Ustadımın ad gününə hədiyyə
Mərhum
professorumuz Ələsgər Məmmədovun (1919-2000) adı
daim “ərəb dili”, daha doğrusu, onun çoxsaylı
“Ərəb dili” dərsliklərində rast gəldiyimiz tərzdə
ifadə etsək, “həyatımızın ayrılmaz bir hissəsinə
çevrilmiş ərəb dili” anlamı ilə sıx vəhdət
təşkil edir.
Azərbaycanda
ərəb dili ilə maraqlanmış, onu özünə
ixtisas seçmiş elə bir adam
tapılmaz ki, bu dildən bəhs edərkən ilk növbədə
respublikamızda ərəbşünaslığın əsasını
qoymuş, gözəl alim və pedaqoq, əməkdar elm
xadimi, prezident təqaüdçüsü professor Ələsgər
Məmmədovu xatırlamasın. Ələsgər Məmmədov 10
oktyabr 1919-cu ildə Bakıda dünyaya gəlib. Gənclik illərindən xarici dillərə olan
böyük həvəsi onun ilk əvvəl Azərbaycan
Pedaqoji İnstitutunda alman dilini öyrənməsi, sonra isə
Moskva Hərbi Xarici Dillər İnstitutunun ərəb dili
şöbəsini bitirməsi ilə nəticələndi.
Alman dili sahəsindəki biliyi gənc Ələsgərin
SSRİ Xarici İşlər Nazirliyində
çalışmasına, sonra isə Nürenberq Beynəlxalq
Hərbi tribunalında alman və rus dillərindən tərcüməçi
kimi fəaliyyətinə gətirib çıxardı. 1947-ci ildə
vətənə dönən Ələsgər Məmmədovun
bundan sonrakı bütün həyatı Azərbaycan Dövlət
Universiteti, burada ərəbşünaslığın
yaranması və inkişafı ilə bağlı oldu.
O, Ərəb
dili kafedrasının əsasını qoyub 29 il bu kafedraya rəhbərlik
etmiş, 51 illik elmi-pedaqoji fəaliyyəti dövründə
Şərqşünaslıq fakültəsinin rus və Azərbaycan
bölmələri, İlahiyyat fakültəsi, Tarix və
Filologiya fakültələrində ərəb dilini öyrənənlər
üçün və ərəb təmayüllü orta məktəblər
üçün 30-dan artıq “Ərəb dili” dərsliyi
yazmışdır. Bu dərsliklər
dünyanın ən çətin dillərindən sayılan
ərəb dilini əlverişli bir tərzdə tədris etməyə
imkan verirdi. Ələsgər müəllim
həmişə zarafatla “ərəb dilinin
açarını tapdığını”-söyləyərdi.
Hər biri gərgin əməyin bəhrəsi kimi yaranan və
dərin elmi-nəzəri tutumu və misilsiz təcrübi əhəmiyyəti
ilə fərqlənən bu dərsliklərin sayəsində
1994-cü ildə Azərbaycan Respublikası Prezidenti
yanında Ali Attestasiya Komissiyası Ələsgər Məmmədova
doktorluq dissertasiyası müdafiə etmədən Pedaqoji elmlər
doktoru alimlik dərəcəsi verdi. Ələsgər
müəllimin əsasını qoyduğu ərəbşünaslıq
məktəbi sayəsində ölkəmizdə akademik Vasim Məmmədəliyev,
AMEA-nın müxbir üzvü Zakir Məmmədov, professorlar
Aida İmanquliyeva, Malik Mahmudov, Rafiq Əliyev, Abutalıb Məmmədov, Xeyri əl-Abbasi, Məmmədhəsən
Qəmbərov, İmamverdi Həmidov, Vilayət Cəfərov,
İdris Abbasov, Nəsrulla Məmmədov və
başqalarından ibarət güclü ərəbşünaslıq
ordusu yarandı.
