Qarabağ qoxulu poeziya
Ağdamın,
"Külli-Qarabağın" al-əlvan libasa
büründüyü, Qədirin "Sona Bülbüllər"inin,
Novruzlu İsgəndərin "Ağdam Qarabağın toy
otağısan" mahnısının el-el, oymaq-oymaq pərvazlandığı
bir bahar çağında, daha dəqiq desək 44 il əvvəl
lirik şeirlərilə o dövrün qəzetlərində,
almanaxlarında görünən, tanınmış ziyalı
Qanboy Əliyev orta məktəbdə oxumağıma baxmayaraq
məni də bir bazar günü rayon qəzetinin
redaksiyasında keçirilən ədəbiyyat dərnəyinə
dəvət etdi. Buraya qonşu rayonların poeziya həvəskarları,
qələm əhli də təşrif gətirirdi və bəzən
ədəbi polemikalar, ən nümunəvi şeirlərin
qiraətlə oxunuşu, dünya klassiklərinə
istinadlar... bir vaxtlar Şuşada fəaliyyət göstərən
"Məclisi-üns"ü xatırladırdı...
Ağdamda
yaşayıb-yaradan, şeirləri toplularda, qəzetlərdə
çap olunan ziyalılardan Fikrət Lənbəranlı, Xudu
Sadiq, Rafiq Əli, Həsən Qəhrəman, Fəxrəddin
Sofulu, Yusif Əhməd və başqaları tez-tez ədəbi
məclisin qonağı olduğunu, bədii ədəbiyyatın
mövcud durumu, gerçək hədəfləri,
çağdaş ədəbi proses haqqında fikir və qənaətlərini
bölüşdüyünü, gənc yazarları dinləyib
onlara dəyərli tövsiyələr verdiklərini, dəstək
göstərdiklərini mənə bildirmişdilər. Növbəti ədəbi məclisin dəvətlisi
isə Abbas Səhhət, Nəriman Nərimanov ənənələrinin
ləyaqətli davamçısı, istedadlı şair-həkim
Ramiz Mövsüm oğlu Əliyev idi. O, ilk
görüşdən yaddaşımda bəstəboy, qara,
qıvrımsaçlı, şux, səliqəli qiyafədə,
aydın, mükəmməl nitqə malik, ciddi, dəqiq, səmimi
insan təsiri bağışlayan nurlu bir sima kimi qaldı.
Onun ilk şeirlər toplusu olan "Fidan" kitabı məclis
üzvlərinə, eləcə də mənə müəllifindən
öncə yaxşı tanış idi.
Şairin poeziyaya, sözə yüksək tələbkarlıqla
yanaşdığını onun ilk kitabının ön səhifəsində
yer alan bu misralardan da görmək olur:
Boş
yerə söz qoşub çağlamaqdansa,
Heç yazma, el səni qınamaz, könül.
Mənasız
on kitab bağlamaqdansa,
Mənalı
bircə bənd şeir yaz, könül!
Bu misralarda o dövr üçün xarakterik olan nəsihətçilik
ruhu yoxdur. Burada şairin özünə, öz könlünə
müraciəti, diləyi, istəyi, arzusu yer alıb. Kəmiyyətə, həcmə daha böyük dəyər
verildiyi (bu tendensiya özünü qonorarda da qabarıq
büruzə verirdi-A.R.) bir zamanda sanbalın, mənanın ən
ciddi tələb kimi önə çəkilməsi
bütün dövrlərdə böyük sənətkarları
həmişə düşündürmüş, ötən
illərə boylanıb bu gün tam əminliklə demək
olar ki, şair öz məramına yarıməsrlik
yaradıcılığı boyu sadiq qalmışdır.
Bahar ovqatlı poeziya məclisində Ramiz Mövsüm
çağdaş Azərbaycan şeiri haqqında
düşüncələrini bölüşdü.
