Yaşam fəlsəfəsi
GÜNÜMÜZÜN FƏLSƏFƏSİ
(Əvvəli ötən
şənbə sayımızda)
Körpünün
fəlsəfəsi
Bir
neçə il öncə TV-lər Bakı şəhərində
açılan körpülərdən reportaj verdilər.
Hamı dedi, yaxşıdır. Amma heç kəs
məsələnin fəlsəfəsini
açıqlamadı. Məncə, bu
açılışlara bir fəlsəfi don biçmək
olar.
Eyni bir iqtisadi dəyərə malik müxtəlif sosial
obyektlərin (məktəbin, xəstəxananın, mədəniyyət
sarayının və ya körpünün) hansının əhəmiyyəti
daha böyükdür? -sualına cavab vermək lazındır.
Bunun üçün ictimai əhəmiyyət indeksi adlı əmsalı hesablasaq
görərik ki, məktəbdən müəllim və
şagirdlər, xəstəxanadan həkim və xəstələr,
mədəniyyət sarayından incəsənət
adamları və onların azarkeşləri istifadə edirlər.
Körpüdən isə həm müəllim və
şagirdlər, həm
həkim və xəstələr, həm incəsənət adamları və
onların azarkeşləri, həm qocalar və cavanlar istifadə
edirlər. Deməli,
körpünün ictimai əhəmiyyət indeksi digərlərindən
daha çoxdur. Bu səbəbdən də
prezident İlham Əliyevin göstərişi ilə
tikilmiş bu körpülərin ictimai əhəmiyyəti
çox böyükdür.
İclasın
(məclisin) fəlsəfəsi
İclas bir sosial institut kimi bəşəri dəyərdir. Qədim
zamanlardan bəri iclaslar Məşvərət, Şura, Məclis,
Qurultay, Xural adı altında keçirilir. Məqsəd müəyyən problemi həll etmək
və ya problemin həllini axtarmaqdır. İclas,
toplantı qədimdən Şərqdə istifadə edilsə
də, qərblilər bu sosial institutu daha səmərəli
istifadə edirlər. İclası
padşahlar da çağırıb, krallar da, müasir
prezidentlər də. Çünki bir
ağıl yaxşıdır, ikisi ondan da yaxşı. İclas əks mövqeləri ortaya qoymağa,
düzgün qərar qəbul etməyə imkan verən
çox effektli sosial alətdir.
Bizim cəmiyyətdə iki iclas forması geniş yayılmışdı. Bunların birini işgüzar (məşvərət məclisi), digərini isə ritual məclis adlandırmaq olar. Bu məclislərdə “prezidium- zal” münasibətləri müxtəlifdir. Ritual məclislərdə kütlə (zal) aktiv rol oynamır, subyekt kimi yox, obyekt kimi çıxış edir. Məşvərət məclisində zal aktivdir, müzakirənin obyekti yox, subyektidir. İştirakçıların müzakirə olunan mövzu ilə bağlı fikir söyləmək hüququ var.
Sovetlər zamanında hakimiyyətə fəhlə və kəndli cütlüyü gəldiyindən, məclisdə iştirak edənlərin əksəriyyəti bu siniflərin nümayəndəsi olduğundan, apriori yerdən ağıllı təklifin gəlməsi ehtimalı çox azdır. Bu səbəbdən iclasın sonrakı gedişatı əvvəlcədən hazırlanır və zaman - zaman səsə qoyulur. Zalda oturanların əksəriyyəti vəziyyətə təsir etməyin mümkün olmadığını anladıqları üçün, passiv şəkildə, düşünmədən formal səs verirdilər. Beləliklə, Sovetlər dönəmində iclas formaca ritual idi və iclas xətrinə aparılırdı.
Yeni quruluş iclasların bu tərzdə aparılmasını məqsədəuyğun saymır. İclas xətrinə iclas aparılmasını məntiqsiz iş sayır. Bu səbəbdən yerdən gələn hər bir təklif əhəmiyyət kəsb etdiyindən, hər bir kəs subyekt kimi çıxış edir və fikrini bildirir.
Ulu öndər Heydər Əliyev məşvərət məclislərə üstünlük verdi və YAP-ın təsis konfransında (21 noyabr 1992) iclas aparmanın yeni formasını - “prezidiumsuz” iclas aparmanın nümunəsini Azərbaycana gətirdi.
