Qısa ömrün sonsuz
işığı
Rəsulzadə qəsəbəsindəki 99 nömrəli
tam orta məktəb 48 ildir ki, Həsən Qardaş oğlu Cəbrayılovun
adını daşıyır.
Onun qısa, lakin şərəfli həyat yoluna
işıq tutmağa çalışdım. İlk həmsöhbətim
böyük qardaşı Məcid dayı oldu: "Bizim taleyimizə
Böyük Vətən müharibəsinin məşəqqətli
günlərini görmək düşüb. Atamız
müharibəyə getmişdi, bizə anam həyan olurdu.
Kolxozda təsərrüfat işlərinə
gedir, bizi də özü ilə aparırdı. Balaca olsam da, anamla bərabər işləməli
olurdum. Bir qarnımız ac, bir
qarnımız tox yaşayırdıq. Amma
bu qədər çətinlik içərisində
sınmadıq, vətənə layiqli övlad kimi yetişməyə
çalışdıq".
Həsən Cəbrayılovun digər qardaşı,
"Respublika" qəzetinin əməkdaşı Ataş Cəbrayılov
deyir ki, Azərbaycanı min illər boyu yaşadan məhz cəsur,
ləyaqətli övladlarıdır. Tarixi proseslərə nəzər
salsaq görərik ki, dövrün siyasi liderləri həmişə
onların ideya daşıyıcılarına, vətənin,
millətin yaşaması üçün canından keçənlərə,
hansı ölkədə olursa-olsun, millətlər içində
millətinin imzasını təsdiq edənlərə
yüksək qiymət verib:
"Həsənin anım günündə müəyyən
tədbirlərə hökmən ailəmiz də dəvət
olunurdu. 1977-ci ildə mən qardaşımın qulluq etdiyi
hərbi hissəyə və həmin Hərbi-dəniz
müzeyinə getdim. Hərbi hissənin "Lenin
otağı"nda onun
büstü var idi. Muzeydəsə
ilk eksponat Həsənə məxsus idi. Dedi ki, Həsən
Cəbrayılov istehkamçı kimi 471 mina zərərsizləşdirib,
dənizdə, quruda on minlərlə köhnə hərbi
sursatın zərərsizləşdirilməsində çox
böyük zəhməti olub, sülh dövrüdür,
müxtəlif bəhanələrlə növbədən də
yayınmaq mümkündür. O isə heç vaxt sui-istifadə
etməyib, şüurlu surətdə ölümün
gözünə dik baxıb. Buna görə də
Həsən Cəbrayılov qəhrəmandır".
Qarşımda
xeyli sənəd, məktub və qəzet var. Bunlara nəzər
yetirdikdə 24 illik ömrün xronikası ilə tanış oluram.
Həsən 1942-ci ilin 22 fevralında Cəbrayıl
rayonunun Qaracallı kəndində doğulub. Ağır
illər idi. Müharibə xalq təsərrüfatını
tamamilə dağıtmışdı. Böyüklü-kiçikli
hamı onun bərpası üçün fədakarlıq
göstərirdi. Bu illərdə həm məktəbli,
həm də əməkçi olur. Səkkiz
yaşında o, yüz əməkgünündən çox
qazanıb.
1950-ci ildə ailə Bakıya, Böyükşor qəsəbəsinə
köçür. Həsən bir müddət Keşlə
rayonu 201 nömrəli məktəbdə oxuyur. 1957-ci ildə atasının Kirov (indiki Rəsulzadə)
qəsəbəsində işləməsi ilə əlaqədar
olaraq ailə oraya daşınır. Həsən
yeddiillik təhsilini 1958-ci ildə 99 nömrəli məktəbdə
bitirir.
Məktəbin
rəhbərliyi adından qrup rəhbəri Xudadovun Həsənin
valideynlərinə göndərdiyi məktubda oxuyuram: "Məktəb
və mən ölkəmizdə belə namuslu oğulların
daha da çox olmasını arzu edərdik. Belə
oğul böyütdüyünüz üçün sizə
təşəkkür edirəm".
Həsən təkcə oxumaqla kifayətlənmirmiş. Boks,
ağırlıqqaldırma, güləşlə məşğul
olur, incəsənəti də çox sevirmiş. Rəsm, heykəllər, səhnə əsərləri
barədə fikir yürüdər, əks olunmuş
ideyanı açmağa çalışar, məziyyətlərindən
bəhs edər, hərdən özü də şəkil
çəkər, çoxlu kitab oxuyarmış. Hər kitabı oxuyandan sonra cib dəftərçəsinə
öz fikrini qeyd edər, xoşuna gələn cümlələri
səliqə ilə köçürərmiş.
"Aşıq Ələsgər", "Koroğlu",
"Qaçaq Nəbi", "Polad necə bərkidi",
"Gənc qvardiya" masaüstü kitabları idi.
