Esselərin Paşa ətri, qəlb nuru
Şeirlərinin
poetik istisində qızındığım, nəsrinin
quzeyində islanıb, güneyində qurulandığım
Paşa Qəlbinurun esselər toplusuyla
qarşılaşdıqda, nədənsə, qələmlərinə
və şəxsiyyətlərinə hörmət və qibtə
elədiyim Elçin və Kamal Abdullanı xatırladım. Onların cərgəsinə sənətin çox
janrında qələmini məharətlə sınaqdan
keçirən bir yazarımızın da qoşulduğunu
düşündüm.
Bu
adamların ən müsbət, ən canlı qəhrəmanları
onların özləridi:
Elçin tutduğu mövqenin zirvəsindən
bütün qələm dostlarına boylanmağa, onlarla hal-əhval
tutmağa vaxt tapır.
Kamal Abdulla nə qədər işsiz qələm
dostlarına, onların övladlarına çətinliklərində
əl tutur.
Paşa Qəlbinurun göz klinikasına qələm
dostları, onların qohum- əqrəbaları təmənnasız
yol tapa bilir, baxışlarını durulda bilir.
Kitabların qapıları üz qabıqlarıdır. Paşanın yeni
kitabının qapısını açan kimi ana
qayğısına, məhəbbətinə layiq kəlmələrlə
qarşılaşdım:
Tanıdığım
filosofların ən böyüyü, ən istedadlısı,
Bütün
qəhrəmanların ən fədaisi, Müəllimim,
Anam
Yıldız xanıma!
Bu üç-dörd kəlmə bir növ bütün
anaların tərcümeyi-halına çevrilə bilir. Axı
onların laylalarla başlanan yaradıcılıqları ilə
gözlərimiz dünyaya açılıb böyüməyə
başlayır. Axı onlar bizə torpaq
üstdə addım atmağı, yeriməyi öyrədib,
dodağımıza bir-bir söz verib, danışmağı
öyrədir. Xalqın müdrik sözləri,
ibrətamiz, essevari yaradıcılığı ilə
balalarının mənəvi aləmini zənginləşdirən
ilk müəllimə, filolosofa çevrilirlər.
Müqəddəs
Ana məhəbbəti esselərin birində öz poetik
yüksəkliyinə çatıb, ümumiləşərək
az qala, bütün övladların ana
qarşısında andına çevrilir:
Günəş
Allahın
gözüdü
Sən mənim,
Ana!...
Sən
Allahın kölgəsisən,
Mən sənin,
-
Ana...
Paşanın esseləriylə tədricən
tanışlıq zamanı ilkin ana südü ilə
canımıza, qanımıza işləmiş bir ətri
duydum.
Sonra həmin ətir Azərbaycan boyda bir məmləkətin
təbiətinin, cəmiyyətinin rahiyəsinə
çevrilməyə başladı.
Müəllifinin esse səfinin önündə, onun
üç nida işarəsi ilə, hissini, həyəcanını
elə adından bildirmək istədiyi “Cahad!!!” durur,
oxucuları sanki əsir torpaqlarımıza doğru çəkib
aparmaq istəyir. Mənsur şeiri xatırladan həmin
yazı bəzən esse çərçivəsindən əsl
şeirə çevrilir. Oxuyan hər kəsdə
milli qeyrət oyada, üzünü Laçına,
Şuşaya, Kəlbəcərə çevirə biləcək
həmin esse və ya mənzum şeir və ya poeziya fəryadı
nəzərimdə kitabın uvertürasına
çevrilmiş. Qulağıma
“Koroğlu” operasının uvertürü gəldi. Elə
bildim ki, müəllif onu ölməz Üzeyirimizin musiqi
parçalarının sədaları altında bəstələyib.
Paşa Qəlbinurun esselərindən şeir, nəsr
yaradıcılığı ilə həkimliyinin vəhdəti
açıq-aşkar nəzərə çarpır.
Esselərinə elə bil onun məsləkindən
işıq, nur çəkilir. Həm də sənətindən gələn
fikirlər geniş oxucu kütləsinin anlaya biləcəyi
bir dillə ifadə olunur: “Qoz ləpəsi üstündəki
qırışlarıyla insan beyninin yarımkürəsini
xatırladır. İki qoz ləpəsi (ceviz içi) insan
beyninin kiçik modelidir, - yeməli!..”