Vaxtilə yalnız Bakı Dövlət Universitetində
tədris edilən ərəbşünaslığın
hal-hazırda sərhədləri də genişlənmiş,
zamanın tələbinə müvafiq bu fənn digər
universitetlərə də yol açmışdır. Elə bir tədris
müəssisəsi yoxdur ki, Ələsgər müəllimin
dərsliklərindən bəhrələnməsin, onun
kitablarının nurundan faydalanmasın.
Ələsgər Məmmədov birmənalı olaraq, Azərbaycan
ərəbşünaslığının mücəssəməsidir.
Ərəb dilini, ərəb ədəbiyyat və mədəniyyətini
öyrənən hər bir kəsin rastlaşdığı
ilk ad Ələsgər Məmmədovun adıdır,
oxuduğu ilk kitabların müəllifi, tədris prosesində
adını dönə-dönə eşitdiyi, haqqında
xoş xatirələrin, məzəli lətifələrin
söylənildiyi şəxs Ələsgər Məmmədovdur.
Ələsgər müəllim təkbaşına
böyük bir Dilçilik İnstitutunun gördüyü
işi görmüş, Azərbaycanda ərəb dilinin tədrisinin
müəssisə və onun fədakar bayraqdarı
olmuşdur. Bütün həyatını
bu fənnin, bu elm sahəsinin inkişafına yönəltmiş
Ələsgər müəllim 30-dan artıq dərsliyin
müəllifi olmaqla yanaşı, ayrı-ayrı
danışıq kitabçaları, dərs vəsaitləri
də hazırlamışdır.
Ərəb dilinin tədrisinə daim artan bu
marağın müqabilində Ələsgər müəllimin
kitablarına yeni həyat vermək zamanın tələbi
olaraq qarşıya çıxır. Təsadüfi deyil ki, Ələsgər
Məmmədovun vəfatından 13 il sonra onun illər boyu
qazandığı bilik və təcrübəsinin yekun
akkordu olan və 1998-ci ildə kiril əlifbası ilə
işıq üzü görmüş “Ərəb dili” kitabı 2013-cü
ildə latın əlifbası ilə nəfis tərtibatda
işıq üzü görüb. Son zamanlar bu
kitabın nəşri hədsiz bir zərurətə
çevrilmişdi. Ərəb dilini
öyrənənlərin yeni nəsli ilbəil kiril əlifbasından
uzaqlaşdığından köhnə nəşrdən
istifadə labüd çətinliklər doğururdu. Köhnə kitabın poliqrafiyası və şriftləri
də kitabın bir dərslik kimi yüksək səviyyəsi
ilə müqayisədə xeyli geri qalırdı.
Bu
kitabın əsasında, ümumiyyətlə, Ələsgər
Məmmədovun dərsliklərinə xas olan bir sıra
üstün cəhətləri göstərmək istərdim:
a) Ələsgər
müəllimin kitablarında köhnə ərəb
dilçiliyinə xas prinsiplər tədris prosesində
çətinlik törədə biləcəyindən yeni,
modern yanaşma ilə əvəz olunur. Məsələn,
ərəb qrammatikasına xas “irab” bir çox dərsliklərdə
saxlanıldığından, öz dillərində feilin
irabı (bir növ hallanması) ilə rastlaşmayan tələbələr
üçün çətinlik törədir. Ələsgər müəllimin metodologiyası
öz dilimizə müvafiq ad qruplu sözlərin hallanması
və feilin təsrifi modellərini təqdim edir ki, bu da onun
sisteminə xüsusi əhəmiyyət qazandırır.
b)
Kitabın asandan çətinə prinsipi ilə qurulması
bir sıra çətin qavranılan mövzuların hissələrə
bölünərək, təkrar-təkrar keçilməsinə
şərait yaradır ki, bu da həm qazanılmış
biliyin möhkəmlənməsinə, həm də yeni
elementlərin daha asanlıqla qavranılmasına gətirib
çıxarır.
c)
Qazanılan biliklərin çoxsaylı
çalışmalarla möhkəmləndirilməsi dilin tədrisi
prosesinə xüsusi intensivlik verir.
