Məlum və Naməlum Üzeyir Hacıbəyov
(63 illik ömrünün 60 ilini Üzeyir bəy
Hacıbəyli Çar Rusiyası və Sovet Azərbaycanında
Hacıbəyov soyadı ilə yaşayıb və
yaradıb. Məqalə
sənədlər əsasında yazıldığı
üçün müəllif, Hacıbəyov soyadını
saxlayıb)
(Əvvəli
ötən sayımızda)
1937-ci
ilin sonlarında Az.K(b)P MK Bürosunun qapalı iclasında məsələyə
baxılır, yuxarıda göstərilən faktlarla
yanaşı Ü.Hacıbəyovun adının "ifşa
edilmiş xalq düşmənləri Ruhulla Axundov və digərlərinin
ifadələrində də "tərksilah edilməmiş
müsavatçı" kimi çəkildiyi
vurğulanır. Müzakirələrin nəticəsi
kimi Mir Cəfər Bağırovun imzası ilə
bütün bu faktları yoxlamaq və bir daha Büroya
çıxarmaq haqqında qərar qəbul edilir. Lakin eyni zamanda Hacıbəyovun "böyük bəstəkar
kimi geniş şöhrətə malik olduğu, həmçinin
Azərbaycan kəndlilərinin yerli feodallara və türk
sultanlarına qarşı mübarizəsi mövzusunda ən
uğurlu və istedadla yazılmış musiqi-əsərinin
- yeni "Koroğlu" operasının müəllifi
olduğu üçün onun Millətlər Şurasına
deputatlığa namizədliyinin hələlik geri
götürülməməsi" qərara alınır.
Hadisələrin sonrakı inkişafı göstərir
ki, həmin faktları heç yoxlamaq da lazım bilinmir, belə
ki, bu məsələ bir daha Büroya
çıxarılmır. Eyni zamanda Mir Cəfər
Bağırovun simasında Üzeyir Hacıbəyovun Azərbaycan
Sovet hakimiyyət dairələrində ən yüksək səviyyədə
hamisi olduğu aydınlaşır. Ədalət
xətrinə deyilməlidir ki, repressiya olunmaq təhlükəsinin
sovuşmasında cəmi bir neçə aydan sonra Moskvada
keçiriləcək Azərbaycan İncəsənəti
ongünlüyünə qızğın hazırlıq
işləri getdiyi və Üz. Hacıbəyovun
özünün və əsərlərinin bu ongünlük
proqramının əsasını təşkil etdiyi faktoru da
az rol oynamır.
1938-ci ilin fevralında Moskvada Azərbaycan İncəsənəti
ongünlüyünü birmənalı şəkildə
Üzeyir Hacıbəyovun triumfu hesab etmək olar. "Koroğlu",
"Arşın mal alan", "Stalinə
salam" və digər əsərlərinin görünməmiş
uğur qazanması Üzeyir Hacıbəyovun yerini artıq
Sovet musiqi olimpində möhkəmləndirir. Bəstəkara
SSRİ Xalq artisti adı, Lenin ordeni, Stalin mükafatı verilməklə onun
Sovet hakimiyyəti qarşısında xidmətləri təsdiq
olunur. Moskvadakı dekada zamanı həmçinin
Üzeyir bəyin Mir Cəfər Bağırovdan qat-qat
qüdrətli himayədarı olduğu üzə
çıxır. Kremldə keçirilən təntənəli
axşam qəbulunda Sovet dövlətinin başçısı Stalin Üzeyir bəyi 5 saat
öz yanında oturdur və onunla çox səmimi söhbətlər
edir.