Bütün esselər müəllifin həm də
öyrədicilik qabiliyyəti ilə müşaiyət olunur. Yeri gəldikdə dilimizin təmizliyinin
də qayğısına qalınır: tutiyə (delikates)
kimi. Buna Cabbarlıdan, R.Rzadan başlamış
ənənənin davamı kimi də baxmaq olar. Bu sahədə
türk ədəbi dilində xeyli iş
görülmüş, əcnəbi sözlərinin
qarşılıqları məharətlə tapılıb
yerini tuta bilmişdi.
Paşa esselərinin ətri çox vaxt şeirlərininkinə
bənzəyir (axı onlar eyni istedad ərintisindən
yaradılır).
“Cahad”
essesinin son sətirlərini (misralarını da demək olar)
bir vətənpərvərlik nəğməsi kimi oxumaq olar:
Kömək
olaq,
Arxa olaq,
Çəpər
olaq bir-birimizə,
Azərbaycan
oğulları, qızları!
Cahad,
fışqırır Vətən, Cahad!
Müqəddəs
döyüşə hazır olun
El
oğulları, el qızları
Olum, ya
ölüm!
Ölüm,
ya olum!
“Sirli, soraqlı dünya” essesində, bənövşələr
açan zaman şeirin bəndinə düşən 13
yaşlı bir gəncin ülvi sənətə ülvi məhəbbətinin
rahiyəsini duyursan.
Gələcəkdə gözlərin keşiyini çəkəcək
bir alimin ilk şeirini, Şəmkir çayının ləpələri
ilə bəstələnən ilk nəğməsinin
“Gözlər” olduğu təsadüf deyildir. Məncə, o elə həmin
il həmin çayın sahilində
içinə düşdüyü sirli-soraqlı dünyada
taledən öz istedad payını almışdı. (Həmin şeir müəllifdə qalıbsa,
növbəti kitablarının birində onu çap etdirməsini
arzulayardım. Məncə, Paşanın
poeziya aləminin gözləri həmin şeirlə
açılmışdı.)
Sonradan həmin gözlər böyüyərək sirli
soraqlı dünyanı içinə yığmağı
bacarır. Həm sənəti, həm şeirlərilə nur
qaynağına çevrilir.
Paşanın
paralel şəkildə uzanan elmi və bədii fikirlərindən
nələr öyrənməyirsən: Fikrət Qocanın
“Krıma qar yağıb” şeirindəndi bu misralar:
“İyirmi
ildən çoxdur
qayıdıb müharibədən...
Zərafşanın
əri Krımda
Bir
cüt uşaq qəbri kimi,
Dəfn
eləyib ayaqlarını...
İndi
soyuq dəyib, sayıqlayır:
Ay arvad,
ayaqlarım üşüyür,
Ayaq barmaqlarımı ovxala”.
Bu misralarımızın poetik xətti. Bu da ona paralel elmi tərəfi:
“Cərrahiyyə əməliyyatından sonra əlinin və
ya ayaqlarının bir hissəsi kəsilib götürülmüş
adamların çoxu həmin hissələrin
ağrıdığını,
qaşındığını bildirir.
Əgər müvafiq aparatlar olsaydı və cərrah
bıçağı altından çıxmış
adamın şəklini çəksəydik biz şəkildə
onun bədəninin mövcud olmayan hissəsini görərdik. Kəsilib
götürülən hissələr şüa sahələri
şəklində hələ uzun müddət qalmaqda davam
edir. “Tanrım” essesindən əbədiyyat qoxusu gəlir.
Müəllif istedadının Tanrı ərmağanı
olduğunu dərk etdiyindən ən kamil yaradıcı
axtarışına çıxır: “...Xaqanidən, Nizamidən,
Füzulidən, Caviddən, Əli Kərimdən, Lorkadan,
Edqar Podan, Uitmendən daha kimdən, kimdən böyük,
çox böyük bir sənətkar, sehir sahibi, mükəmməl,
mütləq, kamil bir yaradan var - Tanrı, Tanrım! Onun gözlə gördüyümüz şah əsəri,
- İnsan!”
İnsan
- bu ad necə də qürurla səslənir! Bu
fikrə bələdik. Bütün
yaratdıqları ilə bərabər İnsanın
özünün Tanrının şah əsəri olduğunu
Qəlbinurdan eşidə bilirik.
