Ədəbiyyatı dünya hadisəsinə
çevirən xalqın kitab mədəniyyəti
Neçə ildi uşaqlarda kitab oxumağa vərdiş
yaratmaq üçün çıxarmadığım oyun
qalmayıb. Tək kitab oxutmaqla kifayətlənmirəm,
oxuduqları haqda yazmalarını da istəyirəm. İT dövrünün uşaqları
üçün qəddar atayam, bilirəm. Olsun, qoy məni
elə qəddar bilsinlər!
Bir dəfə ərinmədim, Seymur Baycanın “Oxumaq mədəniyyəti”
adlı yazısını onlara özüm oxudum, hərdən
haşiyə çıxaraq, Seymurun arqumentlərini xüsusi
vurğulayaraq oxudum. Bitirəndə yazıdan sitat gətirib
soruşdum ki, indi “o boyda Amerikanın prezidenti Barak Obama
oxumağa vaxt tapır”, siz tapmayacaqsınız?
Qarabağlılar and içən olur. Kitaba and olsun
ki, uşaqlara “mədəniliyin yolu kitablardan keçir” deyəndə
Andre Moruanın “Mədəni olmağın tək yolu var -
mütaliə” fikrindən xəbərim yox idi. Bu yazını qaralayanda internetdə rastladım.
Uşaqları inandırmışam ki, yad ölkəyə
uyğunlaşmaq üçün “qəriblik kompleksi”ndən
yaxa qurtarmağın kəsə yollarından biri də elə
kitabdır.
Axmaq adamların mühitində olmaqdansa kitabla tənhalığa
çəkilməyin üstünlüyünü isə sonra
deyəcəm, hələ uşaqdılar.
Fikrim getdi uşaqlara, əslində sentyabrın
sonlarında Yöteborqda keçirilən Beynəlxalq Kitab Sərgi-Yarmarkasından
yazıram.
Kitabların insan üçün əhəmiyyəti
haqda uzun danışmayacam, bunu hər kəs bilir. Nobel
mükafatı ilə ədəbiyyatı dünya hadisəsinə
çevirməyi bacaran isveçlilərin timsalında bir
xalqın ədalətə, bərabərliyə, hüquqa və
haqqa söykənən, bütün dünyaya örnək
olası bir dövlət qura bilməsində kitab oxumaq vərdişi
və mədəniyyətinin rolundan söz açmaq istəyirəm.
Ondan başlayım ki, “Kitab və kitabxana” adlı sərgi
1985-ci ildən keçirilir və ona maraq ilbəil artır -
30 ildə ziyarətçilərin sayı 5 mindən 100 minədək
çoxalıb.
Adı “kitab sərgisi” olmağına baxma, əslində
bu, başqa mədəni sahələri də əhatə eləyən
ən böyük Avropa toplantılarındandır. Burada siyasi
çıxışlardan tutmuş, ədəbi müzakirələrə,
şeir qiraətlərinəcən, film nümayişindən
diktator rejimlərə etiraz stendlərinə baxışacan,
qrup konsertindən fərdi performansacan, uşaq kitablarından
detektiv roman təqdimatlarınacan, psixoloq tövsiyələrindən
mətbəx, bağçılıq, sağlamlıq və
s. haqda dinləmələrəcən - saysız-hesabsız tədbirlərə
baş vura bilərsən.
Nəşriyyatların labirintə bənzər stendləri
arasında itib batarsan. İzdihama qoşulub seksiyaları ölkə-ölkə,
nəşriyyat-nəşriyyat gəzərsən. Yorulsan bir küncə çəkilib kofe də
içərsən. Acsan qəlyanaltı
da edərsən.
Sonra yenə
durub, istəsən, Bio Roy adlı kinoteatrda 1956-cı il macar
qiyamından bəhs edən “Azadlıq və sevgi” filminə
baxarsan, İsveç kralının keçmiş mətbuat
katibi Elizabet Tarras-Valberqə təzəcə
yazdığı “Jurnalistlər də adamdılar”
kitabını imzaladarsan, ya da yazıçı-psixoloq Pia
Delssonun “Sədd - halsızlıq depressiyası haqda kitab” barədə
söhbətini dinləyərsən.
