“Mən ancaq sevə bilirəm...”  

 

 

 

          

Yer adamı kimi doğulub sonra göyə çevrilmək var. Çevrilmələr dürlü-dürlüdür. Adamdan bircə Allah üz çevirməyə... Əgər üz çevirməsə, onda “hərəni öz eşqi boyda göyə çevirir Allah”. “Allahın bütün çevirmələri xeyirliyədir” deyənlərin o göyün altında gedən insani çevrilmələrin ziyanından danışmağa dili varmaz.

 

İnsani çevrilmələrin ən divanəsindən, ən gözəlindən, ən doğmasından, ən eşqlisindən və başqa “ən”lərindən söz açsam da, onun sözünə çatmaz əlbəttə... Amma dayanmadan dua pıçıldayıb zikr edənlər belə dediklərinin ərşin sahibinə çatacağına inanırsa, mən niyə göyümə inanmayım?

 

Sözünü tanıyanda Vaqif Cəbrayılzadə idi, özünü tanıyanda artıq Vaqif Bayatlıya çevrilmişdi. Cəmi bircə dəfə görüşmüşük. Ayaqüstü, tələsik bir mükalimə olmuşdu aramızda. İşıqdan danışmışdı şair, dediyinə görə məndən ətrafa yayıldığını hiss etdiyi işıqdan. Dəqiq bildiyim budu ki, o, özü başdan sona gündüz göyü kimi işıq içərisində idi. Və o bircə görüş ondan ətrafa yayılan eşq dolu enerjini, gözü qamaşdırmayan, həm də qəribə daxili rahatlıq bəxş edən o işığı indiyədək xatırlamağıma bəs elədi. O vətən qədər sevilməyə layiq və sevilƏN biridir. Özü demirmi “Sən sevdiyin qədər sevdiklərinə vətənsən”?

 

Hər yazılan sözün bir özəlliyi, təkrarsız aurası, bir əvəzolunmazlığı var. Amma indiyədək bunca həqiqi sevgiylə ləbələb, ilahi istəklə dolu, bu boyda eşq enerjisi daşıyan ikinci şeir mətninə rastlamadım mən.

 

Eşqin hər dürlü halından söz açasan və usanmayasan min illərlə sevməkdən? Bezməyəsən bəzən sevgi adına yaşanan psevdohisslərdən? Bədənindən od alan kimyəvi, bioloji proseslərə ruhi çırpınış kimi yanaşıb sonda da aldadasan, aldanasan? “Hər nə görürük dadırıq, aldanırıq, aldadırıq...” Bəlkə elə “əslində əsl eşq də sevib, sevib, sevginin sonunda aldanmaq istəməkdi...”? Ya da sevgi özü elə bir eqoist duyğudur ki, yapışıb yaxamıza və bizim sevmək dediyimiz də əslində sevilmək istəməkdən başqa bir şey deyil? Yəqin həqiqətən “sevməkdən çox, sevilmək istəyir hamı”. Əgər belə olmasaydı, “min illər hər an unut, hər an yenidən sev məni” tələbqarışıq arzusu doğulardımı? Ancaq bu arzunun tərs olan düz tərəfi də var axı, bunsuz göyə çevrilməzdi yer adamı. Bunca təmənnasız, bunca divanə istəyin müqabilində o çevrilmə baş tutardı yalnız: “Heç nə bacarmıram başqa, Mən ancaq sevə bilirəm...” Ancaq sevməkdən başqa iş bilməyən biri bu eşq divanəliyindən bunca həzz ala bilərdi:

 

...Ha deyinin,

ha deyin bu adam divanədi, dəlidi.

bilin, hamını bir ürəkdə xoşbəxt eləmək

hamıdan xoşbəxt olmaqdan irəlidi...

 

Eşqin vəcd halında deyilən, yazılan hər şeyin dəfedilməz enerjisi var. Min azman gücündə olarsan bəlkə, amma bəzən bircə “niyə”nin qarşısında aciz qalarsan, bükülərsən, yumağa dönərsən, cavab tapa bilməzsən, təzadlı düşüncələrinə “gah kölə olarsan, gah sultan”, amma nə fayda, bir nəticə hasil olmaz. Çün elə “niyə”lər var, cavabı ancaq eşqin göyünə yazılıb...

 

Səni niyə belə sevdim,

belə istədim niyə,

canımdakı min tikana,

bir gülə istədim niyə?!

 

Eşqdə gizlətdim bu canı

görəmməyən varmı, hanı?!

həm gizlətdim, həm də hamı

bilə istədim niyə?