Esselərin
arasında “Rəngli göz yaşları” - öyrədiciliyi
baxımından bəlkə də birincidir: “Teymurləngin
xüsusi fərmanı ilə (1397) bütün musiqi bilicilərinin
padşahı adlandırılan, dahi Azərbaycan alimi, bəstəkarı,
musiqi nəzəriyyəçisi, xəttatı, nəqqaşı,
şairi, müğənnisi Əbdülqədir ibn Qeybi
Marağinin musiqi aləmində virtuoz ifası, təkrarsız
səsi həyatında iki dəfə ona kəsilən
ölüm cəzasını əfv etdirib (çox güman
ki, ölməz Mirzə Cəlilin “Kaman” hekayəsi həmin
tarixi bilgidən yaranıb).
Essedə
Maraği sənətindən məlumat alır, az qala əsirlər arxasında musiqi nəvalarını
eşidə bilirsən. Musiqi ilə rənglər
arasındakı vəhdəti necə var elə görürsən.
Müəllifin bu essesi rənglərin göz
yaşlarından yaradılmış irmaqlara dönüb
birini göz, o birini söz sənətində ustadı bildiyi
iki nəhəng müasirinə ithaf olunur.
“Rənglər”i iki qeyrət sahibinə, iki müəllimimə,
yollarıma uğur diləmiş, xeyir dua vermiş iki nur
dağına, iki böyük alimə - insanlara rəngli dünyalar bəxş
edən məşhur göz cərrahı Ümnisə
xanım Musabəylinin və dünyada ilk “Rənglər”müəllifi,
Xalq şairimiz Rəsul Rzanın əziz xatirəsinə ithaf
edirəm”. (Müəllifin sözünə qüvvət kimi əlavə
etmək istəyirəm ki, unudulmaz R.Rzanın həmin əsərindən
sonra mən də tanıdığım
insanları talelərinə uyğun rənglərlə görməyə
başladım. “Üç adamın sarı
günü” triptixim yarandı).
“İdrak ətri” esselər toplusunun ikinci fəsli
sözlə çəkilmiş insan mənzərələrindən
ibarətdir. Müəllif tərəfindən həmin bölməyə
tanıdığı, nümunə götürdüyü, pərəstiş
etdiyi olduqca nurlu adamlar seçilmişdir.
Rəssamlar
portretlərini, çəkdikləri adamların əksərini
qarşılarında az qala dondurub öz
fırça yürüşünə başlayır. Nadir hallarda sevdiklərı insanların
obrazlarına məhəbbətlərinin, müşaiyətlərinin
köməyi ilə sərbəst yaradırlar.
Paşanın portret qəhrəmanlarının
obrazları onun həkimlik və yazıçılıq səriştəsinin
nurundan yaranmışdır.
Onların obrazları yeddi rəngin nuruyla bəzənir
işıqlanır, nümunəyə çevrilir. Onların hər
birində həmin rənglərdən birinin nuru
üstünlük təşkil edir. “Vida” essesində
dünyanın insanı,insanın
dünyanı itirməsi qara rənglə nurlanır. Vidalaşanların portretləri olduqca bənzərsiz
(orijinal) cizgilərlə çəkilir. Onlardan
birində - Zəhra xanımdan söhbət açaq. O
Zəhra Quliyevadan ki deyirdi: “Anaların yaşı olmaz,
hansı yaşda dünyasını dəyişsə,
yandırar bizi. Həmin Zəhra xanımın vida mənzərəsi:
“Mənim gözəl müəllimlərimdən biri, professor
Zəhra xanım Quliyeva səksən üç
yaşında bu dünya ilə vidalaşanda, cəmi bir
neçə gün yataqda qaldı. Aydın
nitqi, təfəkkürü üstündə. Qızı söyləyirdi ki, son günündə
gözlərini yumub, bizlərlə söhbətləşirdi.
Neçə dəfə dedim ki, - Ana, gözlərini aç
söhbətini elə. Hər dəfə də gözlərimi
açsam, nə görəsiyəm ki, - deyirdi. Zəhra xanım bu dünyanı necə var elə
görə bilmişdi, ona yaxşı bələd idi. Gecə qaranlığında insan öz evində istənilən
əşyanı tapa bildiyi kimi Zəhra xanım da öz
dünya evində hər şeyin yerinə bələd idi”.
Qara rəng fonunda bir müdrik insan vidası, bənzərsiz
şəkildə təsvir edilir. Bir insan istisinə,
soyuğuna, acısına, şirininə, xəyanətinə,
etibarına, hər rənginə, ətrinə bələd
olduğu dünyayla gözü açıq vidalaşmaq istəmirdi.