d) Bu
kitabda yeni mətnin oxunması son qayə olduğundan və
bütün əvvəlki proseslər, yəni yeni sözlərin
öyrənilməsi və çoxsaylı
çalışmaların həlli məhz bu son qayəyə
xidmət etdiyindən, mətn oxunuşu tədris prosesində
sanki mühüm bir ayin xarakteri kəsb edir və bununla da, hər
bir tələbədə rastlaşdığı və gələcəkdə
rastlaşa biləcəyi mətnə hörmət və diqqət
yaradır. Çünki ərəb dili elə
bir dildir ki, başqa dillərdən fərqli olaraq, bu dildə
məhz oxuya bilmək üçün dil qaydalarını
bilmək lazımdır. Bu qaydaları mənimsəməyən
heç bir zaman ərəb dilindəki mətnləri
üzündən belə oxuya bilməz. Ələsgər
müəllimin metodologiyası məhz mətnlərin
üzündən oxunmasının nə qədər vacibliyi
prinsipini dönə-dönə vurğulayır.
e) Dərsliyin
məziyyətlərindən biri qrammatik materialın
özünün də tələbənin söz
ehtiyatının zənginləşməsinə yönəlməsidir.
Burada elə paraqraflar var ki onları
yaxşı öyrənən tələbə
morfologiyanın və ya sintaksisin əsaslarına yiyələnməklə
bərabər, həm də onlarla yeni sözə və
idiomatik ifadələrə yiyələnir.
Ələsgər müəllimin kitabları adi bir dərslik
olmayıb, həm də ərəb dili və mədəniyyəti
ensiklopediyası təsiri bağışlayır.
Xüsusilə son kitabın məziyyəti
ilk növbədə, təbii ki, onun dil tədrisində təklif
etdiyi əlverişli üsulla müəyyənləşir.
Dilçilik baxımından fonetika, morfologiya, sintaksis,
leksikologiya, leksikoqrafiya, müqayisəli dilçilik və s.
elm sahələri burada özünün əhatəli əksini
tapmaqla müəllifin bu sahədə geniş biliyinə və
misilsiz analitik təhlil qabiliyyətinə dəlalət edir. Bu kitabı yaxşı mənimsəyən hər
bir kəs yalnız konkret ərəb dili ilə deyil, həm də
ümumiyyətlə, dilçilik elmləri ilə
bağlı bilik əldə edir.
Ərəb dilinin öyrənilməsi yalnız söz
ehtiyatı və qrammatika qaydaları ilə məhdudlaşmır. Ərəblərin
özlərinə xas ifadə tərzləri, cümlə
quruluşları və deyimləri var. Ələsgər
müəllim ərəbsayağı danışmağı
və düşünməyi öyrədir. Onun dərsliklərindəki mətnlərin yaranma
prosesində qalaq-qalaq qəzetlərdən, kitablardan istifadə
olunurdu. Ələsgər müəllim
sanki ərəb dilində olan gözəl ifadələrin, tərkiblərin,
cümlə quruluşlarının “ovuna
çıxmışdı”. O, oxuduğu ərəbdilli
mənbələrdə rast gəldiyi hər bir bəlağətli
ifadəni dərhal haşiyəyə alır, ondan öz dərsliklərində
istifadə edirdi. Onun dərsliklərindəki mətnlər
məhz ərəb bəlağət və fəsahətinin ən
gözəl nümunələri sayıla bilər.
Ələsgər müəllimin missiyası yalnız tələbəyə
dil öyrətməklə bitmir. O, gələcəyin ərəbşünasına
ərəb tarixi, mədəniyyəti, ərəb dünyasının
müasir durumu və nəhayət, öz ölkəsi olan Azərbaycanın
zəngin mədəniyyəti barədə zəruri bilik
verir, yəni orta əsr ərəb alimlərinin dili ilə
desək, bir növ lazımi
biliklərə yiyələnmiş “ədib” yaratmaq məqsədi
güdür. Onun son qayəsi ərəb dilini
bilən şəxs deyil, ərəbşünas yetirməkdir.