Ritual məclislər gördüyümüz dağın görünməyən tərəfini görməyə imkan vermir. Məşvərət məclisləri dağın görünməyən tərəfi haqqında fikir söyləməyə imkan verir.
Əsas Qanunumuza görə hər ilin mart ayında Nazirlər Kabineti Milli Məclis qarşısında da hesabat verir. Dövlətimiz üçün bu məclisin əhəmiyyəti çox böyükdür. Çünki əgər bir nazir bir deputatla bir yerdə olsa, söhbətin bir qismi hökmən şəxsi maraqların təmin olunmasına sərf ediləcəkdir. Ancaq deputat korpusu ilə hökumət üzvləri bir yerdə olduğu zaman söhbət ancaq ümumi milli maraqlardan gedəcəkdir. Bu baxımdan bu iclasın əhəmiyyəti çox böyükdür.
Bir məsələyə də toxunmaq istərdim. 2015-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Milli Məclisinə 5-ci çağırış seçkiləri keçirilməsi gözlənilir. “Çağırış” sözü yəqin ki, Sovet ənənəsi ilə bağlıdır. Məncə bu sözü “dövrə” ilə əvəz etmək olar. Misal üçün: “5-ci dövrə parlament seçkiləri”. Türkiyə, İran təcrübəsini öyrənməklə daha düzgün anlayış seçmək olar.
Bəzən iclas sönük, məntiqdən kənar aparılır və mənasını itirir. Müdafiə Şuralarının bəziləri işgüzar yox, ritual səviyyədə aparılır. Alimlərdən təşkil olunmuş Müdafiə Şuralarının çoxunda sovetizm ruhu hökm sürür. Elmi müdafiələr kollektiv məsuliyyət altında aparılır, qüsurlar Şura üzvləri arasında bölündüyündən heç kəs məsuliyyət daşımır. Müdafiə Şuraları kollektiv məsuliyyətdən fərdi məsuliyyət altında təşkil edilsə, qüsurlar aradan qalxar.
Millət vəkilinin fəlsəfəsi
Sağlam düşüncə baxımından Parlament xalqın hakimiyyətdə təmsilçiliyidir. Hökumətin xərclədiyi büdcə əsasən xalqdan yığılan vergilər hesabına təşkil olunur. Ona görə bu büdcənin il ərzində xərclənməsinə xalq parlamentə göndərdiyi təmsilçiləri ilə nəzarət edir. Digər tərəfdən, deputat korpusu dövlətin inkişafını, xalqın xoş güzəranını təmin edən qanunlar qəbul etməlidir. Bu qanunların qayəsində dövləti mənafe şəxsi mənafelərdən üstün tutulmalı və elmi olmalıdır.
Məlumdur ki, insanlar anadan doğulanda bəzilərində özünə məhəbbət güclü, bəzilərində isə zəif olur. Başqa sözlə, bəzi insanlar anadan eqoist, bəziləri isə altruist doğulur. Aydındır ki, siyasətçilər, ictimai xadimlər, alimlər, ziyalılar, yaradıcı insanlar, sənayeçilər daha çox altruist olurlar. Biznesmenlər, tacirlər, bankirlər, hotel və restoran sahibləri və bunun kimiləri az altruist olurlar. Bu iki qrup insanların psixologiyaları bir - birindən çox fərqlidir. Eqoistlərlə müqayisədə altruistlər daha çox ümumi mənafe daşıyıcılarıdır. Deputat korpusu ümumi mənafe daşıyıcılarından formalaşsa, dövlət və millət üçün daha çox xeyirli olar.
Almaniya kansleri fon Bismarkın dəyərli bir fikrində deyilir: “Yaxşı məmurlarla və pis qanunlarla dövləti idarə etmək daha yaxşıdır, nəinki yaxşı qanunlarla pis məmurlarla”. Şübhəm yoxdur ki, Bismark yaxşı məmur deyəndə dövlət mənafeyini, pis məmur deyəndə şəxsi mənafeni üstün tutanları nəzərdə tutub.