O, 1959-cu
ildə təhsilini əla qiymətlərlə başa vurur. Məktəb
tərəfindən Xəzər dənizneft donanması idarəsinə
təqdim edilmək üçün verilmiş istehsalat xasiyyətnaməsində
oxuyuram: "Əla oxumağa və nizam-intizama görə təşəkkür
və fəxri fərman alıb. Məktəbin
rəy kitabına qeyd edilib". Həsən iş yerində
əməksevərliyi, vəzifəsinin öhdəsindən əla
gəlməsi ilə seçilir. Qısa
müddətdə kollektivin sevimlisi olur.
1961-ci ildə
təhsilini artırmaq üçün SSRİ Dəniz
Donanması Qafur Məmmədov adına
Bakı Dənizçilik Məktəbinin mexanika şöbəsinə
daxil olur. Təcrübəli matros burada da
özünü göstərə bilir. Fəal ictimai
iş aparır, komsomol təşkilatının katibi
seçilir, Xəzər hövzəsi elmi-texniki cəmiyyətinin
üzvü olur. OADKYC nəzdində həvəskar
sürücülər kursunu bitirir. 1963-cü il yanvarın 1-dən XXI qurultay adına gəmi
təmiri zavodunda çilingər işləməyə
başlayır.
Tezliklə ordu sıralarına
çağırılır. Xidməti ərzində
30 təşəkkür və müxtəlif təltiflər
xidmət vərəqəsində öz əksini tapır.
Qara Dəniz Hərbi Donanmasının orqanı
"Flaq rodinı" qəzeti onun haqqında yazılar dərc
edir. Vzvodda komsomol təşkilatının
katibi seçilir. Bir ildən sonra
"Sovet ordusu əlaçısı" döş
nişanına layiq görülür. İşinin
ustası kimi tanınır. Sevastopol Vilayət İcraiyyə
Komitəsi tərəfindən "Smena 2" fotoaparatı və albomla
mükafatlandırılır. Qırmızı bayraqlı
Qara dəniz Hərbi Komandanlığı Həsənin valideynlərinə
məktubunda yazır: "QDK Dəniz Donanması
komandanlığı və siyasi şöbəsi sizə belə
mətin, dəyanətli, anda sadiq hərbi dənizçi-oğlunuz
Həsənin tərbiyəsinə görə dərin minnətdarlığını
bildirir".
Həsənin
xidmət etdiyi hissənin komandanlığı onun həlakı
ilə əlaqədar
yazırdı: "Hörmətli Həsənin
valideynləri, icazə verin oğlunuzun, qardaşımız və
bizim ümumi dostumuzun faciəli həlakı ilə əlaqədar
bir daha dərdinizə şərik olduğumuzu bildirək və
sizi əmin edək ki, bütün şəxsi heyət
çalışır ki, sizin oğlunuz kimi olsun".
Müharibə illərdir ki, qurtarıb. Ancaq ayaq
açdığı yerə ölüm toxumu səpib.
Dənizin dibi, çimərliklər,
çöllər, tarlalar, dağlar, evlərin zirzəmiləri,
ən ağla gəlməyən yerlərdən belə bu
gün də qumbara, mərmi, minalar tapılır. Həmin hərbi sursatlarla istehkamçıların
apardıqları "müharibə" davam edir. Bu müharibədə qorxaqlara yer yoxdur. Burda hamı ölümə getdiyini yaxşı
bilir. Həsən bunu çox gözəl
anlayırdı. Bilirdi ki, hər zərərsizləşdirilməmiş
sursat neçə-neçə insanın həyatına son
qoyulması deməkdir.
Həsən
nümunəvi əsgəri xidmətinə görə 1965-ci il dekabrın 31-də Böyük Vətən
müharibəsində qələbənin 20 illiyi yubiley
medalı təltif olunur.
İnsan Allahın yaratdığı sirr, qəlbi sonu
olmayan mənəvi sərvət və zənginliklərlə,
hiss, duyğu, məslək, əqidə, qayə, inam, niyyət
və iradə ilə dolu kainatdır. Bəzən insan hansısa fövqəlbəşər
duyğu ilə onu nə gözlədiyini əvvəlcədən
hiss edir. Ömrü
Allah qarşısında, insanlıq, cəmiyyət,
vətən, ailə, vicdan və mənliyi
qarşısında bir vəzifə borcu kimi hiss edənlər,
həyatını ləyaqətlə sona
çatdırmağa hazırlaşır və qətiyyətlə
ona tərəf gedirlər. Həsən əbədiyyətə
qovuşduran ölümü tanıyırdı.
470 dəfə onunla üzbəüz qalmış və
bu qarşıdurmadan qazi kimi çıxmışdı. Lakin 471-ci
görüş onu bu həyatdan qoparıb
ölümsüzlük zirvəsi olan şəhidliyə
qovuşdurdu. Həsən öz həyatını
insanların uğrunda qurban verdi. Ölümündən sonra Qırmızı Ulduz
ordeni ilə təltif olundu.