Dörd
gün davam edən kitab bayramına 31 ölkədən 2 minədək
yazıçı, naşir, tərcüməçi,
kitabxanaçı, kitab agenti, siyasətçi, mədəniyyət
xadimi, araşdırmaçı, məruzəçi
qatılıb. Proqrama 388 seminar, təqdimat, məruzə,
müzakirə, debat və s. tədbir salınıb. Bu rəqəmləri ona görə sadalayıram ki,
sərginin miqyası haqda təsəvvür yarada bilim.
Tədbirlərin hamısı maraqlıdı. Çoxsaylı
tamaşaçı, dinləyici toplayan tədbirlər
günün aktual mövzularını əhatə edənlərdi.
Diqqətimi çəkənlərdən
bir-ikisini qeyd eləyim. Məsələn, Putin haqda
“Simasız adam” kitabı ilə məşhurlaşan
Maşa Gessenin iştirak elədiyi “Söz azadlığı
- 2015: çağırışlar, imkanlar və təhlükələr”,
İsveçin keçmiş baş naziri Fredrik Reynfeldtin
“Yolun yarısında” adlı kitabını təqdim etdiyi
“Adam necə baş nazir ola bilər?” adlı seminarlar kimi.
Səhnədəkiləri müşahidə eləməkdən
xoşum gəlirdi. Debat iştirakçılarının məntiqi bir
yana, artistizmi, çoxsaylı oxucusunun suallarına cavab verməkdən
zövq alan detektiv yazarın gülən üzü, tək
bir dinləyicisi olmasına rəğmən, boş stullara
baxıb kompleks yaşamadan həvəslə danışan gənc
romançının işıldayan gözü (bəlkə
də o bir nəfər sevgilisiydi, nə biləsən), hərdən
başını qaldırıb kitab imzalatmaq üçün
növbə gözləyənlərin uzun sırasına
baxan, yazıçıdan çox model qıza bənzəyən
müəllifin məmnun təbəssümü aləm idi.
Bunlar
öz yerində, əvvəlcədən vədələşdiyim
görüşlərdən də bir az
yazım.
Yazı-pozu adamı üçün kitabının nəşr
olunması böyük hadisədir. Əsərinin
başqa dilə tərcüməsi, xarici ölkədə nəşri
isə xüsusən əlamətdardı. Amma bunun nə
qədər çətin bir iş olduğunu yad ölkənin
naşirləriylə söhbətlərdən sonra daha
aydın dərk edirsən.
Bir film qəhrəmanımız demişkən,
inteligentlər kasıb olur. Tanış olduğum
naşirlərin nəşriyyatları “kasıb” olsa da özləri
ağıllı adamdılar. Ciddi kitablara
üstünlük verirlər. Amanda
Lövkvist həm rus dilindən tərcümələr edir, həm
də Rusiya üzrə expertdir. Sərgidə
“Silc” nəşriyyatını təmsil etməklə
yanaşı özünün “Leninin dəfnini gözləyərkən”
kitabını da təqdim edir.
Nils Hukanssonla tanışlığımız onun tərcümə
elədiyi Varlam Şalamovun “Kalım hekayələri”
kitabından başladı. “Ruin” adlı nəşriyyatı
balaca olsa da iddiası böyükdür.
Hər iki nəşriyyata mənim “Çamayra. Kubinskaya
tetrad” və “Obezyanya diktatura” kitablarım maraqlı gəlir.
Amma nəşriyyat xərcləri bir yana,
tərcümə üçün filan qədər pul
lazımdır. Tanınmayan bir yazarın
kitabını tərcümə və nəşr etmək
bazar baxımdan risklidir. “Tərcümə
edilsə, nəşri problem olmaz” deyirlər.
Tərcümə isə çətin məsələdi. İsveçdə
dilimizdən bədii tərcümə edən yoxdu. Ümid qalır, rus dilindəki yazıların tərcüməsinə.
Sağlıq olsun!
Sərginin birinci günü mənə yoldaşlıq
edən Vlodek Burştin Yöteborq universitetinin professorudur. 79 yaşı
var. 1969-cu ildə kommunistlərin əlindən İsveçə
qaçan Polşa yəhudisidir. Molotov-Ribbentrop
Paktının qurbanlarındandır. Atasını
faşistlər güllələyiblər. Anasıyla onu isə kommunistlər Səmərqəndə
qədər sürgün ediblər.
Üç ildi tanışam olunla, maraqlı adamdı. Stendlərin
arasıyla gəzir, kitablara baxa-baxa söhbət edirdik.
