Deyiləm

 

 

Oktyabrın 11-i mərhum şair Eldar Nəsibli Sibirelin anım günüdür.

 

Bu münasibətlə “525-ci qəzet” şairin müxtəlif illərdə qələmə aldığı şeirlərdən seçmələri oxuculara təqdim edir.

 

 

Uzaqda dayanma, bir yaxına gəl,

Gəl, qorxma, sirrini yayan deyiləm.

Onsuz da o qədər aldanmışam ki,

Mən daha hər sözə uyan deyiləm.

Sevgimi umanlar sanki nağıldı,

Səni görən kimi qaçdı, dağıldı,

Mən indi dəliyəm, yoxsa ağıllı,

Özüm də özümə əyan deyiləm.

Bu həsrət vüsala qovuşar haçan?

Dünyada sən adlı bir ehtiyacam,

Ülvi gözəlliyə gözləri acam,

Ötəri baxmaqla doyan deyiləm.

 

Heyif ki...

 

Gözəl yaratsa da Tanrım bu qızı

Özü öz qədrini bilmir heyif ki...

İstəsə qəlbində sevinc çiçəklər,

Gözünün nəmini silmir, heyif ki...

Eşqinə yol alıb gələndən qaçır,

Dərdini onunla böləndən qaçır,

Dərdə bax, dərdindən öləndən qaçır,

Birinin dərdindən ölmür, heyif ki...

Gəlsə gəlişinə yollar açılar,

Eşqindən lal olan dillər açılar.

Gülsə, dodağında güllər açılar,

Bir dodaq tərpədib gülmür, heyif ki...

Dilində həyatın “neylim” , “neylim” i,

Bəyənmir Məcnunu, sevmir Leylini.

Qərib tənhalığa salıb meylini,

Allahın yoluna gəlmir, heyif ki...

Sibirel, dadına çatan istəyir,

İstəyir o səni, atam, istəyir.

Dünyada hər şeyi o tam istəyir,

Yastığı yarıya bölmür, heyif ki...

 

Könül, qəm eləmə...

 

Könül, qəm eləmə, gen gəzsə əgər

Bir zaman vurğunun, dəlin olanlar.

Ağzını açmamış tutsa dilindən,

Ağzının içində dilin olanlar.

Bu da bir dünyadır...var boşu, bərki

Hamıdan sədaqət ummağı tərgi.

Nə vaxtdan özünə gün ağlayıb ki,

Ürəyi obanın, elin olanlar.

Duzsuzlar duz gəzsə şorunu görməz.

Köksündə açılan şırımı görməz.

Külüyün altında qorunu görməz,

Nə çoxdur başına külün olanlar.

Səsi haqdan gəlir şeirin, sənətin,

Ancaq bu hikməti anlayar çətin,

Ayağı altında şanın, şöhrətin

Hər zaman pəyandaz, kilim olanlar.

Sibirel, əyrilər əyəmməz səni.

Bədxahlar, xəbislər öyəmməz səni.

Öyrənə-öyrənə bəyənməz səni,

Köçürə-köçürə alim olanlar.

 

Nə tapar...

 

Bu dünyanın milyon-milyon sirri var

Sualından, sorğusundan savayı.

Kim düz baxıb gözlərinə ölümün?

Qurd ürəkli doğrusundan savayı.

Ər qəzəbi çaylar kimi bulanıb,

Vaxt olub ki, dağı, daşı dolanıb

Bu dünyada kimlər yaxşı dolanıb?

Oğrusundan, əyrisindən savayı.

Öz yolundan nə vurulur, nə sapar?

İlhamıyla qaya yarar, dağ çapar.

Bu dünyada sənətkarlar nə tapar?

Ürəyinin ağrısından savayı.

 

lll

 

Sən mənim ömrümdən çıxıb getmisən,

Mən daha heç kəsi sevən deyiləm,

Əlinlə evimi yıxıb getmisən,

Mən daha heç kəsi sevən deyiləm.

