Azərbaycan Koreyadakı kitab sərgisində təmsil olunur

 

Koreyanın paytaxtı Seulda Koreya Nəşriyyatçılar Assosiasiyasının təşkilatçılığı iləMədəniyyəti öyrən, dünyanı öyrənadlı beynəlxalq kitab sərgisi açılıb.

 

İlk dəfə 1954-cü ildəSeul Kitab Sərgisiadı ilə fəaliyyətə başlayan sərgi 1995-ci ildən beynəlxalq status alıb. Sərginin əsas məqsədi kitab oxumaq vərdişini daha geniş təbliğ etmək, sərgi vasitəsilə iştirakçı ölkələrin çap məhsullarını təqdim etmək Koreya nəşriyyat sənayesinin nəyə qadir olduğunu dünyaya tanıtmaqdan ibarətdir.

 

Seuldakı COEX Mərkəzində keçirilən builki sərgidə Azərbaycan ilə yanaşı, 16 ölkə iştirak edir. Ölkəmizi bu beynəlxalq tədbirdə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası təmsil edir.

 

Sərgidə xalqımızın qədim tarixini, zəngin mədəniyyətini, milli mənəvi dəyərlərini əks etdirən 67 növ kitab, jurnal, kataloq, broşür, açıqca, video musiqi diskləri s. nümayiş olunur. Azərbaycan köşkü elə ilk gündən diqqəti cəlb edib, həm Koreya ictimaiyyəti, koreyalı oxucular, həm sərgidə iştirak edən digər ölkələrin nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb.

 

SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası Azərbaycanın Koreyadakı səfirliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə keçirilən sərgi oktyabrın 11-dək davam edəcək.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 10 oktyabr.- S.17.