Məni İsveç ədəbi mühitiylə tanış edir, xeyli bilgilər verirdi.
“Nəşriyyatların
yazıçılardan çox qazandığını əsas
gətirən yazıçılar birləşib özlərinin
“Pirat” adlı, bax, bu nəşriyyatlarını
açıblar”, - deyə qırmızı lövhədəki
loqonu göstərir. “Bunu görürsən,
“Brombergs”di adı? Ciddi nəşriyyatdı,
əvvəllər tanınmayan üç
yazıçını Nobel mükafatına qədər
yüksəldə bilib. Sahibi bizim polyak
qızıydı ötənlərdə, indi özü
baş direktor olsa da daha yiyəsi o deyil. Burdadırsa
sizi tanış edərəm”.
İsveç Akademiyasının stendi
qarşısında Vlodekin şəklini çəkirəm. İsveç
dili və ədəbiyyatını öyrənən
akademiyanı kral III Qustav 1786-cı ildə yaradıb. Alfred Nobelin vəsiyyətindən sonra akademiyanın
fəaliyyət dairəsi ölkə sərhədlərindən
aşıb dünya miqyasına keçib. Ədəbiyyat üzrə Nobel
mükafatçısını bu akademiyanın 18 daimi
üzvü seçir.
Sərgidə maraqlı məşğuliyyətin biri də bura gələn sadə isveçliləri müşahidə eləməkdi. Adət eləmədiyim haldı. Minlərlə kitabsevər saatından asılı olaraq, bizim pulla 20-30 manat ödəyib sərgiyə bilet alır. Saatlarla dolanıb kitab seçir. Elə adam var il boyu bu sərgini gözləyir ki, ucuz qiymətə kitab alsın. İllik kitab tədarükünü görən, yəni 15-20 kitab alan neçə adam rastladım.
Sərgi haqda uzun-uzadı çox danışa bilərəm. Amma bu qədər bəsdi. Bir neçə kəlmə də isveçlilərin kitaba münasibətindən söz açım.
Hər ölkənin mətbuatı öz xəbərini “Şok!”, “Sensasiya!” nidası ilə yaymağa meyllidir. Bu sətirləri yazan gün bizim mətbuatın gündəmini bu xəbər tutmuşdu: “Xatirə İslam belinə banka qoydu!”. Görünür oxucu üçün maraqlıdır ki, belə bir xəbəri yayırlar.
Amma İsveç oxucusuna bu başlıq daha maraqlı gəlir: “Kitabxanalara gələnlərin sayı son ildə bir milyon azalıb”. Ötən illə müqayisədə İsveç kitabxanalarını ziyarət edənlərin sayı 67 milyondan 66 milyona düşüb. Azalmanın səbəbi adamların mütaliəyə marağının zəifləməsi deyil, bələdiyyələrin büdcə çatışmazlığından 22 kənd kitabxanasını bağlamasıdır.
Xatırladım ki, İsveçin əhalisi elə bizim sayımız qədərdir - 9 milyondan bir qədər çox. Bizdə il ərzində neçə nəfər kitabxanaya baş vurur? Axtarsam da bu haqda statistik rəqəm tapmadım.
Sizə qəribə gələr, İsveçdə kitaba, ədəbiyyata bu qədər marağa rəğmən orta məktəblərdə ədəbiyyət ayrıca fənn kimi tədris olunmur. Bizim şagirdlərdən fərqli olaraq İsveç məktəbliləri öz ədəbiyyat klassiklərindən, məsələn, Lars Vivalliusin köhnə İsveç dilindəki “medeltiden dikt”lərini, bizim dillə desək, orta əsr qəzəllərini əzbərləməyə məcbur deyillər. Amma hər şagird hər yarım ildə 2 ya 4 kitab oxumalı, oxuduğu haqda geniş rezümə yazmalıdır.
İsveçdə kitabxana şəbəkəsi tam elektronlaşdırılıb. Şəhər, kənd kitabxanalarından əlavə bütün məktəb, universitet, xəstəxana, həbsxanaların öz kitabxanası var. Üzvlük kartıyla istədiyin kitabı xüsusi aparatda qeydiyyatdan keçirib götürürsən, bir ayın tamamında qaytarırsan. Vaxtın bitməsinə iki gün qalmış telefonuna xatırmala mesajı gəlir. Vaxtında qaytarmasan, hər gecikmə gününə bizim pulla 2 manat cərimə ödəyəcəksən.
