Məlum və Naməlum Üzeyir Hacıbəyov
(63 illik ömrünün 60 ilini Üzeyir bəy
Hacıbəyli Çar Rusiyası və Sovet Azərbaycanında
Hacıbəyov soyadı ilə yaşayıb və
yaradıb. Məqalə
sənədlər əsasında yazıldığı
üçün müəllif, Hacıbəyov soyadını
saxlayıb)
(Əvvəli
ötən sayımızda)
1920-ci ilin aprelində Azərbaycanın siyasi mühitində
yaranmış vəziyyət Üzeyir bəyin bu xəbərdarlığının
heç də əsassız olmadığını göstərdi. Hələ yanvar ayında
keçirdikləri gizli qurultayda
Azərbaycan Kommunist Partiyası adı altında birləşən
Bakıdakı bütün bolşevik partiyaları və dəstələri
Sovet Rusiyasının güclü dəstəyi ilə
"sosializm evinin" qurulması üçün "son və
qətiyyətli döyüşə" başladılar və
bu yolda ən müxtəlif vasitələrə, o cümlədən,
siyasi, iqtisadi təxribatlara əl atıldı.
Geniş
təbliğat və təşviqat maşını işə
düşdü və hətta Bakıda olan türk zabitləri
böyük məharətlə bu oyunlara cəlb olundu. Həmişəki kimi
"daşnakdan dönmə" erməni bolşevikləri bu işlərdə bilavasitə
iştirak edirdilər və
1918-ci il hadisələrinin ssenarisi üzrə artıq neçə aylar əmin-amanlıq
hökm sürən Qarabağda yenidən ermənilərin
üsyanı başladı. Bütün bu vəziyyətin
mürəkkəbliyi yaxşı anlayan Azərbaycan hökuməti
ciddi tədbirlər görür, təhlükənin
qarşısını almağa çalışırdı.
Lakin belə bir ciddi məqamda da Azərbaycan parlamentində hökumətə
ünvanlanmış
sorğuların, debatların, tənqid və
ittihamların ardı-arası kəsilmirdi. Son nəticədə bir daha hökumət
böhranı başladı və hətta hökuməti dəfələrlə
bu vəziyyətdən qurtaran M.Ə.Rəsulzadə və
"Müsavat" fraksiyası da bu dəfə onun
qarşısını ala bilmədi.
1920-ci il aprelin 1-də Nəsib bəy Yusifbəyli
Hökumət kabinəsinin istefasını elan etdi. Yeni hökumətin təşkili Məmməd Həsən
Hacınskiyə tapşırıldı. Siyasi
görüşlərindən və mövqeyindən
asılı olmayaraq bütün Azərbaycan cəmiyyəti görkəmli ictimai və dövlət
xadimi, Azərbaycanın istiqlalı uğrunda böyük xidmətlər
göstərmiş və İstiqlal Bəyannaməsini
imzalamış, bütün
hökumət kabinələrində ən mühüm vəzifələrdə
təmsil olunmuş, Müsavat Partiyasının üzvü,
kifayət qədər təcrübəli və qətiyyətli
siyasətçi kimi tanınan M.H.Hacınskinin yeni hökumət
başçısı kimi işə
başlayacağını gözləyirdi...
Bütün bu olayları çox diqqətlə
izləyən "Azərbaycan" qəzetinin redaktoru
Üzeyir Hacıbəyov öz
müşahidələrindən gəldiyi qənaəti,
görünür ki, artıq
baş məqalə, yaxud, heç olmasa xülasə şəklində qələmə
almağı lazım belə bilmir, yaxud artıq
bacarmır. "Azərbaycan"
qəzetinin 1920-ci il 22 aprel sayında, hökumət kabinəsinin
istefasından 3
həftə sonra, Üzeyir bəyin
"Surna"
başlığı ilə
bir felyetonu dərc olunur. Parlamentdə yenə də "firqə manevrlərinin"
başlandığı, yeni
baş nazirin "ləyaqətinin" bundan sonra kimləri
"nazir kürsüsünə
dəvət edəcəyi" ilə ölçüləcəyi
kimi satirik qeydlər Üzeyir bəyin baş verənlərə
münasibətini çox aydın əks etdirir. Lakin yeni hökumət Kabinəsinin
təşkilini uzadan, Parlament fraksiyaları, xüsusilə
"sol"larla və bolşeviklərlə aşkar-gizli
danışıqlar aparan M.H.Hacınskinin "ləyaqətini"
heç bu yolla da ölçmək artıq
"mümkün olmur".
