuyana qədər
Hadinin yaradıcılığından yaddaşımda qalan,
çox güman ki, bir çoxlarının da hafizəsinə
həkk olunmuş bu məşhur misralardı, vəssalam...
Bunun başlıca səbəbi Sovet dönəmində
Hadinin yaradıcılığına və təzadlı
şəxsiyyətinə münasibətlə
bağlıdırsa, bir səbəbi də Şairin şeirlərinin
çətin anlaşılan ərəb-fars tərkibləri
ilə həddindən artıq yüklənməsidir. "Şair və
Şər" romanında Vətənin nicatını
türk-islam birliyində görən şair bu əmmaya dəfələrlə
aydınlıq gətirir, amma fakt budur ki, bu gün Azərbaycan
oxucusunun doxsan faizi Hadi yaradıcılığını-daha
doğrusu bizə gəlib çatan Hadi irsini qismən
başa düşür.
("İmzasını
qoymuş miləl övraqi-həyatə, Yox millətimin xətti
bu imzalar içində" misraları nə qədər
cazibədar görünsə də Hadinin ustadı,
böyük Sabir öncə bu fikri daha sadə söyləmişdi:
"Əcnəbi seyrə balonlarla çıxır, Biz hələ
avtomobil minməyiriz")
Millət
işıq olsun, məni udsun bu siyəh xak,
Ancaq dilərəm
qövmüm ola sahibi-idrak...
"Şair və Şər" romanı Məhəmməd
Hadi yaradıcılığından seçilmiş proloq əvəzi
verilmiş bu misralarla başlanır. Müəllifin amalını bəyan
edən bu misraların o qədər də şərhə
ehtiyacı yoxdur, amma əksər beytlər belə deyil,
axı...
Müəllif yerində və zamanında "Şair və
Şər" romanında M.Hadinin onlarca şeirini bu gün
tam anlaşılan bir dillə şərh eləyib ki,
şairi anlayaq, onun nə qədər böyük şair
olduğuna inanaq. Müəllif Hadinin düşüncələrini
öz ilhamının süzgəcindən keçirib.
"...Varlıq
beşiyinə düşdüyümə peşman oldum, ancaq
bu mənim səhvim deyil ki, Tanrının səhvidir. Həqiqəti seyr etdim, gördüm xəyaldır.
Aləm kitabını oxudum, mənasız imiş... Bu dünyada adı olub özü olmayan azadlıq, ədalət,
bərabərlikdir. Nə qədər
çalışsaq da, onları yaya, yaşada bilmirik. Nə varlığını görmək olur, nə
yoxluğunu sübut etmək. Dünyada qərəz-şər
varsa və bəşər ona boyun əyirsə, hansı
azadlıqdan və ədalətdən danışmaq olar?".
Amma şair həmişə ümidsiz deyil, onun
yaradıcılığında nikbin çalarlar daha
çoxdur. O
deyir ki, ey Vətən, ey vicdanımın pərisi! Bəşər
övladının eşq ağacı könlümdədir, məhəbbət
meyvəsi can ağacımın meyvəsidir, vicdanımın
çırağı ədavət qaranlığından təmizlənmişdir,
bunun doğru dəlili, işıqsaçan fikrimdir. Bütün adəm övladı təbiət
bağının hasilidir, onunçun qəlbimin gizli lövhələrinin
naxışıdır, könül istəyir ki, dünya
ünsiyyətin sülhabadı olsun, bəşər-təbiətin
qardaşı, vətən imkan aləmi. Yuvaya
məhəbbəti bülbüldən öyrənin. Məhəbbət gülləri açılan yerlər
mənim cənnətimdir, əgər zülmətsevərlərdən
savaş ixtilafı gələ, nə qəm, mən həmrəylik
əhliyəm, parlayan qılıncım dilimdir. Bülbül ömrünün baharında nəğmələr
oxuyur, mən nalə edən bülbüləm, dünya
bağı gülüstandır.
Məhəmməd Hadi şeirlərinin bu sayaq incələnməsi
nəzərindən yanaşsaq, ürəklə deyə bilərik
ki, "Şair və Şər" həm də bir ədəbiyyat
dərsliyidir; xüsusən, M.Hadinin heç zaman birmənalı
qarşılanmayan yaradıcılığına və faciəli
həyatına maraq göstərənlər üçün.