Oxunan yeni şeirlərə münasibətini bildirdi. O vaxtdan uzun illər
keçməsinə baxmayaraq duyğusallıqla xatırlayıram
ki, bu sətirlərin müəllifinin üç bəndlik nəzmini
böyük sevgi ilə dərnəkdə təhlil etdi və
orta məktəb şagirdinin mətbuatda ilk
çıxışı olan həmin yazı Ramiz
Mövsümün məsləhəti ilə Ağdam rayon qəzetinin
növbəti sayında işıq üzü gördü. İmzamı mətbuat səhifəsində ilk dəfə
görəndə keçirdiyim sevincin miqyasını həyəcansız
təsəvvür etmək çətindir və o xoş
anlara görə Ramiz Mövsümə minnətdaram.
Onun
sonralar özünü görə bilməsəm də,
"Azərbaycan", "Ulduz" jurnallarında, "Azərbaycan
gəncləri", "Ədəbiyyat və incəsənət"
qəzetlərində nəşr olunan şeirlərini izlədim,
həyatı və fəaliyyəti ilə yaxından
tanış oldum.
Ramiz
Mövsüm oğlu Əliyev 75 il əvvəl,
1940-cı il mart ayının 27-də Ağdam şəhərində
dünyaya göz açıb. Burada orta məktəbi
müvəffəqiyyətlə bitirib. İlk
şeiri 17 yaşında Ağdamın "Lenin yolu" qəzetində
dərc olunub. Sonra böyük
arzularının arxasınca Bakı şəhərinə gəlib.
Bir müddət Bakı Neftayırma zavodunda
operator vəzifəsində (1957-1960) çalışıb.
Həyatın ağrı-acılarına təkbaşına
sinə gərib, klassiklərin əsərlərini, xarici ədəbiyyatı
mütəmadi mütaliə edir, yaradıcılıqla məşğul
olurdu. Yaxın dostları, qohumları elə hesab edirdi
ki, Ramiz ali təhsil üzrə ixtisas
seçimində tərəddüdsüz Azərbaycan Dövlət
Universitetinin Filologiya fakültəsinə sənədlərini
verəcək. Belə düşüncələr
üçün yetərincə əsaslar da var idi. Lakin o fərqli peşə sahəsini seçdi.
Çarəsiz insanlara dəstək olmaq, xəstələrə
yüksək peşəkarlıqla xidmət etmək,
xalqının sağlamlığı keşiyində şərəflə
dayanmaq yolunu tutdu. N.Nərimanov adına
Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə
daxil olaraq burada cərrahlıq peşəsinin sirlərinə
dərindən yiyələndi (1961-1967), təhsilini uğurla
başa vuraraq Ağdam, Şabran və Bakı şəhərlərində
həkimlik fəaliyyətini böyük sevgi, məhəbbətlə
davam etdirdi.
O, eyni zamanda
bədii yaradıcılıqla da ciddi məşğul idi.
"Yazıçı", "Gənclik" nəşriyyatlarında
"Fidan" (1968), "Ömrümün gündüzündə"
(1978), "Anam, atam" (1981), "Günay" (1983),
"Balaca Elşadın dostları" (1989) kitabları
işıq üzü gördü. Lirik və
satirik şeirləri, poemaları, pyesləri, təmsilləri,
tapmacaları, uşaqlar üçün poetik nümunələri
dövri mətbuatda mütəmadi çap olunur. Ramiz Mövsüm 1984-cü ildən Azərbaycan
Yazıçılar Birliyinin üzvüdür.
"Qızıl açarın nağılı" pyesi
2014-cü ildə Salyan Kukla Teatrında uğurla tamaşaya
qoyulmuşdur... "Məhəbbət abidəsi"
kitabı hazırda nəşr prosesindədir...
Qarabağ
kökənli istedadlı şairimiz Şahmar Əkbərzadə
"Sevgi borc verilməz" (1982) şeirlər kitabına
avtoqrafında yazırdı:
"İstiqanlılığı,
canıyananlılığı ilə ürəyimi müstəmləkəsinə
çevirən şair qardaşım Ramiz Mövsümün
önündə baş əyən, ən çətin
anlarda "Nə yaxşı ki, bu dünyada Ramiz var" - deyən
müəllifdən kiçik nişanə. 7.XII.82".
Şahmar Əkbərzadənin səmimiyyətlə
söylədiyi düşüncələri şairin şəxsiyyəti,
insanlara isti münasibəti haqqında aydın təsəvvür
yaradır. Fikrimcə Ş.Əkbərzadənin verdiyi bu
yüksək dəyərə istinad təsadüfi deyildir.