Qəzetin
25 aprel 1920-ci il tarixli nömrəsində Üz. Hacıbəyovun
yenə də "Surna" başlığı altında
daha bir felyetonu dərc olunur. "Xammal" sözü
üzərində qurulan və öldürücü satirik
ruhuna görə siyasi pamflet sayıla biləcək bu
yazısında Üzeyir bəy Azərbaycan Cümhuriyyətinin son dərəcə gərgin və
təhlükəli günlər yaşadığı bir
zamanda Parlamentdə və ümumiyyətlə ölkənin
siyasi dairələrində müzakirə olunan məsələlərə
belə münasibət bildirir:
"Məsələn,
deyirlər ki, əgər biz bolşeviklərə yol verək
ki, onlar keçib Anadoluya dolsunlar, o halda bolşeviklərlə
türklər birləşib imperialistlərə qarşı
elani-müharibə edərlər, bu cür fikirdə olanlara
xam diplomat demək olar...
Misal üçün götürəlim yerli bolşevikləri. Onlar Denikindən
tör-töküntü qalmış olan ofserlərə və
soldatlara dəvətnamə yazıb bolşevikliyə təklif
edirlər və deyirlər ki, Azərbaycan qulluğuna girməyin,
çünki Azərbaycan dövləti heçdir.
Bundan sonra bu cürə bolşeviklərin "sədaqətinə"
inananlara xammal demək olar...
Hətta
bunu da deyim ki, Azərbaycanda bolşevik hökuməti qurub,
Əliheydər Qarayevi onun başında qoysan, o halda "Sovet
hökuməti bizə dəyməz" deyə xəyal edənlərə
xam xəyal sahibi demək olar...
Rus rusluğunda baqidir və rus qəlbindəki
türklük düşmənçiliyi də baqidir. Buna əleyh rus
generalından və ya rus mujikindən aləmi-islama kömək
olar deyənlərə xam siyasətçi demək olar...
Mən
demirəm ki, Nikolay hökuməti ilə Lenin hökuməti
arasında təfavüt yoxdur, xeyir! Təfavüt vardır və
o özü də bundan ibarətdir ki, nikolaylar və generallar
bizə həmişə "isvoloç" deyib atamıza
söyərdilər, mujik və raboçi hökuməti məşhur
rus söyüşü ilə anamıza söyəcəkdir".
Bu
felyoton-pamflet-rekviyem Üzeyir Hacıbəyovun "Azərbaycan"
qəzetində son yazısıdır və onun Cümhuriyyətin
süqutuna 3 qalmış - 1920-ci il 25 aprel tarixində dərc
olunması Üzeyir bəyin Azərbaycanın istiqlalına və
müstəqillik ideallarına sona qədər sadiq
qaldığının bariz nümunəsidir.
"Candan
əziz istiqlalın" itirilməsi, "vətən və
millət bilməyənlərin" hakimiyyətə gəlməsi, yazılarında dönə-dönə
adlarını çəkdiyi
Cümhuriyyət xadimlərinin bir çoxunın faciəli
sonluğu, həbsi, vətəni tərk etməyə məcbur
olması ... Bütün bu olayları Üzeyir bəyin
hansı hissələrlə yaşadığını və
necə daxili sarsıntılar keçirdiyini təsəvvür
etmək çətin deyil...
Burada xüsusilə nəzərə
alınmalıdır ki, bu insanların çoxu Üzeyir bəy
üçün yalnız Hökumət, ya Parlaman rəsmiləri
deyildilər.