“Təkrarsız Ümnisə xanım” essesi sanki dan
yerinin nuruna boyanır. Müəllifin fırçaya dönmüş qələmi
həmin mənzərəni belə çəkir: “Deyirlər,
Albert Eynşteynin gözlərində qeyri-adi parıltı
var imiş. Heç bir fotoaparat, kinokamera o
şövqü, parıltını, kağıza, lentə
fiksə edə bilməyib”.
...Ümnisə
xanımın üzündə qeyri-adi bir nur vardı. O,
otağa daxil olanda,otaq
işıqlanırdı.
Həmin nur da, ancaq və ancaq bu nadir insanı
tanıyanların hafizəsində qala bilib. Onu da necə
var elə kağıza həkk eləmək mümkün
olmayıb.
Həmin nur son ünvanında da öz rəmzi rənginə
qovuşa bilib.
Müəllifin fırçası ilə qəribə,
bənzərsiz bir mənzərənin şahidinə
çevrilirik. Özü də müəlliminin yolu ilə
həmin sahədə dünya şöhrəti
qazanmış, tələbəsinin, ustadının məzarı
önündə hər yaşında, hər
görüşündə, tələbəyə çevrilməsi
mənzərəsini: “Dünyanın müxtəlif ölkələrində
yaşayıb, işləmiş görkəmli oftalmoloqlarla hər
görüşümdən sonra üzü hamar, arxa tərəfi
cilalanmış cod qırmızı mərmər
başdaşınızla üzbəüz durub, Sizə ürəyimdə
hesabat verirəm, Ümnisə xanım! (yəgin
ki, onun son ünvanının rəmzi mərmərə dan
yerinin qırmızı rəngi təsadüfi çökməyib).
Esse olduqca müdrik, müəlliminə layiq bir sonluqla başa çatır: “Allah Sizə rəhmət eləsin. Doxsan, yüz, min... (yəni əbədiyyət) yaşınız mübarək olsun!
Sonrakı rənglərin fonunda “Vətən sevgisi”, “İşığın yası”, “İdrak ətri”, “İbrahim Topşubaşov olduğu kimi”, “İmkanından artıq iş görən adam” ibrətamiz insan mənzərələri ilə tanış oluruq. Portret esselərini müəllifin sözlə çəkilmiş əsərlərindən ibarət sərgi də hesab etmək olar.
Bir tək “Şair” essesində müəllif bütün rənglər və rəng çalarlarından istifadə etmişdir. Dünyadan nakam, həm də yurdunun başqa parasında ayrılmış Nüsrət Kəsəmənli portretini yaradarkən. Bəlkə də həmin zəmini Nüsrətin yaradıcılığı şeirlərin göy qurşağına bənzədiyindən yaranmışdır. Həmin essenin həm Nüsrətin, həm də ona Paşa acısının portreti də hesab etmək olar: “Nüsrət tez getdi... Bu dünyaya əliyalın gəlmişdi. Nə ata çörəyi, kötəyi yemişdi, nə ana mehri, məhəbbəti görmüşdü... Nüsrət armud ağacıydı...
Arazboyu sərhədimizin neytral hissəsində bitmişdi. Atası Quzeyiydi, anası Güney, heç biri də onu sulamamışdı... (Yəgin ki, həmin armudun meyvələri, həmin intizardan yaranmış şeirləri olmuşdu).
Bu mənzərə şəxsən mənim gözümdə həmişəlik qalacaq. Çöllərdə, bağlarda armud ağacları ilə rastlaşanda nakam Nüsrətimizin ölməz təbəssümü ilə qarşılaşacağam. Varlığından həmin kəlmələr əks-sədasını verərək:
- Salam Nüsrət.
- Əlvida əziz dost.
Kitabın ön sözünü qələminə hörmət bəslədiyimiz Nizaməddin Şəmsizadə yazıb. İlk sətrindən sonuncusuna kimi Paşa yaradıcılığına məhəbbətinin ətrini və nurunu əskik etməyib. Alim qardaşımın fikirlərinə öz şair və nasir mülahizələrimi əlavə edirəm.
Mən Paşa Qəlbinurun ətir və nur dolu bənzərsiz esselərini onun yeni şeir və hekayələrinin, hətta povestlərinin qaynağı hesab edirəm.
Vaqif NƏSİB SARIHÜSEYNOĞLU
525-ci qəzet.- 2015.-
10 oktyabr.- S.25