Gözümdə bahartək yaşıldı sevgim,

Sinəmə sığmırdı,daşırdı sevgim,

Məni bu zirvədən aşırdı sevgim,

Mən daha heç kəsi sevən deyiləm.

Qaynar bulaqlarım içilməz oldu,

Yandım,tüstüm çəndən seçilməz oldu,

Həsrətin dəryası keçilməz oldu,

Mən daha heç kəsi sevən deyiləm.

Sən olan qəlbimə qarışdı başım,

Özüm yaddan çıxdım,çoxaldı yaşım,

Sevdim,əzab gördüm,sevgim- göz yaşı,

Mən daha heç kəsi sevən deyiləm.

 

Yenə səni gördüm...

 

Yenə səni gördüm hürkək , gülümsər,

Saçını dağıdıb tökmüşdü külək.

Gördüm ki, yanına qaçıb tələsir,

Məntək həsrətini çəkmişdi külək.

 

Bu nə möcüzəydi, bu nə sirriydi,

Baxışım su kimi içirdi yolu.

Yoxsa xoşbəxtliyin yönü bəriydi,

Ömrümdən, günümdən keçirdi yolu.

Anlayan bilmədim əzəl qəlbimi,

Sevinc bolluğundan eyməndi deyən.

Sonra ovçu görmüş marallar kimi,

Həsrətlər dağılıb teyləndi deyən.

O gün doğma sandım düşməni, yadı,

Ulduzlar gözümə yığıldı o gün.

Ancaq kipriklərim saxlayammadı,

Üstümə, başıma dağıldı o gün.

.

Gördüm ki, tale də üzümə baxıb -

Olmuşdu necə də üzüyola o.

Az qala ürək də köksümdən çıxıb,

İstərdi quş kimi qanad çala o.

Yenə səni gördüm, oynaq, gülümsər

Soğulmuş ümidlər daşdı çay kimi.

Önünü dumanlar, buludlar kəsən,

Məhəbbət dünyama doğdun ay kimi.

Uzanar gecəyə cuna kimi,

Bir də nə azalar, itər bu işıq.

Sənsiz keçən ömrün sonuna kimi,

Yetər indən belə, yetər bu işıq.

 

Torpaq nəğməsi

 

Ana torpaq, ilk məskənim, son yerim

Dağın, dərən mənə arxa, həyandı.

Boynubükük bənövşələr-kədərim,

Alovlanan lalələrin-həyamdı.

Üfüqlərin xəyalımın yoludu,

Hər qarışın müqəddəsdi, uludu,

Yanğım olsa, göylərinin buludu,

İstəyimi bir baxışdan duyandı.

Bir zərrən də səni məndə yaşatdı,

Yaddan çıxsa bir yer adı, daş adı-

Küləklərin yaddaşıma daş atdı,

Mürgüləyən xatirələr oyandı.

Min il keçsə ömür sənə yad olmaz,

Sənsiz bir gün ürəyimdə od olmaz,

Nəm duyğular atəşindən od almaz,

Ha yelpiklə, ha alışdır, ha yandır.

Baş açmadım, heç bu necə sirr idi?

Eşqim dəcəl uşaq kimi kür idi.

Bir gözəli görən kimi kiridi,

Axşam, səhər yollarında dayandı.

Ana torpaq susdurmaqçün düşməni,

Al, güllətək sinəsinə sıx məni.

Bir saz üstə zəfər adlı nəğməni,

Sazım, sözüm bu dünyaya yayandı.

 

Məni

 

Ömür keçdi, getdi ...ulu təbiət

İnanma, təzədən yoğura məni.

Bir bulud ömründə yağış eyləyib,

Çiləyə yar gələn cığıra məni.

Yadda yox, özümdə axtardım eyib.

Haqq gəzdim, dəmirdən çarıq da geyib.

Tale gecikdirdi hər zaman, heyif...