Öz həmyaşıdları olan, eyni vaxtda fəaliyyətə
gəldikləri və uzun illərin əməkdaşlığından
keçdikləri Məhəmməd Əmin Rəsulzadə, Nəsib
bəy Yusifbəyli, eləcə də çox yaxın
ünsiyyətdə olduğu Fətəli Xan Xoyski, Həsən
bəy Ağayev və bir çoxları ilə Üzeyir bəyi yalnız
əqidə və məslək birliyi deyil, həm də yaxın dostluq, səmimi
yoldaşlıq, qarşılıqlı
hörmət və rəğbət birləşdirirdi. Üzeyir bəyin Parisə,
qardaşı Ceyhun bəyə göndərdiyi məktubların
birində Məhəmməd Əmin bəyin, Nəsib bəyin
öz xanımı ilə, Şəfi bəy Rüstəmbəyovun
(rusca çıxan "Azərbaycan" qəzetinin
redaktoru) 1919-cu il sentyabrın 18-də Üzeyir bəyin
evində, onun ad gününə
toplaşdıqlarından və
həmin məclisdə xaricdə olan dost və həmkarlarını
xatırladıqlarından ətraflı bəhs olunurdu.
"Azərbaycan" qəzetindəki fəaliyyəti və
xüsusilə onun siyasi publisistikası Üzeyir Hacıbəyovu
birmənalı olaraq Cümhuriyyət liderləri ilə bir cərgəyə
qoyur. Faciəli sonluğa və
Üzeyir bəyi qarşıda hələ 28 illik hadisələrlə
zəngin və şöhrət dolu bir həyat gözlədiyinə baxmayaraq
tam əminliklə demək olar ki, 23 aylıq Azərbaycan Xalq
Cümhuriyyəti dövrü
Üzeyir bəyin həyatında ən azad və müstəqil, ən
asudə və rahat, ən yüksək ruh və şövq, ən
dərin Vətən və Millət sevgisi, ən etibarlı və səmimi dostların və məsləkdaşların
əhatəsində qurmaq və yaratmaq ehtirası ilə yaşadığı
işıqlı bir dövrdür. Bu dövrdə Üzeyir bəy
bütün varlığı, siyasi fəhmi, ictimai fəallığı, qüdrətli qələmi və
qəlbi ilə Azərbaycan istiqlalına xidmət
etmişdir və Cümhuriyyətin yaşayacağı təqdirdə
onun görkəmli bir dövlət xadimi səviyyəsinə
ucalacağı şübhə doğurmur.
Azərbaycanda
siyasi hakimiyyətin dəyişməsi Üzeyir bəy
üçün yalnız İstiqlalın və
dostlarının itkisi deyil, həyatı üçün
də ciddi təhlükənin yaranması demək idi. "Azərbaycan" qəzetində
dəfələrlə hədəfə aldığı "daşnakdan dönmə
nasional-bolşevik"
mikoyanların, mirzoyanların,
"vətən və millət bilməyən" "qırmızı Qarayevlərin"
hakimiyyətə gəlməsi ilə bu təhlükə
kifayət qədər real şəkil alırdı. Lakin bütün
bunlara rəğmən Üzeyir bəy bir çox səbəblərdən
bu dəfə Bakını tərk etmir.
İşğalçı Qızıl Ordu ilə bərabər
Bakıya gəlmiş və dərhal işə
başlamış bolşevik dövlətinin amansız "cəza
maşını" da bir sıra səbəblərdən
Üzeyir bəyə toxunmur. Həmin səbəblər üzərində
dayanmadan, bu
dövr Üzeyir Hacıbəyovla Sovet rejimi arasında dilə
gətirilməyən və gözə görünməyən
qarşılıqlı bir
"sazişin" bağlandığını
düşünmək olar. Bu "sazişlə" Üzeyir
bəy özü
və yaxınları üçün ən əvvəl
yaşamaq və azadlıqda qalmaq
haqqı əldə etmiş olur. Sovet hakimiyyəti də
Üzeyir bəyə
bu imkanları yaratmaq
müqabilində məşhur bəstəkarın
və xadimin adını, istedad və bacarığını
öz dövlət və ideologiyası maraqlarında istifadə
etmək qərarını verir.