İdmanın fəlsəfəsi
Şərq və Qərb insanlarının fərqliliyi yaşadıqları təbii mühitin fərqliliyinin nəticəsidir. Şərqlilər günəşli və bərəkətli torpaqlarda yaşayırlar. Qərblilərin torpaqları belə deyildi. Bizim torpaqlar bərəkətli olduğundan fərd olaraq biz köməksiz yaşaya bilərik. Qərbdə yaşamaq üçün kollektiv səy lazımdır. Bu səbəbdən də Qərbdə kollektivlik ruhu, Şərqdə fərdlilik ruhu böyükdür. Qərblilər birgə və elmli olmasalar yaşaya bilməzlər. Bu əsas şərt onları özəl qərb düşüncəli edibdir. Üstəlik bu düşüncəni artırmaq üçün futbol, voleybol kimi yeni idman növləri də icad ediblər. Sevinc bölünərkən çoxalır.
İdman da təhsil, mədəniyyət və digər humanitar sahələr kimi cəmiyyət qarşısında əsas missiyası gəncləri özünə məhəbbətdən millətə, vətənə, dövlətə məhəbətə keçməsinə başqa sözlə milli mənafeni şəxsi mənafedən üstün tutmağı öyrətməyə, tərbiyə etməyə xidmət etməlidir. Dövlətin idmana xərclədiyi maliyyənin fəlsəfəsi udur. Sağlam cəmiyyətə çevrilmə yolu budur. Biz idmanı inkişaf etdirməklə, milli ruhu, müstəqil dövlətçilik ruhunu gücləndiririk.
Təhsilli insanlarda milli təəssübkeşlik, təhsilsiz insanlardan daha çoxdur. Təhsilin, mədəniyyətin, idmanın digər məqsədlərindən biri insanları neqativ düşüncədən, pozitiv düşüncəyə çevirməkdir. İdman sahəsi bu işdə böyük rol oynayır və praktiki əhəmiyyət daşıyır.
Şərq və Qərb cəmiyyətlərində idman növlərinə diqqət yetirsək, görərik ki, şahmat, nərd, güləş və bunun kimi oyunlar Şərq idman növləridir və şərq düşüncəsinin məhsuludur. Futbol, voleybol, basketbol və bunun kimi oyunlar, adından göründüyü kimi, Qərb idman növləri olub, qərb düşüncəsinin məhsuludur, qərb idman növüdür. İngilislər fərdi qələbənin ləzzətini çoxaltmaq, onu kollektivin qələbəsinə çevirmək üçün futbol, voleybol, basketbol kimi çox ağıllı oyunlar icad ediblər. Kollektivin qələbəsinin fərdi qələbədən üstünlüyünü ictimai şüura yeritdikdən sonra cəmiyyət sağlam cəmiyyətə çevrilir, dövlətin qüdrəti artır. Çünki ümumi mənafe şəxsi mənafedən üstün tutulur. Bu bəşəri dəyəri ingilislər, digər millətlərdən əvvəl başa düşüblər və mənimsəyiblər. İndi bizim borcumuz bu dəyəri mənimsəməkdir.
Güləşdə, boksda və digər fərdi idman növlərində uğur (medal) qazanacağımıza şübhə etmirəm. Amma kollektiv idman növlərində, misal üşün, futbolda, voleybolda uğur qazanmaq üçün çox enerji, çox vəsait xərcləmək, düşüncə tərzində xeyli dəyişiklik etmək lazımdır.
Futbolun fəlsəfəsi
Deyilənlərin işığında futbola nəzər salsaq, belə nəticəyə gəlmək olar ki, əgər hücumçular qərb düşüncəli, müdafiəçilər şərq düşüncəli olsalar, uğur qazanmağın ehtimalı böyükdür. Bu o demək deyil ki, hücumçular hökmən qərbli olmalıdır. Xeyr, hücumçular şərqli də ola bilər,(əslində milli olmalıdır) ancaq qərb düşüncə tərzli olmalıdır. Namizədlər arasında düşüncə testi aparmaq lazımdır. Hər bir futbolçu özünün qol vurmasını yox, kollektivin udmasını arzu etməlidir. Özünün udmasına yox, kollektivin udmasına sevinməlidir. Özündən razı qalmalı yox, komandadan razı qalmalıdır.
Futbol çox mürəkkəb oyundur. Halət (vəziyyət) zamandan asılı olaraq hər an dəyişir. Bu oyuna mürəkkəb sistemlər nəzəriyyəsinin işığında baxmaq lazımdır. Belə nəzəri əsasla çox şeyə nail olmaq olar.