Beləliklə, onun kitabları öz əhatə
dairəsinə və verdiyi biliklərin həcminə görə
orta əsrlərin “ədəb” janrında yazılmış
ensiklopedik bilgi mənbələri ilə müqayisə edə
bilərik. Son kitabda bilgi verilən elm sahələrini nəzərdən
keçirək:
Dərsliyin ilk mətnlərindən birində ərəb-İslam
mədəniyyətinin sinkretik xarakterindən bəhs edilir, bu
mədəniyyətin özündə qədim yunan fəlsəfi
təlimlərini əks etdirməsi ilə yanaşı, həm
də İslamı qəbul etmiş bir çox xalqların
fikir dünyasının məhsulu kimi meydana
çıxması əks etdirilir. Bunun ardınca dərslikdə
görkəmli ərəb tarixçisi ibn Cərir ət-Təbəri
(838-923) barədə qısa məlumat verir.
Sonrakı mətnlərdən birində söhbət
İslam dininin meydana gəlməsindən və ərəb-İslam
xilafətinin yaranmasından gedir. Bununla bağlı növbəti bəhsdə müəllif
diqqəti Yevgeni Belyayevin “Ərəblər, İslam və ərəb
xilafəti” əsərinə yönəldir. Təmrinlərdən
birində isə İslam mədəniyyətinin görkəmli
nümayəndələri barədə məlumat verilir.
Sonrakı mətnlərdə bu bilgilər davam etdirilir, Abbasilər
dövrü ərəb mədəniyyətinin xarakterik cəhətlərindən,
onun Bəsrə və Kufə kimi elm və mədəniyyət
mərkəzlərindən, ərəb mədəniyyətinin
inkişafında dərin iz buraxmış Əbu Nüvas
(756-813), İbn əl-Müqəffa (757), Sibaveyhi (797), Xəlil
ibn Əhməd əl-Fərahidi (718-786) və b. kimi görkəmli
şəxsiyyətlərdən bəhs edilir. Daha sonra dərslikdə
görkəmli ərəb ədibi Cahizdən (775-868) və
onun “Kitəbu-l-buxalə” , “əl-Bəyan va-t-təbyin”, “Mənaqibu-l-ətrak”
əsərlərindən söhbət gedir. Get-gedə
tələbələrin ərəb-İslam mədəniyyəti
ilə bağlı bilgiləri daha da möhkəmlənir.
Növbəti mətnlərdən birində “əl-Ərəbi”
jurnalında gedən məqalə əsasında görkəmli
ərəb ədibi və filosofu Əbu Həyyan ət-Tauhidi
(923-1023) barədə söhbət açılır, bu bəhsin
ardınca gələn təmrinlərdən birində
“Müncid”in və “əl-Ərəbi” jurnalının
materialları əsasında Müsəlman Şərqinin daha
iki böyük dahisi - görkəmli filosof və sosioloq
İbn Xəldun (1332-1406) və Orta Asiyadan olan türk əsilli
filosof əl-Farabi (872-950) barədə kiçik oçerklər
verilir.
Dərslikdə ərəb şifahi xalq ədəbiyyatına
da toxunulur. Hər bir dərsin sonunda atalar sözlərinə
xüsusi yer ayrılmaqla yanaşı, kitabın sonunda da
atalar sözlərindən xüsusi nümunələr verilir.
“Min bir gecə” nağılları barədə
verilən mətn bu nağılların genezisini və arxitektonikasını
araşdıran gözəl bir mənbə təsiri
bağışlayır.
Kitabda XX əsrdə ərəb dünyasında baş
vermiş ictimai-siyasi proseslər də diqqətdən
yayınmır. Müəllif həmin əsrin əvvəllərində
ərəb dünyasnı bürümüş
milli-azadlıq hərəkatından, Misirdə Ərəbi Paşa
üsyanından, Əlcəzairdə baş vermiş
Əbdülqadir əl-Cəzairi üsyanından bəhs edir. Kitabda ərəb ölkələrinin əsas
problemi olan savadsızlıqla mübarizədən də
söhbət açılır.