Hər
iki tərəfin bu rəsmən bağlanmayan "sazişə"
nə dərəcədə əməl etdiyi "Üzeyir
Hacıbəyov və Sovet hakimiyyəti" münasibətləri
müstəvisində ayrıca bir mövzudur. Lakin
hakimiyyətin Üzeyir bəyin Cümhuriyyət dövrü
fəaliyyətinə "göz yumsa" da onu heç də
unutmadığı, əksinə yeri gəldikcə ən
müxtəlif məqsədlərlə istifadə etdiyi də
danılmazdır.
1920-ci illərdə
Türkiyəyə mühacirət etməyə müvəffəq
olub Sovet diktatura rejiminin Azərbaycandakı siyasətini
özünün buraxdığı kitab və jurnallarda kəskin
tənqid edən Məhəmməd Əmin Rəsulzadəyə
cavab kimi Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 10
illiyi qeyd edildiyi günlərdə "Kommunist" qəzetində
Əsəd Tahir adlı müəllifin imzası ilə
"Gözünə girsin, Məhəmməd Əmin Rəsulov!"
adlı bir məqalə dərc olunur. Yazıda bayram təntənələrinə
həsr olunan gecədə "200-ə qədər türk
qızının Azərbaycan himni" oxuduğunu
vurğulayan müəllif M.Ə. Rəsulzadəyə
müraciətlə yazırdı: "Hələ bu himnin kim
tərəfindən yazıldığını bilsən,
bağrın çatlar. Onu Üzeyir Hacıbəyli
yazmışdır. O Üzeyir ki, sənin
çıxardığın mürtəce "Azərbaycan"
qəzetinə müvəqqəti müdirlik edirdi. O
Üzeyir ki, indi çıxışda bulunaraq öz təşəbbüsü
ilə Azərbaycanın 10 illiyi himnini yazmış, türk
qızlarına oxutdurur və özü dirijorluq edir. Görürsənmi, vaxtı ilə bel bağlamaq
istədiyin adamlar belə sizə nifrət edərək üz
çevirmiş və Şuralar Azərbaycanın mədəni
quruluşu işlərində ən aktiv iştirak edir".
Sırf
Sovet ideoloji qəlibləri çərçivəsində
yazılmış bu yazıda həqiqətə uyğun
yalnız bir ifadə var idi: Üzeyir Hacıbəyov həqiqətən
Azərbaycanda mədəni quruculuq işlərində ən fəal
surətdə iştirak edirdi və təbii ki, dövrün tələbinə
uyğun musiqi parçaları yazırdı. Lakin Üzeyir bəyin
təşkil etdiyi xorun oxuduğu mahnı, heç də Azərbaycan himni olmayıb, həmin
dövr müəyyən bayramlarla əlaqədar bəstələnən
və M.Ə.Rəsulzadənin sonralar "süni
marşlar" adlandıracağı musiqilərdən biri
idi. Ü.Hacıbəyov Azərbaycan Sovet
Sosialist Respublikasının himnini hələ 1944-cü ildə,
özü də Stalinin birbaşa sifarişi ilə
yazacaqdı.
Təbii
ki, bu
sifariş də yalnız Stalinin Hacıbəyov musiqisinin pərəstişkarı
olması ilə bağlı olmayacaqdı. Üzeyir bəyin
keçmişini çox yaxşı bilən məkrli rəhbərin
məqsədi
bununla Cümhuriyyət himninin müəllifini sonadək
sındırmaq, eyni zamanda onun artıq bütün istedadı
ilə Sovet dövlətinə
bağlı olduğunu bəyan etmək idi. Lakin Üzeyir bəy
üçün bu himn Sovet Sosialist Respublikası olsa da, Azərbaycan dövlətinin himni
idi və əslində bu himni də Üzeyir bəyə
hansı niyyətlə yazdırmasından asılı
olmayaraq Stalin Azərbaycan
dövlətçiliyinə, onun varislik ənənələrinin
saxlanmasına böyük xidmət etmiş olurdu.