 

Min illərçün də Allahdan

Gecə-gündüz, hər an, hər an

səni özümə həm sultan,

həm də, həm də

kölə istədim niyə?!

 

Sevginin insanı kar-kor edən, vücudu deyil də, ruhun bütün qatlarını ehtizaza gətirən doyumsuz halıyla deyiləndə ki:

 

Bu dünyadan xəlvət, kəsə

Qalxaq, sivişək səninlə,

Min illər, milyon illər

Göz-gözə, nəfəs-nəfəsə

Qalaq, sevişək səninlə...

 

Dünyanın bütün dərdlərinin müvəqqəti də olsa unudulduğu, zamanın dəqiqələrdən don biçdiyi o əbədiyyətin eşq anına yalnız ölüm istəyi ekvivalent ola bilər, başqa heç nə...

 

Bal saçlım,

Bircə-bircə öpən kimi

saçının hər telini,

hər telinin altında,

hər telinçün bir ayrıca

ölmək istəyirəm yenə...

...sevginin min ilini

bir an etdiyiyçün ancaq

Allaha dua etməyə

bir anlıq vaxt qalacaq...

 

Həqiqi eşqin sərxoşluğu ağlını nə qədər dumanlandırsa da qavrayanda ki:

 

Eşq eşqlə yetər sona,

Sərxoşluq sərxoşluqla.

Durmadan içirəm, yenə

Bu yıxılan qədəhtək

Ayıla bilmirəm səndən,

Sən ayılmaz yuxusan-

 

Mərəzinə nə çarə tapasan ki? Və milyon ildən sonra yenə o divanə eşqin diqtəsi ilə vüsalın təsvirəgəlməz şirinliyindən duzlu-duzlu qayıdasan ki:

 

Bu qədər sevgimi olar?!

Deyən lap çox sevişdik.

Bəsdi ayrılaq səninlə.

Daha hərə özü olsun.

Sıyrıl, sıyrılaq səninlə...

 

O şirinliyin, o duzluluğun ardından əvvəlcə dodaqlarını, sonra ürəyini yandıran bir acılıq da gəlib gec-tez özünü çatdırar: “Yuyub aparacaq sonrakı sevgilər əvvəlkiləri...” Azmı oldu hər sevib başın daşdan daşa çırpılanda, yıxılan iç dünyanın xarabalığının dağıntılarından birtəhər sağ qurtulanda özün-özünə “bir də bir kimsəni sevməyəcəyəm” andı verdin? Çarəsiz, aciz durumda “bu ayrılığa da yıxılma, könül” pıçıldayıb:

 

Getdi gözlərimdən bir dəvə kini

Getdi qollarımdan küçə davası.

Bahar ağaclardan çəkilən kimi

Çəkildi başımdan sevda havası,

Könül dəliliyi unutdu çoxdan,

Axır ki, ağlımın səsinə uydum-

 

qənaətinə gəldin. Özün-özünə hədə tonuylamı, məsləhət tövrüyləmi deyəndə ki, “inanma sevgiyə, yoxdu sevgi!” göylərdən pıçıltı gələcək o nidana qarşılıq olaraq: həmin vaxt öz səsin öz başına düşməsə, eşidəcəksən o pıçıltını, mütləq eşidəcəksən:

 

İndi xəbərin yoxdu,

Bir gün qəfil duyacaqsan

Ulduzların arasında bu dünya kimi

Sən də yalqızsan, təksən,

Bax onda baxmayacaqsan,

Hamıdan az sevirlər səni,

Sən hamıdan çox sevəcəksən...

 

O pıçıltının sonsuz gücünə baxmayaraq yenə də nisgil içindəmi, ya da bəlkə məmnunluqla düşünəcəksən:

 

Unudulacaq bütün sevdalar,

Unudulacaq bütün nəğmələr,

Unudulacaq unudulmaz hər nə var...

Ən gözəl xatirə də

Ən acı göz yaşıtək udulur,

Udulur, unudulur,

Yurd yurdla,

Sevgi sevgiylə, dərd dərdlə

İnsan insanla

İsa Məhəmmədlə unudulur...

 

Yaddaş çəkilməz yükdü, onu yalnız unudaraq yüngülləşdirib mənzilbaşına könlüdinc yetişmək olar. Unutmaq üçün güc istəyəsi bircə ünvan Tanrıdır, axı ondan başqa kim bu vəzndə yüngül, qiymətdə ağır yükü sənin çiynindən qaldıra bilər ki?

