Müsyö İbrahimin
gülləri...
...Ömrünün ikinci yarısını yaşayan
Müsyö İbrahim!
Həyat tərəzisinin
“keçmiş” gözü
daha ağır gələn zəngin kişi. Yaşam
qanunlarına aid ən
kiçik, ən adi işarələrlə böyük
mətləbləri izah
edən müsəlman...
O dünyanı gerçək
vətəni sayan sufi. Ölümü
də təmkinlə gözləyən müdrik
adam!
...Erkən yaşından dünyanı, həyatı
dərk etməyə çalışan yəhudi
oğlan Moisey! Yaşından çox-çox öncə ayılmış
balaca uşaq. Uşaqlığından yaxa
qurtarıb böyüklər
aləmini, onun müxtəlif tərəflərini,
kişi zövqlərini və qadın xarakterlərini kəşf etmək istəyən Momo (Moisey)!
... Bu iki insanın,
balaca Moiseylə böyük Müsyö İbrahimin eyni küçədə yaşaması,
hər gün görüşməsi, yaxınlaşması,
doğmalaşması nə
qədər təbiidi,
deyilmi? Müsyö
İbrahimə bütün
həyatını, islam
dini, sufi təriqəti və Qurani-Kərimdən öyrəndiklərini
- dərk etdiyi ilahi həqiqəti “ötürməyə” davamçı
lazımdı,
Moiseyə - daha sonralar Momo adlandırılacaq
balaca oğlana dünyanı, həyatı
anlamaq üçün
“bələdçi”! Erik Emmanuel Şmittin
yazıçı, dramaturq,
rejissor kimi əsas özəlliyi budur: bir-birinə ehtiyacı olan adamları bəzək-düzəksiz,
intriqasız, əlavə
“hadisə”lərsiz görüşdürür.
Yəni Momonun Müsyö İbrahimi görmək, tanımaq üçün
hansısa olaylardan keçməsinə ehtiyac
yoxdu. O, lap yaxında,
Parisin Mavi küçəsindəki kiçik
dükanın piştaxtası
arxasındadı. Moisey isə
elə bu dükandan arabir konservlər oğurlayan balaca müştəridi.
Akademik Milli
Dram Teatrı səhnəsində
alış-veriş arabası
görəndə təəccübləndim
düzü. Müasir, böyük “store”lardan bazarlıq vaxtı istifadə etdiyimiz bu arabada Xalq
artisti Fuad Poladovu səhnəyə gətirdilər... İstedadlı
aktyorumuzu səhnədə
bir çox fərqli, qeyri-adi, hətta heyrət doğuran situasiyalarda görmüşük. Amma alış-veriş
arabasında?! Ancaq axı
indi o Fuad Poladov deyil, Müsyö İbrahimdi və dükançı müsyönün belə
göstərilməsi, süjetin
tələb elədiyi
mağazanın bu cür kiçik bir simvolla əvəz
olunması artıq elə tamaşanın əvvəlindən nəsə
müasir, yeni bir yanaşma görəcəyimizi deyirdi.
Əsərlərinə dünyanın bir çox ölkə səhnələrində quruluş
verilmiş, filmlər
çəkilmiş fransız
yazıçı-dramaturqu Erik Emmanuel Şmitt yaradıcılığına
müraciət öz-özlüyündə
maraqlı idi. Yazı-pozuya 31 yaşında başlayan
Erik Emmanuel qısa müddətdə
dünyada tanınıb,
əsərləri bestsellerlərə
çevrilib, ssenariləri
ekranlaşdırılıb. Təkcə bu, haqqında bəhs etdiyim əsər 30-dan çox teatr səhnəsində tamaşaya qoyulub. İndi Erikin Yaşarın tərcüməsində bizim
dildə danışan
qəhrəmanlarına baxa-baxa
onun sirrini tapmağa çalışıram.
Axı sərt sənət kriteriləriylə yanaşsaq,
bu əsərlərdə
çoxlu sayda qüsur da görmək
olur, boşluq da. Həyat qanunlarıyla yanaşanda isə... Hə, görünür elə səbəb budu, həyatilik, sadəlik... Amma müəllif bu hamıya adi görünə biləcək
məqamları özünəməxsus
şəkildə təqdim
edir, xüsusi priyomlar işlədir.
