ŞEİRİN TOZU
Hardandı bu qədər - toz?!
Tutub düzü-dünyanı.
Bu hər gün gördüyümüz,
Dost-doğma tozdur, yəni?
lll
Döşəmə də, tavan da,
Yaxşı baxsan hər yan - toz!
O ağır, uca dağın,
O məğrur, sərt qayan - toz!
lll
O çökmüş imarətlər,
O batmış şəhərlər
- toz!
Ölüb dirilmiş günlər,
Axşamlar, səhərlər - toz!
lll
Zəlzələlər, yanğınlar,
Cəm döyüşlərin
- izi.
Qalanıb tarix olmuş,
Bütün işlərin - izi.
lll
Bağların tül örtüsü,
Dağların çəni, sisi,
Ulduzların həsrəti,
Günün, ayın haləsi.
lll
Torpağa səpələnib,
Yay tozu, qış tozu da.
Daşda
naxış-naxışdı,
Külək, yağış tozu da.
lll
Evin künc-bucaqları,
Şəkillər, kitablar - toz!
Xatirələr, sevgilər,
Çəkilən əzablar - toz!
lll
Nə qədər bükük, qırış,
Ümman qapı-pəncərə.
Çox
gizli arakəsmə,
Xeyli palaz-xəlçələr.
lll
Zərrə, buta, yarpaqlar,
Güllər, çiçəklər tozdur.
Qumlu, daşlı torpaqlar,
Əsən küləklər tozdur.
lll
Fikrimiz,
sözümüz də,
Lap səsimiz də - tozdur!
Sərasər özümüz də,
Nəfəsimiz də tozdur!
lll
Bu toz - mürur-zamanla
Ələnmiş kainatdır,
Yer kürəsi, təbiət,
Bir kəlmə söz - həyatdır!
lll
Tozdan bezib yorulmaq,
Bəlkə də hələ tezdir.
Belə
yaşayırıq - biz!
Yaşamaq özü tozdur.
Bakı,
sentyabr, 2015
DÜNYANIN
SONU
I
Dərd
tənimdə od püskürür,
Qövr eləyir yaram bir-bir.
Zülmət içrə közərirəm,
Nə yaxşı,
insan daş deyil.
lll
Dağ-dağ qəlbim - əyməz
qəddim!
Yanmaqdı mənim son həddim.
Zülmə əyilən çoxalıb,
Şaxdır qüruri-fikrətim.
lll
Haqdır yalnız işim, qəsdim.
Nahaqda da mən haqq gəzdim.
Haqq məni səbrə öyrətdi,
Səbrə tapındım ki, dözdüm.
lll
Boş quyuya daş atdım - mən,
Quyuda səs yaşatdım - mən.
Tamarzı qaldım doğruya,
Hər gün yalan eşitdim - mən.
lll
Dünyanı bilə bilməzdim,
Dünyanı belə bilməzdim.
Bu hərc-mərcliyi görüb,
Dünyaya gələ bilməzdim.
lll
Dünya
qəvi - insan aciz,
Dünya
səhra - zərrə-qum
biz!
Hər zərrənin öz küləyi,
Əsir-yesir hər birimiz.
lll
Bir daşı - ağ,
biri - qara,
Kiçiyi - ağ, iri qara.
Daş-daş oynamağa gəldik,
Ümidləri qıra-qıra.
lll
Zaman da sürünüb keçir,
Taleyə bürünüb keçir.
İki daşın arasından,
Ömür də görünüb keçir.
II
Görən deyir, ciddiləşib
bət-bənizim,
Çox çoxüzlü üzlər görüb mənim üzüm.
Çox yerlərə getmirəm ki, görünməyim!
Qarış-qarış güdülür hər yerdə izim.
lll
Başqa aləm varmı görən, kainatda?!
Görən onlar nə görüblər bu həyatda.
Orda da var zülm,
yəqin, amma başqa!
Başqa əda, başqa qayda, başqa adda.
lll
Yerdə
insan sayı qədər, qəza-qədər!
Amma yenə
insan, yenə gələr-gedər.
Bu dəfəki dünya, demə, çıxdaş
oldu,
Çıxdaş olan səltənətdə
həyat - hədər!
lll
Gəl, al sındır,
gör nədir bir bu kor-çıxdaş?
Daşlaşaraq bu, daşa da daş atır
daş!
Göydən yerə göndərilən
bəla imiş,
Yaşamalı yer deyilmiş bu Yer qardaş!
Bakı,
avqust, 2015
Fikrət SADIQ
525-ci qəzet.- 2015.- 8 oktybar.- S.7