 

Sənin qədər xatırladan,

Sənin qədər unutduran yoxdu Tanrım,

Görürəm hər gecə hər şeyi

Unutdura-unutdura

Məntək nə qədər xəstəni, dəli-divanəni

Çiynində çıxardırsan sabaha,

Bilirəm sənin ən böyük gücün

Ölüm, həyat deyil,

Güc verməkdi unutmağa, unutdurmağa...

 

Bunu deyərsən, amma bəzən də elə olar ki, vaxt gələr, zaman yetişər, unudulduğuna görə bəzən unudandan da qəddar, zalım ola bilərsən. Ondan sonra ürəyinə gedən yol elə bağlanar ki, özün belə azıb könlünə gedən cığırı tapa bilməzsən. Dodaqaltı söylərsən öz-özünə:

 

Sürüşüb alnımdan Tanrının əli

Daha sən də,

    sən də ağladamazsan məni,

Mən zalım adamam, kamança...

 

Nə söylərsən söylə, nə dersən de, ürəyində bircə damcı işıq varsa, o işıq səni İnsanı sevməkdən vaz keçməyə qoymayacaq. İşıq da enerjidir. Enerji itmir ki - bir şəkildən başqa şəklə keçir. Əvvəl bircə fərddisə sevdiyin, sonra o birinin xətrinə, ya da elə o birinin acığına sevgini hamıya, hər kəsə yönəldərsən. Səndən uzaq qaçsalar belə sevərsən insanları. “Gildən düzələnlərin gül olması” üçün çalışarsan, özünü oda-közə vurarsan. Daha alınarmı, alınmazmı o, zamana bağlıdır:

 

Gül kimi qoxlamaq istəyirəm adamları

Odu ki, gül düzəldirəm adamlardan

Ancaq gül olmaq istəmirlər adamlar..

Onda adam düzəldirəm güllərdən.

Deyirlər güldən adam olmaz

...Allah gildən düzəldib adamları

Sən də gildən düzəlt...

Bəlkə Allah da istəmir gül adamları

Bəlkə gil qoxusu xoş gəlir Allaha,

Odu ki, birucdan artırır gil adamları?!

 

Bax, o gil adamları sevmək insanlıqdandır, gül adamları sevməyə nə var ki? Gül qoxusuna nə var ki, hünərin var gil qoxusuna tabla! Ucalış, yüksəlmə, eşqlənmə nə qədər olmalıdır ki, hətta səni vuranı bağışlamaq bir qırağa, onu sevməyi bacarıb mümkün olmayanı edə biləsən?

 

Hey öpürəm, öpürəm

məni vuran bir əli

Ancaq əli tanımıram...

 

Nə qədər böyük olasan ki, bütün günahların bircə-bircə incələndiyi Tanrı dərgahında bağışlayanın da ən qutsalının, ən böyüyünün qadın olduğuna kişi kimi inanasan və inandırasan:

 

...hökmü, hökmü

gözlər verəcək yenə,

canı, canı

baxışlar alacaq yenə.

bütün bağışlanılmaz

kişi günahlarını

Allah bağışlamasa da

qadın bağışlayacaq yenə...

 

Və sonra da adın kimi əmin olasan, özünün də, başqalarının da ürəyini buz kimi saxlayasan ki: “Bizi Tanrı dərgahına ancaq bağışladığımız günahlar qaldıracaq...”.

 

Həqiqət kimi adam var - ancaq gözlərini qapayıb bəsirət gözünlə çoxölçülü həcmini olduğu kimi görmək mümkün. Səs kimi adam var, bütün tembr və çalarlarını eşitmək üçün qulaqlarını yummaq lazım. Sevgi kimi adam var, “mən sizi sevdirməkdən, sizi sevməkdən öldüm” sözüylə nəfəsə çevrilər, boğularsan bir neçə anlıq yoxluğundan. Və yaşadıqca əmin olarsan ki, nə olur olsun, nə baş verir versin, o adam həmişə səs kimi, sevgi kimi mövcud olacaq, yaşayacaq:

 

Dünyada elə şeylər var

Gözlərini yumub görə bilərsən

Onları ancaq,

 

Dünyada elə səslər var

Qulaqlarını yumub

Eşidə bilərsən ancaq,

 

Dünyada elə sevgilər var

Səninlə nəfəs alar, sənin deyil ancaq,

Onlar bir zamanlar,

Sən bu dünyada olmayanda da,

Səninlə bu dünyada yaşayacaq...

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2015.- 10 oktyabr.- S.22.