Həsən
Cəbrayılovun böyük bacısı, Zərövşən
Zeynalova söhbətə qarışır:
- Bir dəfə
Xəzər dənizində gecə hər tərəfi
qatı duman bürüyübmüş. Həsən
gəmidə olub, lövbər salınıb. Birdən dumanın arasından işıq gəlməyə
başlayıb. Başqa bir gəminin onların gəmisinə
tərəf üzdüyünü hiss edib, tez həyəcan
siqnalı verb. Gəmi isə dayanmadan onlara tərəf
üzürmüş. Həsən Cəbrayılov
özünü itirmədən, gəmidə olan təhlükə
siqnalı da verib. Xəbər
çıxmadığı üçün yedək
qayığını dənizə endirib o biri gəmiyə tərəf
üzüb. Bosman yatdığı
üçün gəmi özbaşına hərəkət
edirmiş. Bosmanı oyadıb, gəminin
istiqamətini başqa tərəfə yönəldib.
Bu hadisədən xəbər
tutan Xəzər Hövzəsi Elmi-texniki Cəmiyyətində
tədbir keçirilib. Həsən Cəbrayılovun
göstərdiyi şücaətə görə onu
mükafatlandırıb və Komsomol təşkilatı katibi
seçiblər.
Həsən hərtərəfli qabiliyyətli idi. O, tar çalır, hekayə
və məqalələr yazır, rəsmlər çəkirdi.
Hərbi xidmətdə olarkən hissədə
çəkdiyi rəsmlərdən ibarət sərgi təşkil
olunmuşdu.
Məcid
dayı kövrəlib, gözləri dolub, üzünü gah
o yana, gah da bu yana döndərir ki,
kövrəldiyi hiss olunmasın: -"Anam səhər qalxanda
dedi ki, yuxusunu qarışdırıb. Elə
bil ürəyinə dammışdı ki, balasının
başında nə isə fəlakət var".
Qəfləti
qara xəbər ailəni sarsıdır: "Sizin oğlunuz Həsən
Qardaş oğlu Cəbrayılov Vətən
qarşısında xidməti vəzifəsini yerinə yetirərkən
qəhrəmancasına həlak olub".
Həsənin ölümünə biz bir az dözdük, ancaq atamız barışmırdı. Həsənin cənazəsini Krımda yerləşən Qara Dəniz Hərbi Donanmasından gətirmək üçün mən və atam iki yaxın qohumla getmişdik. Donanmada mərasim təşkil olunmuşdu. Qayıdanda da bizi təyyarə limanına qədər müşayiət etdilər.
Bakıya enəndə də bizi izdiham qarşıladı. İzdihamın önündə Azərbaycan Hərbi Komissarlığının rəis müavini, mayor Hüseyn İsmayılov idi.
Qaracallı kəndinə çatanda yenə izdihamla qarşılaşdıq. Cəbrayıl rayon partiya komitəsinin nümayəndələri, rayon hərbi komissarlığının işçiləri, kənd camaatı orada idi".
Bu əsnada öyrənirəm ki, azərbaycanlı istehkamçının uğur qazanmasını gözü götürməyənlər də olub. Krım vilayəti ərazisində hərbi sursatları zərərsizləşdirmək üçün müəyyən sahələr nəzarətdə saxlanılırmış. Əraziyə ancaq hərbçilər buraxılırmış. Həsən orada partlayıcının yerini müəyyən edir, qırmızı bayraq sancır. Bu vaxt nahar fasiləsi elan edilir. Heyət axtarışı dayandırıb nahar fasiləsinə çıxır. Nahardan sonra təhlükəli əraziyə daxil olanda xəbərdarlıq nişanını yerində görmürlər. İrəliləyəndə isə partlayış baş verir. Zabit və iki əsgər həlak olur. Müəyyən olunur ki, əsgərlər nahara gedəndə sonda maşına milliyyətcə erməni olan əsgər oturub. Əsgər həbs edilir və barəsində istintaq tədbirləri görülməyə başlayır.
Həsənin ölümündən sonra oxuduğu 99 nömrəli orta məktəbə onun adı verilir. Bir məsələni xatırladaq ki, müstəqilliyin ilk illərində Həsən Cəbrayılovun adını məktəb rəhbərliyi birtərəfli qaydada ləğv etmişdi. Bu zaman kollektivin əksəriyyəti buna etirazını bildirir. Həsən Cəbrayılovun adının bərpası məsələsi dövlət qarşısında qaldırılır. Beləliklə, ad yenidən bərpa edilir.
2016-cı ildə Həsən Cəbrayılovun şəhidliyinin 50-ci ili tamam olur. Kollektivin bir arzusu da məktəbin qarşısında Həsən Cəbrayılovun büstünün qoyulmasıdır.
Nemət
BƏXTİYAR
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
525-ci qəzet.- 2015.- 9 oktybar.- S.8.