"Böyük rəhbərin" Üzeyir bəyə
bu diqqəti onun bədxahlarına çox ciddi siqnal olur. Lakin Rəhbərin
qayğısı yalnız bununla bitmir. 1938-ci ilin may
ayında Stalin Bakıya, Bağırova göndərdiyi
teleqrafda Üz. Hacıbəyovun növbədənkənar dərhal
partiya sıralarına qəbul ediləsi barədə göstəriş
verir və Sovet İttifaqı Kommunist Partiyasına qəbul
sistemində milyonda bir dəfə baş verən presedent
yaranır - namizədlik müddəti keçmədən,
heç kəsdən zəmanət almadan, M.C.Bağırovun
adına 8 səhifəlik bir ərizə yazmaqla Üzeyir Hacıbəyov
heç vaxt, hətta Cümhuriyyət dövrü can
atmadığı bir işə təhrik edilir - siyasi təşkilata
üzv olur. 1939-cu ilin əvvəllərində
Üzeyir Hacıbəyov Azərbaycan Dövlət
Konservatoriyasına rektor təyin olunur. Ondan
daha əvvəl, 1937-ci ilin əvvəllərindən isə
Azərbaycan Bəstəkarlar İttifaqının sədri
seçilməklə, uzun illər yalnız müavin
olduğu bu təşkilatlarda, nəhayət ki, birinci
mövqelərə çıxır.
Lakin bütün bu vəzifələr, mükafatlar, diqqət
və qayğı Üzeyir bəyi daim izləyən repressiya
təhlükəsinin heç də arxada
qaldığını göstərmirdi. 1940-cı ilin
əvvəllərində artıq 10 ildən çox əlaqə
saxlaya bilmədiyi Parisdəki kiçik qardaşı Ceyhun bəyin
ailəsindən aldığı bir məktub Üzeyir bəyi
bir daha Sovet Siyasi orqanları ilə üzləşməyə
vadar edir. Məktubda Ceyhun bəyin I Dünya
Müharibəsinin başlanması ilə Fransa ordusuna
çağırılan böyük oğlunun həlak
olduğu bildirilir və bir sıra xahişlər edilirdi.
Üzeyir bəy həmin məktuba cavab vermək
üçün düz 1 il yarım icazə gözləməli
olur və Sovet siyasi və kəşfiyyat orqanlarının
tam nəzarəti altında yazdığı 8 səhifəlik
bu cavab yəqin ki, onun bütün həyatı boyu
yazdığı yüzlərlə məktubun arasında ən
ağırı olmaqla Üzeyir bəyin Bakıda, Ceyhun bəyin
isə Parisdə girov vəziyyətinə
salındıqlarını göstərir.
Təbii ki, bütün bu daxili sarsıntılar təsirsiz
ötüb keçmirdi. 1945-ci il Üzeyir Hacıbəyovun
öz sağlığında Sovet sistemi daxilində
qazandığı şöhrət və ümumxalq məhəbbətin
təsdiqinin ən geniş şəkildə nümayiş
olunduğu son il olur. Bütün Azərbaycan və Sovet
respublikaları, paytaxt Moskva və ölkənin mədəniyyət
mərkəzi sayılan Leninqrad, bir sözlə bütün
ölkə, hətta Sovet qoşunlarının himayəsi
altında Cənubi Azərbaycan və İran Üzeyir
Hacıbəyovun anadan olmasının 60, musiqi fəaliyyətinin
40 illiyini böyük təntənə ilə qeyd edir. Üzeyir Hacıbəyov musiqi sahəsində elmi-nəzəri
əsərlərinə görə yeni yaradılan Azərbaycan
Elmlər Akademiyasının həqiqi üzvü seçilir.
Lakin 1946-cı ildən ölkədəki siyasi abu-hava
bir də dəyişir, yenidən ideoloji sahədə
düşmən axtarışları başlanır. Bir neçə
təhsil, musiqi, elmi müəssisə və yaradıcı təşkilatlara
rəhbərlik edən və sözsüz nüfuz sahibi
sayılan Üzeyir Hacıbəyovun bu geniş fəaliyyətində
də nöqsanlar tapmaq meylləri görünməyə
başlayır. Vaxtilə Üzeyir bəyin ən ciddi
"kompromatlarının" üstündən keçən respublika rəhbərliyinin
dövrün "bu yeni tələblərinə" cavab vermək
və "milli gənc kadrları
sıxışdırmaq" kimi absurd şikayətləri
araşdırmaq cəhdləri onsuz da gərgin və
ağır zəhmət dolu illərin yorğunluğundan əziyyət
çəkən Üzeyir bəyin səhhətində ciddi
problemlər yaradır. Belə bir vaxtda
konservatoriyaya böyük yoxlama komissiyasının göndərilməsi
vəziyyəti daha da gərginləşdirir. Lakin bu dəfə də Üzeyir bəyin ən
yüksək himayədarı işə qarışır.