1. Sinerqetik yaxınlaşma. Bu yaxınlaşmaya görə futbolda psixoloji durum nəzərə alınmalıdır. Professionallıq indeksi 0,85 və 0,95 olan iki hücumçudan isə uğur indeksi 0,90 olan iki futbolçu yaxşıdır. Və ya: Özünə məhəbbəti (eqoizmi) yüksək və uğur indeksi yüksək (0,95) olan iki hücumçudan isə, bu göstəricisi 0,90 olan iki alturist hücumçu daha məqbuldur.
2. Himayədarlıq prinsipinə yox, “Obama sindromuna” hə demək lazımdır. Akademik oğlundan bəzən yaxşı alim alınmadığı kimi, futbolçu oğlundan da yaxşı futbolçu alınmaya bilər. Bu sənət irslə ötürülmür.
3. Futbolçuların fərdi -psixoloji durumu dəqiq müəyyən edilməli. Hər bir futbolçunun şəxsi və ya ictimai mənafe daşıyıcı olduğu dəqiq müəyyən edilməlidir. Bizə həm eqoist, həm də alturist xasiyyətli futbolçular lazımdır.
4. Legionçuluq milli ruhu öldürür. Əhməd Məmmədin uğuruna sevinər, ancaq Əhməd Robertin uğuruna sevinməz. Əksinə ruh düşkünlüyü yaradar ki, biz qüsurlu millətik.
Biz milli ruhu yüksəldən, millətçilik hisslərini artıra bilən İDMAN növlərinə üstünlük verməliyik. Bu deyilənlərdən belə nəticə çıxarmaq lazım deyil ki, biz futbol kimi idman növlərindən imtina etməliyik. Əksinə, biz orta məktəblərdə belə idman növlərinin tədrisinə daha çox yer verməliyik. Və klub komandalarının işi elmi əsaslarla qurulmalıdır.
Nərdtaxtanın fəlsəfəsi
Nərdtaxta gözəl oyundur. Çünki nəticə iki faktordan: birincisi, oyunun incəliyini bilməkdən, ikincisi isə zərin verməsindən, yəni hansı üz üstə düşməsindən, təsadüfdən asılıdır. Nəticənin ilahi təsadüfdən asılı olması oyunu daha maraqlı edir, oyunun koloritini artırır. Bu oyunu düzgün oynayanda çox maraqlı olur. Zəri qoşalamaqla, təsadüfiliyi sıradan çıxartmaqla bu oyunun məğzini heçə yendirmək olar. Bu qüsur bizim oyunçular arasında geniş yayılıb. Bu qüsura qalib gəlmək üçün bəzən zəri stəkan vasitəsi ilə atırlar. Bu isə nərdin gözəlliyinə xələl gətirir və insanın insana inamını azaldır. Nə gözəl olardı zəri qoşalamayaydılar.
Mehmanxananın fəlsəfəsi
Bakıda və rayonlarda çoxlu, həm də müxtəlif səviyyəli (ulduzlu) mehmanxanalar var. Xaricilərin idarəçiliyində olan mehmanxanaların çoxu yeni dövrün ruhuna uyğun idarə edilir.
Sovetlər zamanında bu xidmətdə rüşvətin səviyyəsi yüksək idi. Rüşvət müştəridən (idarə olunandan) mehmanxana müdirinə (idarəedənə) tərəf axırdı. Bu münasibətdə üçüncü subyektin rolu var idi. İndi də mehmanxana idarəçiliyinin iki tərəfi (idarə edən və idarə olunan) var və üçüncü subyektin müdaxiləsi istisna olunur. Sovetlər dövründən fərqli olaraq, liberal idarəetmədə idarə edən tərəf müştəridir, sahibkar deyil.
İnkişaf etmiş ölkələrin mehmanxana otaqlarında doldurulması xahiş olunan anketə rast gəlmək olar. Sahibkarın imza etdiyi anketdə soruşulur ki, sizə yaxşı xidmət üçün əlavə nə təklif edərdiniz? Sualdan da aydın görünür ki, mehmanxana xidmətinin aktiv tərəfi sahibkar yox, müştəridir. Sahibkar çalışmalıdır ki, mehmanxana xidmətinin keyfiyyəti müştərinin xoşuna gəlsin. Burda son söz sahibkarın yox, müştərinindir.
Yazıya bağlılıq “Ya Əli, sözün bəlası yalan, biliyin bəlası unutqanlıqdır”.