Ələsgər müəllimin son kitabı orta əsrlər
Azərbaycan mədəniyyəti ilə bağlı bir
sıra məsələləri də əks etdirir. Doqquzuncu dərsin mətnləri
ərəbdilli Azərbaycan elm və mədəniyyətinə,
onun Bəhmənyar ibn Mərzuban (1066), Xətib Təbrizi
(1030-1109), Eynəlqüzat əl-Həmədani (1099-1131) kimi
nümayəndələrinə həsr olunub. Bu dərsdə
Ələsgər müəllim orta əsrlər Azərbaycan
mədəniyyəti ilə bağlı məlumatları hifz
etməsi baxımından misilsiz mənbələr olan əsərlərin
adını çəkir və sanki gələcəyin tədqiqatçılarına
diqqəti hansı tərəfə yönəltməyi
bildirir: O, İbn Quteybənin (828-889) “Uyunu-l-əxbar”, “əş-Şir
va-ş-şüəra, İbn əl-Mütəzzin (821-908)
“Tabaqat fuhuli-ş-şüəra”, Əbu-l-Fərəc əl-İsfəhaninin
(897-967) “Kitəbu-l-əğani”, İbn ən-Nədimin
(1179-1229) “əl-Fihrist” əsərlərinin adını
çəkir. Sonrakı mətnlərdə Azərbaycanla
bağlı mövzular davam etdirilir. Burada
Azərbaycan tarixinin bir çox şanlı səhifələrindən,
xüsusilə Şərqdə ilk demokratik respublikanın məhz
Azərbaycanda qurulmasından bəhs edilir. Vətənpərvər ruhlu müəllif “əl-Aləm”
jurnalında Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı nəşr olunmuş bir məqaləni də dərsliyə
təmrin kimi daxil edir. İlk
baxışda bu adi bir məqalədir. Amma
belə bir təmrinlə “möhkəmlənmiş” hər
bir kəs istənilən ərəblə Qarabağ
münaqişəsi barədə söhbət aparıb ona məsələnin
mahiyyətini izah edə bilər. Əslində Ələsgər
müəllimin dərsliyinin əsas qayəsi də budur: ərəb
dili və mədəniyyəti ilə yanaşı, öz
ölkəsini, onun əsas problemlərini, eləcə də
qədim mədəniyyətini bilən, bu barədə məqalələr
yazmağı bacaran, ərəb dilli müsahibləri ilə
sərbəst danışan kadrlar hazırlamaq. Dərslik boyu bu istiqamət məqsədyönlü
şəkildə davam etdirilir, kitabda XX əsrin əvvəllərinin
böyük şairi Sabirdən (1862-1911), onun “Hophopnamə”sindən
bəhs edilir və Sabirin məşhur şeirlərindən
bir parça ərəb dilinə tərcümədə təqdim
olunur. Sabirlə yanaşı, Cəfər
Cabbarlı (1899-1934) da unudulmur. Dərslikdə
Nizami Gəncəvi (1141-1209) ilə bağlı verilən mətn
xüsusilə qeyd edilməlidir. Burada
şairin həyat və yaradıcılığı, onun “Xəmsə”si
barədə verilən məlumat hər bir kəsə Nizami
barədə ərəbcə sərbəst mülahizələr
yürütmək imkanı verir. Dərslikdə
Azərbaycanın islamaqədərki tarixindən, “Azərbaycan”
sözünün etimologiyasından, ölkəmizin ərazisində
mövcud olmuş qədim dövlətlərdən də
söhbət açılır.
Dərslikdə ərəb leksikoqrafiyasından, ərəb
izahlı lüğətlərinin yaranması tarixindən bəhs
edilməsi də sanki gələcəyin tədqiqatçıları
üçün bir mayak rolu oynayır. Bu dərsi mənimsəyən
hər bir tələbə dil sahəsində biliyini
artırmaqla yanaşı, həm də ərəb izahlı
lüğətləri, onların nə vaxt yaranması, tərtib
üsulları barədə də kifayət qədər
faydalı bilik qazanır. Şərqşünas
alim kitabında şərqşünaslıq tarixinə
toxunmağı da unutmur. O, bir elm sahəsi kimi şərqşünaslığın
yaranması və inkişafından, ona olan ikili münasibətdən
söhbət açır. Burada şərqşünaslığın Silvester de Sasi, Goldzier,
Dozi, Krımski, Kraçkovski və
həmyerlimiz Mirzə Kazım bəy kimi korifeylərindən
bəhs edilir. Beləliklə,
Ələsgər müəllim təkcə dil öyrətməklə
kifayətlənməyib, öz sahəsində müəyyən
biliyi olan hərtərəfli bir mütəxəssis
hazırlamış olur.