Arzuladığın kitab həmin kitabxanada olmasa və kitabxanaçı kompüterdə axtarıb onu, məsələn, 2 min kilometr şimaldakı Kiruna şəhər kitabxanasında tapsa, məktub yazıb o kitabı sənin üçün gətirdəcək. İşdi-şayəd sənə lazım olan kitab ümumiyyətlə İsveç kitabxana şəbəkəsində yoxdursa, sorgu göndərib aldıracaq.
Bir dəfə Gillis Herlitzin “İsveçlilər. Biz necəyik və nə üçün beləyik” adlı kitabının rusca nəşrini istədim, yox idi, almaq üçün nəşriyyata sifariş verdilər. On gün çəkmədi, gedib götürdüm.
Bu ölkədə kitaba maraq uşaq bağçasından aşılanır. Qiraət saatlarında bağça müəlliməsi uşaqlara kitab oxuyur, onların kitabla ünsiyyətini körpəlikdən yaradır. Bələdiyyələr baxçaları kitablarla təmin edir, bu iş üçün adam ayırır. Həmin adam bələdiyyə ərazisindəki bağçaların kitablarını ayda bir dəfə dəyişir - əvvəlkiləri aparır, yenisini gətirir.
Bütün bunları görəndən sonra bu xalqın belə bir müasir cəmiyyəti necə qurmasının səbəbini anlayırsan!
Sərgiyə səfər zamanı bir gecə güneyli gənc ailənin qonağı oldum. Duman bəy Xiyavdan, Əzra xanımsa Marağadandır. Təbriz universitetində tanış olublar, məşəqqətli yollardan, ayrılmalardan sonra yenidən bir-birlərinə qovuşa biliblər.
Sərgidən başlayan söhbətimiz süfrədə davam elədi. Əzra xanımın Frans Kafka heyranlığı, ədəbiyyat, mədəniyyət, siyasət haqda söylədikləri, Duman bəyin İranda siyasi məhbus olan qardaşından başlayan təsirli Güney hekayətləri, işlədiyi Volvo Avtomobil Zavodunun motor proqramlaşdırma sexində üzərində çalışdığı yeni layihədən tutmuş Quzeydə Azərbaycan dövlətinin, Güneydə Azərbaycan xalqının problemlərinə baxışlarınacan, məni valeh elədi.
Nobel mükafatı ilə kitabdan dünya hadisəsi yaradan bir ölkədə ana dilində məktəbi, kitabı, kitabxanası olmayan İran türklərinin taleyindən acı söhbətimiz də oldu. Duman bəy əlindəki kitabımın tirajına baxıb deyirdi: “Quzeydə 9 milyonsunuz, bizim 80 milyonluq ölkəmizdə də kitablar sizinki sayda çıxır - 500 ədəd”.
Həmin gecə söhbətimiz səkkiz saat çəkdi - səhər üçədək davam elədi.
lll
Yazıya uşaqlara kitab oxumaq vərdişini aşılamaqdan başladım. Kitabı onlara mədəni olmağın açarı kimi təqdim eləməyimdən yazdım. Amma onlara dediyim tək bu deyil. Onları inandırmaq istəyirəm ki, kitab insanda həm də azadlıq ruhu yaradır.
Kitab oxuyan haqq-ədalətdən vaqif olur. Hər istəyən ona boyun əydirə bilmir! Kitab insanda ləyaqət, şəxsiyyət kimi keyfiyyətlər formalaşdırır. O, azadlığa inamı azadlıq olmayan yerdə, həbsxanada belə ölməyə qoymayan bəlkə də yeganə vasitədir. “Şauşenkdən qaçış” filmi buna yaxşı nümunədir, deyirəm.
Uşaqları kitaba alışdırmaqla biz onlara azadlıq vərdişləri də aşılayırıq. İsveç uşaqlarında ən bəyəndim cəhət sərbəst düşünmələri və düşündüklərini azad ifadə etmələridir.
Kitab
oxuyun! Uşaqlara kitab oxudun!
Elə bunu demək istəyirdim səhərdən.
Oktyabr,
2015
Kungsmarken,
İsveç
Vahid
QAZİ
525-ci qəzet.- 2015.-
10 oktyabr.- S.23.