Həyatda qismətə, uğurla məni.

Bəxtim də mənimlə kəcinə çəkdi.

Mən kölgəyə çəkdim, o, günə çəkdi.

Həyatda bir dəfə nə önə çəkdi,

Nə də ki saxladı axıra məni.

Sənin ürək adlı mülkün var - deyə,

İldırımdan ağır yükün var - deyə,

Öndə torpaq altı çəkin var - deyə,

Bölmədi yüngülə, ağıra məni.

Həsrəti, möhnəti yorub gələrəm,

Bütün bənd-bərəni qırıb gələrəm,

Ölsəm, məzardan da durub gələrəm,

Təki ilk məhəbbət çağıra məni.

Sibirel, dünyanın nəyini bölək?!

Bir üzü iblisdir, bir üzü mələk.

Əgər dar etməsə yerimi fələk,

Bəndə döndərəmməz fağıra məni.

 

Bu gecə

 

Bu gecə pərvanə işığa gəlməz,

Bu gecə işığım soyuq kimidir,

Bu gecə ürəyim rahatlıq bilməz,

Tufanlar qoynunda qayıq kimidir.

Bu gecə qaranlıq gümanlarımı,

Nurlandıra bilməz ay işığı da.

Bu gecə təsəlli umanlarımın,

Mənəm böyüyü dəcəl uşağı da.

Bu gecə tüstümü içəri təpən

Küləklər bayırda narahat gəzər.

Şirin xatirəmə göz yaşı səpən

Buludlar bu gecə duzlu dad gəzər.

Bu gecə tale də yazımı bilməz,

Salar bədxahlığın boran, qarına,

Üşüyən ürəyim qızına bilməz,

İlk eşqin ilahi baxışlarına.

Bu gecə qayatək susar harayım

Boğulub bataram bu sukutda mən.

Bu gecə özümü necə arayım

Doğma ünvanda mən, doğma adda mən?

Bu gecə - önümdə qaralan hasar,

İşığa tutaram, hörgüsü uçmaz.

Bu gecə bələdçi yollarım azar,

Sayıq gözlərinin mürgüsü uçmaz.

Bu gecə çəkdiyim qəmlər, əzablar

Baş aça bilmərəm, kimə xoş gələr.

Bu gecə istəyi çətin tapılar.

Əlidolu ilham əliboş gələr.

Bu gecə göylər də sərxoş kimidir,

Bir qədəh ulduzu salar əlindən.

Bircə dan yerinə dönüb ümidim

Məni bu gecənin alar əlindən.

 

Mən köhnə kişiyəm...

 

Mən köhnə kişiyəm, bala,

Nuh adlı sirdən gəlmişəm.

Hara türk ayağı dəyib,

Mən həmin yerdən gəlmişəm.

Bir az şaman duasıyam,

Bir az günəş şüasıyam,

Gələn əsrin havasıyam,

Ötən əsrdən gəlmişəm.

Dodağımda türkü, şərqi,

Dolanmışam qərbi, şərqi.

Ya cüt, ya tək, eh...nə fərqi

Hansı səbrdən gəlmişəm.

Bu dağlar tərs, avand yerim.

Qayaları sapand yerim.

Hər şəhid qəbri - and yerim...

Gör neçə pirdən gəlmişəm?!

37 ağrım, acım.

Bu taledən hara qaçım?!

Qalmayıb özgə əlacım,

Adsız qəbirdən gəlmişəm.

Təbrizim arzum, murazım.

Taleyimdə qara yazım.

Bir az səbr et, xan Arazım,

Mən dəli Kürdən gəlmişəm.

Sibirel, sənə yaxınam.

Gözündən qaçan yuxunam,

Sürgündə qalan ruhunam,

Qarlı Sibirdən gəlmişəm.

 

Eldar Nəsibli Sibirel

525-ci qəzet.- 2015.- 10 oktyabr.- S.29.