Bəstəkarın artıq ciddi surətdə
xəstələndiyini eşidən Stalin onu Kreml xəstəxanasında
müalicə olunmağa dəvət edir. 1947-ci
ilin əvvəllərindən başlayaraq Üzeyir bəyin səhhəti
ilə bağlı məsələlər dövlət nəzarətinə
götürülsə də, artıq onun ömrünü
uzatmaq mümkün olmur. Sovet hakimiyyətinin 28 il əvvəl
yaşamaq və yaratmaq imkanı verdiyi və bütün bu 28
ildə əzizləyib-qorxudaraq
və qorxudub-əzizləyərək yaşatdığı,
yaratdıqlarından tam surətdə bəhrələndiyi bu
nəhəng tarixi şəxsiyyət respublika rəhbərliyi
nümayəndələrinin çiynində və sonsuz xalq
kütlələrinin müşayiəti ilə 1948-ci il
noyabrın son payız günlərində həqiqətən
layiq olduğu şərəf və hörmətlə son mənzilə
yola salınır.
Lakin Üzeyir Hacıbəyovun şəxsiyyəti və
onun Cümhuriyyət dövrü fəaliyyəti mövzusu
onun ölümündən artıq bir neçə ay sonra bir
daha gündəmə gəlir.
1949-cu
ilin avqust ayında Zaqafqaziya Hərbi Dairəsi Siyasi İdarəsinin
rəisi Rutinovun Azərbaycan KP MK-nə göndərdiyi məktubda
"Türkiyənin rəsmi "Ulus" qəzetinin 5 may
tarixli sayında "Yalvacoğlu" imzası ilə
Üzeyir Hacıbəyov haqqında bir məqalə dərc
olunduğu və Türkiyənin "qaragürüh hakim
partiyası tərəfindən" ölümündən
sonra bu görkəmli Sovet bəstəkarına və
bütün Sovet mədəniyyətinə böhtan atmağa
qərar verildiyi göstərilirdi.
Məqalə
müəllifi Yalvacoğlunun
"türkiyəli" olduğu nə Rutinov, nə də
Azərbaycan rəsmiləri tərəfindən şübhə
altında alınmasa da bu yazıda Üzeyir bəyin
özünün "Azərbaycan" qəzetindən və
M.Ə.Rəsulzadənin Cümhuriyyətin 1 illiyi münasibətilə
1919-cu ilin mayında buraxdığı "İstiqlal" məcmuəsindən
dərc olunmuş məqalələrindən iqtibaslar gətirilməsi,
nəqalənin ümumi ruhu və üslubu, eləcə də
müəllifin adına işarə kimi Yalvacoğlu soyadı
qarşısında qoyulan "M.E." imzası bu məqalə
müəllifinin Məhəmməd Əmin (türkcə
-Emin) Rəsulzadə olduğunu təxmin etməyə əsas
verir.
Sözü gedən məqalədə Üzeyir Hacıbəyovun
musiqi yaradıcılığı və musiqi əsərləri
geniş təhlil olunur və onun sənətkar kimi ictimai
görüşlərindən danışılırdı. Üzeyir bəyin
İstiqlal dövrü böyük ümidlə
yazdığı "Hürr millətin hürr sənəti
bütün gözəlliyi ilə meydana çıxacaq və
millətimizə mədəni millətlər ailəsinə
daxil olmaq və bu aləmin haqqlarında müsavi bir əzası
olmaq haqq və səlahiyyətini qazandıran amillərdən
ən mötəbəri və ən müyəssəri
olacaqdır!" arzusunu önə çəkən müəllifi
yazırdı: "Qızıl totalitarizmin istibdadı
altında və mədəniyyət dünyasından təcrid
edilmiş bir halda yaşamaq çəkilməz bir faciədir;
bu şərtlər altında yaratmaq isə faciələr
faciəsidir. Sənətkarın möhtac
olduğu ən böyük nemət, hürriyyətdən məhrumiyyətdir".