Dərslik
canlı ərəb ədəbi dili, qəzet və jurnal materialları,
ərəb dilində olan ensiklopediyalar əsasında tərtib
edilmişdir. Mətnlərin tərtibi zamanı istifadə
edilmiş mənbələr ərəb dilində olan “əl-Ərəbi”,
“əl-Aləm”, “əl-Lisənu-l-arabi” kimi jurnalları, bir
sıra ensiklopediyaları, ərəb alimlərinin
yazmış olduğu elmi-tədqiqat əsərlərini və
ərəb bədii ədəbiyyatından olan dəyərli
nümunələri əhatə edir.
Dərsliyin strukturu da çox əlverişlidir. Bir paraqraf
daxilində ərəbcə və azərbaycanca olan hissələrin
səliqə ilə və düzgün yerləşdirilməsi
bu işlərə bilavasitə nəzarət etmiş müəllifin
texniki məsələlərdə nə qədər diqqətli
olmasına dəlalət edir.
Kitabda ərəb poeziyasının şah əsərləri
də yer almışdır. Burada əks olunmuş
poetik nümunələr Ələsgər müəllimin incə
poetik duyumundan, şeir seçib bəyənmək qabiliyyətindən
xəbər verir. O, əl-Mütənəbbi,
Əbul-Ətahiyə, Tihami, Məan ibn Aus əl-Məzəni,
Kəb ibn Zuheyr, Məruf ər-Rusafi,
Nasif əl-Yazici, Əhməd Şövqi, Cəmil Sidqi əz-Zəhavi
və b. poeziyasından şah beytləri dərsliyə daxil
etməklə tələbələrdə ərəb şeir
dili barədə fikir formalaşdırmağa nail olmuşdur.
Ələsgər
müəllim müstəqillik dövründə, təəssüf
ki az ömür sürdü. Amma qısa müddətə də olsa, o, fürsətdən
istifadə edib, şəxsən özü Şərqşünaslıq
fakültəsində “Quranşünaslıq” dərsi deyirdi.
Bizim üçün yeni olan bu elmlə tanış
olmaq üçün mən də gedib onun dərslərində
iştirak edirdim. Bu dərslər Ələsgər
müəllimin İslam dininə, müqəddəs
kitabımıza nə dərəcədə dərindən bələd
olmasından xəbər verirdi. Onun Qurani-Kərimin
ayrı-ayrı surələrinin adını İslam tarixi,
peyğəmbərimizin həyatından gətirdiyi bioqrafik məlumatlarla
izah etməsi, Qurani-Kərimin tədrisini məharətlə ərəb
dilinin öyrənilməsi ilə üzvü sintezdə təqdim
etməsi indiyədək yadımdadır.
Ələsgər
müəllimlə ilk tanışlığım hələ
Şərqşünaslıq fakültəsinin arzusunda
olduğum məktəb illərimdə onun qırmızı rəngli “Məktəb
danışıq kitabçasından”
başlamışdı. Son
görüşüm Respublika Xəstəxanasında vəfatından
bir neçə gün öncə oldu. Xəstəxanada
ona dəyməyə getmişdim. Hal-əhval
tutandan sonra elə oradaca mənim yeni hazırladığı
kitabın (çapa hazırlanan bu kitabın rus bölməsi
üçün nəzərdə tutulan variantının) bəzi
fəsillərini ucadan oxumağımı istədi. Ömrünün hər anını sevdiyi işə
həsr edən bu adamın ərəb dilinə nə dərəcə
bağlı olduğunun bir daha şahidi oldum. Və yadıma Şərqin böyük mütəfəkkiri
Əbu Reyhan əl-Biruni düşdü. Əbu
Reyhan əl-Biruni ölüm ayağında olarkən
dostlarından biri ona baş çəkməyə gəlir.
