Şux görünür, qoca deyil!

 

 

 

Sevir Odlar diyarını - sevir onu Azərbaycan!

Zəhmətinin inciləri - gözəl şeir, nəğmə, dastan.

Zəkasıyla qazanıbdır halal şöhrət, yüksək ad - san,

Xalqa sadiq, haqqa aşiq, böyük şair Fikrət Qoca!

 

Təbriz, İzmir çox eşidib söhbətini, sədasını,

Çin, Vyetnam - haraylayıb, gəzib Kuba adasını;

Planetin beş qitəsi dadıb ruhi qidasını,

Arzulayır sülh, barışıq böyük şair Fikrət Qoca!

 

Zaman sonsuz karvanını sürüb gedir yavaş- yavaş,

Təbrikiylə bölgələri qabaqlayıb doğma Ağdaş...

Sağ ol, ölməz bəstəkarla nəinki dost, həm adaş -

Məclislərə yar-yaraşıq, böyük şair Fikrət Qoca!

 

Bu sözləri kürsülərdən dönə-dönə hamı deyir:

Xeyirxahlıq carçısının yolu, səmti haça deyil!

Səksəndə əvvəlkitək şux görünür, qoca deyil,

Daim müdrik, bəzən uşaq, böyük şair Fikrət Qoca!

 

Oxucular təzə çiçək, gül gətirib qucaq-qucaq,

Gəlin ustad yubilyarı bağrımıza basıb qucaq!

Poeziya məşəlini Şuşada da yandıracaq,

Misraları - yaşıl işıq, böyük şair Fikrət Qoca!

 

25.08.2015

Oqtay Rza

əməkdar müəllim

525-ci qəzet.- 2015.- 10 oktyabr.- S.17