M.E.Yalvacoğlu
Üzeyir bəyin öz millətinin həqiqi övladı
kimi milli maraq və milli hisslərə malik olduğunu
vurğulayır, lakin bolşevik rejiminin onun müstəsna zəkasını
öz diktaturası altına alaraq öz maraqlarına uyğun
istifadə etdiyini və verdiyi bir sıra rəsmi vəzifə
və adlarla "mənimsədiyini" qeyd edirdi.
"Fəqət bihudə. Dəmir pərdənin arxasında kəndisinə süni marşlar yazdırılsa da, Moskvada omuzu diktatorun əliylə oxşanılsa da, tabutu başında Azərbaycan mənəviyyatı ilə ilgiləri olmayan komissarlar növbətə dursalar da, Hacıbəyli Üzeyiri Azərbaycandan, Azərbaycan kültüründən və azəri-türk tarixindən kimsə ayıramaz! O, milli Azərbaycan varlığının dayanaqları arasında qalacaq ayrılmaz böyük bir dəyərdir!
Belə müddəalara mütləq cavab vermək qərarına gələn Azərbaycan rəsmiləri həmin işi Mirzə İbrahimova tapşırırlar. Öz dövrünün çox maraqlı şəxsiyyətlərindən biri, milli ruhlu Sovet yazıçı-ideoloqlarından olan, Ü.Hacıbəyovla yaxından əməkdaşlıq etmiş və onun böyük hörmət və rəğbətini qazanmış Mirzə İbrahimov Yalvacoğluna cavab vermək üçün əvvəlcə orijinal bir üsul seçir: Üzeyir bəyin Sovet mətbuatında çap olunmuş yazılarından, həmçinin partiyaya üzv olmaq üçün ərizəsindən onun Sovet hökumətinə və rəhbərliyinə münasibətini ifadə edən, Azərbaycanda mədəniyyətin yüksəlişi, özünə olan qayğı, hörmət və s. mövzulara aid ayrı-ayrı sitatlar götürməklə "Üzeyir Hacıbəylinin "Ulus"dakı böhtançılara cavabı" adlı bir yazı hazırlayır. Lakin Üzeyir bəyin "cavabları" yəqin ki, Mirzə İbrahimovun özünə də "inandırıcı" görünmür və bu dəfə dövrün sınaqdan çıxmış bütün sırf ideoloji qəlibləri çərçivəsində M.E.Yalvacoğluna öz imzası ilə kəskin ruhlu bir cavab yazaraq Üzeyir bəyin məhz Sovet dövrü azad sənətkar kimi yaşadığını və xalqına xidmət etdiyini əsaslandırmağa çalışır. Bu iki əks qütbdə dayanmış müəlliflərin Üzeyir bəyin Sovet dövrü həyat və yaradıcılığına verdikləri qiymətin hansı müddəalarda səhv ya düz olduğunun dərinliyinə varmadan onların hər ikisinin bir həqiqəti etiraf etdiyi danılmazdır:
Üzeyir bəy bütün ömrü boyu Yalvacoğlunun "millət", Mirzə İbrahimovun "xalq" adlandırdığı - Azərbaycan milləti və xalqına, həmçinin Azərbaycan dövlətçiliyinə xidmət etmişdir. Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Üzeyir bəyin Cümhuriyyət dövrü fəaliyyətinin layiqincə qiymətləndirilməsi, Sovet dövrü fəaliyyətini isə hər hansı təftişə məruz qoymaq təşəbbüsü belə edilməməsi faktı özlüyündə bu həqiqəti bir daha təsdiq etdi. Bu baxımdan Üzeyir Hacıbəyov hər hansı ideologiya, rejim və hakimiyyətlərin fövqündə duran möhtəşəm tarixi şəxsiyyətdir və onun mənsub olduğu xalq və dövlət yaşadıqca Üzeyir Hacıbəyovun da adı, əməlləri və sənəti daim yaşayacaqdır.
Solmaz Rüstəmova
525-ci qəzet.-
2015.- 9 oktybar.- S.6.