Əsas priyomu isə gözlənilməzlikdir...
Məsələn, “Sirli
variasiyalar”ında eyni
qadına aşiq iki kişinin hər 15 dəqiqədən
bir mövzusu, dalğası dəyişən
söhbəti, yaxud “Pozğun”da Deni Didronun düşdüyü
hallar və s.
“Müsyö İbrahim
və Quran çiçəyi”
isə kiçik romandı, əhvalatlar Moiseyin dilindən nəql olunur. Elə Dram Teatrında
Sankt-Peterburqdan dəvət
edilmiş azərbaycanlı
gənc rejissor Ərşad Ələkbərov
quruluş verdiyi tamaşada da əhvalatı gənc aktyor Murad İsmayılovun
canlandırdığı Moisey
danışırdı. Və bu mənada
gənc aktyorun bir an belə
nəfəs dərmədən
danışması, qaçması,
velosiped sürməsi,
atılıb-düşməsi ondan xeyli enerji
alırdı.
Tamaşanın bədii rəhbəri teatrın baş rejissoru Xalq artisti Azərpaşa Nemətdir. Quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur. Rejissor başda olmaqla bu yaradıcı heyətin ümumi bir prinsipini, bəzi məqamları simvollaşdırmasını, minimalizə etməsini görmək olurdu. Doğrusu əsərdən xəbəri olan biri kimi, hələ tamaşa başlamazdan öncə bir sualın əlində aciz qalmışdım. Görəsən, Moiseyin yüngül əxlaqlı qadınlarla görüşlərini rejissor bizim tamaşaçıya necə göstərəcək?! Dediyim kimi, bütün bu qəliz məqamlar simvollaşdırılmalarla, immitasiyalarla həllini tapıb. Hələ yaxşı ki, belədi. Yoxsa heç bir açıq-saçıqlıq olmasa belə, adi bir eyhama görə də özünü “təhqir edilmiş” sayıb zalı tərk eləyənlərin sayı çoxalardı. Doğrusu, son vaxtlarda əksər hallarda gənclərin ədəbiyyata, sənətə qəribə yanaşmaları, qəhrəmana yuxarıdan baxıb “tərbiyəli adam belə iş tutmaz”, “əxlaqlı adam belə eləməz” demələri məni xeyli pessimistləşdirir. Belə yanaşma nədən irəli gəlir? Nadanlığın göstəricisidir, ya riyakarlığın?! Bu, ayrıca yazı mövzusudu, əslində. Amma indi sadəcə, onu vurğulayım ki, Moiseyin Cənnət küçəsindəki qadınlarla görüşləri əsərin ideyasına xidmət edir və gənc rejissorun bunu ifadə üçün tapdığı detalları uğurlu saymaq olar. Amma tamaşaçının bu qadınlardan birini canlandıran Əməkdar artist Şəlalə Şahvələdqızına necə baxması düşündürücü məsələdir. Görünür, hələ bir az da zamana ehtiyacımız var...
Tamaşada Moiseyin atasını Əməkdar artist Sabir Məmmədov, anasını Mehriban Zəki ifa edirlər. Lap əvvəldən Momonun (Müsyö İbrahim onu belə çağırır) atası sağdı, anası hardasa uzaqdadı, amma yaşayır. Ancaq nədənsə onun bütün görkəmindən, davranışından kimsəsizlik, yetimlik duyulur. Bəlkə Müsyö İbrahimi də təsirləndirən elə budur. Bu məqamda Xalq artisti Fuad Poladovun oyunundakı yeni gördüyüm məqamları xüsusi vurğulamaq istərdim. Məncə, bu oyunda mühüm məqam, detal ondan ibarət idi ki, Fuad Poladov həm gənc rejissor Ərşad Ələkbərovla, həm də tərəf müqabili Murad İsmayılovla həmyaşıd ola bilmişdi. O, təkcə canlandırdığı qəhrəmanın xarakterindən gələn təmkini, arxayınlığını deyil, həm də öz yanaşmalarını ifadə edirdi. Həm də bu cür müasir, yeni formada. Məsələn, bircə Müsyö İbrahimin fındıq yeməsi, yaxud dənizin (təbii ki səhnədə bu yalnız immitasiya olunurdu) ləpələrində əllərini yuması, dalğalarla oynaması son dərəcə təsirliydi. Ümumiyyətlə, bu cür kamera teatrı, yaxud film estetikası tamaşaya fərqlilik gətirirdi. Əlbəttə, istənilən yenilik mübahisəli olduğundan müxtəlif məqamlar haqda polemikalar da yarana bilər. Amma hər halda səhnədən gələn yeni ab-hava da danılmazdı. Moiseyin özünü qatarın altına atıb intihar etmiş atasının ruhuyla çarpışması, onu saxlamaq cəhdləri, yəhudi musiqisinin sədaları altında qeyri-adi oyun hər iki aktyorun - Murad İsmayılovun və Sabir Məmmədovun plastikasını üzə çıxarmışdı. Ona da qeyd eləmək lazımdı ki, Azərbaycan teatrı səhnəsində məhz belə harmonik, qeyri-adi “oyun”lara ehtiyac var.