Məhəmməd peyğəmbər
İnsan xarici aləmlə bağlı məlumatları öz hiss üzvləri ilə alır. Praktiki olaraq məlumatın 90 faizini görmə, 9 faizini eşitmə, yerdə qalanı isə digər hiss üzvləri vasitəsi ilə alır. Bu məlumatların hamısını yadda saxlamaq mümkün deyildi,çoxu unudulur. Zaman yaddaşı yeyir. Bu gün gördüyümüz işi, eşitdiyimiz söhbəti, TV -də seyr etdiyimiz verilişi altı aydan sonra yada salmaq mümkün deyildir. Çünki o məlumatlar altı ay ərzində eşitdiyimiz digər məlumatlar və informasiya seli altında itir və batır. Yaddaşı möhkəmləndirmək insani problemdir. Tarixi təcrübədən məlumdur ki, şeir əzbərləmək yaddaşı möhkəmləndirir. Gündəlik qeyd aparmaq yaddaşı bərkidir. Səfərlər zamanı alınan suvenirlər yaddaşı möhkəmləndirir. Təhsil sistemində hədəfə oxumaq yox, öyrənmək götürmək lazımdır. Başa düşdüyümüz yox, bildiyimiz yadda qalır.
Həmyerlimiz dünya şöhrətli fizik L. Landauya görə, “fikir o zaman fikir olur ki, o yazılır, qeyd olunur”. Bizim mənəvi dəyər xəzinəmiz də bu problemlə bağlı qiymətli kəlamlar çoxdur: “Alim oldun yaz, nadan oldun qaz”, “Alim unudular, qələm unudulmaz”. Və ya: “Hafizəyə tapşırılan şey fərar edib gedər, amma yazılan şey qərar tutub qalar”. İslam mədəniyyətində belə dəyərli fikirlər çoxdur. İslam mədəniyyətinə görə yaddaşın iki mənbəyi var: sevgi və qorxu.
Folklorşünas alimlərimiz bizim folklorla
çox qürrələnirlər. Mən isə qürur hissi
keçirmirəm. Düşünürəm ki, o
mahnının, o şeirin, o folklor nümunəsinin müəllifi
yazıya bağlanmış olsaydı, biz ona folklor nümunəsi
kimi baxmazdıq, müəllifini tanıyardıq və onunla fəxr
edərdik. Öz qüsurumuzu uğur kimi təqdim
etmək özü də bir qüsurdur.
Xaricdən
gələn müxtəlif səviyyəli nümayəndə heyətini
TV vasitəsi ilə seyr etsək, görərik ki, onların əksəriyyəti
qeyd aparır. Tərəf-müqabil isə ancaq
qulaq asır. Xaricilər Dante iradını da yaxşı bilirlər.
Bu iradda deyilir: “Diqqətlə qulaq asan o kəsdir ki, qeyd
aparır”.
Hesab edirəm
ki, hər ziyalının bir can dəftəri, bir cib dəftəri
olmalıdır. Ürəyinə yatan fikirləri can dəftərinə,
xoşuna gələn fikirləri isə cib dəftərinə
yazmalıdır. Mən tələbələrimə həmişə
deyirəm: yazıya bağlanın! Mənim
tanıdığım ziyalılardan yazıya bağlı
olanı rəhmətlik professor Zahid Zaralov idi. Onun can və
cib dəftərlərində Azərbaycanın müasir
tarixinin böyük hissəsi yatır.
Hər
şeyi yadda saxlamaq mümkün olmadığı
üçün ulularımız yaxşı deyib: “Elmin afəti
unutqanlıqdır”.
Koroğluluğun
fəlsəfəsi
Bu dastanın təzədən fəlsəfi
ekspertizasına ehtiyac duyulur. Koroğlu kimə
qarşı vuruşurdu? Amalı nə idi?
Ədalətsizliyə qarşı vuruşurdu, yoxsa ölkəsini
hansısa bir imperiyanın caynağından qoparmaq istəyirdı?
Şəxsə qarşı vuruşurdu, yoxsa
dövlətə?
Biz indi müstəqil dövlətik. İndiki
dövrün koroğluluğu nədir? -sualına
belə cavab verərdim: dövlətin müstəqilliyini
qorumaq və ərazi bütövlüyünü təmin etməkdir.
İnanıram ki, həmkarlarımın cavabı daha mükəmməl
olar...
2 sentyabr,
2015-ci il.
Şahlar ƏSGƏROV
Professor, Əməkdar elm xadimi
525-ci qəzet.-
2015.- 10 oktyabr.- S.27;30