"Şair
və Şər" romanını oxuyana qədər M.Hadi
haqqında məlumatımı bir neçə cümləyə
sığışdırmaq olardı; bilirdim, daha doğrusu,
eşitmişdim ki, XIX yüzilliyinin axırlarında
Şamaxıda doğulub, cavan yaşlarında Bakıya gəlib,
"Füyuzat", "Həyat", "İrşad",
"Azərbaycan" və bir sıra başqa dərgilərlə
əməkdaşlıq eləyib, Birinci Cahan savaşı ərəfəsində
Türkiyəyə gedib, türk ordusunda mehmetcik kimi
döyüşə qatılıb, sonra Bakıya
qayıdıb və təxminən 37 yaşında yoxa
çıxıb.
"Şair
və Şər" romanı mənim bu məlumatımın
üstündən qırmızı bir xətt çəkdi;
romanda elə bir araşdırma aparılıb ki, Hadinin 37
illik həyatının nəinki hər ili,
hətta hər ayı, hər günü yazıya
alınıb. Özü də necə bir yazıya! Sanki nəşr yox, şeir-epik poema oxuyursan. Məlum
olur ki, bir əlcə uşaq olsa da, hər şeylə
maraqlanan, oxumağa can atan Məhəmməd, zəlzələyə
məruz qalsa da, yerlə-yeksan olsa da mənəvi dəyərlərini
qoruyub-saxlayan Şamaxı şəhərinin namuslu, mötəbər
ailələrindən birində doğulub. Atası
Əbdülsəlim ibadət edən, hətta Həcc ziyarətinə
də gedib-gələn bir şəxsiyyət olsa da,
gözüaçıq insandı, oğluna deyir ki, dünya
irəli gedir, biz geri, bu boyda şəhərin bir dənə
ağıllı-başlı məktəbi yoxdur, qəsdən
belə eləyiblər, belə eləyiblər ki, müsəlman
cahil qalsın, hara istəyirlər, ora sürükləsinlər,
xaçpərəst oxusun, gəlib otursun başımızda,
mənə yer eləyir. Səni oxumaq
üçün heç İrana da göndərmərəm,
niyyətim ya İstanbuldur, ya Firəngistan.
Hacı
Əbdülsəlim oğlunu Seyid Əzimin nurlu misraları ilə
ayıldır:
...Min Həccdən
şərafəti əfsun olur, əgər
Şəmə
dolanıban yana pərvanənin biri!
Və bu
misralara istinadən şair deyir ki, pərvanənin
şamın başına dolanıb öz eşqinə
yanması Həcc ziyarətindən əfzundur! Çünki
o ziyarətçinin ürəyində ömrünü
öz istəyinə fəda edən pərvanənin sadiqliyi və
qurban vermək qabiliyyəti yoxdur.
Ata nəsihəti qədər qəlbinə işıq
salan həm də bir dərvişin söhbətidi,
"Allahı qoyub onun bəndəsinə boyun əydik!"
deyən dərvişin söhbəti. Və şair elə
erkən yaşında dərk eləyir ki, Allahdan başqa kimsəyə
boyun əymək olmaz.
Bu müqəddəs amal və doğma Şamaxıda
aldığı mədrəsə təhsili bəs eləyir
ki, zəlzələdən sonra sığınacaq
tapdığı Kürdəmirdə məktəb
açsın, müəllimlik eləsin.
Artıq
onu İstanbulda, ya Avropada oxutmaq arzusunda olan atasını
itirmişdi, uğursuz ilk məhəbbət ona bir sevgi
şeiri də yazdırmışdı:
...Mən
bilməz idim dürri-məhəbbət
satılırmış...
Əməlindən isə razı idi. Artıq kəsinliklə
bu qənaətə gəlmişdi ki, ağlın yolu kitabdan
və oxumaqdan keçir. Maarif, məktəb buna görə
vacibdir: "Dünya dəyişilir, gündə bir
maşın, bir nəqliyyat icad edirlər. Bunların dilini bilmədən başqa
xalqlarla necə ayaqlaşmaq olar?" Və ətrafındakılara
deyirdi: "Cındır gül-bülbül nalələriynən
min dörd yüz il əvvəlin ölülərinə
ağlayan növhə-qəzəlxan ruhuyla hara gedirik biz?"
Və bu
zaman taleyindən daha bir zərbə almışdı:
anası onu üç bacısı ilə bir damın altında qoyub ərə
getmişdi.
Amma ona Seyid Əzim, Bixud ruhunda şeirlər yazdıran
nə anasının bu etibarsızlığı idi, nə də
uğursuz ilk məhəbbət, Vətən, millət dərdi
idi.
Həzaran
bülbüllər bağı-fənada naləpərvərdir,
Nə məcbur
eyləmişdi bunları əfqanə bilməm ki!