Atasının ölümündən sonra qəfil peyda olan anası da Momonun Müsyö İbrahimə bağlılığını azaltmır. Əslində, bu məqamda da kiçik bir simvol, işarə var. Momonun doğmaca anasına özünü başqası kimi təqdim etməsi, amma Müsyö İbrahimdən onu oğulluğa götürməsini istəməsi. Yəni bu dünyada Momonun yeganə sığına, güvənə biləcəyi tək bir adam var. Elə Müsyö İbrahimin də... Axı həyatının sonuna yaxınlaşan, ölümün astanasında olan adama ayrı kim, nə lazımdı?! Momo bütün uşaqlığı boyu olmayan qardaşına, Popola görə kompleks keçirib, hansısa qəribə tərbiyə mexanizmiylə atası “Popol belə eləməzdi, o daha yaxşıdı” - deyib ona həmişə... Və mənə görə Momonun həyatı, fikirləri məhz o məqamda dəyişir, Müsyö İbrahim - “Sən mənim daha çox xoşuma gəlirsən...” - deyəndə. Amma bundan əlavə yazıçı Momonun böyüməsi, necə deyərlər böyük kişi olması üçün “qədim üsula” - sevgiyə də müraciət edir. Rejissor yüngül əxlaqlı qadınla görüşən Momonu nə qədər rahat, sadə göstərirsə, aşiq olmuş Momonun iztirablarını bir o qədər qəliz, hətta izaholunmaz detallarla ifadə edir.
... Və sonluq! İstanbul səfəri! Momo Müsyö İbrahimə qoşulub səyahətə çıxandan, müxtəlif dinlərə aid söhbətləri dinləyəndən sonra, məhz sufi rəqslərinə tamaşa edərək böyüyür. Məhz o məqamda atasının, olmayan qardaşının, anasının bütün səhvlərinə bəraət qazandırır. Və bu yerdə Müsyö İbrahimin missiyası bitir... O bütün var-dövlətini, mağazasını Momoya vəsiyyət edib gedir. Yox ölmür. Sadəcə, dünyasını dəyişir, öz “məmləkətinə” qayıdır. Bu yerdə Momo ilə Müsyö İbrahimin son dialoqu son dərəcə təsirlidir. Daha doğrusu təsirli olan hər iki aktyorun oyunudu. Fuad Poladovun tox, hətta nikbin oyunu, Murad İsmayılovun dərd içində də mənəvi atasını təbəssümlə sevindirməyə çalışması. Axı, bu təbəssümü də o öyrətmişdi Momoya... Hətta təbəssümdən “güllələr” düzəldib maneələri keçməyi də...
Nikbin sonluq, Momonun arvad-uşaq, iş-güc sahibi olması ilk baxışdan Hollivud filmləri estetikasını xatırladır. Amma tamaşadan sonra onu da düşünürəm ki, niyə də olmasın?! Bu estetikanın da öz tamaşaçısı, öz həvəskarları var. Zalın (hər halda qalanların) müsbət reaksiyası isə çox şeyi deyir...
PƏRVİN
525-ci qəzet.-
2015.- 10 oktyabr.- S.21.