Ramiz Mövsüm necə deyərlər - bir əlində
skalpel, bir əlində qələm xalqının cismani
sağlamlığı və mənəvi saflığı
yolunda yarım əsrdən çoxdur ki, ləyaqətlə
xidmət edir. O poetik sözü, cəsarətli, xeyirxah
əməli ilə xəstə düşüncələrə,
naxoş bədən üzvlərinə
şəfa, həyat eşqi bəxş etməyi bacarır...
Fərqli zamanlarda və məqamlarda skalpellə
qələmin kəsərinin, ovxarının ən yüksək
səviyyədə olması iddiasına təşəbbüs
göstərmək səmimiyyətdən uzaq olardı...
bir-birini əvəzləməsi ehtimalı şübhəsizdir.
Bəzən də paralelizm
görüntüsü yaradan fərqli sənət sahələri
eyni qəlbin döyüntüsündən nəşət
taparaq saf, səmimi duyğular məcrasında bir məqsədə
xidmət göstərir, birincinin xilaskarlığını
ikinci tərənnüm edir. Ramiz Mövsüm
"Bıçaq və nəğmə" şeirində sənətindən
qaynaqlanan təbii yaşantılarının poetik mənzərəsini
böyük ustalıqla yarada bilmişdir:
Nəbzi
saymaq çətin!... Ürəyin üstə,
Gedir cərrahiyyə əməliyyatı.
Yatıbdır,
heç nəyi duymayır xəstə;
Sənin əlindədir onun həyatı.
Bıçağın
nəğməkar qanına batır,
Sən ki, əzəl gündən nəğməyə
yarsan.
Hər
teldə, damarda bir nəğmə yatır...
Gözlə,
nəğmələri yaralayarsan!
Düşünürəm ki, bu misralar şairin səmimi,
poetik duyğuları ilə süslənmiş avtoportretidir. Burada, cərrah
bıçağı ilə əməliyyat edən də,
ürəyi nəğmələrlə dolu əməliyyat
olunan da müəllifdir. Şair Ramiz nəğmə
ilə çırpınan qəlbini cərrah Ramizə
tapşırır. Ona "Sən ki, əzəl
gündən nəğməyə yarsan" - deyərək
öyür, cərrahı sayıqlığa, həssaslığa,
qətiyyətə dəvət edir. Cərrah
Ramiz əməliyyatları şair duyğusu, sevgisi və həssaslığı
ilə həyata keçirir. Şeirin diktə etdiyi qayə,
hədəfə aldığı örnək odur ki, hər
bir cərrah bıçağı, skalpeli, lanseti əlinə
alarkən pasientin yerində özünü görməyi,
duymağı, hiss etməyi bacarmalıdır. Bu
duyğusallıq poeziyanın tibb elminə
aşıladığı yeni mənəvi keyfiyyət, fərqli
baxışdır.
Ümumi müşahidələrə əsaslanaraq bir məqamı
da vurğulamağa dəyər. Ramiz həkimin şəfa
verdiyi xəstələrinin sayı birmənalı olaraq
şair Ramiz Mövsümün şeirlərinin sayından bəlkə
də on dəfə, yüz dəfə çoxdur. Amma onun şeirlərinin ömrü, şəfa bəxş
etdiyi insanların ömründən qat-qat uzun olacağı
da zərrə qədər şübhə doğurmur. Çünki şeir oxunduqca yaşayır,
yaşadıqca oxunur. Nə gizlədək,
Ramiz Mövsümün poeziyasından Ağdam ətiri,
Qarabağ qoxusu gəlir - desəm yəqin ki, mübaliğəyə
yol vermiş olmaram. Ona görə yox ki,
Ramiz ağdamlıdır, qarabağlıdır. Ona görə ki, vətənimizin bu unikal bölgəsi
onun poeziyasında böyük sevgi, incə, zərif
duyğularla tərənnüm olunur, vəsf edilir. Şeirlərinin hər misrasında şairin vətənpərvərliyi,
yurd, ocaq yerinə sarsılmaz məhəbbəti döyünməkdədir.