Şair yazır ki, bu misralar ürəyini boşaldarkən
göz yaşı ilə qarışıq doğulmuşdu. "..bu
uzaq yola-(şeir sənət yolu nəzərdə tutulur-M.O)
onu sövq etməkdə Allahın məqsədi də elə
buymuş: qoy özünü tapsın!".
Və
şair ömrü boyu özünü axtarır, içində
zaman-zaman doğulan suallara cavab axtarır:
“Sitəmpərəstlərin
çoxdur muini yarı aləmdə,
Neçin rəhm eyləyən yox hali-məzlumanə,
bilməm ki!"
Atasını itirəndən, anası ərə gedəndən
sonra üç bacısı ilə ata nənəsinin himayəsində
qalan Məhəmməd anlayır ki, həyatın dibinə
düşüb. Amma sınmır, fikirləşir ki,
"həyatın dibi quyu kimidir, ordan gündüz də
baxsan, ulduzları görürsən, ilğımlar aranı kəsə
bilmir". Və elə bu zaman da ən böyük kəşfini
eləyir: "Azadlığın dərki!"
"...hürriyyət bəşəriyyətin havası və
suyudur".
"Görünür, ən böyük kəşf
azadlığın dərkidir! Bənd qırılmış, selin
ağzı açılmışdı: "Məktəb"!
Və
müəllif Şairin ilk dəfə Kürdəmirdə
Ağa əfəndiyə oxuduğu "Məktəb"i belə
incələyir:
"Məktəb nə demək? Həqiqət
ruhunu parlatmaq, səadət yolunu açmaq, xalqın
övladlarını ayağa qaldırıb kamal sahibi etmək.
Məktəb nə demək? Milli düşüncəyə can
vermək, ölü ürəklərə qan dağıtmaq,
ariflərlə həmsöhbət olmaq, səfa əhlinə
məclis qurmaq, ədəbi fikrin qanadı və siması,
parlaq dühaların və alimlərin ağuşu olmaq...
Məktəb nə demək? Cəhalət gecələrinə
şam tutmaq, irfan gülşənləri becərmək, mərhəmət
qapılarını açmaq, ürəyi və ruhu Allaha
qovuşdurmaq, insanı feyzə çatdırmaq".
Ağa əfəndi romanın yüzlərlə
obrazından biridi, amma dərhal yadda qalır, hər şeydən
öncə Hadinin düşüncələrinə yüksək
dəyər verdiyinə, onu anladığına görə.
Və
Ağa əfəndi, Hadinin şamaxılı ziyalı Mustafa
Lütfü əfəndinin Həştərxanda
açdığı qəzetə işləməyə gedəcəyini
biləndə də ona yaxşı yol arzulayır və
şair burda Əminədən sonra qəlbində məhəbbət
şamı yandıran daha bir qızla
qarşılaşır-Qəmərlə. Bu məmləkətdə
atası ilə sürgün taleyi yaşayan Qarabağlı Qəmərlə.
Qəmərlə bağlı fəsillər o qədər
dolğun qələmə alınıb ki, mən inanmıram
ki, Qəmər təxəyyülün məhsulu ola. Mən deyərdim ki, Qəmərlə bağlı
macəralar roman içində bir sevda romanıdı. Əsəri oxuyub bitirdiyim günlərdən aylar
keçib, amma hələ də Qarabağlı Qəmərin
parlaq surəti gözlərim önündən çəkilmir.
Romandakı
qadın obrazlarını barmaqla saymaq olar: şairin
İstanbulda qarşılaşdığı yunan qızı
Yelena və Qərbi Ukraynada-Karpat dağlarında rast gəldiyi
kəraim qızları. Bu qızları da
Qarabağlı Qəmər kimi hər gün görürəm.
Bəs şair Karpat dağlarında nə gəzirdi?
Hacı Zeynalabdinin ruslara havadarlıq məqsədilə
yaratdığı müsəlmanlardan ibarət qoşunun tərkibində
almanlara qarşı vuruşurdu. Beləliklə,
Hadinin həyatında daha bir təzad. Əlbəttə,
romanda bu təzadın cavabı kifayət qədər
açıqlanır və günlərin birində
özü-özündən soruşur: "Onun burda nə
işi var? Balkan müharibəsinə
könüllü getmişdi. Bir millətdir, adı,
dili, mədəniyyəti, dərdi-səri bir... Qurdalasan hamı bir-biriylə qohumdur. Osmanlını əzmək istəyinin niyyətində
İstanbuldan sonra növbə Bakınındır".
Yüz il ötüb, nə dəyişib? Şər bu gün daha israrlı deyilmi? Və
mən artıq təfərrüata varmaq fikrində deyiləm,
amma demək istəyirəm ki, bu hər şeydən öncə
Hadi ömrünü Şamaxı zəlzələsi və
sonra da Birinci Cahan savaşına təsadüf etməsi ilə
bağlıdır: hər yanda cəhalət, səfalət,
aclıq.