Üzeyir
bəyin "Azərbaycan" qəzetinin redaktoru kimi
"Musavatçı fəaliyyəti" məsələsi
bir də 1937-ci ildə, Stalin
repressiya maşını artıq tam gücü ilə işlədiyi
zamanda ortaya gəlir.
Əvvəlcə Azərbaycan Filarmoniyasının Həmkarlar İttifaqının sədri Akopyan, daha sonra Azərbaycan Konservatoriyasının partiya təşkilatının katibi Kiranov adlı şəxslər Az.Dİ Xalq komissarı Sumbatova ünvanladıqları məktublarda bütün tutduğu vəzifələr sadalanmaqla Üzeyir Hacıbəyovun "tərksilah edilməmiş müsavatçı" və müsavat "Azərbaycan" qəzetinin redaktoru olduğu, qardaşı Ceyhun bəyin həmçinin "Müsavat parlamentinin üzvü" kimi Parisə qaçdığı, Ü. Hacıbəyovun uzun illər ona maddi yardım göstərdiyi, 1918-ci il Bakıda Sovet hakimiyyəti qurularkən İrana qaçdığı, rəhbərlik etdiyi Dövlət Xoruna Sovet dövlətinin düşmənlərinin - vaxtilə güllələnmiş, həbs edilmiş insanların uşaqlarını götürdüyünü, onların hamısını 1938-ci ildə Moskvada keçiriləcək Azərbaycan İncəsənəti Ongünlüyündə özü ilə birlikdə Moskvaya aparmağa hazırlaşdığını və d. bu kimi "faktlar" sadalanır və belə bir "qaranlıq keçmişi" olan şəxsin SSRİ Millətlər Şurasına deputatlığa namizədliyinin verilməsi qeyri-məqbul sayılırdı.
Akopyan "Əməkdar incəsənət xadimi, dirijor İoanesyanın sözlərinə görə bu qəzetin ("Azərbaycan" nəzərdə tutulur) bir nüsxəsinin Xalq artisti Sarabskidə olduğunu da" xatırladırdı.
Təbii ki, aparılan qapalı istintaqın gedişində Ü.Hacıbəyov müvafiq orqanlara çağırılır və ondan izahat alınır. Çox qısa şəkildə yazdığı izahatında Üzeyir bəy bütün bu "ittihamları" rədd edir, 1918-ci ildə İrana Bakı Xalq Komissarları Şurasının icazəsini alaraq artistlər truppası ilə qastrola getdiyini, üstəlik Caparidze yoldaşla birlikdə Bakı kəndlərində hansısa təbliğat apardığını, "Müsavat" partiyası ilə heç vaxt, heç bir əlaqəsi olmadığını, "Azərbaycan" qəzetində yalnız 1919-cu ilin sonlarında 3-4 ay müvəqqəti işlədiyini, nəhayət qardaşı Ceyhun bəyin hələ 1910-cu ildə Parisə oxumağa getdiyini, 1919-cu ildə isə ailəsini də götürərək həmişəlik Parisə köçdüyünü göstərir.
Üzeyir bəyin bu izahatında göstərdiyi məlumatları yoxlamaq və onların heç birinin həqiqətə uyğun olmadığını sübut etmək elə də çətin deyildi. Bunun üçün Şaumyan adına Partiya Arxivinin gizli fondlarında saxlanılan "Azərbaycan" qəzetinin nüsxələrini və AXC-nin sənədlərini qaldırmaq kifayət idi.
(Ardı
var)
Solmaz Rüstəmova
525-ci qəzet.- 2015.- 8 oktybar.- S.6