"Ağdam
düşüncələri"ndə yenə də Qarqar
çayı coşub-daşır... Musiqi beşiyi olan bu
torpağın üstünə üfüq qızıl
tağ kimi əyilir... Taxtapuşları
yağış damlaları dilləndirir. Burada oxuyanlar qədərsizdir,
amma Qədirin "Sona bülbüllər"i qənirsizdir...
Beləliklə düşüncələrin məna və
rəng çalarları Ağdamın nəğməyə və
gül-çiçəyə qərq olmuş bir bahar
gününün qövsi-quzehini yaradır. "Bakı -
Ağdam qatarı"nda isə şair düşüncələrinin
qatarında Qarabağın bu dilbər guşəsinə yol
gedirik, meyvəli bağları, nurlu insanları göz
önündə canlanır. Şeir 45 il
bundan əvvəl yazılsa da, Ağdamla bağlı şair
öncəgörməsinin həzin bir
nigarançılığı sezilməkdədir. Və yaxud
bir başqa şeirində Ramiz Mövsüm rəssam həssaslığı
ilə əlinə fırça alaraq "Ağdamın
axşamları"nın polifonik mənzərəsini
belə yaradır:
Alova, oda
düşür,
Topa-topa buludlar.
Göylərə
səda düşür
Durnalar
qatar-qatar
Uçur
üfüqə sarı...
Min səsli-soraqlıdır
Ağdamın axşamları.
Romantik pafosun xəyalları qanadlandıran yığcam
və düşündürücü bu təbii lövhəsinin
indiki zamanda birmənalı qarşılanması
müşkül məsələdir.
Uşaqlıq və gənclik illəri Qarqar
çayının zümzüməsi altında keçən
şair eyniadlı şeirində çox gileylidir.
"Süsənlər, sünbüllər suyuna
sallanmır" - deyə poetik mənzərə yaradan Ramiz
Mövsümün alliterasiyalı düşüncəsinin
alt qatında narahatlıq, ürək
çırpıntısından əlavə üzə bozaran
ictimai motivi görməməzliyə vurmaq da
mümkünsüzdür.
Göy ləpən
döyərdi o yalın qaşını,
Haçandır
görmürük yazını, qışını,
Hörgüyə
hörürlər qara çay daşını,
Bəs
niyə gurlayıb salmırsan hay-haray, Qarqarçay!
Bu
şeir 36 il əvvəl yazılsa da
günümüzün, çağdaş zəmanəmizin
ictimai ovqatını özündə yaşadır. Şair intuisiyasına güvənərək
Qarqarçaya müraciətlə Qarabağdakı qarətlərin,
qətli-amların, qəddarlıqların sanki anonsunu verir,
suyu kəsilən, daşı daşınan insanları
sayıqlığa, əzmkarlığa səsləyir.
Ramiz
Mövsümün "Qarabağda payız", "Ağdam
düşüncələri", "Poladlıya gedən
yol", "Bərdədə bir qız yaşayır",
"Xarı-bülbül" və b. şeirlərindən
sözün həqiqi mənasında tamarzı
qaldığımız Qarabağ qoxusu gəlir...
...Şairlə onun yubiley günündə üz-üzə əyləşib saatlarla söhbət edirik. Vaxtın necə sürətlə gəlib-keçdiyindən xəbərimiz olmur. Qarabağlı, Ağdamlı xatirələri vərəqləyirik... Ramiz Mövsüm danışdıqca baxışlarının dərinliyində kök salmış kədər diqqətimdən yayınmır. 75 yaşın gətirdiyi fəzilətlər yurd-ocaq itkilərinin ağrı-acılarına məlhəm ola bilmir. Xəyalımdan ani bir fikir keçir: Şuşanın Cıdır düzündən dərdiyim bir dəstə Xarıbülbülü mötəbər yubileyi münasibətilə çoxsaylı poeziyasevərlər adından şairə bağışlaya biləydim... Ramiz Mövsümün baxışlarından o qüssəni-kədəri silmək üçün Xarıbülbüldən də böyük mükafat təsəvvür edə bilmirəm. Bu günün xəyalı, sabahın gerçəkliyidir...
Asif Rüstəmli
525-ci qəzet.-
2015.- 9 oktybar.- S.7.