Biruni dostundan onun üçün qaranlıq
qalmış bir məsələyə aydınlıq gətirməyi
xahiş edir. Dostu: “Bu halında da (elm qazanmaq istəyirsən)?”-
deyə soruşur. Biruni deyir: “Bu məsələni
öyrənib sonra dünyanı tərk etmək dünyadan
cahil getməkdən daha yaxşı deyilmi?”
Ələsgər Məmmədov sözün əsl mənasında
elm fədaisi, vurğunu olduğu ərəb dilinin, ərəb
mədəniyyətinin fədaisi idi.
Yuxarıda qeyd etdiyim kimi, Ələsgər müəllim həmişə fəxrlə ərəb dilinin açarını tapdığını söyləyirdi. Bu açar nə idi? Onun tapdığı açar ərəb dilini tələbələrin öz doğma dilləri əsasında tədris edirdi. Ələsgər müəllim dərsliyin sonunda ərəb oxucularına müraciətdə öz metodunu izah edir. O həmin parçada Taha Hüseynin ərəb dilini orta əsrlərin köhnə sərf-nəhv metodologiyası əsasında öyrənməyin zərərindən şikayətlənən sözlərini sitat gətirir: “İnsanlar ömürlərindən illər sərf edib və ciddi-cəhd göstərib ərəb sərf-nəhvinin fəsillərini öyrənirlər. Sonra onlar ərəbcə oxumaq istədikdə, görürlər ki, bunu bacarmırlar. Ərəbcə yazmaq istəyərkən görürlər ki, buna da qadir deyillər”. Ələsgər müəllim ərəb dilinin tədrisində modern bir yol seçmiş, öz metodologiyasını bu dili öyrənən tələbənin öz doğma dili ilə müqayisələr əsasında qurmaqla ərəb dili tədrisini və bu dilin mənimsənilməsini xeyli səmərəli edə bilmişdir. Son vaxtlar xarici ölkələrə səfərlərim zamanı ərəb dilinə dair bir çox kitablarla rastlaşmışam. Amma Ələsgər müəllimin kitablarına xas mükəmməl metodologiyanı heç bir kitabda görməmişəm.
Ələsgər müəllim sözün əsl mənasında MÜƏLLİM idi. Onun tələbəsi olmaq özü bir səadət idi. O hər bir zaman fakültədə ərəb dili dərslərinə böyük qayğı ilə yanaşırdı. Təzə işə götürdüyü müəllimlərin dərslərində şəxsən özü bir neçə dəfə iştirak edər, dərsin gedişatı ilə maraqlanardı. Onun ətrafında olub onun kimi “ərəb dili eşqinə” düşməmək mümkün deyildi. Onun çırağı ətrafına toplaşmış və fakültəmizdə ərəb dilini tədris etmiş Malik Qarayevi və Zahid Hüseynovu xatırlayaq. Bu insanların hər biri sonsuz bir dərya idi. Bu dəryaların qovuşduğu böyük ümman isə məhz Ələsgər müəllim idi.
HAŞiYƏ
Hal-hazırda BDU-nun Şərqşünaslıq fakültəsi regionşünaslıq ixtisası üzrə kadrlar hazırlayır. Bu öz-özlüyündə zamanın tələbinə cavab verən, tələbələrə daha geniş imkanlar açan bir ixtisas olsa da, şərqşünas-filoloq kadr hazırlığının dayanması hər şeydən öncə ərəb-fars dilləri ilə sıx bağlı olan klassik irsimizə biganəlikdir. Ümid edirəm ki, Təhsil Nazirliyi bu məsələnin ciddiliyini nəzərə alıb Şərqşünaslıq fakültəsi nəzdində filoloji istiqamətin yenidən bərpasına qərar verəcək.
Aida QASIMOVA
525-ci qəzet.- 2015.- 10 oktyabr.-
S.24.