İstanbula böyük ümidlərlə gedən
şair bir parça çörəyini rus dilindən tərcümələr
etməklə qazanır. Fikirləşirsən: bəs, görəsən
Şamaxıda yalnız mədrəsə təhsili görən
Hadi bu ruscanı harda öyrəndi? Bəlkə
Həştərxanda? Mustafa Lütfi bəy ilə bərabər qəzet
çıxardanda? Kim bilir...
Hər halda romanda Məhəmməd Hadi ömrü o qədər
əhatəli işlənib ki, əsəri Azərbaycan
tarixinin bir parçası kimi də mütaliə etməyə
dəyər.
Müəllif şairi demək olar ki, zamanın
bütün böyük simaları ilə
qarşılaşdırır. Sabirlə, Abbas Səhhətlə,
Hüseyn Cahidlə, Səməd Mənsurla, Zülfüqar
Hacıbəyovla, Əhməd bəy Ağayevlə, Həsən
bəy Zərdabi ilə, Haşım bəy Vəzirovla və
o cümlədən, Əli bəy Hüseynzadə ilə. Və
Əli bəy daima "İttihad" dalğasında olan
Hadiyə deyir: "Zatən inqilablar bir-birinə bənzəyir:
ümid, sevinc, bayram, sonra qan və qanunsuzluq...".
Yeri gəlmişkən biz bu "qan və
qanunsuzları" XX əsrdə iki dəfə gördük
və görəsən itirdiklərimiz
qazandıqlarımızdan çox deyilmi?
Müstəqil
Azərbaycan cümhuriyyəti meydana gələndən və
şair "millətinin xəttini imzalar içində"
görəndən sonra daha çox yazırdı, lakin o rus
bolşeviklərinin azərbaycanlı bolşeviklərin
çağrışı və bələdçiliyi ilə
Bakıya girdiyini, şəhəri viranəyə
çevirdiyini gözlərilə görəndə son
sözünü də şeirlə dedi:
...Dağa
dersən eşidər, sonra verir əks-səda,
Daşa dönmüşlərə əks eyləmədi
fəryadım.
S.Rüstəmxanlı M.Hadinin hələ də el
arasında dolaşan "yoxa çıxması" xəbəri
ilə barışmır. O yazır ki, bir qanlı
savaşdı. 1804-cü il təkrar
olunurdu. Sisianovun ordusu başqa ad altında, at
üstündə yox, zirehli qatarda, maşınla, tankla, topla,
pulemyotla gəlirdi. "Savaşın
üçüncü günü vuruldu. Kötükdən,
torpaqdan düzəldilmiş səngərdə partlayan mərminin
qəlpəsi köksünü parçalamışdı.
Gözünü yumdu. Gəncənin
yüz ildən sonra ikinci süqutunu görmədi. Görmək istəmədi".
Bu
yaxınlarda "Ədəbiyyat qəzeti"ndə S.Rüstəmxanlının
essesini oxudum: "Kəndə qayıtdı, amma heykəl
kimi". Vasili Şukşinin doğma kəndində
qoyulmuş abidəsi ilə bağlı bu yazının
başlığı əslində çox şey deyir.
M.Hadi də ömrü boyu Şamaxıya
dönmək istəyirdi, amma o, abidə kimi də doğma
yurda dönə bilmədi. Nə bilmək
olar? Bəlkə "Şair və Şər"
romanı hələ ki, tələbə dostumun xəyalında
olan bu abidəyə təkan olacaq?
Bir
çoxları deyir ki, Gəncənin hansı qəbristanlığındasa
Hadinin məzarı var, bir çoxları da söyləyir ki,
bu ara söhbətidir. Ola bilər.
Hər halda bu gün mən iftixarla deyirəm ki, "Şair
və Şər"
romanı ən keşməkeşli tariximizin bir
parçası, həm də böyük Azərbaycan
şairi Məhəmməd Hadinin qəbirüstü abidəsidir.
Və bu abidəni ziyarət etməyə dəyər.
Qiybət olmasın, haçandı bir sıra mötəbər
dairələrdə nə məqsədləsə şivən
qoparırlar ki, son iyirmi ildə Azərbaycan ədəbiyyatında
bir dənə yaddaqalan əsər yaradılmayıb.
Hə, bu
da yaddaqalan əsər: "Şair və Şər". Sadəcə, oxuyan lazımdı.
18 sentyabr, 2015
Məmməd Oruc
525-ci qəzet.- 2015.- 8 oktybar.- S.8.